hacklink Adalet.az | Zəka VİLAYƏTOĞLU: ŞEİRLƏR ÖLÜ DOĞULUR Adalet.az | Zəka VİLAYƏTOĞLU: ŞEİRLƏR ÖLÜ DOĞULUR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Zəka VİLAYƏTOĞLU: ŞEİRLƏR ÖLÜ DOĞULUR

4689    |   2019-11-08 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır































BƏLASAN

Yanağında nə gözəldir, xal, dedim,
Demədim ki, qəlbimə xal salasan!
Çox bəlalar çəkib zavallı başım,
Anlamıram, sən nə biçim bəlasan?!

Daha nə yerinəm, nə də göyünəm,
Çətin, bir də məğrur-məğrur öyünəm,
Qaşlarının arasında düyünəm,
Bəlkə bir az mərhəmətli olasan?!

Bilirsən ki, əzabın da şirindir,
Yaraların hər yaradan dərindir,
Nədən belə mənlə aran sərindir,
Gərək öləm, saçlarını yolasan?!


KIM OLA

Bir çiçək açılmış, dağlar qoynunda
Bir nəfəs qoxlayıb, dərən kim ola?!
Dalğalı saçları qucaq-qucaqdı,
Onu tumarlayıb hörən kim ola?!
Elə asan deyil, sevdanın yolu,
Tikanla doludur, həm sağı, solu,
İsladanda yağış, döyəndə dolu,
Qoşa qanadını gərən kim ola?!
Eşqimi sinəmdə qoymuşam dəmə,
Görürəm ki, bənddir, tək bircə himə,
Hardasa bənzəri, tayı var, demə,
Belə gözəllikdə görən, kim ola?!
Yanağı bir ayrı, alı bir ayrı,
Dodağı üstündə xalı bir ayrı,
Onu görən kəsin halı bir ayrı,
Çırpınan qəlbinə girən kim ola?!..


AMMA

Kəpənəyim, qon, çiçəkdən-çiçəyə,
Bir aləmdir, burda çiçək, gül, amma...
Tanrı səni bir möcüzə yaratmış,
Şıltaq-şıltaq oyna, nazlan, gül, amma...
Həyat dolu ürəyim yaz havalı,
Duyğularım bir kövrək saz havalı,
Gəl, dolandır, sən məni az havalı,
yaraşıqdır, üzündəki tül, amma...
Çox gözəlsən, buna ürək dayanmaz,
min il yatan bu yuxudan oyanmaz,
elə bilmə, sönən bir daha yanmaz,
yandırsan da, eyləsən də kül, amma...


DEYİL

Dağlar dumanıyla gözəl,
Dumanı yoxsa, dağ deyil,
Könlüm yaralı bülbüldür,
Balıq ovlayan vağ deyil.
Gözəldir, bağça da, bağ da,
Qarşımda ucalan dağ da,
Süfrəmdə var, bal da, yağ da,
Sənsiz damağım çağ deyil.
Soldurma, güllü bir bağkən,
Endirmə, uca bir dağkən,
Qədrini bil, Zəka sağkən,
Bir də görərsən, sağ deyil!


HƏLƏ

Bu da bir alın yazısı,
Sözlə oynayıram, hələ!
Sinəmdə qalanan odla,
Közlə oynayıram, hələ!
Heç də demə ki, dəlidir,
Ağlamalı, gülməlidir!
Ağlamağı, gülməyi bir,
Gözlə oynayıram, hələ!
Yenə başım dumanlanır,
Bu ürək qalam alınır,
Bir eşq havası çalınır,
Gözlə, oynayıram, hələ!




GETSİN

Gəl, yenə üz tutaq, dağlara sarı,
Xəyallar köhləni çapıb da getsin,
Məndə yuva quran bu eşq arısı,
Öz dağ çiçəyini tapıb da getsin!

Dağlardan almışam eşqi, həvəsi,
Dağlardır, tarixin daş əfsanəsi,
Qumru bulaqların xoş zümzüməsi,
Axsın ürəyimə, hopub da getsin!

Qəfil at oynatsın göylərdə şimşək,
Dağ çayı kükrəsin, bir dəli şir tək.
Çək, bu gözəlliyin rəsmini sən çək,
Dağlarda hay - haray qopub da getsin!

GÖZƏL

Səninlə yaşanan gecələrim sirr,
Səninlə açılan sabahım gözəl!
Səndən ayrı düşüb, ayrı qalınca,
Sinəmi yandıran hər ahım gözəl!
Qara gözlərinin qurut nəmini,
Boş ver, bu dünyanın dərdi-qəmini,
Xilas et, hicrində batan gəmini,
Eşqin sularında fərahım gözəl!
Baxıb gözlərimə gülümsə, gül ki,
qoy viran olmasın, bu sevda mülkü,
Sənə heyranlığım günah deyil ki,
Əgər günah isə, günahım gözəl!



ÇIX GET, İŞİM VAR!

Daha Məcnun deyiləm,
Səhrada nə işim var?
Necə gəlmişdim sənə,
elə də gedişim var!

Tikanmı, gülmü deyim,
Bu eşqdən qaldı nəyim?
Gözləmə boyun əyim
Çox ağır vərdişim var!

Fikrə, xəyala dalma,
Əbəs vaxtımı alma,
Vaxtdır, yolundan qalma,
gecdir, çıx get, işim var!



CƏNNƏTİ QƏLBİNDƏ ARA

Dumduru bir bulaq sanıb,
İçdim, həyatın gözündən,
Axıb, ömrün vadisilə,
Keçdim, dağından, düzündən!
Gəzib-dolaşdım dünyanı,
Sisə bürünüb hər yanı,
Tanımaq olmur, insanı,
Abrı gödəkdir, dizindən!
De, sən hara, dünya hara,
çəkildin, gözündən dara,
cənnəti qəlbində ara,
Soraqla, özün-özündən!


QƏZƏL

Sən elə cansan, əzizim, canı versəm belə, yetməz,
Saçına düzmək üçün hər gülü dərsəm belə, yetməz!

Yeni bir vəsf üsulu arayıb-axtarım gərək,
Necə bir cənnət ola, qoynuna girsəm belə, yetməz.

Qollarım ki, bağlı deyil, bəs nədən bağlı kimidir,
Nə qədər yalvarsam da, aç onu dersəm belə, yetməz!

Elə bir mənzərə ki, seyrinə dalmaq o qədər xoş
Üzünü yüz dəfə yox, min dəfə görsəm belə, yetməz!

Bir kərə dodaqların Zəka desə, şəfqət ilə, bil,
Şaşırıb, fərəhimdən qəfildən ölsəm belə, yetməz!



OLMASA

Sevincin sevinc olmaz ki,
Ey ürək, qəmin olmasa!
Sən də heç ürək olmazsan,
Gözlərdə nəmin olmasa!
Sevinc ilə, qəm ilə tən,
Tutisən, sinəmdə ötən,
Kim olar, dadına yetən,
Sevginə əmin olmasa?
Arzular qatar-qatarsa,
Bir gün arzuna çatarsan,
Həyat dənizdir, batarsan,
Səbr adlı gəmin olmasa!


YARIM

Neynirəm, hansısa çiçəyi, gülü,
Ey çiçəyi, gülü özündən, yarım!
Yalandır, yanında şır-şır bulaqlar,
Içmişəm eşqini, gözündən, yarım!

Sanma ulduzladır, Ayladır işim,
Tanrının verdiyi payladır, işim,
Sevgidir, nəğmədir, layladır, işim,
Gəl, oxşayım, öpüm, üzündən, yarım!

Ürəyim sinəmdə quş qanadlıdır,
Bu eşq sən ünvanlı, bir sən adlıdır,
Yəqin ona görə belə dadlıdır,
Qarışıb göz yaşı duzundan, yarım!


YAXŞIDIR

Çox isti də bir şey deyil,
Aramız sərin yaxşıdır,
Yerindən nigaran qalma,
Qəlbimdə yerin yaxşıdır!
Sevgini sanma dəb kimi,
Xoş sözün cana həb kimi,
İstərsən sanc, əqrəb kimi,
Hərdən zəhərin yaxşıdır!
Bu işdə yoxdursa kələk,
Başqa bir sözə nə gərək?
Eşqə tutuldusa, ürək,
Yarası dərin yaxşıdır!


HARDAYAM

Bir biləsən, dostum, indi hardayam,
Mən özümü ilk gördüyüm yerdəyəm!
Yalmanına yata-yata həvəslə,
Yaylaqlara at sürdüyüm yerdəyəm!
Burda göylər yerə elə yaxındır,
Sevinc, fərəh, duyğu axın-axındır,
Qayalardan çox sürüşüb yıxıldım,
Moruq, çiçək, gül dərdiyim yerdəyəm!
Qulağımda uşaqlığın harayı,
Ürəyimdə bir sevdanın sarayı,
Bir gözəlin saçlarını darayıb,
Xəyalımda hey hördüyüm yerdəyəm!


SAZIM

Bu gecə çox darıxıram,
Gəl, bir hava çalaq, sazım,
Bir az bulud kimi dolaq,
Bir az da boşalaq, sazım!
Mənimlə dərd bölən sənsən,
Ağlayan sən, gülən sənsən
Yar dilini bilən sənsən,
Bir könlünü alaq, sazım!
Bilirsən ki, sənlə varam,
səninlə sağalır yaram,
köksüm altda aram-aram
Çağlayır bir bulaq, sazım!
Barmaqlarım, acı, şirin,
Dilləridir, ürəyimin,
Qoy tərpənsin sarı simin,
Qəm saçını yolaq, sazım!
Bir qonaq sanmışdım, düzü,
Yamanca arsızmış üzü,
Belə getsə, üzər bizi,
Dərdi yola salaq, sazım!


ŞEİRLƏR ÖLÜ DOĞULUR

Gündə min şeir yazırıq,
dirisi, mindən biridir,
şeirlər ölü doğulur,
ölüm şeirdən diridir!


Biz hamımız yazan olduq,
Yanşaq olduq, ozan olduq,
çox oyun uduzan olduq,
Dərd boyumuzdan iridir!


Acımız ac, toxumuz tox,
Nisgilimiz, acımız çox,
Ağlayanda doğmalar yox,
bizi özgələr kiridir!


Dərdimizə al rəng boyaq,
üzülür yerdən, əl-ayaq,
Zəkayamı bel bağlayaq,
O da yazanın biridir?!




SAXLA

Gəl, məni tamam öldürmə,
Yaşamağa da yer saxla,
Eşqin meyvəsi dadlıdır,
Gir, ürəyimdən dər, saxla!

Bal-şəkər eylə dilini,
xoş söz dirildər ölünü,
bu eşqin qızılgülünü,
soldurma, təzə-tər saxla!

Kim olsa, sənin yerinə,
Çox da baş vurmaz dərinə,
Ötsə də lap bir qərinə,
Hər nə olmuşsa, sirr saxla!

Anlamıram, inadını,
Bir görəydim ustadını,
yolma ruhum qanadını,
Uçub getməyə pər saxla!


QƏZƏL

Yandır bu canı, hər nə qədər yansa da azdır,
Zənn eyləmə ki, qəlbi dayaz, ruhu dayazdır!

Başı üstündə müdam duman, ya çisgin olsa,
aşiqin qəlbinə gir, orda, görərsən, yazdır.

İnsan, insandır, canım, fərqinə varma heç vaxt
Türkmüdür, ləzgimidir, ya ki, talışdır, lazdır!

Zəkanın qorxusu yox, oddan, alovdan əsla
Çünki onun qardaşı Arabaçı Ayazdır!


QƏZƏL

Adamın yoxsa, Adam, bu canım məmleyi-kənddə
Uf deməz, rəhm eləməz, diri yeyərlər adamı!

Sınmaq var, əyilmək yox, kişilərin cövhərində,
Amma sınmaq nədir, əydikcə əyərlər adamı!

Görsələr, Günəş kimi nur saçır, zehnin, əməlin,
Su alarlar ağıza, çətin, öyərlər adamı!

Səsini sal içinə, hamı kimi seyrə davam
Dinmə, dost, inan, yoxsa mal tək döyərlər adamı!

Zəkanın çarəsi yox, edə bu dərdə bir əlac,
Göynədir gecə-gündüz, itmiş dəyərlər, adamı!



BU QƏM

Bürünüb yaralı bir ney səsinə,
İlahi, necə də gözəldir, bu qəm!
Qəlbimə, ruhuma saflıq gətirir,
Şeirdir, nəğmədir, qəzəldir, bu qəm!
Ürəkdən sevinib, gülmək bir ayrı,
Min kərə doğulub, ölmək bir ayrı
"Qəmdən uzaq olun” demək, bir ayrı,
Uludur, qədimdir, əzəldir bu qəm!
Astaca boynuma dolanır qolu,
O, həm eşq doludur, həm həyat dolu,
Adamlıqdan çıxıb azanda yolu,
Adamı yoluna düzəldir, bu qəm!


YAŞADIM

Bəlkə pisdir, bəlkə yaxşı, - bilmirəm,
Mən dərdimi gülə - gülə daşıdım,
Ağlamadım, sızlamadım bir kərə,
Sevincimi gilə - gilə yaşadım!
Boynumda var, Yaradanın haqqı var,
Yaxşı olan hər adamın haqqı var
Dərd adamın, haqq adamın, - haqqı var,
Mən haqqımı bilə - bilə yaşadım!
Getmək asan, nə var çıxıb getməyə,
Bayqu kimi viranədə ötməyə
Oğul odur, dərd içində itməyə,
Hər dərdimi verdim yelə, yaşadım!




İmza:
SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK