hacklink Adalet.az | Çöküntü dövrü - Mehman CAVADOĞLU yazır Adalet.az | Çöküntü dövrü - Mehman CAVADOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Çöküntü dövrü - Mehman CAVADOĞLU yazır

9279    |   2019-11-30 09:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mircəfər Bağırovun öz dövrünün reallıqlarına uyğun olan sərt idarəetmə üsulları haqqında hələ Sovetin vaxtından cəmiyyətdə xeyli rəvayətlər dolaşsa da, bu rəvayətlərin hansının həqiqət, hansının qurama olduğunu düz-əməlli bilən yoxdur. Çox güman ki, olmuş olaylar da ağızdan-ağıza keçərək böyüdülür, şişirdilir, bir sözlə, folklorsayağı bəzənib-düzənir.

Bu cür hekayələrdən biri də məşhur Bağırov körpüsü haqqındadır. Deyir, guya istifadəyə hazır olan körpünün üstündən ilk qatar keçərkən tikintiyə məsul digər şəxslər ailələriylə birlikdə aparılıb oturdulur onun altında ki, uçqun-filan olsa günahkarlar öz cəzalarını elə yerindəcə, həm də elliklə çəksinlər.

Nə qədər həqiqət olduğu məlum deyil, amma həmin vaxtlarda bundan da dəhşətli və türkürpədici elə cəza növləri olub ki, bu cür üsullar onun yanında toya getməlidir, bir az əyləncəvari, bir az məzəli, lap istəsəniz bir az da poetikdir. Adətən, cəmiyyət ağına-bozuna baxmadan belə nağılları dərhal həqiqət kimi qəbul edir, ona inanır, ən dəhşətlisi də odur ki, eşitdiyindən vəcdə gəlir. Birinin əzabları, xüsusilə teatral əzabları o birinin ürəyindən tikan çıxardır, kiminsə faciəsi başqasının içinə su səpir, yaralarına məlhəm olur. Dünyanın mayası əzəldən belə yoğrulub, aqessivlik fərdlər kimi bütöv toplumların da əsas xislətindən biridir. Amma nisbidir. Möhkəm əl qonşunun başına dəyəndə ləzzət eləyir, öz başına dəyəndə məşəqqətə çevrilir.

Hələ neçə min əvvəl bu cür varvar metodlardan, heyvani cəza vasitələrindən imtina etmək üçün ağıllı başlar Roma hüququnu yaratdılar. Cinayət varsa cəza da olmalıdır, ancaq adam adam balası cəzalandırılmalıdır, cinayətkarın cəzası cinayətkarcasına yox, qanunla verilməlidir.

Neft bumu Azərbaycanın tikinti bölməsində də görünməmiş bir canlanma yaratdı. Binalar söküldü-tikildi, yollar çəkildi-düzəldi, bir sözlə, şəhərin görkəmi sürətlə, həm də kəskin şəkildə dəyişdi. Uzaqdan və hündürdən baxanda göz oxşayan panoram, içinə girəndəsə bir-birinə söykənən binaların yaratdığı əndrəbadi mənzərə, nəfəs tıncıxdıran basabas. Bu heç, bu artıq əlacsız bir şey.Amma üstündən heç beş-on il keçməmiş, bir nəsil dəyişməmiş hay-küylə tikilənlər elə eyni hay-küylə də dağılmağa başladı.

Elə bu günlərdə Bibiheybət məscidinin qarşısından keçən yolun çökməsi də ölkədə çöküntü erasının başlanmasının növbəti faktıdır. Bundan əvvəl də müxtəlif yollardakı dağılmalar, çökmələr barədə mətbuatda vaxtaşırı məlumatlar gedib. Amma bunlar miqyasına görə xırda çöküntülər olduğuna görə bir-iki günə qarşısı alınıb və dərhal da unudulub gedib. Şəkillərdən də göründüyü kimi Bibiheybət qəzası sıradan bir məsələ deyil, ciddi hadisədir və onun aradan qaldırılmasına xeyli vaxt və vəsait lazım olacaq.

Bibihaybətlə Bayıl və Badamdar şəhərin təxminə eyni coğrafi mövqeyinə və oxşar geoloji strukturuna malik zonasıdır. Son vaxtlar intensiv torpaq sürüşmələri daha çox bu səmtdə baş verir. Hər dəfə də problemlə bağlı verilən mütəxəssis rəylərindən qırmızı xətt kimi keçən bir tezis olur. Bura sürüşmə zonasıdır, üstəlik, ərazidə kanalizasiya xətti yoxdur deyə çirkab suları torpağın alt laylarına hopur və… arxası məlumdur. Bu fakt artıq hər bir Bakı sakininə məlum olsa da, nədənsə şəhərin məsul şəxslərinin qulağına çatmır. Çatmamış olmaz hər halda, sadəcə, qulaqardına vurulur, həmin yerlərdə əhalinin məskunlaşmasına heç kimə sirr olmayan məlum səbəblərdən göz yumulur, bıçaq sümüyə dirənəndəsə deyirlər ki, qanunsuz tikililərdi. Bu ölkədə qanunsuz çox şey tikilə bilər, amma müvafiq instansiyalarla razılaşdırılmamış nəinki bir ev, villa, heç kiçik "gecəqondu” da, quş damı da düzəltmək mümkün deyil. Dörd bir yanı hasarlı həyətinizdə buna cəhd edin , görün neçə yerdən başınızın üstünü alacaqlar. Fikriniz Sovetin dövründə salınan xutorlara getməsin.

Hələ bu harasıdır, yəqin, 6-7 il bundan qabaq Bakının mərkəzində günün-günorta çağı 17 mərtəbəli bir binanın uçub yerlə-yeksan olması hələ yaddaşlardan silinməyib. Onda da şəhərin taleyinə məsul olan birinci şəxs çox fantastik bir açıqlama verərək həmin binanın qanunsuz tikildiyini bəyan eləmişdi.

Fərdi ev, hər hansı özəl obyekt tikintisini bir kənara qoyaq. Tutalım, vətəndaş səhlənkardır, sabahı nəzərə almadan hardasa nəsə tikir, iş-işdən keçəndən, tikdiyi əyilib ikiqat olandan sonra başlayır baş-gözünə döyməyə. Hərçənd, inandırıcı deyil, çünki adamlar öz pulunun qədrini yaxşı bilirlər, onu çölə tökmək dərəcəsində nadan deyillər, problemli yerdə heç nə qaralamazlar. Onları vəzifələri guya onlara xidmət göstərməkdən ibarət olan məmurlar aldadır, düzgün məlumatlandırmırlar. Məmurlar isə hansı yerdə hansı problemin olduğunu əzbər bilir və yaxud bilməlidirlər. Hər yerin vəziyyəti, geofiziki göstəriciləri haqqında məlumatlar onların əllərinin altındadır. Bakının hələ çar Rusiyası dövründən bu yana vaxtaşırı olaraq Baş Planları tərtib edilir, dəyişdirilir, yenilənir. Elə son illərdə az qala hər beş-altı aydan bir gözümüzü döyənək edən mətbu məlumatlardan biri də elə "Bakının yeni baş planı hazırdır” tipli informasiyalardır. Baş plan da elə bir sənəddir ki, orda təkcə şəhərin üstünün necə bəzənib-düzənəcəyi yox, həm də altında nə olduğunu, hansı geoloji proseslərin getdiyi əks olunur və ya olunmalıdır.

Bəs yaxşı, belədirsə onda dövlət əhəmiyyətli layihələrin tikintisində niyə bu cür bağışlanmaz xətalar, qəzalar baş verir? Bəzən, məsələn, elə Bibiheybət yolu nümunəsində hətta mütəxəssislər səviyyəsində belə fikir səslənir ki, yolu çəkən qurum burda kanalizasiya xəttinin olmamasını bilməyə bilərdi, çünki bu məsələylə başqa qurum məşğuldu. Yolların hardan keçdiyini bilmədən və öyrənmədən də yol çəkmək təzə fenomenmiş, sanki ləmbəlikdə cığır açırlar. Yəni, doğrudanmı, bu layihə-smeta sənədləri adlı nəsnədə pul çırpışdırmağın yollarından başqa bir şey əks olunmayıb?

Görünür, bizdə ayrı-ayrı dövlət idaələri və onların işlərini əlaqələndirən qurumlar bir-birləriylə yalnız şəxsi maddi maraqlar müstəvisində işgüzar münasibətlər qurur, başqa vaxtlarda hərə öz meydanını sulamaqla məşğuldur. Tikintinin gedişinə nəzarət eləyən, onun təhvil-təslimiylə məşğul olan çoxsaylı dövlət orqanlarını da bura əlavə etsək, müdhiş bir mənzərə yaranır. Görəsən, bu boyda xətalar bu qədər nəzarətçinin gözündən necə və ya neçəyə yayınıb?

Otuz ilə hesablanmış, ancaq vur-tut üç il tab gətirmiş Bakı-Quba yolu da məhz bu təsərrüfatsızlığın, daha çox pul qamarlamaq ehtirasının güdazına getdi. Dövlət büdcəsinə yeddi yüz milyon manata çəkilmiş və canına isti keçməmiş yararsız duruma düşmüş, ötən ildən sözün həqiqi mənasında dağılıb sıradan çıxmış həmin yolu artıq ölkənin başı üstündə kabus kimi dolanan böyük çöküntü dövrünün ən parlaq müjdəsi saymaq olar. Rəsmilərin də etirafına görə onu təmir etməklə, ora-burasını yamamaqla da abıra salmaq mümkün deyil, tamamilə söküb yenidən çəkməkdən başqa bir çarəsi yoxdur. Ən qəribəsi isə budur ki, vəzifəsi bilavasitə yol çəkməkdən ibarət olan rəsmi dövlət qurumlarının rəhbərləri və rəsmiləri, necə deyərlər, peşəsi yolçəkənlərin özləri başqa məqamları ört-basdır etmək üçün vaxtilə bu biabırçılığı təcrübəsizlikləriylə əlaqələndirmişdilər. Təcrübəsiz peşəkarlar – əcəb formuldur. Bəs, bu qeyri-peşəkarlar bu cür görəvlərə necə gəlib çıxa bilirlər, bu qədər dövlət pulları onlara necə etibar edilir?

Deyir, dövlət iki halda böyük təhlükəylə üzləşir, birincisi, cinayət olub cəza olmayanda, ikincisi cəza olub cinayət olmayanda. İndi yəqin ki, Bibiheybət yolunun çökməsinin müqəssirləri də, Bakı-Quba yolunun dağılmasında günahı olanlar kimi cəzasız qalacaqlar. Axtarsan məlum olacaq ki, əksəriyyəti elə eyni adamlardır. Çünki cəzasızlıq yeni cinayətlərə yol açan ən münbit mühitdir. Və insanlar heç də həmişə təbii instinktlərinə görə başqalarının canına yerikləmirlər, daha çox məhz öz halalca haqlarının bu cür insafsızcasına talan edilməsindən aqressivləşərək zalımlaşırlar. Qanunlar da elə bundan ötrü, heç kimin heç kimin haqqını yeməməsi naminə icad olunub. Yetər ki, onlar işlək olsun, cinayətkar qanun qarşısında cəzasız qalmasın. Onda dövlət də güclənəcək, insanlar da yazının əvvəlində söylədiyim sadomazoxist cəza üsullarından, yaxud da bu cür üsullar haqqında quraşdırılan nağıllardan vəcdə gələcək qədər aqressivləşərək əllərindən xəta çıxan qorxulu məxluqa çevrilməyəcəklər.





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK