
Bunları sözgəlişi demirəm. Çünki hər bir sözün arxasında müəyyən bir məram, bir fikir dayanır. Mən də elə o fikrə, o mərama gedən yolda bir körpü salmaq üçün şaxtadan başladım, soyuğu diqqətə çatdırdım. Yəqin siz də diqqət etdiniz ki, bu neçə günün soyuğu bizi də əməlli-başlı silkələdi. Təsəvvür edin ki, yaşadığım özülsüz təkdaşlı evin içərisində soyuqdan daldalanmaq, tavandan üstümüzə yağış kimi ələnən damcılardan qorunmaq üçün özümüzə yer tapa bilmirdik. Uşaqlı-böyüklü hərəmiz əlimizə keçən qab-qaşığı damcıların yığıldığı ərazilərə düzürdük. Bu işdə az qala yarışırdıq. Çünki həmin damcını göydə tutmaq mümkün olmasa o, mütləq yatacaqlarımızın, yazı stolumuzun, pal-paltarımızın üstünə düşəcəkdi. Deməli otaq nəm, divar nəm, bir yandan da ki, tavandan par-par parıltısı ilə göz oxşayan mirvari yağış damlaları. Başqa bir məqam olsaydı, bu şairanə mənzərəni əməlli-başlı reklam edərdi. Amma soyuq, xüsusilə uşaqların göyərmiş barmaqları, qanı qaçmış sifətləri şeir ovqatını məndən perik salmışdı. Nə isə...
Deməli, sığınıb oturduğum bu gecəqondu evində təbiət də mənlə yola getmir. Cəmiyyətin ədalətsiz olduğu, haqqı nahaqqa verdiyi bəllidir. Çünki cəmiyyət idarə olunur. İdarə edənin də barmağı kimə tuşlandısa, o da qara siyahıya düşür. Onsuz da məmləkətdə siyahı tutanların sayı xeyli çoxalıb. Bu mənada siyahılardan kənarda qalmaq da indi yaman çətinləşib. Ya hansısa bir siyahıda olmalısan, ya da heç harda. Adicə yaşadığımız, işlədiyimiz ərazidə də hiss edirsən ki, hər kəs səni öz əhatəsinə çəkməyə, öz aurasına almağa cəhd edir. Hamı istəyir ki, sən onun adamı olasan. Maşallah, "adam olmaq" fikri indi bütün ilkin mənalarını xərcləyib qurtarıb. Çünki ADAM, İNSAN olmaqla kiminsə adamı olmaq arasında yerlə göy qədər fərq var. Heç kim istəmir ki, kimsə kamilləşsin, müdrikləşsin, kamil adam olsun. Amma hamı istəyir ki, kimsə onun adamı olsun. Yəqin zaman belə gəlib. Mən də bu zamandan onsuz da xeyli uzaqda qalmışam. Əlim ətəyinə, özüm özünə yetişə bilməmişəm. Əgər kiminsə adamı olsaydım, indi yəqin mənim də sözümün çəkisi, urvatı olardı, bəzilərininki kimi...
Hə, bir də adamın naxışı da olmalıdı də. Yəqin naxışlı adamın kim olduğunu özünüz bilirsiniz. Məmləkətin naxışlı adamları ara qatmaqla, şeytançılıqla, özlərinin dediyi kimi, "işverənlik"lə çörək qazanırlar, özü də daşdan çıxmayan çörək. Nə var ki, hər cür çörəyi yeməyə. Təki iştahan olsun, ağına-bozuna, çiy və yaxud bişmiş olmasına baxmayasan. Bu adamlar üçün iştah dişin altındadı. Çənə işləyirsə, diş də işini görür.
Hə, deməli, büzüşüb oturduğum bu soyuq otaqda məni isidən təkcə bir şey vardı. O da mənim ətrafımda olanlara birmənalı hörmət və diqqətim, necə deyərlər sayğım. Çünki gözümü açandan həmişə evimdə, ailəmdə, yaşadığım bölgədə ən vacib bir amilin hər kəs tərəifndən təkrarlandığını eşidib görmüşəm. Doğulduğum Tuğ kəndində bu gün bizə düşmən olan ermənilərlə birgə yaşadığımız ünvanda əsas məram, əsas məqsəd bir-birinə diqqət yetirmək, bir-birinə əl tutmaq, bir-birinin hayına çatmaq, bir-birini dəyərləndirmək idi. Böyüklərimiz bizi öyrədirdi ki, elə hərəkət edin, elə iş görün ki, ermənilər sizə gülməsinlər, sınmayasız onların qarşısında. Təəssüf ki, bu gün məmələkətin baş kəndində sınmaq da, bir-birinə etinasızlıq göstərmək də, bir-birinin haqqını, ümidini tapdalamaq, qırmaq da, hətta aşağılamaq da adi bir hala çevrilibdi. Sanki insanlar bundan ləzzət alır, bununla qürur duyur. Nə bilim vallah!
Mənim tanıdığım və gecə-gündüz ətəyindən tutduğum böyük Yaradan heç vaxt dünyanı belə başlı-başına buraxmamışdı. Amma indi buraxıb. Ona görə dünya da qarışıb, adamlar da. Daha doğrusu, adamlar adamlıqdan çıxıb. Yadıma düşmüşkən, şeirlərimin birində yazmışdım ki:
Şəhər dolu adamdı
Gəzirəm görən olmur
Şəhər dolu adamdan
Bezirəm, görən olmur...
Yaxşı ki, bezdiyim adamlardan, qaçdığım adamlardan qorunmaq üçün üz tutduğum admalar da var. Bu adamların varlığı bu soyuq otaqda məni əməlli-başlı isidir. Şükür Yaradanın böyüklüyünə! Qaranın yanında ağ, dəlinin yanında ağıllı, işverənin yanında həmişə işbacaran da olub. Elə bu da yaşamağa kifayət edib. Mənim yaşamağımın bir səbəbi də məhz dediyimdi. O ki, qaldı ikinci səbəbə, bu isə təbii ki, ilhamım və sevgimdi. Mən də onun pərvanəsiyəm. Bu soyuq otaqda da ürəyimin sahibi elə onlardı.
mən son ümidlərimi
bilmədən güllələdim
közərən ocağıma-
su səpib, kül ələdim!..
xəyal qurmaq həvəsim
bitdi, titrədi səsim...
bircə addım atmağa-
daha çatmır nəfəsim...
qan çanağı gözlərim
nə yol seçir, nə də iz...
dan yerini gözlədik-
ayrı-ayrılıqda biz!..
amma ötən zamanı -
yanlış qərarlar aldı...
sınadıqca inamı-
bizi bu hala saldı!..
***
İnsan bir varlıq olaraq öz ətrafıyla öyünür, hətta bir az güvəncli də olur. Nə vaxt ki, ətraf səni sən sevdiyin qədər sevir, sənin kimi duyur, onda yaşamaq da mənalı olur, hətta ağrı-acı da gözünə dağ boyda görünmür. Bax elə bir söz adamı olaraq məni həmişə uğrunda az qala bütün mənalarda mübarizə apardığım həmin o diqqət, ehtiram, insanın çətin durumunda, çıxılmaz anında söykənəcəyinə, ümid yerinə çevrilir. Həmin ümid, həmin güvənc dərddən baş açmağa, kədərdən silkələnib çıxmağa təpər verir, əlindən, qolundan tutur, yolunda yaşıl işığa çevrilir. Bir az da obrazlı desəm, yol nişanı olur - səmti, istiqaməti göstərir. Neyləmək olar ki, indi elmi-texniki tərəqqi duyğuları bir az kütləşdirir, insan hər şeyi bir düymənin hesabına, bir barmağın təsiri ilə gerçəkləşdirə bilir. Baş sındırmadan, əziyyət çəkmədən, ən ağır riyazi hesablamalardan tutmuş, ən çətin problemlərə qədər bəlli və bəlli olmayan hər şeyi kompüterlər elə rahatca həll edir ki, nə ruhun inciyir, nə də başın ağrıyır. Hətta hazır sevgi məktublarını da, mesajları da sənə bir anın içərisində istədiyin təqdimatda, istədiyin formada az qala nazil edir. Və sən də həmin o mesajdakı, həmin o sevgi məktubundakı hissləri yaşamadan onun ötürücüsünə çevrilirsən. Amma...
Bəli, insan nəyisə yaşayanda, nəyisə içindən, qanından keçirəndə onunçün həmin o anlar, o keçirdikləri son dərəcə əziz və ləzzətli olur. Hətta alın təri ilə qazandığın nəyisə salıb sındıranda, itirəndə və yaxud mənasız bir şeyə sərf edəndə özünü qınadığın kimi, ötəri gəlib gedənlər üçün onun yarısının yarısı qədər də olsa təəssüflənmirsən. Çünki hayla gələn elə küylə də gedər - deyiblər. Bu mənada bizim yaşadığımız hisslər, yaşadığımız insanlıq o vaxt dəyərli və qiymətli olur ki, onu köynəkdən keçirirsən, onu özününküləşdirirsən. Və bir az da yəqin o hisslərin, o yaşantıların özünə çevrilirsən. Yəni, Allah səni insan kimi yaradır və sən də insana aid olan nə varsa hamısını yaxşı mənada elə Allahın özünə qaytarırsan. Bu heç də hikmət deyil. Bu, sadəcə insanlıq imtiyazı, insanlıq borcu, insanlıq vəzifəsidir.
Azərbaycanın dünya şöhrətli aydını, ziyalısı olan Xudu Məmmədovdan soruşurlar ki, "filankəs necə adamdı?". O da özünəməxsus şəkildə cavab verib: "Adamdısa, yaxşı olmalıdır!!"
Mən də fikirləşirəm ki, yəqin ki, özümə görə günahlarım var. Yəqin elə bu günahların da əziyyətini çəkirəm. Hər halda hər şeyin yaxşısını Allah bilir. Elə mən də üzümü Allaha tutmuşam...
diz çöküb əl açıram
Allahım, sən bağışla
məni günahlarımla
bərabər, tən bağışla...
gözüm özgə malında
çiçəyində, balında
deyil, hərdən mənim də-
şumuma dən bağışla...
əlin qoyub cibinə
qalxıb göyün dibinə
dumanı sən zirvənə
mənə də çən bağışla...
bir az ömür, bir az gün
bir az sevinc, toy-düyün
bir az da ki, gördüyün-
saçıma dən bağışla!
***
Soyuq havada deyəsən qan qaraldan, əsəb oynadan fikirlərin ətrafında var-gəl etməyim o qədər xoş ovqat yaratmadı. Amma neyləyəsən ki, ömür təkcə xoş anlardan, xoş ovqatlardan ibarət deyil. Nə qədər çalışıb vuruşsan da mütləq hardasa bir büdrəmə, bir dilxorçuluq, bir başağrısı mütləq tək səbir kimi qarşına çıxacaq. Biz də müsəlmanıq. Rəhmətlik Mirzə Ələkbər Sabir demiş, "Addımbaşı vurur tək səbir". Deməli, mənə də bir söz qalır:
- Kim səbir gətiribsə, sağlam olsun!
Hər halda nə pis söz deyil, nə də pis arzu. Pis odur ki, olduğun kimi deyilsən. Burda da yadıma Mövlanə düşdü. Ruhu şad olsun!..
Bu da belə. Bu da bir qış gününün yaratdığı ovqat. Kimin qanı qaraldı, kimin əsəbi tarıma çəkildi, kimi də öz umacını ovdu. Əriştə kəsənlər də kifayət qədərdi. Bura Azərbaycandı...