adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Oktyabr 2021 09:20
2578
MÜSAHİBƏ
A- A+

Akif Aşırlı: "Bizdə formalaşmış yazı mədəniyyəti artıq yerini mesaj, status  jurnalistikasina buraxıb"

Noyabrın 1-də Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən "Şərq" qəzetinin 25 yaşı tamam olur. Qəzetin əsası 1996-cı ildə  Akif Aşırlı tərəfindən qoyulub. Bu gün ölkədə nəşr olunan qəzetlərə diqqət yetirəndə görürük ki, bir zamanlar qəzet bumu yaşanan Azərbaycanda cəmi 5-6 qəzet çap olunur. 5-6 sözünü elə belə yazmıram, söhbət qəzetçilik mədəniyyətini özündə ehtiva edən nəşrlərdən gedir. Ona görə də belə bir şəraitdə, saysız-hesabsız çətinliklərin fonunda bu işə canını qoymuş "fədai" qəzetçilərə təşəkkür düşür. Oxucuların, auditoriyanın  əvvəlki illərə nisbətən az olmasına, son dönəmdəki proseslərin və internet medianın sürətli inkişafına baxmayaraq, indi qəzet çıxarmaq bir qəhrəmanlıqdır.  Və "Şərq" qəzeti belə bir şəraitdə öz fəaliyyətini, oxunaqlığını qoruyub saxlaya bilib. Metroda, ictimai nəqliyyatda, yaxud başqa bir yerdə insanların əlində bu gün "Şərq" qəzetini görəndə həmkarlarımızın uğuruna sevinirik. "Şərq" qəzetinin bundan sonra da uzun illər yaşayacağına və inkişafına bizim heç bir şübhəmiz yoxdur və bu işdə dostlarımıza uğurlar arzulayırıq!

Yubiley ərəfəsində "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə görüşüb söhbətləşdik və maraqlı bir müsahibə alındı.

 

Mətbuat o dövrdə həqiqətən 4-cü hakimiyyət idi...

 

-Akif müəllim, noyabrin 1-də “Şərq” qəzetinin ilk nömrəsinin işıq üzü görməsinin 25 ili tamam olur. Bu münasibətlə "Ədalət" qəzetinin adından sizin timsalınızda "Şərq" qəzetinin bütün kollektivini təbrik edirəm!  Yubileyi hansı təəssüratlarla qeyd edəcəksiniz?

- 25 il az vaxt deyil, bir igidin ömrüdür. 90-cı illərdə Azərbaycanda qəzetlər arasında böyük rəqabət mövcud idi, arxasında yüz minlərlə oxucu kütləsi olan nəhəng müstəqil, yaxud partiya orqanları olan qəzetlər vardı, hansılar ki, indi tarixə qovuşublar. Onların sırasına biz o vaxt müstəqil qəzet olaraq daxil olduq. Onu da deyim ki, bu qəzetlərin arasında həmin dövrdə yerimiz o qədər də rahat deyildi. Hər gün bir qəzet çıxırdı, amma köşklərin qarşısında növbələr vardı. O dövrdə qəzetə maraq, insanların qəzet oxuma adəti vardı. Mətbuat o dövrdə həqiqətən 4-cü hakimiyyət idi. Baxmayaraq ki, 90-cı illərdə qəzetlərdə reklam olmurdu, amma satışdan əldə olunan vəsaitin hesabına pul vardı. Kollektivi də yaxşı yaşatmaq olurdu, vəziyyətə uyğun adekvat davrana bilirdik. O dövrdə qəzetlərin sayı çox olsa da, böyük rəqabətin olması yazılardakı keyfiyyətə də müsbət təsir edirdi. Rəqabət qəzetlər arasında deyil, redaksiyadakı jurnalistlər arasında da gedirdi. Bir redaksiyada azı 30-40 işçi olurdu. Bəzən olurdu ki, jurnalistlərin yazılarına yer tapa bilmirdik. Bizim ən böyük tirajımız  gündəlik 28 min olub. Qəzetlər saat 12-dək satılıb qurtarırdı, bəzən insanlar gəlib redaksiyada arxiv üçün saxlanılan qəzetlərin üzünün surətini köçürürdülər. Bundan başqa "Gənclik" metrosunun yaxınlığında  "Qasid"in  bir anbarı vardı, geri qayıdan qəzetləri ora yığırdılar. Onun qarşısında çox vaxt növbə olurdu. Belə günlərimiz vardı...

- Mən o günlərdə gəlmişəm mətbuata, heyif ki, az gördüm...

- Bəli, qəzetçiliyin gözəl günləri vardı. Təəssüf ki, rəqəmsal jurnalistikaya keçid bu sahədə problemlər yaratdı. Saytların, yeni medianın yaranması, digər amillər bütün dünyada olduğu kimi, Azərbaycanda da qəzet sənayesinə təsir elədi. Biz Avropa ölkələrinə tez-tez gedib-gəlməsək də, bildiyim qədərilə orda qəzetlər bizdəki kimi acınacaqlı vəziyyətdə deyil. Türkiyədə, Rusiyada, İranda və Allahın bədbəxt Ermənistanında çoxlu qəzetlər çıxır. Rusiyada, Türkiyədə qəzetlər öz tirajını və ictimai rəyə təsiri imkanını qoruyub saxlayıb. Doğrudur, internetin qəzetlərin yox olmasında böyük təsiri oldu. Amma əsas bu deyil. Müəyyən obyektiv və subyektiv səbəblər var ki, qəzetlərin çap prosesinə mane oldu.  Hardasa 15-16 il əvvəl Azərbaycanda təbliğat aparıldı ki, dünyada qəzetlər sıradan çıxır, kağız formatından digital formaya keçir. Bu anti-təbliğat kampaniyası qəzet sənayesinə mənfi təsir elədi. Müəyyən müzakirələr aparılırdı ki, qəzetçilik qalsın, ya yox?.. Necə yəni, qalsın, qalmasın nədir?..

 

Yaxşı ki, onlar var, yeni yaranan süni rəqəmsal dilə qarşı mübarizə aparırlar

 

- Rəqəmsal jurnalistika yazıların keyfiyyətini də aşağı saldı...

- Mən bu gün klassik qəzetçilik üçün çox darıxıram. Bu gün saytların timsalında, digital medianın timsalında yeni yazı dili formalaşıb. Bizdə formalaşmış yazı mədəniyyəti artıq yerini mesaj, status  jurnalistikasına buraxıb. Sosial şəbəkələrdə necə status yazılırsa, artıq saytlarda da həmin üslubdan istifadə olunur. Vatsap üzərindən kimsə necə mesajlaşırsa, həmin yazı dilini saytda yazı yazanda istifadə edir. Bu da əlbəttə ki, bədii-publisistik irsi sıradan çıxarır. Deyim tərzi, yazı tərzi, hətta vurğular dəyişib. Bu da klassik jurnalistikanın sıradan çıxması deməkdir. Bu gün cəmiyyətimiz nədən narazıdır? Deyirik ki, səviyyəli peşəkar jurnalist az qalıb. Bunun əsas səbəbi maliyyə azlığıdır. Bu gün normal jurnalistika ilə məşğul olmaq üçün mühit yoxdur. Adam ürəyi istədiyi pulu qazana bilmir ki, ürəyi istədiyi yazını yazsın. Gənc jurnalistlər gəlir, yetişdiririk, peşəkarlaşır, amma maddi vəziyyətinin yaxşı olmaması səbəbindən başqa sahəyə üz tutur. Jurnalistikadan qazandığı pulla öz həyatını qura bilmir. Bu gün analiz etsək görərik ki, ən çox 90-cı illərdə jurnalistikaya gələnlərin sosial şəbəkədə yazdıqları statuslar da ictimai-siyasi əhəmiyyəti baxımdan fərqlənir. 2000-ci illərin ortalarından bəri jurnalistikaya gələnlərdən seçilirlər. Yaxşı ki, onlar var, yeni yaranan süni rəqəmsal dilə qarşı mübarizə aparırlar. Bir məsələni də deyim. Bu gün yenidən qəzetlərin kütləvi surətdə bağlanmaq xəbəri dolaşır. Doğrudur, bu gün dövlətdən yardım almasaq,  bizim çap olunmağa imkanımız olmayacaq. 3-4 ay öz hesabımıza davam gətirə bilərik. Amma bu da müvəqqəti olar. Ona görə də, inanmıram ki, dövlət bu gün qəzetlərə maddi yardımını dayandırsın. Azərbaycan dövləti müharibəni qələbə ilə başa vuran güclü dövlətdir. Necə olur ki, qonşu ölkələrdə, hətta acından ölən Ermənistanda qəzetlər yaşayır, bizdə yox?.. Ona görə də qəzetlərin kütləvi surətdə bağlanacağı barədə yayılan xəbərlər təxribatdır.

- Maliyyədən danışdınız, "Şərq"qəzeti artıq rəngli çıxır. Bunun satışa təsiri varmı?

- Məncə, qəzetlərin satışı onun rəngindən deyil, bu satışı necə təşkil etməkdən asılıdır. Yadıma gəlir, gündəlik 60 səhifə çıxan qəzetlər vardı ağ-qara formatında. Qəzetlərin ortadan qalxmasının ən böyük səbəbi qəzet yayımı şəbəkəsinin dağılması oldu. Ölkədə yayım şəbəkəsi yoxdur. Bakı şəhərində qəzetin yayımı üçün yer tapa bilmirik. Yəni istehsal etdiyimiz məhsulu bazara çıxara bilmirik.

