adalet.az header logo
  • Bakı -°C
25 Sentyabr 2026 09:00
70
LAYİHƏ
A- A+

AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR

Bu gün dünyada kiçik və böyük ölkə anlayışı yoxdur. İndi dünyada mizan-tərəzi tam başqa bir sistemə uyğun qurulub. Balaca dövlət ola bilər, amma onun iqtisadiyyatı o qədər zəngin ola bilər ki, digər böyük dövlətlərə meydan oxuyar. Başqa sözlə demiş olsaq, heç də hər şey böyüklükdən və kiçiklikdən asılı deyil. İndi çox şey hər hansı ölkənin iqtisadi, hərbi və siyasi qüdrətindədir. 

Sadə bir misal çəkmək istəyirik. Hamı düşünürdü ki, ABŞ bir neçə günün içində İranı məhv edəcək və İran da məcbur olub onunla sülh müqaviləsi bağlayacaq. Amma neçə aydır ki, ABŞ İranın əlində əlik-dəlik olub çıxış yolu tapa bilmir. Arxasını da yerə vermir ki, biz qalib dövlətik. İran da deyir ki, elə şey yoxdur, qalib dövlət bizik. Yaxud Rusiyanı götürək. Onlar da fikirləşirdi ki, bir neçə həftəyə Ukraynanı işğal edəcək, rus tankları  Ukrayna ərazisinə daxil olanda xalq onu  duz-çörəklə qarşılayacaq. Göründüyü kimi, bu hadisələr də  başqa cür cərəyan elədi: yəni beş ilə yaxındır müharibə gedir, Rusiya Ukraynanın hər hansı şəhərinə raketlə zərbə endirəndə Ukrayna da Rusiyanın şəhərlərinə, o cümlədən paytaxt Moskvaya dronlarla zərbə endirməyi bacarır.

Sözümüzün canı ondan ibarətdir ki, Azərbaycan haqqında da əvvəllər dünya dövlətləri, xüsusilə də super dövlətlər başqa fikirdəydi. Yəni onlar düşünürdü ki, 30 ildən çox 20 faiz ərazisi işğal altında olan Azərbaycan zəifləyəcək, onların və ermənilərin dedikləri məsələlərlə razılaşacaq. Daha doğrusu, Qarabağı Ermənistana verəcəyik. Amma dünyada analoqu olmayan 44 günlük İkinci Qarabağ savaşı super dövlətlərin, yəni ermənilərin havadarlarının düşüncələrini alt-üst etdi və yeni bir düzəm yaratdı. Yəni qüdrətli Azərbaycan bu 44 gündə və sonrakı antiterror əməliyyatında  23 saat ərzində öz ərazi bütövlüyünü  tamamilə bərpa etdi. Bununla da el dilində demiş olsaq, bizə yuxarıdan aşağıya baxan o super dövlətlər, Ermənistanın havadarları və eləcə də ermənilər özlərini  yığışdırdılar.

Çünki dünyaya Ermənistan kimi iqtisadi cəhətdən zəif, dövlətçilik tarixi olmayan bir ölkə yox, zəngin sərvətləri olan, dünya siyasətinə və iqtisadiyyatına güclü təsir edən qüdrətli Azərbaycan lazım idi. Ona görə də onlar  Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizə böyük maraq göstərirdilər. Və təsadüfi deyildi ki, «Əsrin müqaviləsi» adlanan neft  müqaviləsi Böyük Britaniyanın BP şirkəti ilə qısa zaman kəsiyində gerçəkləşdi və dünya da gördü ki, Azərbaycanın dünyaya inteqrasiyası ilk növbədə onların maraqlarına və mənafelərinə çox yaxındır. Daha doğrusu, obrazlı dillə demiş olsaq, Azərbaycan şirəli, dadlı bir yerdir və hər bir ölkə bu şirəli, dadlı yerə böyük maraq göstərirdi. 

İkincisi də bu maraq adi maraq deyildi. Biri var investisiya qoyub ziyan görəsən, biri də var sərmayə yatırıb maya dəyərini  çıxarasan, üstəlik də izafi dəyər qazanasan. Ancaq bu sabit və möhtəşəm Azərbaycanda real görünürdü. Buna görə də bir çox super dövlətlərin  və inkişaf etmiş ölkələrin prezidentləri, baş nazirləri Azərbaycanla siyasi-iqtisadi əlaqələr yaratmağa böyük həvəs göstərirdilər.

Böyük Britaniyadan sonra Rusiya, Almaniya, Fransa, İtaliya, Türkiyə, Bolqarıstan, Macarıstan, Rümıniya, Çin Xalq Respublikası, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İran və digər dövlətlər Azərbaycanla iqtisadi  əlaqələrə çox böyük önəm verdilər. Təbii ki, bütün bu iqtisadi, möhtəşəm layihələr gerçəkləşdikcə Azərbaycana maraq birə beş artmağa başladı. Xüsusilə də qardaş türk xalqları ilə aramızda isti münasibət yarandı və onlar ölkəmizdə yeni möhtəşəm layihələrin həyata keçirilməsi üçün böyük sərmayə qoydular. Neft və qaz sektorunda, kənd təsərrüfatı sahəsində, turizm və digər iqtisadi  sahələrdə xarici ölkələrin böyük marağı yarandı. Onlar gördülər ki, həqiqətən də Azərbaycana sərmayə qoymaq hər iki dövlətin xeyirinə işləyir. 

Ölkə prezidenti Cənab İlham Əliyevin 20 ildən çox hakimiyyəti dövründə xarici ölkələrin  məmləkətimizə marağı daha da yüksəldi.  Belə ki cənab  prezident xarici ölkələrə səfəri zamanı, eləcə də Bakıda dünyanın məşhur şirkətlərinin nümayəndələri ilə görüşündə çox səmimi surətdə bildirirdi ki, hansı ölkə Azərbaycana  sərmayə yatırsa, onun hüquqları qorunacaq və bu iqtisadi əlaqələr daha da genişlənəcək. 

Həqiqətən də belə oldu. Ölkəmizin BP şirkəti, eləcə də dünyanın digər məşhur şirkətləri ilə iqtisadi əlaqələri daha da möhkəmləndi. Çinin, Yaponiyanın, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, eləcə də Türkiyənin iş adamlarının Azərbaycana marağı birə-beş artdı. Bütün bu iqtisadi layihələrin gerçəkləşməsi fonunda Azərbaycanın dünyaya inteqrasiyası daha geniş vüsət almağa başladı. Çünki Azərbaycan  geosiyasi baxımdan dünyada çox əlverişli coğrafi mövqedə yerləşir və burdan Avropa ölkələrinə, eləcə də dünyanın digər ölkələrinə çıxış hər bir dövlətə böyük xeyir gətirə bilər.

Heç şübhəsiz, gələcəkdə Zəngəzur dəhlizinin açılışı və onun istifadəyə verilməsi bu gün böyük dövlətlərin maraq dairəsindədir.  İlk növbədə ABŞ, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İslam dünyası və eləcə də digər Türk dövlətləri bu iqtisadi layihənin gerçəkləşməsini  böyük səbirsizliklə gözləyirlər. Çünki bu yolun açılışı təkcə Azərbaycanın marağını deyil, həm də dünyanın marağını təmin etmiş olacaq.

Heç kimə sirr deyil ki, İran və Rusiya Zəngəzur dəhlizinin açılmasında bir o qədər maraqlı deyil və həmişə müxtəlif siyasi yollarla bu prosesin qarşısını almağa, birmənalı olaraq ləngitməyə çalışırlar. Amma görünən odur ki, bu gün dünya heç də Rusiya və İranın maraqlarına uyğun inkişaf etmir. Dünya ona iqtisadi gəlir gətirəcək, sabitlik yaradacaq və dünyaya sülh ərməğan edəcək ölkələrə üstünlük verir. Bax, Azərbaycan da bu gün dünyaya inteqrasiya olunmuş ən qüdrətli dövlətlərdən biridir! 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.