adalet.az header logo
  • Bakı -°C
23 Mart 2026 10:14
93
DÜNYA
A- A+

“İranın nə qədər təhlükəli olduğuna dünyanı inandırmaq lazımdır...”

“Trampın buraxdığı boşluqları Netanyahu doldurur və "xətalar"ı düzəldir. Corc Buş Əfqanıstan və İraqı işğal etmək üçün əvvəlcə qoşa qüllələri vurub beynəlxalq aləmdə rəy yaratdı. Eyni zamanda daxili ictimaiyyəti də həmin müharibənin ölkə üçün nə qədər "mühüm" olduğuna inandırdı. Tramp isə biznes sahəsindən gəldiyi üçün əsas pul, neft çəkməyi yaxşı bacarır, siyasəti deyil. Lakin müharibədən əvvəl buraxılmış boşluqları Netanyahunun siyasəti ilə doldururlar”.

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

O, bildirib ki, indi deyəcəklər Tramp qərarları özbaşına vermir:

“Bəli, elədir. Pentaqon da, ABŞ-nin siyasi, ideoloji institutları da, iqtisadiyyatı da hamısı yəhudi lobbisinin təsirindədir. Trampı hakimiyyətə də məhz bu günkü planın icrası üçün İsrail gətirib. Daha əvvəlcədən haranısa dağıdıb özlərini dilə-dişə salmadılar. Sadəcə İrana şərait yaratdılar (yaxud İrandakı Mossad nümayəndələrinə mesaj yolladılar) ki, İsraili, körfəz ölkələrini daha böyük miqyasda hədəf alsın. Hörmüz boğazında gərginlik yaratmaqla özünü naza çəkən Avropa ölkələrinin canına vəlvələ salsınlar. İranın əli ilə körfəz ölkələrinə, sağa - sola raket səpməklə İranın nə qədər təhlükəli olduğuna dünyanı inandırmaq lazımdır. Və belə bir təhlükə qarşısında hamının səfərbər olmalı olduğunu qəbul etdirmək lazımdır”. 

Onun sözlərinə görə, ona görə də İrana maksimum şərait yaradılır ki, mümkün qədər geniş miqyasda hücumlar həyata keçirsin:

“Bəşəriyyət üçün nə qədər qorxulu olduğunu nümayiş etdirsin və inam yaratsın ki, belə bir fəlakətdən dünyanı yalnız ABŞ və İsrail xilas edə bilər. Netanyahu deyib: "İran Diyeqo-Qarsiyaya qitələrarası ballistik raket atıb. Bu, 4000 km məsafədir. Mən hər zaman xəbərdarlıq edirdim. İndi onların belə bir imkanı var. Onlar Avropanın dərinliklərinə nüfuz edirlər. Onlar artıq Avropa ölkəsi olan Kipri atəşə tutublar. Onlar hər kəsi hədəfə alırlar". Eyni zamanda, "The Telegraph" qəzeti yazır ki, Hind okeanında ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən Britaniya bazasına endirilən zərbələr İran raketlərinin Londona çatmaq qabiliyyətini nümayiş etdirib.Bir qədər əvvəl Abbas Araqçı demişdi ki, biz Avropaya çatacaq uzaqmənzilli raketləri ləğv etmişik. Ancaq reallıq budur ki, həmin raketlərdən hazırda istifadə olunmaqla İran hakimiyyəti beynəlxalq aləmdə etibarını itirmiş oldu. Netanyahu artıq İrana bu raketləri atdırmaqla hərəkətsiz qalan Avropa ölkələrinin də yuxusuna haram qata bildi. İranın son dağıdıcı hücumları sanki İsrailin özü tərəfindən atılır. Çünki tamamilə ABŞ və İsrailin maraqlarına xidmət edir”.

Vasif ƏLİHÜSEYN