adalet.az header logo
  • Bakı -°C
29 Sentyabr 2026 09:43
78
DÜNYA
A- A+

Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü

Konqo Demokratik Respublikasında hakim partiyanın yüksəkvəzifəli üzvü Ebola epidemiyası ilə bağlı maarifləndirici radio proqramında çıxış etdikdən sonra hücuma məruz qalaraq ölüb.

Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə Ebola epidemiyasının yeni ocağına çevrilən Şimali Kivu əyalətinin Butembo şəhərində qeydə alınıb.

Hakim UDPS partiyasının Butembo bölməsinin açıqlamasında bildirilib ki, partiyanın şəhərdəki federal icraiyyə komitəsinin sədr əvəzi və sözçüsü Mari-Selestin Karondva Ebola ilə mübarizə tədbirlərini təbliğ etdiyi radio proqramından sonra yaşadığı məhəllənin sakinləri tərəfindən hücuma məruz qalıb.

Hücum edənlər Karondvanı döyüb, onun əşyalarını talan edib və evini yandırıblar. Siyasətçinin aldığı xəsarətlər nəticəsində daha sonra həyatını itirdiyi bildirilib.

Hücumun kimlər tərəfindən və hansı səbəbdən həyata keçirildiyi hələlik məlum deyil. UDPS Karondvanın Ebola virusunun mövcudluğu və onun əhali üçün yaratdığı təhlükə ilə bağlı partiyanın mövqeyini müdafiə etdiyinə görə hücuma məruz qaldığını bildirib.