- Bəs "Azərmətbuatyayım", "Qasid, "Qaya"?

- Bizim vaxtilə özümüzün 27 nəfər işçisi olan yayım şəbəkəmiz vardı. "Qasid"in 480 köşkündən cəmi 10-u qalıb. "Azərmətbuatyayım"ın da sadəcə adı qalıb... Yəni imkanları əvvəlki qaydada deyil. "Qaya" bizim abunələrimizə qəzetlərin poçtalyon vasitəsilə daşınmasını təşkil edir. Ən çox da pul aldığımız "Qaya"dır. Onların özündə də maliyyə problemi var, artıq bir neçə aydır, "Qaya"dan pulumuzu ala bilmirik. Şəhərdə guya yeni qəzet köşkləri quraşdırdılar. Orda qəzetdən başqa hər şey satılır. Əvvəllər yenə heç olmasa köşklərin qarşısına qəzetləri qoyurdular. İndi artıq necə bağlı şəkildə gəlir, əziyyət şəkib heç onları da açıb piştaxtaya düzmürlır. Necə gəlib elə də qaytarırlar. Oxucu da baxır ki köşkün qabağında qəzet düzülməyib, gedib heç soruşmur. Amma əvvəllər yadınıza gəlir, satıcılar bütün qəzetlərdəki materiallarla tanış olurdular, manşetləri deyirdilər. Əldə qəzet satışının da böyük təsiri vardı qəzetlərin satışına. Rusiyada qəzet sənayesi ona görə hələ də özünü saxlayır ki, poçt sistemi güclüdür. Qəzeti poçtalyon hara qoyur, poçt qutusuna. Azərbaycanda isə nadir hallarda görərsən ki, hansısa binada poçt qutuları qalıb. Poçt qutularının ləğvi qəzetlərə zərbə vurdu. Yeni tikilən binalarda da poçt qutuları  nəzərdə tutulmayıb. Qəzetçiliyi məhv etməklə mütaliə mədəniyyətinə də böyük zərbə dəydi. Son zamanlar kitaba marağı artırmaq üçün bəzi layihələr həyata keçirilir. Dövlət də müəyyən mənada bu layihələrə dəstək verir. Təəssüf ki, qəzetlə bağlı bu kimi istəklərimiz həyata keçmir.

- Akif müəllim, kollektivi yubileydə hansı sürprizlər gözləyir?

- Bizim həmişə ad günü ərəfəsində kollektivimizin üzvləri üçün mükafatlarımız olub. Jurnalistlərimizin ad günlərini də heç vaxt unutmamışıq. Amma indi yalandan nə deyim? Bu dəqiqə imkanlarımız o qədər kasaddır ki... Bizim böyük heyətlə yubiley məclisləri etdiyimiz vaxtlarımız çox olub. Bu dəfə özümüz üçün dar çərçivədə bir məclis düşünürük. İndiyədək "Şərq" qəzetində jurnalistlər və texniki işçilər də daxil olmaqla 180 nəfər çalışıb.  Bunlardan bəziləri bu gün başqa sahələrdə işləsələr də biz onları unutmuruq. Hamını təbrik edəcəyik. Bütün keçmiş işçilərimiz bilir ki, noyabrın 1-də "Şərqin" yubileyidir. Gələnləri geri qaytarmayacağıq ki. Amma çox istərdik ki, hamını bir yerə yığıb böyük tədbir keçirək, necə ki, əvvəllər 100-150 nəfərlik yubileylərimiz olub... Bu dəfə də ad günümüzə qədər bəzi layihələrimiz olacaq. Dünən gedib Zabratda "Xəyal adaları"nda 25 nar ağacı əkdik. Ekologiya Təbii Sərvətlər Nazirliyi sağ olsun ki, bizə buna imkan yaratdı. İstədik ki, 25 illik yubileyimizdən bir yadigar qalsın.
Sizə də təşəkkür edirəm ki, diqqət göstərdiniz. Həmişə demişəm ki, Aqil Abbas bizim ocaq qonşumuzdur. O mənada ki, "Şərq"də bir problem olanda "Ədalət" onun yanında olub. Əvvəllər qəzetin səhifələrini nəşriyyatlara "plyonka"da verirdik. Bəzən olurdu ki, "plyonka"mız qurtarırdi, bilirdik ki, "Ədalət"dən alacağıq. Yalan olmasın 1 ay "Ədalət"in kartriclərindən istifadə etmişik. Öz kartricimiz zəif idi, almağa da pulumuz yox, Aqil Abbasa dedik, o dəqiqə işçilərə dedi ki, "Şərq"in plyonkalarını çap edin. Yaxud "Ədalət"də nəsə problem olanda bizim uşaqlar yardım edirdilər. Ona görə deyirəm ki. "Ədalət" qəzeti ilə ocaq qonşusu olmuşuq.  

İltifat HACIXANOĞLU