adalet.az header logo
  • Bakı -°C

Vətən təəssüratları 2026 (Dördüncü yazı) - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
51 | 2026-09-24 09:00
A- A+

Yazının əvvəli burada

Qonaqların təəssüratları

Qonaqpərvərlik

İnsanlarımızın qonaqpərvərliyi çox xoşlarına gəlmişdi. Xüsusən regionlarımızda, rayonlarımızda çox xoş münasibət görmüşdülər. Sonradan mənə danışdılar ki, bəzən onları çaya, yeməyə dəvət edənlər də olurdu. Bu isə onların alışmadıqları bir yanaşma, qonaqpərvərlikdir.

Tutqun üzlər

Amma insanlarımızın üzündə, demək olar ki, gülüş görmədiklərini dedilər. İstədim “Bəli, uca dağların başından qar ərimədiyi kimi, bəzi insanlarımızın da üzündən kədər çəkilmir. Gecə günəş görünmədiyi kimi, bəzi insanlarımızın üzündə də günəş görünmür”, — deyə poetik cavab verim. Bir söz demədim. Öz-özümə düşündüm ki, insanların qayğıları çoxdur, necə gülsünlər.
Dükan-bazarlarda, supermarketlərdə belə bir çox halda satıcıların qaşqabaqlı olmalarını, hətta salamlarını belə almadıqlarını dedilər. Təəccüblənmişdilər, öyrəşmədikləri bir şeydir. “Bunlara müştərilərlə necə rəftar etməyi öyrətmirlər, təlimlər keçirlər?” — soruşdular. Heç nə demədim, deməyə sözüm yox idi, susdum.

“İt yiyəsini tanımır”

Hara baxırsan, sahibsiz itlər görürsən. Şəhriyar (“Oyun olduq” şeirindən) demişkən, itlə qol-boyun olmuşuq. Qonaqlarımız sahibsiz itlərin, pişiklərin çoxluğuna məəttəl qalmışdılar. Fürsət tapdıqca onlara yemək verməyə çalışırdılar.
Amma mən onlara itləri sığallamamağı məsləhət görmüşdüm. Sahibini tanımayan itlər quduz ola bilirlər, onlardan kənar gəzmək lazımdır. Yemək, yal verdiyin vaxt quyruq bulayar, sonra isə səni tanımaya bilərlər. Qonaqlarımız bütün bunları anlamaqda çətinlik çəkirdilər. Axı gəldikləri yerdə, Niderlandda, bütün itlər yiyəsini, yiyəsi də itlərini tanıyır.

Yeri gəlmişkən, mən ilk dəfə Niderlandda itlə pişiyin bir evdə sakitcə yola getdiyinin şahidi olmuşam. “Bu itlərə niyə sahib çıxmırlar? Axı həm itlər yazıqdır, həm də insanlar üçün təhlükəlidir”, — dedilər. Cavab verə bilmədim, susdum.

(Bir daha) Yollarımız

Sürücülərin əksəriyyətinin yol hərəkəti qaydalarına əməl etməmələri, sağdan vurub soldan çıxmaları, soldan vurub sağdan çıxmaları qonaqlarımızı çox təəccübləndirmişdi. “Bunlar sürücülük vəsiqəsini necə alıblar?” — deyə soruşdular. Susdum, nə deyim.

Sürət yolunu qaçaraq qarşı tərəfə keçməyə çalışan piyadalara çox təəccüblə baxırdılar. Yol kənarını süpürən, təmizliyinə cavabdeh olanların təhlükənin fərqinə varmadan işlərini görməsi isə olduqca başqa təəssürat yaratdı. “Sizdə texnika yoxdur ki, yolu bunlar təmizləyirlər?” — soruşdular. Çünki gəldikləri ölkədə belə bir şeyin olması mümkün deyil.

“Bütün bunların insan həyatı üçün nə qədər təhlükəli olduğunun fərqində olan var?” — deyə sual verdilər. Susmalı oldum, nə deyə bilərdim.

Ümumi təəssürat

Ümumi təəssüratları isə müsbət oldu. Xüsusən yeməklərimizin dadını çox bəyənmişdilər. Milli mətbəximizi bir daha dadmaq üçün məmnuniyyətlə yenidən məmləkətimizə gəlmək istədiklərini dedilər.

Mən də məsləhət gördüm ki, ikinci dəfə gələndə ya başqa telefonla gəlin, ya da hava limanında telefonunuzu bəyan edin, sonra da bir poçtda qeydiyyatdan keçirin. Yoxsa telefonunuz işləməyəcək. Ölkəyə ilk dəfə gələn turistin telefonu bu proseduru keçmədən 30 gün işləyir. Bu müddət keçdisə, işləməyəcək.

“Biz turistik, telefonu niyə qeydiyyatdan keçirək?” — soruşdular. Yenə də susdum, nə deyim.

Son. 

Vüqar Abbasov.
Niderland. 
Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı

  • Avqust:
  • 28

TƏQVİM / ARXİV