SON DƏQİQƏ:

İki diplomatın Ağrıdağ şousu

  25304   |  
Şriftin ölçüsü  

Armen Sərkisyanla Salome Zurabaşvilinin oxşar cəhətləri çoxdu. Hər ikisinin ikili vətəndaşlığı var, hər ikisi diplomatdı. Nəhayət, hazırda hər ikisi bir-biriylə qonşu olan iki ölkənin prezidentidi. Bu ölkələr son dövrdə parlament idarəçilik üsuluna keçdiklərinə görə hər ikisinin prezidentliyi formal xarakter daşıyır, yəni, nominal səlahiyyətə malikdilər. Ancaq Gücüstanda prezident idarəçiliyi üsulu tədricən baş nazirlik institutuyla əvəzləndiyi üçün Zurabaşvili öz erməni həmkarından daha böyük söz sahibidi, o cümlədən silahlı qüvvələrin ali baş komandanıdı.

Bu günlərdə bu iki ölkə başçısının, keçmiş stajlı diplomatların Gürcüstan paytaxtındakı hay-küylü görüşləri böyük diplomatik qalmaqalla müşayət olundu. Əslində, Sərkisyanın “bu basabasda” Gürcüstana səfər etməsinin özü “düşmən gözü çıxartmaq üçün” quraşdırılmış ucuz şoudan başqa bir şey deyildi. Səfər haqqında sicilləmə  informasiyalardan da görünür ki, ortada nə müzakirəlik bir mövzu var idi, nə də  gələcək əməkdaşlıq formatları üçün hansısa təklif,  arzu, niyyət və yaxud bu qəbildən olan başqa bir nəsnə.

Ağır sarsıntılar içində çabalayan erməni cəmiyyəti üçün bu cür “şou-səfərlər”in məlhəm olacağını düşünməksə sadəlövhlükdən başqa bir şey deyil. Üstəlik, Sərkisyanın özü də hər hansı ciddi səfər üçün münasib fiqur sayılmır. Səlahiyyətsiz olduğuna görə yox, dünyada nüfuzlarıyla xalqın qəlbində özünə yer eləmiş xeyli səlahiyyətsiz dövlət başçıları, hətta monarxlar var. Sərkisyanla erməni cəmiyyətinin arasındakı problem daha çox onun şəxsi keyfiyyətləriylə bağlıdı. 44 günlük müharibədə və ondan sonra Ermənistanı bürüyən və bu günə kimi səngimək bilməyən çaxnaşmalarda o öz prinsipsiz davranışları və qərarlarıyla, sadəcə, gülüş obyektinə çevrilmişdi. İstər Baş qərargahda yaranmış və ölkəni vətəndaş müharibəsi həddinə gətirmiş qarşıdıurma zamanıə, istərsə də digər kritik anlarda konstitusiya səlahiyyətləri çərçivəsində belə özünü konkret qərarlar verməyə gücü çatmayan iradəsiz bir dövlət başçısı kimi göstərmişdi. Pultu bəzən günbəgün, bəzən saatbasaat əldən-ələ keçən elektron kuklaya dönmüşdü.

İndi bu zat Tiflisdə birgə investisiyalar  hesabına dünya bazarını “fəthi”ndən danışır. Gürcüstanda çoxsaylı erməni müəssisələri, Ermənistandasa gürcü kapitalının iştirakıyla fəaliyyət göstərən biznes strukturlarının olduğunu xatırladaraq deyir: “Gürcüstanın Çin və Avropayla gömrük üstünlükləri var, Ermənistansa Avrasiya İqtisadi Birliyinin üzvüdü. Təsəvvür edin ki, erməni-gürcü müştərək müəssisələri öz məhsullarını Avropa Birliyinə, Çinə, AİB-nə ixrac edir”. Şair belə yerdə deyir də: “arzuya bax, sevgilim…”

Bu birgə müəssisələr hansı vəsaitlə yaranacaq, nə istehsal edəcək ki, dünyanın üç nəhəng bazarına imtiyazlı şərtlərlə məhsul çıxardacaq?!  Humanitar yardım hesabına yaşayan Ermənistan bu cür  meqalayihələrə şərik olmaq üçün vəsaiti hardan tapacaq?!

Yox, Sərkisyanın bu səfərində məqsəd heç də Gürcüstanla əməkdaşlıq və yaxud “dostluq-qardaşlıq” münasibətləri qurmağın optimal yollarını aramaq deyildi. Onun arzusu rəsmi Tiflislə Azərbaycan və Türkiyə arasında düşmənçilik toxumu səpmək, bu üç ölkənin siyasi-iqtisadi sahədəki əməkdaşlığına badalaq gəlmək idi. Ancaq gecdi, qarşılıqlı maraqlara söykənən bu əməkdaşlıq çox şaxələnib, xeyli dərinə işləyib, həmin üçlük Sərkisyanın bu gün xoş xülya kimi dilinə gətirdiyi bazarlarda çoxdan “at oynadır”.

Sərkisyanın bu simvolik səfərinin yalnız bir praktik əhəmiyyəti ola bilərdi ki, onun da üstündən özü öz əliylə xətt çəkdi. Məlumdur ki, hələ İkinci Qarabağ Müharibəsinin gedişində S. Zurabaşvili ATƏT-in Minsk qrupunun iştirakıyla tərəflərin Tiflisdə görüşünün keçirilməsiylə bağlı təşəbbüslə çıxış eləmişdi. Bu ilin mart ayındasa xarici işlər naziri David Zalkaliani Anqara səfərində Türkiyə və Azərbaycan prezidentlərinin 6 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran) iştirakıyla regional əməkdaşlıq platforması yaradılmasıyla bağlı təşəbbüsünə dəstək vermiş və Tiflisi qonşular üçün dialoq şəhəri kimi təklif eləmişdi. Hələlik quru təklifdən o yana getməyən bu təşəbbüsü Sərkisyan birdəfəlik kökündən baltaladı və bununla da həm özünün, həm də ölkəsinin heç kimlə, səfər boyu Gürcüstanın ünvanına söylədiyi boğazdan yuxarı xoş sözlərə rəğmən heç rəsmi Tiflislə də normal münasibətlərdə maraqlı olmadığını üstörtülü şəkildə  nümayiş elətdirdi:  “Bu, (Tiflis platforması – red.) səmimi təklifdi, ancaq kim, harda və nə haqda danışacaq, mənə məlum deyil. Dövlətlərarası əməkdaşlıqdan və birgə layihələrdən danışmazdan əvvəl rəqib özünün elementar insani münasibətini nümayiş etdirməlidi. Mən Birinci Qarabağ müharibəsindən sonra Bakıya qarşı belə bir münasibətin göstərildiyini xatırlamıram”.

Görəsən, Sərkisyan konkret  nəyi xatırlamır? Danışıqların 30 il müxtəlif bəhanələrlə uzadılmasınımı, bütün arqumentlər tükənəndən sonra danışıq masasını qarınağrısı səbəbindən tərk edən Köçəryanın Rambuyedə ayaqyolu axtarışınımı? Bir milyon azərbaycanlının öz yurd-yuvalarından didərgin salınmasınımı? Bu günə kimi öldü-qaldısından xəbər-ətər olmayan 4800 azərbaycanlının taleyinimi? Minlərlə dinc sakinin, uşağın, körpənin, qadının, qocanın öldürülməsini və görünməmiş məşəqqətlərə düçar edilməsinimi? “Təhlükəsizlik zonası”nı genişləndirmək üçün son illər yeni ərazilərin işğalından danışmağa başlayan Ermənistan rəsmilərinin sərsəmləmələrinimi? İşğal elədikləri rayonları yerlə yeksan eləmiş, evləri, tarixi abidələri, dini ocaqları, mədəniyyət obyektlərini məhv etmiş “mədəni” həmvətənlərinin dünya tarixində bənzəri olmayan vəhşiliyinimi? Bütün bunların fonunda İkinci Qarabağ müharibsində heç bir mülki obyekti və dinc sakini öz hərbi hədəfinə çevirməyən Azərbaycan ordusunun alicənab davranışınımı?

Qozbeli qəbir düzəldər. Əslində, Sərkisyanın Tiflis səfəri son günlər erməni cəmiyyətindəki bitmək bilməyən siyasi burulğanlardan təngnəfəs olmuş və siyasi kimliyini itirmiş birisinin özünütəsdiq demarşıydı. Onun problemi təkcə vəzifəsinin formal xarakter daşımasında yox, həm də şəxsiyyətinin miskinliyindədi. Məğlubiyyət cəmiyyəti də, onun başında duran şəxsləri də çılpaqlaşdırıb lüt-üryan qoyduğu üçün bütün qüsurlar uzaqdan gözə girir. İndi üzə çıxmış, faş olmuş bu qüsuru pərdələmək, ört-basdır eləmək, toplumu ovundurmaq lazım idi. Miflərlə, yalanlarla bəslənmiş toplumsa ərköyün uşaq kimidi. Onun qılığına girmək üçün yeni yalanlar uydurmaq, buna istedad çatmayanda köhnə yalanları yeni ipostasda təqdim eləmək qaçılmaz gerçəkliyə çevrilir.

 Ağrı dağının qrafik çızma-qarası da buna hesablanmış addım idi. Amma gözlənilən effekti vermədi. ArmenianReport saytının əməkdaşı prezidentin Ağrıdağ ağrısını yüngülcə tərifləyəndən sonra onu nədən eyni münasibəti Cavahetiyaya qarşı sərgiləməməkdə günahlandırdı: “Heç kimə sirr deyil ki, ermənilərin yaşadığı Cavakk Ermənistanın xahişinə və hətta 1918-ci ildə erməni-gürcü hərbi konfliktinə baxmayaraq, sovet bolşevikləri tərəfindən Gürcüstana verilib. Bolşeviklər “Arsak”da (dırnaq bizimdi-red.) olduğu kimi Cavakk ermənilərinin də istəklərinə tüpürərək bu rayonu Gürcüstana verdilər. Həmin vaxtdan yerli xalqın sıxışdırılması başlayıb və bu, Gürcüstan 1991-ci ildə müstəqillik qazandıqdan, xüsusilə rus hərbi bazası ordan çıxarıldıqdan  sonra dəfələrlə güclənib”.

Salome Zurabaşvili hər nə qədər olsa da Fransa diplomatiya məktəbinin yetirməsidi və Sərkisyandan fərqli olaraq bu peşənin incəliklərinə daha yaxşı bələddi. Erməni prezidentinin guya koronavirus pandemiyası səbəbindən Cavahetiya səfərinin önlənməsi də əslində qarşı tərəfin “qara niyyəti”nin qarşısına çəkilən sədd idi. Gürcü liderlərinin hər biri zaman-zaman Cavahetiyanı ermənilərdən öz imkanı, səlahiyyəti və əxlaqı çərçivəsində qoruyub. Məsələn, vaxtilə Beriya bu xahişlə, yəni həmin bölgəni ermənilərə vermək xahişilə bahalı İran xalçasını qoltuğuna vurub qəbuluna gəlmiş Ermənistan KP MK-nın birinci katibi Aqasi Xandjyanı elə Tiflisdəki kabinetindəcə güllələmiş və rüşvət kimi gətirilmiş həmin xalçaya bükdürüb şəhər kənarındakı xəndəklərin birinə tullayıb üstünü torpaqlamağı tapşırmışdı.

Amma Cavahetiya səfərinin qarşısını alan diplomat xanım Ağrıdağ təxribatına göz yumur, öz fəxri qonaqları üçün nəzərdə tutulmuş jurnala yazılmış xoş sözlərin altından Ağrı dağının şəklinin çəkilməsinə nəinki yüngül formada da olsa etiraz etmir, əksinə bunu şövqlə tirajlayaraq “Sərkisyanşou”nun iştirakçısına çevrilir. 

 Hərçənd, Ağrı dağının bugünkü coğrafi sərhədləri 1921-ci il Moskva müqaviləsiylə müəyyənləşib. Onun təftişinin ən ağır zərbəsisə ilk növbədə Gürcüstanın özünə dəyə bilər. Çünki Cavahetiya, üstəlik, Acarıstan Muxtar Respublikası məhz  bu müqavilənin şərtlərinə görə Gürcüstanın tərkibində yer alıblar.

Bir sözlə, “rəssam” Sərkisyanın Ağrıdağ “qrafik tablosu” təkcə Türkiyəyə yox, həm də Gürcüstana qarşı ünvanlanmış ərazi iddiasının bədii təcəssümüydü . Təəssüf ki, Zurabaşvilinin diplomat təcrübəsi belə bir hiyləgər gedişi başa düşmək üçün yetərli olmadı. 

M. Cavadoğlu

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK