ANA SƏHİFƏ / YAZARLAR

KORONAVIRUS VƏ QARA EYNƏKLİ EVLƏR - KƏMALƏ ABİYEVA yazır

Günəş şüaları zehin və sinir sistemi xəstəliklərinin qarşısını ala bilir.

35122    |   2020-04-09 09:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Demək hamıya gərəkdi. Yaşamaq üçün gərəkdir. Yaşamaq həyatımıza mane olan nə varsa onları görmək və mübarizə aparmaqdır həm də. Hərdən narahat edən məsələlərdən yazmaq istəyirsən, hərdən susursan, hərdən "eh, mənə nə?” demək istəyirsən. Olurmu? Hamı bacarırmı əl yelləyib yaşamağı? Yox. Ömür ötür elə də, belə də. Yaşadığı cəmiyyətin sağlamlığına çalışar insan. Bunun üçün sağlam zehin, sağlam düşüncə, sinir sistemi lazımdı.

Əslində kurikulumun, summativlərin, şagirdin gündəlik fəaliyyətinə əsaslanmayan mənasız qiymətləndirmənin və s. təhsilimizə vurduğu zərbədən yazmaq istədim. Seçkilər oldu. Müəllim söyüş hədəfinə döndü. Müəllimin öz nüfuzuna vurduğu zərbə də ağır oldu. Buna münasibət bildirmək istədim. İkisi də ağrılıdı. Demə ikisi də şükürlü imiş. Qəfil öldürücü zərbə xəbəri yayıldı - Korona virus. Məhvedici Virus! Məhv edən nə varsa, hamısı VİRUSDU elə. Adətən sakitliyimi qoruya bilsəm də, COVİD -19 qorxuya salıb, hətta hərdən özümə heyrət edirəm. ”Ən pisi mənəvi ölümdü” deyimi mənasızlaşdı, "ölüm haqdı” da soyuq gəldi. Yaşa, çalış, vuruş, döz, öyrən, ağla, gül və yenə yaşa. "Çətindi” deyə - deyə, "bezdim, yoruldum” deyə - deyə yaşasan da, yaşamaq arzusu ölmürmüş! Birdən bir virus səni niyə öldürsün ki?!... Niyə axı?.. Depressiya, stress təhlükəsi yarandı. Və bu Covid -19 üçün əlverişlidir.

Cünəş şüaları depressiya, stresə qarşı çox faydalıdır

Bu depressiv vəziyyətdə çoxumuz təkcə xoşbəxt, rahat yaşadığımız günləri xatırlamadıq, narazı olduğumuz, bezdiyimiz, deyindiyimiz anlara da baxdıq... Təəssüf elədik. Düşündük "Yaşamaq nə gözəldir”. 
Çoxu kimi mən də xəbərlərə, müxtəlif ölkə həkimlərinin, vətəndaşların çıxışlarına baxdım, məlumat topladım. Qorunma üsullarını, əlamətlərini, nədən qorxduğunu araşdırdım. Təsəvvür edirsiz, istənilən məhvedici kimi təmizliyi sevmir, istilikdən qorxur. Çox maraqlı bir faktla üz – üzə qaldım: işığı - günəş şüalarını da sevmir! Günəş şüaları yaşama və yayılmasını azaldır. İstər – istəməz kədərlə evlərimizə yapışan üzlükləri düşündüm, pəncərələrimizin üstündən vurulan qara şüşələrə baxdım... İlk üzlüklər çəkiləndə etirazla qarşılayanlar, tez yanma və boğucu tüstüsünün təhlükəsindən danışanlar oldu. Amma kimlərsə biznesinin hayında idi. Yanğın oldu, insanlar evində öldü. Özünü 16 – cı mərtəbədən atan cavanı da xatırlayıram bu qara şüşələrə baxanda, bəlkə qapını açıb pillələrlə düşə bilərdi. Stress mane olub...

Günəş işığı olmadan sağlam ola bilmərik.

Qədimliyi yavaş – yavaş silinən Bakıda evlərin üzlənməsini başlanan gündən anlamadım. Onsuz da tarixi tikililərin "sürtülmə”si ürəyimi göynədirdi. Birdən – birə sovet dövrünün yaşayış binalarına üzlüklər vurulmağa başladı. Qəribədi, bu köhnə yaşayış binalarının fasadını rəngləmək, eyvanları düzəltmək olardı. Ən azı adi şəffaf şüşəli pəncərələr qoymaq olardı. Bu qədər xərc niyə çəkilirdi ki? Özü də necə keyfiyyətsiz, səliqəsiz iş görüldü. Təbii mən və mənim kimi bir qisim insan etiraz etdi. Mİİ-nin müdirinə, İH – nin nümayəndələrinə, ərazidə bu işə rəhbərlik edənlərə dedim, bir az hay – həşir saldım. "Göstəriş belədir, şəhəri gözəlləşdiririk” cavabını aldım. Mat qalmışdım. Evlərn pəncərələrinin bir hissəsi üzlüklərin, bir hissəsi qara şüşələrin altında qalırdı. Xaricdən bəlkə də onlar üçün gözəl idi. Amma mənzillərdə cansığıcı bir mənzərə yaranıb. Bütün binanın eyni görünüşdə olması gözəllikdimi? Yeknəsənglik özü də depressiya yaradır. Ən əsası bu mənzillərdə yaşayan insanların günəş işığından məhrum edilməsi gözəllik ola bilərmi? Axı ən böyük gözəllik sağlamlıqdır.

Günəş şüalarında bizi xərçəng, sümük xəstəlikləri, ürək xəstəliyi, soyuqdəymədən belə qoruyan D vitamini var.
Bir – neçə il öncə Ankaraya yolum düşdü. Şəhəri köhnə və təzə Ankara deyə tanış edirdilər. Yeni binalar köhnə Ankaradan sonra başlayır. Köhnə tikililər, köhnə binalar olduğu kimiydi. Hər yerdə yaşayış binalarının səliqəli eyvanları diqqətimi çəkdi. Əksərində dibçək gülləri vardı. Açıq görünsə də, örtülü eyvanlar da çoxdu. Sadəcə şüşələri görmək üçün diqqətlə baxmalı idin, çünki çox şəffaf idilər. İndi hərdən xatırlayıram. "Niyə bizim evləri o üz, bu üz hasarlayıb, "qara eynək”taxdılar ki?” Müxtəlif fikirlər, etirazlar oldu, elmli adamlar narahat qaldı. Bunun ziyanlı olduğunu bilirlər çünki. "Kiminsə biznesidi”, "Kimlərsə büdcədən pul yemək üçün edir”, "kimsə pul qazanır” və s. kimi çox qara fikirlər dolaşdı.

GÜNƏŞ ŞÜALARININ BÖYÜK ANTİBAKTERİAL TƏSİRİ VAR.

Dövlətimiz bu qapıları döyən ölümlə mübarizə aparmaq üçün bütün tədbirləri görməyə çalışır. Bizi qorumaq üçün bizdən dəstək istəyir. istənilən qələbənin başlıca şərti həmrəylikdi. Dövlət vətəndaşı, vətəndaş dövlətiylə həmrəy olmalıdı. Möhtərəm Prezidentimiz "Biz birlikdə güclüyük”deyir. Çıxışına diqqətlə qulaq asdım. Vətəndaşların yanaşmasına münasibət bildirdi "Mən qorxmuram” deyənləri, bu münasibətin daha qorxulu olduğunu da vurğuladı. Qorxulu münasibətdi. Həmin anda düşündüm ki, məhz əlini yelləyib heç nədən qorxmayanlar qorxuludur. Hansı tərəfdən baxsaq qorxuludur: nə allahdan, nə dövlətdən, nə körpələrdən, nə göz yaşından, nə... Və bu nələr çoxdu. Çünki pul onların bütün duyğularını, görmə, eşitmə, duyma qabiliyyətini satın alıb. Vicdanın heç adını çəkmirəm. O da gözlə görünmür bizə xeyri olan günəş şüaları kimi. Günəşli evlərdə yaşasalar da Günəşdən - İşıqdan qorxurlar: Bakteriya kimi, Virus kimi.

Günəş yer kürəsi – bütün canlılar üçün həyat mənbəyidir.

Yer kürəsini bir – neçə gün günəşsiz təsəvvür edək. Heç ağlımıza gəlmir necə olar? Bu Covid -19 –un gətirdiyi qeyri – müəyyənlik kimi. Amma öz evlərimizdə günəş işığından məhrum yaşayırıq. Evdə dibçəklərim var. O qara şüşələrin arxasında hamısı qurudu. Mənzilimin bir tərəfində eyvanım açıq idi. Qara pəncərələrlə örtdülər. Bəzilərini açmaq olur. Dibçəkləri ora düzürəm, günəş şuaları görsünlər deyə daim yerlərini dəyişirəm. Yaşıl yarpaqları olsa da, çiçək açmırlar. İki tərəfi bağlı mənzilləri, o "Xruşşovka”ları təsəvvür edin. Günəşsizdilər. Niyə? Suyun, qazın, elektik işığının pullu olduğu zamanda pulsuz olduğu üçünmü? Kimsə, ya kimlərsə pula görə öz xalqını-insanı günəşdən məhrum edərmi? Yəni bu qədər laqeydlik, ya sevgisizlik olarmı? Mən buna inanmaq istəmirəm. Bu fikir günəş şüalarının işığını belə məhv edir. Bu koronavirusdan qorxuludur.

İndi bu evdəqal zamanında günəşi həsrətlə gözləməyin anlamı da yoxdu bu "qara eynəkli evlər”də. Bəlkə ona görə günəş də ləngiyir.Bizi daha çox üzməmək üçün.

Günəş şüaları xoşbəxtlik hormonu yaradır.

Bizə lazımdımı ?

P.S. Çox kasıb, tək iki övlad böyüdən qonşum var. Birtəhər dolanırlar. Arada deyir: Allah, öz evimizdə necə kor qalmışıq...




İmza:

YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK