SON DƏQİQƏ:

Paşinyan stereotipləri qıra biləcəkmi?

  85608   |  
Şriftin ölçüsü  

Dünən Yerevanın küçələrində Paşinyanın istefası tələbilə avtoyürüş keçirilib. Artıq bu eyni tələblə keçirilən ikinci avtoyürüşdü və  küçələrdə şütüyən avtomobillərin sayından da aydın görünür ki, əslində, söhbət yeni formatda ciddi bir etiraz aksiyasından yox, höcətə düşmüş bir qrup tərs adamın cığallığından gedir. Çünki hələ hadisələrin isti-isti vaxtında beş-on min adamın fasiləsiz mitinq və yürüşlərlə, gurultulu bəyanatlar və qır-qışqırıqla bacarmadığı işi 20-30 həvəskar “avtoş”un görəcəyinə ümid bəsləmək sadlövhlükdən başqa bir şey deyil.

İkinci Qarabağ müharibəsində imzalanan “Təslim aktı”ndan sonra Ermənistan baş nazirinin hakimiyyətdə duruş gətirəcəyinə bəlkə heç özü də inanmırdı. Kabinetinin yağmalanmasından tutmuş sərt  təhqirlər, nifrinlər, ölümünə çağırışlar onun nəinki hakimiyyət kürsüsünü qoruyacağına, hətta ilk günlər gizləndiyi bunkerdən sağ-salamat harasa çıxıb qaça biləcəyinə olan ümidlərin üstündən də xətt çəkmişdi.

Öz partiyasından başqa ölkənin əksər siyasi təşkilatları, keçmiş prezidentləri, hakimiyyət iştahına düşmüş hazırkı prezidenti, ictimai qurumları, məşhur ziyalıları, bir çox yüksək və orta ranqlı məmurlar, nəhayət, erməni siyasi varlığının bel sütunu sayılan Eçmiadzin kilsəsi, bir sözlə, ölkədəki bütün müharibə partiyaları, qurumları və fərdləri onun dərhal və şərtsiz istefasını tələb edirdilər. Çoxdan siyasi meyitə dönmüş birisini təzədən xortdadıb baş nazir postuna vahid namizədliyini də irəli sürmüşdülər. Qorxusundan rəhbərlik etdiyi “Mənim addımım” alyansının səslərin 66 faizinə sahib olduğu parlamentin iclasına belə gedə bilmirdi.

Cəmi bir həftədən sonra məlum oldu ki, baş verənlər əslində nəlbəkidə qopardılan fırtınadan başqa bir şey deyil, “manqal inqilabı”nın lideri bu boyda ağır məğlubiyyətdən sonra hələ də öz yüksək reytinqini qoruyub saxlamaqdadı. Onlarla partiya və ictimai təşkilat iqtidarın ən ağır,  sarsıdıcı məğlubiyyətə uğradığı bir vaxtda meydana beş-on mindən artıq adam çıxarda bilmirdi.  Bunlar da əsasən həmin qurumların qatı fanatlarından və  Qarabağdan qaçıb getmiş bir neçə min aqressiv ermənidən (necə də bizim 90-cı illər tariximizin əkiz mənzərəsidi) ibarət idi.

Paşinyanın siyasi təcrübəsi olmasa da siyasi duyumu çox güclü imiş.  Situasiyanı vaxtında və düzgün qiymətləndirməyi bacardı, bütün rəqiblərini mat vəziyyətinə salan təkliflə, vaxtından əvvəl parlament seçkilərinə getmək təklifiylə çıxış etdi. Özü də məsələni uzatmadan, vur-tut üç aydan sonra. Amma qana susayan rəqiblər bu təklifi qəbul etmədilər. Çünki meydandakı mənzərə gözlərini qorxutmuşdu, erməni xalqı onların avantürasına dəstək vermirdi, seçkiləri məğlub baş nazirə uduzmaq rüsvayçılığı hamısının siyasi mövcudluğuna son qoya bilərdi.

Amma məsələ təkcə erməni xalqının mövqeyi ilə bağlı deyildi. Baş nazirini məğlubiyyətdən sonra vaxtilə dirsək göstərdiyi Rusiyaya meyllənməsi, daha doğrusu, Kremlin sözəbaxan uşağına çevrilməsi onun təpədən-dırnağa Rusiyapərəst rəqiblərinin əsas “kozır”ını da əllərindən almışdı. Putin hər nədirsə peşəkar siyasətçidi, əzilmiş, sınmış Paşinyanın ona öz ənənəvi canişinlərindən daha sədaqətlə qulluq edəcəyinə əmin idi.

Baş naziri devirmək üçün dəridən-qabıqdan çıxan erməni siyasətçiləri, əslində, nə istədiklərini özləri də bilməyən  başıpozuq bir dəstəydi. Növbədənkənar seçki təklifindən yayınmaqları təkcə bu seçkiləri uduzmaq xofuyla bağlı deyildi. Onlar, ümumiyyətlə, heç hakimiyyətə gəlmək istəmirdilər. Çünki gəlib edəcəkləri bir şey qalmamışdı. Ordu dağılmış, iqtisadiyyat məhv olmuş, cəmiyyət deqradasiyaya uğramış, güvəndikləri Rusiya da “Paşinyan tərəfə keçmişdi”. Təxminən “Aç qapını, gələk səni öldürək” xorunun personajları durumuna düşmüşdülər.

Ən başlıcası isə yuxarıda dediyimiz kimi gəlib edəcəkləri bir şey qalmamışdı. 1918-ci ildə Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan Respublikasının Daşnaksütun partiyasından olan ilk baş naziri  Ovanes Kaçaznuni başı-başlara dəyəndən sonra, 1924-cü ildə partiyasının Rumıniyada keçirilən qurultayındakı hesabat məruzəsi də elə bu cür adlanırdı: “Daşnaksütun” partiyasının edəcəyi bir iş qalmayıb”. Bu, əslində, hesabat məruzəsindən çox bir tövbə duasıydı və partiyanın, bütövlükdə yaratdıqları miflərin əsirinə çevrilmiş  erməni millətçilərinin öz xalqının başına açdığı oyunların canlı səlnaməsiydi (yaxın günlərdə “Ədalət” qəzeti və adalet.az saytı bu məruzəni hissə-hissə tam şəkildə oxucuların diqqətinə çatdıracaq. Odur ki, ayrı-ayrı sitatlarla vaxt almaq istəmirəm).

O. Kaçaznuni yazdıqları bugünkü erməni siyasətçilərinin hamısına aiddir. Çünki hansı ad altnda fəaliyyət göstərməsindən asılı olmayaraq bu gün ölkədəki bütün siyasi partiyaların təməl prinsipləri məhz yaradıcılarının üz döndərdiyi “Daşnaksütun”un xəstə ideologiyasına əsaslanır. Zaman-zaman eyni senarilərlə hərəkət edərək hər tarixi mərhələnin sonunda öz xalqını yeni-yeni fəlakətlərə sürükləmək bu topluma rəhbərlik edən adamların sanki şakərinə çevrilib.

Güman etmək olardı ki, 44 günlük müharibənin nəticəsi olaraq başlarına dəyən “Dəmir Yumruq”dan sonra onlar, nəhayət, ayılacaq və öz  xalqının gələcək inkişafının qonşularla əbədi düşmənçilikdən yox, əməkdaşlıq və dostluq münasibətlərindən keçdiyini anlayacaqlar. Təəssüf ki, belə olmadı. Qisasşılıq hissilə alışıb yanan, “Daşnaksütun” ideyasına mübtəla “liderlər” yenə də siyasi səhnədə at oynatmağa başladılar. İndi onların arasında Paşinyan yeganə praqmatik düşüncə sahibi kimi görünür. Ancaq onun bu praqmatik davranışlarını nəinki rəqibləri,  heç yaxın silahdaşlarının da bir qismi bölüşmür ki, bu da baş nazirin manevr imkanlarını, onun daşlaşmış stereotipləri qıracağına olan ümidləri azaldır.

İkinci ümidverici məqam isə hələlik müharibə partiyasının avantürasına qoşulmayan Ermənistan ermənilərinin əksəriyyətinin Paşinyanın tərəfində olmasıdı. Amma bu xalq sevgisinin nə qədər çəkəcəyini söyləmək çox çətindi. Yaralar sağalandan, nəsillər dəyişəndən sonra tarix yenidən təkrar olunacaq, yoxsa?.. Nə qədər ki, “Daşnaksütun”, “Eçmiadzin” və “Diaspor” ruhu bu toplumun ruhuna hakimdi, bu suala birmənalı şəkildə müsbət cavab vermək mükün deyil.

M. Cavadoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03
2021-03-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK