Adalet.az | ZƏHRİMAR Adalet.az | ZƏHRİMAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ZƏHRİMAR

23473    |   2013-02-23 14:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əlindəki qədəhi son damlasına qədər içib qurtardı. Yenidən yoldaşlarına sarı dönüb dilləndi:
-Bu arağın dadı çox yaxşıdı. İndiyə qədər nə qədər araq içmişəm, heç birinin belə gözəl tamı olmayıb...
Dostu Surxay gördü ki, Elcan axırıncı qədəhi içəndə gözü stolun üstündəki araq şüşəsində qaldı. O dəqiqə hiss elədi ki, o yenə içmək istəyir. Onsuz da onun qədəhinə kimin araq süzməyindən asılı olmayaraq, bu adam araqdan əl çəkən deyildi. Bütün bunları stolun ətrafında oturmuş dostları yaxşı bilirdi. Hiss eləyirdilər ki, ilk qədəhdən sonra Elcan araqdan əl çəkməyəcək. Onun ürəyindən keçənləri duyurmuş kimi, Surxay araq şüşəsini stolun üstündən götürüb, onun boş qədəhini ağzına qədər doldurdu. Gördü ki, dostları da bu hərəkətindən razı qaldılar. Surxay dedi:
- Ə, görmürsünüz, bu zalım oğlunun gözü araqdan doymur?! Mənim özüm də araq içənəm! Amma iki-üç qədəhdən sonra görürəm ki, vəziyyətim ağırlaşıb və bəzən yerişimi də itirirəm. Amma bu?! İki litr araq içsə də dünya vecinə deyil! Özü də Elcana araq içmək düşür. Biz içəndə rəngimiz ağarır, o içəndə isə sifəti qıpqırmızı olur. Sifətin ki, qıpqırmızı oldu, demək araq içmək olar...
Sifəti qıpqırmızı qızarmış Elcan bir neçə qədəhi də boşaltdı. Dostları gördülər ki, heç dünya Elcanın vecinə deyil. Bir az da ürəkləndilər. Xidmətçidən xahiş elədilər ki, bu qədəhlər çox balacadı, bizə üç yekə qədəh gətir! İçəndə bilək ki, nə içirik. Xidmətçi qonşu otağa keçib ordan üç iri qədəh gətirdi və səliqə ilə stolun üstünə düzdü. Elcan kababı dişinə çəkərək aşağıdan-yuxarı xidmətçiyə baxıb, dilləndi:
- Sən bunların sözlərinə bir o qədər də fikir vermə. Özləri arağın küfünə girirlər. Guya mən bunlardan çox araq içirəm?! Düzdür, mən araq içən adamam, amma Surxayın, Nuqayın yanında toya getməliyəm. Mən iki-üç gündən bir içirəm, bunlar hər gün içir. Mən içəndə araqdan doymuram, bunlar 100 qram vuran kimi, keflənirlər...
Xidmətçi oğlan diqqətlə Elcanının söhbətinə qulaq asırdı. Elə bilirdi ki, Elcanın araq içmək sahəsində sanki bir əjdahadı. Onsuz da xidmətçi oğlan çox belə yeyib-içən adamlar görmüşdü və kiminləsə yarım litr, iki litr araq içməsi o qədər təəccüblü deyildi. Xidmətçi bir istədi bir dəfə şahid olduğu hadisəni danışsın, amma nədənsə danışmadı. Bunu hiss edən Surxay xidmətçiyə tərəf döndü:
- Görürəm, bajıoğlu, ürəyində sözün var! Nəsə demək istəyirsən, amma abır-həya eləyib, danışmırsan. Belə alkaşların yanında nə abır-həya?! Üstəlik də sən xidmətçi adamsan o qədər yeyib-içən cavanlar görmüsən ki?! - deyə xidmətçini danışmağa vadar etdi.
Xidmətçi oğlan:
- Vallah, üç-dörd gün bundan əvvəl günorta vaxtı bura bir Sərxoş adlı orta yaşlı adam gəlmişdi, zalım oğlu, təkcə özü 6 şüşə araq içdi. Dedim, yəqin partlamaya düşüb öləjək! Ancaq heç nə olmadı. Onun çəkisi 150-160 kiloqram olardı. Hiss eləyirdin ki, bədəni çox iridi, qarnı sanki tuluğa bənzəyirdi. O qədər yeyib-içmişdi ki, elə bilirdin bu dəqiqə onun qarnı partlayıb dağılacaq. Qarnı partlayıb dağılmadı, maşına əyləşdi və özü də "Jiquli"ni sürüb getdi...
Surxay yenidən dilləndi:
- Nə deyirsən, bajıoğlu? Yəni deyirsən ki, sənin o tanıdığın Sərxoş Elcandan çox araq içir?!
Xidmətçi oğlan çiyinlərini çəkib, dedi:
- Vallah, mən heç nə demirəm, gördüyümü danışıram. Burda çox yeyib-içən adam görmüşdüm, Sərxoş kimi araq içən görməmişdim. Özü də bir dəfə yox ha, ən azı həftədə üç-dörd dəfə bu yeməkxanaya gəlir, beş-altı araq da içib gedir...
Nuqay:
- Day de ki, zalım oğlunun qarnı balina qarnıdı. Elə nə gəldi basıb yeyir ki?!
Xidmətçi oğlan:
- Yeməyinə söz yoxdu. Altı şüşə araqla 20 şiş kabab yeyir, sonra da nə qədər mineral su içir!
Surxay:
- Bəs onun yeyib-içdiklərinin pulunu kim verir?
Xidmətçi oğlan:
- Pulunu kim verəjək, yanında oturan dostu Əjdər. Əjdər deyir ki, Sərxoş nə qədər yeyib-içsə bütün haqq-hesabı mən verəcəm. Hətta mən olmayanda belə o yeməkxanaya gəlsə, nə istəsə verərsiniz. Sonra da nisiyə dəftərinə yazarsınız, mən gələndə pulunu ödəyəcəyəm. Çox saq olsun, kişi adamdı, Sərxoşun yeyib-içdiyi pulların hamısını dostu Əjdər ödəyir. Deyir ki, o yeyib-içəndə mən ləzzət alıram! Görünür, bu kişinin də kefi Sərxoş yeyib-içəndə kök olur...
Surxay:
- Ə, qardaş, bu Elcan ki, var e, mən səninlə mərcləşə bilərəm, kim olsa, araq içməkdə onun qabağına çıxa bilməz. Elcanı araq içməkdə kim udsa, əlimin arxasın yerə qoyaram.
... Hər üçü xidmətçi ilə məzələnmək istəyirdi. Xidmətçi də hiss eləyirdi ki, onların kefi çox kökdü və onunla məzələnirlər. Xidmətçi bunların hamısını çox yaxşı bilirdi. Çörəyi xidmətdən çıxdığına görə, bu zarafatlardan ya gülür, ya da sifətində zərif bir təbəssüm yaranırdı.
Onlar yeyib-içəndən sonra xidmətçiyə pullarını ödədilər. Hələ üstəlik Elcan cibindən 10 dollar çıxarıb xidmətçinin ovcuna basdı və dedi:
- Sən kişi adamsan, bu qədər ki, bizim şit zarafatımızdan cırnamadın, hirslənmədin, deməli, sənə hər şey halaldır. Verdiyim bu 10 dollar da ana südü kimi halalın olsun!
Elcan qırmızı rəngli "Jiquli"sinin sükanı arxasında əyləşdi. Dostlarından heç biri demədi ki, a kişi, sən araq içmisən, keflisən, bizi qırarsan. Əksinə, hər iki dostu dilləndi:
- Səndən yaxşı maşın sürən yoxdur. Onsuz da bizim hamımızın taleyi maşında olanda səndən asılıdır. Görək bu dəfə evimizə sağ-salamat çatdırırsanmı?!
Elcan:
- Ə, ağciyər olmayın. Mənim gözümü bağlasalar da, maşını çox təhlükəsiz sürürəm. Baxmayın ki, iki şüşə araq boşaltmışam. Heç dünya vecimə də deyil. Maşını da çox rahat sürəcəyəm, qorxub-eləməyin...
Surxay maşının arxa hissəsində əyləşmişdi. Büzüşüb elə oturmuşdu ki, sanki maşında oturan o deyildi. Oturan kimi də mürgülədi və sonra da yatdı. Surxayın elə də yeməyi yox idi. Bir tikə bəs idi ki, nə qədər araq içsin. Elə Nuğay da maşının arxasındakı bir küncdə əyləşmişdi. Rahat oturmuşdu və gözü yola dikilmişdi...
Elcan bir-bir onları qapılarının ağzına gətirib evlərinə yola saldı. Sonra da özü Bakının Şüvəlan qəsəbəsinə qayıtdı. Hər üçü ezamiyyətə getmişdi və yaxşı da pul qazanmışdılar. Amma Elcan əliaçıq olduğuna görə, harda oturudular yeyib-içmək pullarını o özü verirdi. Deyirdi ki, mənim yanımda heç kim əlini cibinə sala bilməz. Elcana ezamiyyətdən 500 dollar pul qalmışdı. O pulun da hamısını yolda yeyib-içməyə xərcləmişdi. İndi cibində bir qəpiyi də qalmamışdı. Ailəsi, uşaqları gözlərini yola dikmişdilər ki, ataları ezamiyyətdən qayıdacaq və evə bazarlıq eləyəcək: ət, yağ, mer-meyvə, qənd, çay alacaq. Amma Elcanın cibində bir qəpik də pul yoxuydu. Sonuncu pulunu yanacaqdoldurma məntəqəsində benzinə vermişdi və evə də havalı-havalı qayıdırdı.
Maşın həyətə girəndə əvvəl evdən həyat yoldaşı çıxdı, sonra da balaca qızları maşına tərəf qaçdı:
- Atam gəldi, atam gəldi, - deyib onun qucağına atıldı.
Elcan hər iki qızını bağrına basıb, hönkür-hönkür ağladı. Qızları məəttəl qalmışdılar ki, ataları niyə ağlayır. Amma həyat yoldaşı bilirdi ki, ataları nə üçün kövrəlib və gözləri yaşarıb. Həmişə olduğu kimi, bu dəfə də sonuncu qəpiyini yeyib-içməyə və araqa xərcləmişdi. Bəzən elə olurdu ki, o araq içmirdi, bütün qazandıqlarını evinə-eşiyinə, balalarına gətirirdi. Belə hallar çox az-az olurdu. Elə ki, qarşısına bir dostu çıxdı, bir tanışı çıxdı, sonuncu qəpiyinə qədər xərcləməliydi. O, yaxşı yeyib-içən adam olmaqla yanaşı, çox böyük ürək sahibiydi. Elə bundan da bir çox dələduzlar və afiristlər istifadə eləyirdilər.
Surxay, Nuğay eşidəndə ki, Elcan rayona gedib o dəqiqə onu axtarıb-tapır və yeməkxanaya çəkirdilər. Aydındır ki, yeməkxanada da bütün haqq-hesabları Elcan verirdi. Ürəyi yumşaqlığına görə də, utandığından onunla süfrə arxasına əyləşən adamlara bir söz deməz, kabab, araq və soyuq qəlyanaltılar sifariş verirdi. Bundan sonra da əyləşdiyi stola yayxanıb, "oxxay" deyirdi. Deyirdi ki, bu araqın kürəyini yerə vuran oğul tapılmayıb. Araq onu içənlərin hamısının axırına çıxıb. Amma mən bu araqın axırına çıxacam! Bu sözləri eşidəndə Surxayın və Nuğayın çiçəyi çırtlayar, qədəhləri doldurub Elcana uzadardılar. Elcanda ki, araq içməkdən heç vaxt doymazdı. Su içməkdən doyardı, araqdan yox.
Bir gün Elcan Mingəçevirə getdi. Orda da yaxın dostları, tanışları bunu görəndə sevindi. Sevindilər ki, Elcan gəlib deməli, yeyib-içmək olacaq. Hamısı Elcanın başına toplaşıb bir yeməkxanaya getdilər. Orda möhkəm yeyib-içdilər. Elcan da nə az, nə çox üç şüşə araq boşaltdı. Stolun arxasında neçə il bundan əvvəl baş vermiş bir hadisəni dostlarına danışdı. Dedi ki, Xaçmazda olanda meşəliyin içərisində çox yaxşı bir restorana getmişdim. Mən yeyib-içən adam idim, dostum yox. Hava da çox isti idi. Cibimzidə də yaxşı pul varıydı. Dostum dedi ki, 100 qram araq bəsindir. Dedim ki, nolar, qoy xidmətçi gətirsin. Dostum əlini yumağa gedəndə xidmətçinin qulağına pıçıldadım ki, arağı 250 qram elə! Fikirləşdim ki, dostum yeyib-içən adam deyil və stəkanda da nə qədər araq olduğunu çətin ki, bilə. Xidmətçi tez bir stəkan araqı gətirib stolun üstünə qoydu. Elə yeməyə təzəcə başlamışdıq ki, arağa əlimə aparanda dostumun gözü stəkan dolu araqa sataşdı. Dedi ki, axı mən sənə söylədim, 100 qram araq iç, burda 250 qram araq var. Sən yazıq deyilsən, mən yazıq deyiləm. İçərsən, gedib yolda hər ikimiz ölərik. Axı biz balalarımıza ruzi aparmalıyıq. O bu sözləri deyib əlini stolun üstünə uzatdı və stəkan dolu arağı götürüb gözümün qabağında yerə tökdü. Sonra da dilləndi:
- Bunu yerə tökürəm ki, sənə dərs olsun. Araq içib sükan arxasında əyləşmə. Səni evində balaların, ailən gözləyir...
Elcan həmin əhvalatı danışandan sonra yerindən qalxıb maşına tərəf getdi. Dostları yalvardı ki, ay Elcan, bu qədər araq içəndən sonra maşın sürməzlər. Sən Allah, gedək bizə, axşam qal, səhər hara istəsən yola düşərsən. Elcan isə "yox" deyib, maşına əyləşdi. Mingəçevirdən çıxıb gecə saatlarında Goranboy istiqamətinə üz tutdu. Bir-bir maşınları ötür və getdiyi yerə daha tez çatmaq istəyirdi...
...Birini ötdü, ikisini ötdü, üçüncü maşını ötəndən sonra gördü ki, qarşı tərəfdən bir avtomobil gəlir, onunla toqquşmamaq üçün maşını yolun sağına çəkdi. Sən demə, iri bir maşın gecə saatlarında digər bir maşını özü ilə çəkib aparırmış və bunu da o hiss etməmişdi. İki maşının arasına girəndə arxadan gələn maşın onun avtomobilinin üstündən keçdi. Ağır yüklü maşın dayandı. Artıq hər şey gec idi. Maşın "Jiquli"nin üstündən necə keçmişdisə, hər şey əzik-üzük olmuşdu. Sağ-salamat heç nə qalmamışdı. Həm də sağ-salamat qalmayan maşının sükanı arxasında olan Elcan idi...
FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO