adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Iyun 2021 11:40
74467
ƏDƏBİYYAT
A- A+

Öldü deməyin, dostlar, Akif yatmağa getdi... - Saffari yazır

İndi Qazax deyəndə yada nələrin və kimlərin düşdüyündən uzun-uzadı danışmaq olar, amma mən ömrü qısa, şeiri böyük Akif Səməddən danışmaq istəyirəm.

Adını unutduğum bir yazıçı təxminən belə bir şey demişdi ki, şair hara, uzun ömürlü olmaq hara?! Bəlkə bu səbəbdəndir 44 il ömür sürməsi...

Akif Səməd ilk növbədə mənim aşıq şeirinə-qoşmaya, gəraylıya, təcnisə, bir sözlə, klassik şeirə olan fikirlərimi dəyişən şairlərdəndir. Bilmirəm pafoslu çıxar ya yox, amma mən Qazağı Səməd Vurğunla yox, Akif Səmədlə, Bəxtiyar Hidayətlə, Məmməd İlqar, Vafiq, Yusif Səmədoğlanları ilə sevirəm daha çox. Baxmayaraq ki, "Pasport" Səməd Vurğundur.

Akif Səmədin ölümü haqqında gedən söz-söhbətlərin fonunda gözümə bu şeiri dayanır;

Yarpaqlarım yavaş-yavaş tökülür,
Öz-özümdən aralanıb gedirəm.
Bir bostanam, tağlarımı çor vurur,
Payızımdı, uralanıb gedirəm.

Sona qalxmaz buz bağlamış gölümdən,
Qız asılmaz bəyaz çalan telimdən,
Aman fələk, sənin qannı əlindən,
Dərd sinəmdə sıralanıb gedirəm.

Ölüm odu, oğlun-qızın olmaya,
Səndən sonra, sazın-sözün qalmaya,
Dünya silə, izin-tozun qalmaya,
Ölmürəm ha, yaralanıb gedirəm.


Düzü, Akif Səmədi ilk dəfə ədəbi obrazı ilə tanımışam. Daha doğrusu, ədəbi məclislərdə gedən söhbətlərdən, ömrü uzun yoldaşlarının xatirələrindən. O söhbətləri, lətifələri, bu baməzə adamı tanıdıqca düşünürsən ki, şeir yazmasaydı da ona şair demək olardı. Ən azından obrazı, kolarotinə görə.

Şair, ümumilikdə insan odur ki, gedəsən bu dünyadan, arxanca şeirin, sözün-söhbətin, xatirən qala bəs qədər. Həmişə yaxşı, həmişəyaşar xatırlanasan, ləyaqətlə anılasan.

Çoxlarımızın görə bilmədiyi Akif Səməd haqqında da eşitdiyim bu söhbətlər də onu bir başqa sevdirir.

Şeirlər isə ayrı məsələ. Ona söhbət ola bilməz...

"Atan deyil, anan deyil, dünya sənin nəyindi ki?" -deyən Akif Səməd üçün dünya söz idi, sözdən ibarət idi.

Böyükdü, sirri-xudadı,
Azadlıqdı, qəfəsdi Söz.
Evdi, saraydı, odadı,
canda candı, nəfəsdi söz.
Sən, mən, o - bizik əsgəri,
Bir sözdən min bir səs gəlir
Görür, görünür, göstərir,
Nə şəkildi, nə səsdi Söz.
Gah yatırdar, gah oyadar,
Şeytandı, küfrdü, ayadır,
Göylərdən enib qayıdar,
Yerdə haqqa əvəzdi Söz.


Akif Səmədin ən sıradan, sadə şeirlərində belə olan şirinlik, canayaxınlıq yəqin ki, oxuyan hər kəsə eyni cür enerji ötürür.

Sən kövrəlmə, ay atam,
Dözümə yol gedirəm.
Nə vaxtdı itib-batan
İzimə yol gedirəm.
Yanmaq yaraşır ömrə,
Qulam Allahdan əmrə.
Nəsimi, Yunis İmrə
Sözümə yol gedirəm.
Daşda bitən kolmuşam,
Öz-özümü yolmuşam,
Özümdən yol almışam,
Özümə yol gedirəm.


Akif Səmədin həyatda olduğu kimi şeirlərində də ironiyası, özünə şairyanə tənqidi, həm də onların hansı ağrı ilə, hansı kədərlə, hansı hisslərlə yazıldığı onun bir daha insan və şair kimi böyüklüyünə nişanədir. İndi onun Qarabağ haqqında yazdığı şeirlərə baxanda içimdən "kaş sağ olaydı, bu şeirinin aktuallığının necə itdiyinə özü şahid olaydı" deyirəm;

Zaman ötür, sular axır,
Qazanımız köhnə paxır,
Düşmən dağa bayraq taxır,
Düzdə hələ şeir yazırıq.

Susuz yanırıq, hər yan su
Dağ çayı, bulaq, uçansu,
Torpağı itirib, hansı
Üzlə hələ şeir yazırıq.

Adam olmaq qara baxtım,
Qara baxtım, qızıl taxtım,
Qəbir yerim - Qarabağım,
Gözlə, hələ şeir yazırıq.


O cümlədən Şuşa şeiri ilə də. İndi bu şeirlərə gülümsəmək olar ancaq. Gözəl, xatirəli, xəfif təbəssümlə.

Bu halal yolnan, yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik-Türkük
Tarixdə çoxuna görkük
Həsrətdə, dözümdə bərkik
Şuşaya gedə bilmirəm.

Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?-
Şuşaya gedə bilmirəm.


Və yaxud;

Əmindi, dayındı, bizik,
Qulaqları sağır, bala.
Hər səhər evdən çıxanda,
Şuşa deyib bağır, bala!

Biz uduzduq hansı zorda?
Ölsək, qoyma yataq gorda.
Eşitdin televizorda? -
Şuşaya da yağır, bala.

 Tapşırma bizə qoşunu,
Aldırma bizə huşunu.
Qoş Təbrizdən tay-tuşunu,
Bir hay elə, çağır, bala!


Sözdən çox nə var Akif Səməddə?

Şeir elə bir şeydir ki, bəzən yazılan misranın ağırlığını, enerjisini, daha dəqiq, şairin talehini həll edəcəyini duya bilmirsən. Yanlız çox sonra, şair o şeirləri özü deyə bilməyəndə görürsən. Görürsən ki, sən demə, həqiqətən də burda özünü yazırmış, burda deyirmiş. Lap o kimsə öləndə deyirlər e, filankəs bilirdi, hiss eləmişdi, demişdi...

Atilayım, Çilənayım,
Sorsalar atamız hanı?
Çaşma, ləngimə, təngimə,
Göstər beş-altı qoşmamı.

Dünyaya sözü olmadı,
Söylə ki, ürəkdən getdi.
Heç nədə gözü olmadı,
Gəlmişdi, ürəknən getdi.


Ürəkdən, bu dünyadan ürəklə, ürək dolu sözlə gedən Akif Səməd....

Yazının bu yerinə qədər bu misranı yazmaq, bu məsələdən, ümumiyyətlə, bu barədə heç söz demək istəmirdim, amma talehini yazan, hər şeyi az qala hər şeirində deyən adamı həm də bu cür xatırlamaq lazımdır. Təfərrüata varmadan...

"Məni dostlarım öldürdü,
Düşmən dirildər, inşallah"


Nə bilim, vallah. Şeir, Akif Səməd şeiri, otur, səhərədək yaz, denən, xoşhallan, şirinlən.

Eşq mərifətdən anrıdı,
Aşiqə yiyə tanrıdı.
Mərəkə hələ sonradı,
Ölüm ömrün sonu deyil - 
şeirini oxuyuram, sonlandırmaq istəyirəm, sonra qarşıma daha bir şeir çıxır, deyirəm, ilahi, adam özünü nə qədər yazar, həm də bu cür dəqiq, bu cür gözəl?

- Ölüm həqiqətən də ömrün sonu deyilmiş. Şeir, söz bilən adamların qəlbində bir saz havası, bir nəğmə kimi yaşayırsan. Ölümünə dəyəcək bir şəkildə.

Ona görə biz Akif Səmədə öldü demirik. Şair nə vaxtdan ölür? Hamı yaxşı bilir ki, Akif Səməd yatmağa getdi....

Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa getdi...

 

Oxan Saffari