SON DƏQİQƏ:

Hindistanlıların mənəvi atası, üsyankar fağır, baş nazirin "çılpaq" oğlu Mahatma Qandi - MARAQLI FAKTLAR

  1373   |  
Şriftin ölçüsü  

1996-cı ildə İngiltərədə “Sizçə, dünyanın ən məşhur dahisi və ən mübariz insanı kimdir? Adlı sorğu aparılırı. İngiltərədə aparılan həmin sorğu nəticəsində hindli ictimai xadim “minilliyin adamı” seçilib. O bu siyahıda hətta İsa peyğəmbəri də geridə qoyub.
Yeri gəlmişkən Hindistanın dövlət xadimi Mahatma Qandi ideologiyası müsəlman izi vardır deyiriksə o zaman onun bu sözlərini yadda saxlamalıyıq: "Mən İmam Hüseynin - İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam... Əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, İmam Hüseyndən örnək alıb onun yolu ilə getməlidir".
Adalet.az xəbər verir ki, Albert Enşteyn isə gələcək nəsillərə yol göstərən Mahatma Qandi ilə eyni dövrdə yaşadığına görə taleyinə minnətdar olduğunu bildirib. Bu yaxınlarda isə Avropa mətbuatı Qandini bütün inqilabların banisi adlandırıb: “Onsuz nə afro-amerikalı Martin Lüter Kinq, nə sovet dissident hərəkatı, nə Polşa ”həmrəyliyi", nə 80-ci illərin sonunda Çexiya məxməri inqilabi, nə də heç Ukrayna “narıncı” inqilabı olmazdı". Çörçilin “üsyankar fağır” adlandırdığı bu dahinin bu gün doğum günüdür.


Hindistanda “Millətin atası” adı ilə hər zaman yüksək hörmət və ehtirama layiq olan Mahatma Qandı 1869-cu ilin oktyabrın 2-də nüfuzlu “baniya” təbəqəsinə aid varlı ailədə doğulub. Əsl adı Mohandas Qandi olan, tarixə adını ardıcıllarının verdiyi Mahatma Qandi ləqəbi ilə “böyük ürək”, “ böyük müəllim” yazdıran Mahatma Qandi Hindistanın ən yüksək kastası hesab edilən “ticarətçilər” təbəqəsinə mənsub idi. Babası Ota Qandi Britaniya Hindistanının Qucarat knyazlığında atası Karamcant Qandi isə öncə Porbandara sonra isə Radjkot knyazlığında baş nazir vəzifələrində çalışıb. Bəzi şəxsiyyətlər haqqında əfsanələr yayılır, bunlardan biri də Qandidir.

 

 

Onun hər zaman köhnə və cırıq-sökük paltar geyinib ayaqyalın gəzməsi də bu miflərdən biridir. O ilk dəfə İngiltərəyə getdikdə ətrafındakı hər kəsə sübut etməyə çalışırdı ki, bir hindli öz adət-ənənələrindən çıxmadan da avropalı kimi dünyagörüşlü, centlmen ola bilər. Britaniyada parlaq gələcəyi olsa da Qandi vətəninə dönərək vəkilliklə məşğul olur. Hindistanda azadlıq uğrunda şiddətsiz inqilaba başlayan Qandi haqqında Luis Fişer “Qandi və Stalin” kitabında qeyd edir ki, 1938-ci ildə Qandidən yəhudilərin taleyi haqqında soruşduqda cavab verir ki, alman yəhudiləri kütləvi şəkildə intihar etməlidirlər. Bu hərəkət “dünyada və alman xalqında Hitler rejiminə qarşə qəzəb yaradacaq”.

 

Qandi əvvəlcə irqçiliklə fərdi davranış kodeksini düşünür: özbaşınalığa qarşı hər zaman nəzakətlə davranmaq, qisas alınmasına yol verməmək, dönməz olmaq.
1894-cü ildə o, Pretoriyadakı bütün hindlilərin yığıncağını çağırır. Qısa müddətdə orada elə bir hindli yox idi ki, Qandi onun problemlərini bilməsin, tanımasın. Günlərin birində yerli hökumət bir qanun qəbul edir. Hindlilərin “qara qanun” adlandırdığı yasaya görə, bütün hindlilər: kişi, qadın, səkkiz yaşdan böyük uşaqlar polis idarəsində qeydiyyatdan keçməli, barmaq izi qoymalı idi. Yoxsa onları həbs və ya sürgün gözləyirdi. Bu, hindliləri cinayətdə şübhəli bilinən adamlara bərabər tutmaq demək idi. Bundan başqa, polislərin haqqı var idi ki, hindlilərin yaşadığı yerə soxulsun, hətta ənənəvi toxunulmaz əndəruna da. Qanunu oxuyanda Qandi deyib: “Belə qanuna tabe olmaqdansa, ölmək yaxşıdı”.


Lakin o dünya ictimaiyyətinə müraciət etməyəcəkləri və hindlilərin özlərini müdafiə etmək gücündə olduqlarını deyir. Etiraz əlaməti olaraq Qandi 1908-ci ildə ilk “satyaqraha”nı elan edir. Həqiqətə cəhd etmək mənasını verən bu müqavimət hərəkatının əsas ideyası zorakılıqdan imtina etmək, ağrı və iztirablara dözməklə rəqibin ağıl və vicdanına təsir etmək idi. Satyaqrahanın iki əsas üsulu vardı: əməkdaşlıq etməmək və vətəndaş itaətsizliyi. Qandi hesab edirdi ki, zorakılığa qarşı zorakılıq faydasızdır. Belə olanda bu fəsad daha da artır. O, satyaqrahanı zəiflər üçün mübarizə vasitəsi saymırdı və bunu ruhən güclü olanların silahı hesab edirdi.
İohannesburqda satyaqraha mitinqlə başlayır. Hindlilər nümayişkaranə şəkildə çağırış vərəqələrini yandırır. Qandi həbs edilsə də, repressiyalar nəticə vermir.


Hökumət Qandiyə satyaqrahanı dayandıracağı təqdirdə qanunun ləğv olunacağını vəd edir və o razılaşır. Qandi razılaşsa da, qanun qüvvədə qalır. Bu da Qandinin nüfuzuna ciddi zərbə vurur, bəziləri hətta onu satqın adlandırır. İnamı bərpa etmək üçün xeyli iş görməli olur. Vətəndaş itaətsizliyi haqda məqalələr yazır və yenidən həbs olunur. Həbsdən çıxandan sonra bütün Cənubi Afrikanı əhatə edən satyaqraha hazırlayır. 1913-cü ildə mədən işçiləri də ayağa qalxır. Qandi xeyli tərəfdarı ilə birgə həbs olunsa da, qısa müddətdən sonra azadlığa çıxır. Minlərlə adam yürüş keçirir. Qandi çoxminlik kütlənin qabağında gedir. Qoşunlar atəş açmağa risk etmir. Yürüşü dağıtmaq üçün atlılar göndərirlər. Lakin adamlar yerə uzanır və atlar yaxına gəlmir. Qandi tutulanda onu ağdərililərdən biri əvəz edir.

Artıq Qandini və hindlilərin öz haqları uğrunda mücadiləsini hörmət və anlaşma ilə qəbul edilir.
Cənubi Afrikadan gələn xəbərlər Avropa və Amerikada da əks-səda doğurur. O dövrün tanınmış simalarından Albert Eynşteyn, Bernard Şou, Bertran Rassel və başqa ictimai xadimlər hindlilərin müdafiəsinə qalxır, hökumət geri çəkilməli olur. Bir aylıq intensiv danışıqlardan sonra 30 iyun 1914-cü ildə müqavilə imzalandı. Hindlilər üçün alçaldıcı olan irqçi qanunlar ləğv edildi. Mahatma qeyri-zorakı müqavimət hərəkatı ilə irqçiləri məğlub edir.

1915-ci ildə Qandi Hindistana qayıdıb 19-cu əsrdən əsası qoyulan Hind Milli Konqresinin faktiki rəhbəri olur. Bu vaxt Hindistan Britaniyanın müstəmləkəsi idi. Ölkənin bütün sərvətləri talanırdı. Müstəmləkəçiliyə qarşı üsyanlar amansızlıqla yatırılırdı. Ucuz Britaniya malları qədim sənətkarların bazarını bağlamışdı. 1919-cu ildə Qandi Britaniya mallarının boykotu kampaniyasına başlayır. İngiltərə mallarını almaqdan imtina ilə onların ticarəti iflic edilir. Dinc nümayişlər başlayır. Nümayişçilərin kütləvi güllələnməsi belə bu hərəkatı yatıra bilmir. Qandi vətəndaş itaətsizliyinin orijinal üsullarından istifadə edirdi. Hindlilər kütləvi şəkildə yolu kəsir və ingilis məmurlara toxunmadan onların işə getməsinə mane olurdular. Adamlar satyaqrahanı unudanda zorakılıq başlayırdı. Belə olanda Qandi inqilabı həmən dayandırırdı. 1919-22-ci ildə ümumhindistan satyaqrahası zamanı belə olmuşdu. 1930-cu ildə hindistanlıları dəyənəklə kötəkləyib güllələyəndə də hamı onu dinlədi. Heç kəs qisas almadı, şikayət etmədi, amma bir addım da geri durmadı. Bu, ingilisləri aciz duruma saldı, hindliləri isə məğlubedilməz etdi. Çörçil Qandini Hitlerdən daha təhlükəli düşmən sayırdı. Çünki nasistlər Britaniyanın gücünə, özlərinin müstəsnalığı haqqında hisslərinə qarşı daha böyük güc qoyurdular. Qandi isə bunlara qarşı satyaqraha - qara qüvvələrə qarşı dinc yolla müqavimət fəlsəfəsini qoyurdu. Hitler uduzdu, Qandi isə qələbə çaldı. 1947-ci ilin avqustun 15-də Hindistan müstəqillik əldə edir.

                                        (ABŞ-da  vandalizm)
Tarixdə tez-tez həbs olunması ilə də yadda qalan Qandi həbsxananı özünün evi adlandırırdı. 1931-ci ildə yenidən Britaniya kraliçası tərəfindən İngiltərəyə dəvət olunan Qandiylə həmin görüşü işıqlandıran jurnalist arasında maraqlı dialoq yaşanır. Bukinqam sarayına gələn Qandi Hindistanın milli geyimində, sandalda daxil olur. Bu zaman bir jurnalist “sizə elə gəlmir ki, bu görüş üçün yetəri qədər paltar geyinməmisiniz?” soruşanda Mahatma Qandi Kraliça həzrətlərinin üstündə ikimizə də yetəcək qədər paltar var” deyib. Hər zaman insanların bərabərliyi üçün mübarizə aparan Mahatma Qandiyə “Nəyə görə üçüncü sinif sərnişin nəqliyyatlarından istifadə edirsiniz?” sualı verildikdə “Çünki dördüncü sinif yoxdur” cavabını verirdi. 
İngilislər Hindistanın əldən getdiyini görəndə sonuncu vasitəyə - konfessiyalararası ədavətə əl atır. Hindistanın parçalanmasının qarşısını almaq üçün Qandi əlindən gələni edir. Qandi bunu milli fəlakət kimi qəbul edib aclıq elan edir. Hind icmalarının başçıları müsəlmanların təhlükəsizliyinə zəmanət verir. Hind millətçiləri qəzəblənirdi. Qısa müddətdə hər iki tərəfdən yüz minlərlə adam öldürülür. Qandi ölkəni qarış-qarış gəzir, birliyə çağırırdı. Hindli-müsəlman qırğını dayanmayacağı təqdirdə özünü öldürəcəyini deyən Qandinin səyləri nəticəsini verir.

 

 

 

Talan və dağıntılar mitinq və Qandi ilə həmrəylik nümayişlərinə çevrilir. Hindlilərlə müsəlmanların nümayəndələri sülhü qoruyacağına and içir. Lakin bu, Qandiyə həyatı bahasına başa gəlir. 1948-ci ilin yanvarın 20-də sui-qəsddən qurtula bilən Qandi on gün sonra, yanvarın 30-da 79 yaşlı bu böyük şəxsiyyət hindli millətçi olan qatilin gülləsinə qurban gedir. Qandi qətlə yetiriləndə BMT-nin bayraqları aşağı endirildi. Bütün ölkələrin başçıları, Roma papası, Dalay Lama, yüzlərlə müxtəlif konfessiya liderləri başsağlığı göndərdi. 

 Qandi və qadınlar

Qadınlar haqqında düşüncələri də elə zəncilərə olan qəzəbinə bənzəyirdi. Qandinin əməlli-başlı qadın düşməni olduğu deyilirdi. Cənubi Afrikada işlədiyi vaxtlar iki gənc qadının təcavüzə uğraması hadisəsi baş vermişdi. Qandi günahı qadınlarda görmüşdü və saçlarını kəsdirməklərini tələb etmişdi. Hindistanın gələcək lideri düşünürdü ki, qadınlar təcavüzə təslim olduqları an insanlıqlarını itiriblər. 

Qandiyə görə, kişilər cinsi istəklərinə nəzarət edə bilməyən varlıqlardı. Və bu istəkləri yaradan hər bir qadın günahkardır.

Rita Banerjinin "Seks və güc. Qandi” kitabında Qandinin qadınların menstruasiya olmasına münasibəti qeyd olunub: "Qadın ruhunun cinsi istəklər tərəfindən çürüdülməsinin nişanəsi”. 

Qandiyə görə, cinsi istəklər insanın azğınlığından xəbər verir. Bir insan həyatda 4 və ya 5 dəfə cinsi münasibət qurmalıdır. Qandi həyat yoldaşının fikrini almadan cinsi istəyə tövbə elədi və illərlə ona toxunmadı. Hətta nəfsini test etmək üçün bir neçə dəfə gənc qızların onun çarpayısında çılpaq vəziyyətdə yatmasını istəmişdi. Onlara toxunmur, ehtiraslanmırdı. Beləcə cinsi istəyini söndürdüyünü isbat edirdi.

 

Bu düşüncələrin mayası arvadı haqqında düşüncələrdən də qaynaqla bilər. Xəstə vaxtı başında pərvanə olan və onu həyata qaytaran qadın haqda Qandi belə düşünürdü: "Onun üzünə baxa bilmirəm. Dözülməzdi. Üz ifadəsi itaətkar inəyi xatırladır. Bir şey deyəndə eynən o inək kimi axmaq ifadə gəlib durur qarşında.”

 

Arvadı sətəlcəm olanda o vaxtlar üçün yenicə istifadə olunan pensilini almağa icazə verməmişdi. Qandi düşünürdü ki, bu yad maddədir və onun bədəninə girməsinə icazə yoxdur. Qadının halı pisləşdi və həmin il öldü. Bir neçə il sonra qızdırma olan Qandi yad maddə adlandırdığı pensilini qəbul elədi və sap-sağlam ayağa qalxdı.

Qeyd edək ki, Qandi 13 yaşındaykən ailəsi tərəfindən öz həmyaşıdı Kasturba adlı qızla evləndirilib. Bu evlilikdən Harilal , Manilal , Ramdas Devdas adlı övladları olub.

 

Bir çoxlarının hesab etdikləri kimi, İndira Qandi Mahatma Qandi ilə qohum deyildi. Bu soyad ona əslən fars (oda sitayiş edənlər) icmasından olan həyat yoldaşı Feroz Qandidən miras qalmışdı. Yeri gəlmişkən, fərqli dini təriqətlərə məxsus olduqlarına görə onların arasında rəsmi nikah qeyri-mümkün idi. Ancaq bütün bunlara baxmayaraq, burada da İndira Qandi özünün sərt və dönməz xarakterini göstərərək, 1942-ci ilin martında onunla evlənmişdi. 
1996-cı ildə Hindistanda dövriyyəyə buraxılan 5, 10, 20, 50, 100, 500 və 1000 rupilik əskinaslar üzərində Qandinin təsviri vardı. 1969-cu ildə Böyük Britaniyada Qandinin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş markalar hazırlanmışdı.
Diqqətinizə çatdırırıq ki, Gürcüstanın paytaxtı Tbilisidə Mahatma Qandinin ucaldılmış heykəlinə qarşı vandalizm aktı törədilib.Heykəldən eynək oğurlanıb.


“Qandi ermənilərə nifrət edənlərdən və Atatürkün müttəfiqlərindən olub. Biz heykəlin sökülməsi üçün mübarizə aparacağıq. İrəvanda ona yer yoxdur” sözləri səbəb gətirərək bir vandalizmə də imza atıblar. Böyük hindistanlının Ermənistanın paytaxtı İrəvanda qoyulmuş heykəli yumurta atəşinə tutulub, M. Qandinin adı yazılmış lövhə sökülüb. Bunun ardınca isə heykəl yandırılıb.

Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK