SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: DÖRD DİVARLA SÖHBƏT

  50247   |  
Şriftin ölçüsü  

Daha doğrusu, həmin söhbətdən fraqmentlər

 

Adətən ürəyim sıxılanda, özümə yer tapa bilməyəndə, kimdənsə bir balaca inciyib özümə qapılanda ümid yerim dörd divar, Allah və bir də özümlə etdiyim söhbət olub. Daha doğrusu, həmin o dörd divarın arasında öncə Allahımla danışıram, sonra sənlə, yəni özümlə və nəhayət, bu söhbətləri bir araya gətirib onu yazıya köçürürəm. Əgər  o yazı bir balaca  mənə təsəlli verirsə, onda yazmaq imkanı verən Allahıma minnətdarlıqla əlimi göyə açıb şükür edirəm. Və beləcə, dünyaya gələn yazıda, şeirdə mən həyata, insanlara, yaşama, ən başlıcası isə sənə olan münasibətimi ifadə etmiş oluram. Təbii ki, bütün bunlar da mənim yaşadıqlarımın, gördüklərimin, eşitdiklərimin və bir də xəyalımdakıların müəyyən mənada kağız variantıdı, yazılı formasıdı. Çünki...

 

Başıma gələnlər başmaqçılığa,

Öyrədə bilmədi, məni öyrədə...

Başına dolanıb Tanrı tək sevdim –

Düşündüm, bu bəlkə səni öyrədə!..

 

Kimsə izləmədi bu açıq dərsi

Müdavim yox idi özümdən başqa...

Əlimi uzadıb tutmağa belə -

Heç nə tapılmadı dözümdən başqa...

 

Qurulmuş divandı, kəsilmiş cəza

Ürəyi çarmıxa çəkmək açıqca...

Zəlzələ özü də təbii qəza –

O da bir dərs  olur bizə acıqca...

 

... Çökmüş dəvə kimi dizim yer eşir

Məni bu halımda qəmdi dindirən...

Uzaqdan üstümə bir kölgə düşür –

Gəlir ayağına məni endirən...

 

Bəli, dünyada normal, ağlı-başı yerində olan hər bir  insanın ayağına endiyi varlıqlar var. Mənə görə bu varlıqların ən böyüyü, ən alisi, əlimiz, ünümüz çatmayan, amma hər zaman bizimlə olan Allahımızdı, sonra valideynlərimiz. Və nəhayət, hər kəsin içində olan sevgisi. Bax, bu mənada mənim üstümə düşən kölgənin sahibi elə ayağına getdiyim və bu gedişlə də o sevgini daha da möhtəşəm edən SƏNSƏN. Mən də bunu kortəbii yox, duyaraq, anlayaraq, yaşayaraq, necə deyərlər, özümə çevirərək edirəm. Və hətta bu çevrilmədə özümü yenidən tapıram, yenidən tanıyıram. Görürəm ki, Yer üzündəki müqəddəs elə sənin özünsən. Ona görə də bu TƏKlik mənə o müqəddəsi elə bir ifadədə, elə bir görüntüdə təqdim edir ki, ona ancaq biyət etmək qalır. Mən də bu biyətin duasını sevgidə, məhəbbətdə görürəm, orda axtarıram və orda da tapıram. Çünki o duaların birində yazmışam ki:

 

Dinlə ürəyimin pıçıltısını

Səhər duası tək, sübh azanı tək...

Ovut ürəyimin sızıltısını –

Mənim taleyimin son yazanı tək...

 

Sığalla kədərə qarışsın başım,

Sulansın kipriyim, çatılsın qaşım...

Ərisin illərə yük olan yaşım –

Mən də qürrələnim eşq ozanı tək...

 

Olsan da nəfəsi sən Əbülfətin

Hər an damla-damla artır xiffətin...

Qalsın yaddaşında bu məhəbbətin –

Sən düzüb qoşanı, mən pozanı tək!..

 

Bəli, Allahını tanıyan hər bir bəndənin özü ilə danışması, mənə görə, təbii bir haldı. Çünki Yaradan insana düşünmək, dərk etmək qabiliyyəti ilə yanaşı, anlaşmaq, danışmaq, ifadə etmək imkanı da verib. Ona görə də anladıqlarım barəsində, düşündüklərim haqqında söz söyləmək, münasibət bildirmək, onun əyər-əskiyini ifadə etmək, göstərmək bir adəm övladı kimi çiynimə düşən vəzifədi. Mən də çalışıram ki, bacardığım qədər, imkanım daxilində münasibət bildirim, ifadə edim. Hətta ona, sözün yaxşı mənasında  naxışlar da vurum. Bu naxışlar təkcə gözəlliyi, görkəmi dəyişmək, artırmaq üçün deyil, bu həm də olanı diqqətə gətirmək üçündü. Deməli, belə olan məqamda sözlə, duyğularla cilalanan həmin o gözəllik, o varlıq bir az da işıqlanır, bir az da nurlanır, bir az da təravətlənir. Sanki gülün qönçəsində şeh gülümsəyir adamın üzünə. Və yaxud da dan üzü sökülür qaranlıqdan. Və axıb gedən qaranlıq o gözəlliyin üzündəki pərdə kimi sürüşüb düşür və:

 

Sən ruhumun qibləsi,

Nəfəsisən könlümün...

Dünya boyda sevgiyə -

Həvəsisən könlümün...

 

Açılan dan üzünün

Təbəssümü, nurusan...

Sən məhəbbət sözünün –

Özündən də durusan!..

 

Kipriklər arasından

Od səpirsən – yanıram...

Sənə özümdən də çox –

Tanrı tək inanıram!

 

Baxdığım, duyduğum da

Sənsən ay canım, gözüm!

Xəyalın qurduğum da –

Sənsən, bilirsən özün!..

 

*** 

 

Indi zaman elə sürətlə ötür ki, ilin necə başa çatdığından adamın xəbəri olmur. Necə deyərlər, gözünü açıb yumursan ki, həftə aya çevrilib, ay da ilə. Bax elə son vaxtlar az qala hər gün həmsöhbət olduğum, təbii ki, ruhən üz-üzə dayandığım dəyərli dostum mərhum Şirxan Adıgözəlovla aramızdakı cismani ayrılığın bir il də uzandığını hiss edirəm. Elə onun timsalında haqqa qovuşan Vahid Əlifoğlunu, Dilavər Əliyevi, Rafiq İsmayılovu, Ələsgər Bayramovu, Mirzə Səfərəliyevi, Hafiz Tahirovu, Xaləddin Hüseynovu, Hətəm  Quliyevi... və digərlərini olduqları məkanda, durduqları məqamda gözümün önünə gətirməyə çalışıram. Istəyirəm ki, bu dostların səsləri yaddaşımda təzələnsin, zarafatları, deyib-gülmələri yenilənsin. Və bir də istəyirəm ki, onların hər biri o uca dərgahda necə varlarsa, o cür də onlara gedən yolumun uzanmasına təəssüflənməsinlər. Çünki yolun ölçüsünü uzunluğunu, qısalığını Tanrı müəyyənləşdirir. O yolu Tanrının iradəsi olmadan heç cür uzatmaq, gödəltmək  olmur. Və...

Bəli, bu günümüzün ən gerçək reallıqlarından biri də yaşadığımız psixozdu. Onun da mayası iki ildi ki dünyaya meydan oxuyan pandemiyadı. Təcrid olunmalar, qapanmalar, qadağalar bizi elə bir nöqtəyə gətirib çıxarıb ki, içimizdə bir aqressiya yaranıb. Hər şeyə qarşı əsəbi, qəzəbli, hətta kobud bir şəkildə münasibət bildirmək az qala vərdişə, ənənəyə çevrilibdi. Ona görə də bir mehribançılıq, bir səmimiyyət arzusu, istəyi qurumuş dodağın su istəməyi kimi bir şeydi  indi. Mən bunu  hansısa bir diqqətçəkən fikir söyləmək naminə yazmıram. Bu, sadəcə bu gün içərisində  olduğum mühitin mənə aşıladığıdı. Mən bunu avtobusda da, dükan-bazarda da, hətta ailədə də görürəm və yaşayıram. Necə deyərlər, təbəssümün yerini əsəb elə zəbt edib ki, adam qarşısına təbəssümlə çıxan bir nəfəri görəndə təəccüb edir və düşünür ki, nə yaxşı bu gülümsəyən, bu müsbət enerji paylayan insanlar var. Yoxsa pandemiyanın caynağı bizim həyatımızdan təbəssümü birdəfəlik çəkib qoparıb apara bilər. Necə deyərlər, yaxşıların, var olanların heabına hələ ki, dayanıb, dözüb dururuq.

Doğrudu, bu dözümün ipi, sapı nazikdi, hər an qırılıb düşməyə bənddi. Deməli, biz o təbəssümləri və onları daşıyanları hansısa bir formada qorumalıyıq. Həm o təbəssüm üçün, həm də özümüz üçün. Bu yerdə yaddaşımdan axıb gələn misralar dediyim, yazdığım fikrə sanki dəstək oldu.

 

Məni ittiham etmə,

Etmədiyim günahla...

Sən məni atıb getmə -

Otur, mənə gün ağla!..

 

Taleyin qarğışını

Hər cürə qar, qışını...

Bir ömür qarışını –

Tamla gələn sabahla!..

 

Yazın nəfəsi ilıq,

Payız umacaq qılıq...

Etmə qəlbi sən qırıq –

Işini gör Allahla!..              

 

*** 

 

Bütün yaşananlar sənin istəyib-istəməməyindən asılı olaraq yaddaşın bir küncündə ilişib qalır nöqtə kimi, vergül kimi, söz kimi və hətta bəzən mətn kimi. Deməli, yaddaşda ilişib qalan yuxuya da gələ bilər, xəyala da, dilə də. Və üstəlik, yaddaşda ilişib qalan həyatda bu və ya başqa bir formada təkrarlana da bilər. Ona görə olanların, olmuşların boy sırasına nəzər salıb öz-özünə ah çəkməkdənsə, məncə bir  salavat çevirmək daha çox yerinə düşər. Çünki mənim bildiyimə görə, “Salavat” həm də salam verməkdi. Deməli, həmin o boy sırasına nəzər yetirdiyimiz olmuşlar və olanlar salavatla təzələnirlər.  Bir anlıq da olsa, yenidən yaşayırlar. Bu da öz növbəsində insana daxili bir təkan verir. Sanki kül altındakı sonuncu qor yavaş-yavaş közərir. O qığılcım alışır və ümid kimi əlindən tutub səni yönəldir, hərəkətə gətirir. Mən də öz-özlüyümdə hər dəfə olmuşlar və olanların sıra baxışına ümidlə baxıram. Düşünürəm və inanıram ki, onlar günlərin bir günü, lap son nəfəsimdə olsa belə, özlərini təsdiq edəcəklər. Bu təsdiq də ETİRAF olacaq. Yəni nə yaşamışamsa, nə yaşayıramsa, o, Allahın tale yazısı kimi oxunacaq. Bu oxunma məqamı da dediyim ETİRAF anıdı. Və onda bu misralar yəqin ki, sənə də nəyisə deyəcəkdi:

 

Eşq sonsuz, dünya gidi

Inanc sözə söykəndim...

Ürək mənə döz! – dedi –

Susub, dözə söykəndim...

 

Cığırdı, yoxsa yoldu

Ot bitdi – gözüm doldu...

Ruhum da göz-göz oldu –

Mən bu gözə söykəndim...

 

Istəyimə yetdiyim

Ümid hesab etdiyim...

Tüstüsünə getdiyim –

Oda, közə söykəndim.

 

Varlığı mənə həbdi

Gözlərimə nur təpdi...

Qələm verən söz səpdi –

Mən o sözə söykəndim!..

 

Deməli, yaşanan anların kağızda göyərən söz  çəməni, söz bağçası hansı ölçüdə, hansı tutumda, hansı gözəllikdə olmasından asılı olmayaraq, bu çəməndə mütləq bir çiçək boy göstərir. Bunu ona görə inamla deyirəm ki, o sözü səpən qələmi insana, yəni yazan adama hədiyyə edən Tanrı həm qələmi tutanı mükafatlandırır, həm də ona heç olmasa bir çiçəyi təqdim etmək, olduğu kimi göstərmək gücü də verir. Yəni istənilən kitabda, istənilən yazanın mütləq bir sözü, bir misrası, bir cümləsi oxucunun diqqətini  çəkir. Hətta nə qədər zəif yazar olsa da!.. Bu da mənim qənaətimdi. Ona görə də bütün yazılarda işıqlı nə isə axtarıram. Atalar da deyib ki, axtaran mütləq tapır. Elə mən də həmin o atalar sözünə ümidlənib yazmışam ki:

 

Harda itirdim bilmirəm

Amma hər yerdə gəzirəm...

De, sənə elə gəlmir ki –

Dərdə deyilmiş nəzirəm?!

 

Gözümü yerdən yığanda

Göydə izinə düşürəm...

Işim yox, belə baxanda –

Vaxt da tapmıram düşünəm.

 

Yaxama sancımmı onu,

Ya büküb qoyum cibimə?

Ilahi, bir ip  ucu ver –

Mən enim dərdin dibinə!..

 

Dostluq, həm də düşmənçilik

Sərhəddin atıb araya...

Baxa-baxa ovunuram –

Bütöv olmayan paraya...

 

Bəli, mən bu yazımda bir az rabitəsiz, amma içimdə etdiyim söhbətlərdən birini sizə təqdim etməyə çalışdım. Düşündüm ki, həmsöhbət, dinləyici, bu yerdə isə oxucu məni mütləq anlayacaq. Axı dörd divarın arasındakı söhbəti, sözü  təkcə Allah eşitmişdi, Allah xəbərdar idi. Indi isə siz də bu söhbətin dinləyicisi, iştirakıcısı oldunuz. O sizi yordusa, narazı saldısa və ümumiyyətlə, bütün hallarda günahımı boynuma çəkib üzrxahlıq edirəm, “bağışlayın” deyirəm. Bağışlamaq da ki, böyüklükdü. Yəqin ki, nə demək istədiyimi anladımız. Hər halda, indki məqamda, indki sıxıntılar içərisində danışıb bir az toparlanmaq heç də pis addım deyil. Nə isə...

P.S. Bu köşə yazımda bir məqamı vurğulamaq gəlib keçdi ürəyimdən. Amma yazmadım. O məqamın yozumunu sizin ixtiyarınıza buraxıram.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-26
2021-09-25
2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK