DAĞLAR QOYNUNDA GÖZƏL BİR MƏKAN
Azərbaycanın bir-birindən gözəl, yaraşıqlı və füsünkar rayonları, məkanları çoxdur. Və bunların da hər birinin heç birinə bənzəməyən gözəllikləri mövcuddur. Allah sanki bu yerlərə, bu torpaqlara öz əli ilə qeyri-adi möcüzəli bir görüntü verib. Heç şübhəsiz, bu dağlara, bu yamaclara, bu meşələrə, bu çaylara, bu göllərə baxanda sevinirsən ki, nə yaxşı ki sənin Vətənində ilahi tərəfindən belə gözəllik bəxş edilmiş rayonlar, kəndlər, qəsəbələr, məkanlar var. Bəlkə də dünyanın ən gözəl yeri Azərbaycandır. Ən azından ona görə ki, on iki iqlimdən doqquzu bizim ölkədə var. Ona görə də biz Yaradana şükür etməliyik. Çünki İlahiyə şükür edəndə o, həmişə insanlara daha səxavətli, daha mərhəmətli olur.
Ölkəmizin belə gözəl yerlərindən, məkanlarından, rayonlarından biri də Lerikdir. Dağlar qoynunda, meşələr içində, güllər-çiçəklər arasından boylanan Lerik. Bilmirəm, siz Lerikdə olmusunuz, yoxsa yox?! Amma mən bir neçə dəfə olmuşam, oranın gözəlliyinə və insanların səmimiyyətinə heyran qalmışam. Düzdür, sovet dövründə də Lerik elə varlı rayon olmayıb. Ancaq insanları çox halal, çox zəhmətkeş və çox dürüst adamlar olublar. Onların çörəyi əsasən heyvandarlıqdan çıxıb və buna görə də bu zəhmətkeş insanlar həmişə çalışıblar, vuruşublar və istəklərinə qovuşublar.
Son on ildə Lerik rayonu sözün həqiqi mənasında çox möhtəşəm qurulub və gözəl bir məkana çevrilib. Bu da heç də təsadüfi deyil. Çünki Ümummilli Lider Heydər Əliyevin vaxtında və prezident İlham Əliyevin hakimiyyəti dövründə bütün rayonlar kimi Lerikə də çox böyük diqqət və qayğı göstərilib. Onu heç kim bilməsə də leriklilər çox yaxşı bilirlər və bu münasibəti heç vaxt yaddan çıxarmırlar.
Bu yaxınlarda yenidən yolum bu gözəl, yaraşıqlı və insanı heyran edən Lerikə düşmüşdü. Sözün düzü, rayonun mərkəzinə çatmamış dağların qoynunda olan gözəl bir çayxanada səhər saatlarında pürrəngi çay içdik, bir tikə çörək kəsdik. Lerikin balının, pendirinin dadını hiss etdik. Hiss etdik ki, buranın havası, suyu, hətta ağacları belə başqa cürdür. Heç şübhəsiz belə bir gözəlliyin içində adam özünü daha rahat və daha xoşbəxt hiss edir. O təmiz havanı udduq, gözəl meşəliyə, ağaclığa baxdıq, hər tərəfdə sanki cənnəti gördük. Təbii ki, biz yolumuza davam etdik. Rayon mərkəzinə çatanda burdakı möhtəşəm quruculuq, abadlıq işlərini görüb daha da sevindik. Çünki Lerikin mərkəzində bir-birindən gözəl parklar, xiyabanlar və küçələr salınıb. Və həmin parklar və xiyabanlar ən müasir üslubda inşa edilib. Demək olar ki, son on ildə Lerikdə gedən tikinti işləri nəticəsində bura tanınmaz dərəcədə dəyişib və gözəlləşib. Səliqəli küçələr, yolun kənarındakı ağac, bəzək kolları adamın diqqətini özünə çəkir. Hələ bunlar heç də hamısı deyil, bu abadlıq və quruculuq işləri Lerikin kəndlərinə qədər davam edir. Əvvəllər Lerikin bir çox kəndlərinə, xüsusilə də dağ kəndlərinə getmək mümkün deyildi. Amma son illər həmin yaşayış yerlərinə də yeni yollar çəkilib, infrastruktur qurulub, insanların rifahı və yaxşı yaşaması üçün hər cür şərait yaradlıb.
Lerikin mərkəzindəki Heydər Əliyev parkı öz gözəlliyi ilə diqqəti cəlb edir. Xüsusən də yaz və yay aylarında burda çox sayda insanlar istirahət edir, orda yaradılmış şəraitdən bəhrələnirlər. Əlbəttə, hər şey gözəl olanda daha yaxşıdır. Bu gözəlliyi rayonun Mənzil Kommunal Təsərrüfatının əməkdaşları çox gözəl saxlayırlar. Daha doğrusu, onlar yeni əkilmiş ağacları, yaşıllıqları, gülləri-çiçəklərı isti yay günlərində davamlı olaraq suvarırlar. Heç şübhəsiz, isti yay günlərində həmin yaşıllıqlara qulluq edilməsə o ağaclar quruya bilər. Bütün bunları kommunal təsərrüfatın əməkdaşları çox gözəl bilirlər və öz vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər.
Son illər Lerikdə neçə-neçə xəstəxana, məktəblər, uşaq bağçası, sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilib. Bütün bunlar onu deməyə əsas verir ki, Lerik camaalı rayonda gedən abadlıq və quruculuq işlərindən çox razıdırlar. Ən azından ona görə ki, yeni binalarda insanlara hər cür şərait yaradılıb, mövcud olan imkanlardan istifadə olunur. Həm xəstəxanalarda, həm də məktəblərdə birmənalı demək olar ki, müasir texnika və texnologiyalar quraşdırılıb.
İstedadlı şair-publisist Ağacəfər Həsənli deyir ki, Lerik bizim and yerimizdir. Çünki bu yurdda dünyaya gəlmiş və burda da böyümüşük. Baxmayaraq ki, Bakıda yaşayıb-işləyirəm, amma tez-tez öz doğma elimə-obama gəlirəm. Burda son vaxtlar çox möhtəşəm abadlıq və quruculuq işləri görülüb, mədəniyyət sahəsində də bir çox addımlar atılıb. Yəni ziyalıya, yazıçıya, şairə, yaradıcı adama çox böyük hörmət var. Bu mühiti də rayonun icra başçısı yaradıb. Gənc olmasına baxmayaraq, çox istedadlı, zəhmətkeş və vətənpərvər bir insandır.
Cənab başçı tez-tez rayonda Lerikdən kənarda yaşayan tanınmış ziyalıların, yazıçıların, şairlərin görüşünü təşkil edir və özü də bu görüşdə iştirak edir. Mən də dəfələrlə o görüşlərdə olmuşam, rayonumuzda belə bir xoş mühit yaratdığına görə Cənab başçıya öz təşəkkürümü bildirmişəm. Sözün həqiqi mənasında bu icra başçısı xalqına, vətəninə çox namusla və şərəflə xidmət edir.
Kulturologiya elmləri doktoru, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru İlqar Hüseynov da tez-tez doğma vətəninə baş çəkir. İlqar müəllim deyir ki, Lerik mənim üçün dünyanın ən gözəl yeridir. Üstəlik də burda ziyalıya, alimə, şairə, yazıçıya çox böyük hörmət var. Mən dəfələrlə kitabım çap ediləndə rayona gəlmişəm, insanlarla görüşmüşəm və o kitablarımı həmyerlilərimə bağışlamışam. Görüşlərdə icra başçısının xüsusi zəhmətini qeyd etməliyəm. Çünki cənab başçı həmişə lerikli ziyalılara çox böyük sevgi və hörmətlə yanaşıb, rayonda onların yüksək səviyyədə görüşünü təşkil edib. Təbii ki, prezident İlham Əliyevin gənc kadrlara etimad göstərməsi bizi çox sevindirir. Onların timsalında Lerikin icra başçısının fəaliyyəti bizim camaatın ürəyincədir. Ona görə də bütün leriklilər qollarını çırmayıb rayonda gedən abadlıq və quruculuq işlərində iştirak edirlər. Çünki Lerikin gələcəyi bu gündən də gözəl olacaq!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər
02 Iyun 2026 10:05
Su mənbələri niyə quruyur?
01 Iyun 2026 11:36
Layihə Naxçıvan MR-də icra ediləcək
22 May 2026 09:00
O MİLLƏT XOŞBƏXTDİR Kİ, ONUN İSTEDADLI GƏNCLƏRİ VAR
20 May 2026 12:52
Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi
20 May 2026 08:23
WUF 13 çərçivəsində “Şəhərətrafı ərazilərdə iqlimədavamlı kənd təsərrüfatı” mövzusunda panel müzakirəsi keçirilib
15 May 2026 09:00
44 GÜNLÜK İKİNCİ QARABAĞ SAVAŞI AZƏRBAYCANI DÜNYAYA TANITDIRDI
08 May 2026 09:00
BUGÜNKİ GƏNCLİK MÖHTƏŞƏM BİR TARİX YAZDI
04 May 2026 12:18


Bakı -°C

