SON DƏQİQƏ:

Azərbaycanın qələbəsi Ermənistandan çox İranı yandırıb

  372   |  
Şriftin ölçüsü  

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yerli radiolardan birinə verdiyi müsahibədə öz ölkəsinin Azərbaycanla münasibətləri haqqında  yüksək pafosla xeyli müsbət sözlər söyləyib. “Bizim Azərbaycanla hərtərəfli səmimi, xoş dostluq münasibətlərimiz var.”  - deyə xarici işlər nazirliyinin rəsmisi bildirib. O, İranın daim Azərbaycan torpaqlarının işğaldan azad olunmasının tərəfdarı olduğunu bəyan eləyib və deyib ki, biz bunun hərbi yolla yox, dinc danışıqlar yoluyla həllinin tərəfdarıydıq.  

Düzdür, Xətibzadə “danışıqlar yolu” deyərkən Minsk qrupunun vasitəşiliyi ilə keçirilən və 30 ildir acı bağırsaq kimi uzanan, faktiki olaraq Azərbaycan torpaqlarının işğalını uzun müddət konservləşdirərək tədricən leqitimləşdirməyə hesablanmış danışıqlar prosesini nəzərdə tutmurdu. O, İranın da Rusiya kimi münaqişənin tərəflər arasındakı diplomatik danışıqlar yoluyla həll olunmasını istədiyini vurğulayarkən  təbii ki, Minski formatını yox,  yaxşı halda öz ölkəsinin təkbaşına, pis halda Moskvayla birgə vasitəçiliyini nəzərdə tuturdu. Düzdür, 30 il ərzində bu cür təşəbbüslər çox olsa da hamısı fiaskoya uğrayıb. Amma XİN sözçüsü nədənsə bu barədə kəlmə də kəsməyib.

 Cənab Xətibzadənin 1992-ci ilin mayında İranın vasitəçiliyi ilə Tehranda bu cür  “ikitərəfli diplomatik danışıqlar”dan birinin getdiyi vaxt alınmaz qala olan Şuşanın işğal edilməsindən xəbərsiz olduğuna inanmaq çətindi. Həmin biabırçı hadisə mahiyyətcə vasitəçinin sifətinə çırpılan tərs şapalaq idi, onun üzünə tüpürmək demək idi və məntiqlə çox ciddi bir siyasi qalmaqala nədən olmalıydı. Ancaq İran rəsmiləri bundan ötrü  Yerevana hansısa bir diplomatik etiraz cəhdində də bulunmadılar, onlara  “gözün üstündə qaşın var” demədilər. Belə çıxır ki, öz əziz-xələf müttəfiqi və strateji tərəfdaşının işini asanlaşdırmaq naminə İranın özü də “sülh göyərçini” libasına bürünərək həmin işğal ssenarisinin içində yer alıbmış. Zahirən nə qədər qərəzli görünsə də bu rüsvayçı davranışın başqa bir izahını tapmaq çox çətindi.

İran XİN rəsmisinin öz ölkəsiylə bir sıraya qoyduğu Kreml də zaman-zaman belə mənasız və nəticəsiz diplomatik təşəbbüslərdə çox bulunmuşdu. İrandan fərqli olaraq Rusiyanın həm də Minsk qrupunun üzvü kimi sülh prosesinin arbitrlərindən biri olduğunu nəzərə alsaq, onun vasitəçi kimi daha zəngin  təcrübəyə malik olduğunu  söyləmək mümkündü. Minsk qrupunun digər üzvüləri ABŞ və Fransanın da bu münaqişədə daim ermənilərin yanında olması heç kimə sirr deyildi. Odur ki, rəsmi Bakının öz problemini öz gücüylə həll etməkdən başqa çıxış yolu qalmamışdı və ötən il o bu çətin və mümkünsüz görünən işin öhdəsindən məharətlə gəldi. Rusiya kulminasiya anında tez-tələsik meydana girərək prosesin öz məntiqi sonluğuna çatmasına imkan vermədi, onu öz istədiyi məcraya yönəlti, ambisiyalarının üstünə su səpərək rahatlaşdı, əli hər şeydən üçülmüş İransa özünü yaralı aslan kimi hiss eləməyə başladı.

Bir sözlə, Azərbaycanın iki böyük qonşusunun 30 il ərzində dildə nə deməklərindən asılı olmayaraq əməldə sərgilədikləri mövqe heç kimə sirr deyil və indi onu ört-basdır etməyə yönəlik bütün cəhdlər, sadəcə, adamda ikrah doğurur.

Son günlər İranın ali dini liderindən tutmuş XİN rəsmisi Xətibzadəyə kimi  ölkənin ən müxtəlif ranqlı siyasətçi, məmur və hərbçilərinin bütün diplomatik etiket qaydalarını pozaraq Azərbaycanın ünvanına söylədikləri iftira və böhtan  dolu ittihamların ardınca silahların uğultusu  sərhəd bölgələrini bürüməyə başladı. Dünyanın bir nömrəli “müsəlman-şiə təəssübkeşi”nin  öz müsəlman-şiə qonşusuna hədə-qorxu gəlmək üçün (bundan artığını eləməyə, sadəcə,  güc və imkanları yoxdu) istifadə elədiyi yarıfeodal ritorikayla həmin ölkənin bütün quru və su sərhədləri boyu eyni məqsədlə keçirdikləri hərbi təlimlərdə istifadə olunan Nuh əyyamından qalma silahların şaqqıltısı arasında qəribə bir harmoniya yarandı.

İran xarici işlər naziri Abdullahiyanın faktiki olaraq fiaskoya uğramış Moskva səfəri cənub qonşumuzun aşıb- daşan qəzəbinin üstünə soyuq su səpməsəydi, bu üsyankar ritorika hələ bir xeyli sürəcək, Tehran rəsmiləri ard-arda bəyanatlar və müxtəlif səpgili açıqlamalarla öz şimal qonşusunu asıb-kəsməkdə davam edəcəkdi. Ancaq Moskva görüşündən əli ətəyindən uzun qayıdan Abdullahiyan hələ Rusiyanı tərk etməmiş Azərbaycanlı həmkarıyla görüşün vacibliyindən danışmağa başladı. Dünən isə onun Azərbaycanlı həmkarıyla telefon söhbəti olub və tərəflər bir-birini öz ölkəsinə rəsmi səfərə dəvət edib. İran XİN-in yaydığı məlumata görə bundan əlavə görüşdə ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının və əlaqələrin inkişaf etdirilməsinin, narazılıqların aradan qaldırılmasının və bütün bunların gerçəkləşməsi üçün dostcasına dialoqun davam etdirilməsinin vacibliyindən danışılıb.

Ancaq bu müsbət gəlişmələrin fonunda Xətibzadənin son açıqlamasında yuxarıda qeyd etdiyimiz “dostcasına dialoq”a əngəl olası məqamlar da çoxdu. XİN rəsmisi yenə də İranla sərhəddə hansısa terrorçuların yerləşdiyini bildirir və bununla bağlı əllərində tutarlı sübutların olduğunu deyir. Əslində, İranın Azərbaycana qarşı son isterikasının səbəbi  heç də guya sərhəddə yerləşdirilmiş “sionist terror qrupları” deyildi. Bunu özləri uydurduğu üçün feyk olduğunun fərqindəydilər.   Düz bir ilə yaxındı ki, ermənilər də 44 günlük müharibədə Azərbaycan tərəfindən islam terrorçularının vuruşması barədə əllərində olan faktları açıqlayacaqlarını söyləyirlər, amma hələ ki, ortada heç nə yoxdu. İndi də, deyəsən, İran öz “ qoçu” qardaşının yolunu tutub. Adama deyərlər ki, əqiqətən hfakt varsa, bu hədə-qorxuya nə hacət, açıb göstərsənə?!

 İranın son anti-Azərbaycan demarşının kökündə çoxlarının düşündüyü kimi heç sərhəddəki toqquşmalar da dayanmırdı. İran maşınlarının qarşısının alınması üçün yollarda blok-postlar qoyulmasından tutmuş gömrük rüsumunun tətbiqinə və iki sürücünün həbs edilməsinə kimi  bütün narazılıqları danışıqlar yoluyla aradan qaldırıla bilərdi.

 Ancaq o baş verənlərə isterik münasibət göstərərək məsələni daha da qəlizləşdirdi. İsterikanısa səbəbi aydındı: İran Azərbaycanın öz torpaqlarını azad eləməsini heç cürə həzm edə bilmir, bunu az qala ermənilərdən də  ağrılı qəbul edir.

30 illik işğal dövründə ermənilərin törətdikləri cinayətlərin nə vaxtsa dünyanın nüfuzlu ensiklopediyalarına düşəcəyinə heç kim şübhə eləməsin. Tarixin ən qaniçən fatehləri belə zəbt etdikləri torpaqlarda belə hoqqa çıxartmayıblar. Bu vəhşilikləri Ermənistanla İran bir yerdə törədib,  şəhər, qəsəbə və kəndləri, maddi-mənəvi abidələrini büsbütün yağmalayaraq xarabalığa çeviriblər. Bu illər ərzində evlər, inzibati binalar, mədəniyyət abidələri sökülərək tikinti materialı kimi təkcə Ermənistana yox, həm də İrana daşınıb. Şiə məscidləri şiə müsəlmanlarının gözləri qarşısında donuz tövləsinə çevrilib.

Amma bütün bunlar iki ölkənin Azərbaycana qarşı törətdiyi cinayətlərin üzdə olan hissəsi, necə deyərlər, aysberqin görünən tərəfidi. Bu günlərdə  Milli Məclisdə İranın 25 bankı və 400-dən çox şirkətinin Xankəndi vasitəsilə milyardlarla dollarlıq maliyyə əməliyyatları keçirdikləri barədə konkret faktlar səsləndi. Bu çoxsaylı sanksiyalardan əziyyət çəkən İran üçün böyük nəfəslikdi. Dünya birliyinin  belə qanunsuz əməliyyatlara öz ərköyün övladları olan ermənilərin xətrinə göz yummaları İranın işinə yarayırdı və onun aqressiv davranışlarının məntiqini bu məqamlarda axtarmaq lazım idi.

Üstəlik, işğal olunmuş ərazilərdən narkotrafik kimi istifadə edilməsi imkanlarının itirilməsi onları bir az da quduzlaşdırıb. Təkcə son aylarda Azərbaycan sərhədçilərinin müsadirə etdikləri narkotik vasitələrinin miqdarına və qiymətlərinə baxanda ilboyu hansı məbləğdə maliyyə itkisindən söhbət getdiyini təsəvvür eləmək çətin deyil.

İran sadaladığımız bu amillərə və bir də Azərbaycanı müstəqil bir dövlət kimi həzm edə bilmədiyiinə görə onun torpaqlarının azad edilməsinə lap başlanğıcdan şad deyildi. Əgər nisbi olaraq liberal adlandırılan əvvəlki hökumət bu hikkəsini boğmağı, zahirən də olsa özünü toxtaq aparmağı bacardısa, son seçkidə onları əvəz eləyən mühafizəkarlar hisslərinə hakim kəsilə bilmədi, içlərinin paxırı vurub üzlərinə və dillərinə çıxdı.   

M. Məmmədov

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK