adalet.az header logo
  • Bakı 6°C
13 Yanvar 2021 16:26
111022
ƏDƏBİYYAT
A- A+

BİZİM MƏZUN NAĞILIMIZ... - Vaqif TANRIVERDİYEV yazır

Biri var idi, biri yox idi, qarşıda nə az, nə çox düz 5 il sürəcək bir tələbə yolu vardı və 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinin 624-cü qrupunun 25 nəfərlik birinci kurs tələbəsi sirli-soraqlı bu yola düzəldik. Az getdik, çox getdik, gecə-gündüz düz getdik, oxuduq-oxuduqmu, zamanın tələbi idik - tələb olduqmu, sevdik-sevildikmi, bir də onda ayıldıq ki, beş illik tələbəlik yolunun sonudu və ayrılmalıyıq, məzun adlı əjdaha qılınc çəkib, qarşımızı kəsib, bizi "param-parça" edib, məmləkətə paylayacaq.

Bizsə tələbə dünyasının ağuşunda elə möhkəm uyumuşduq ki, o dünyaya elə qapanmışdıq ki, ayrılıq heç yada da düşmürdü, sən demə ayrılmaq, əlvida sözünün hədəfinə çevrilmək də var imiş. Nə etməli... Az fikirləşdik, çox fikirləşdik, arayıb-axtardıq, axırı ki, birliyimizin, ömür boyu təmasınızın açarını tapdıq: hər il may ayının 2-də görüşmək qərara alındı. Bu tarixin seçilməsi də təsadüfi deyildi, bizim tələbəlik illərimizdə ölçü-biçi başqa idi, 1 may bayram günü kimi qeyd edilirdi, deməli ehtiyatda bir gün var idi və dünyanın harasında olursan ol, 2-si may görüşünə çatma bilərsən.

1977-ci ildən may görüşlərimiz başladı. Telli Pənahqızı, Şəfəq Nasir, Nərgiz Bayramova, Mehparə Axundova, Mehriban Qənbərova, Sevda, Zəhra...Rəşid Rüstəmov, İsmayıl Ömərov, Elman Qədirli, Azər Abdullayev, Adil Qaçayoğlu, Xəlil Cabbarov, Mail Dəmirli, Həsən Kərimov, Yusif Əliyev... düz 25 nəfər... 622-ci qrupdan da Nailə, Akif, Teymur, Elçin, Ataş, Adil...

İlk toplantımız çox qələbəlik keçdi. Sanki tələbə idik, o ab-hava bizi tərk etməmişdi. İllər keçdi, keçən illər də izsiz ötüşmədi. Bəzilərimizin ailə qayğıları, bəzilərimizin vəzifə ab-havası sıralarımıza öz əlini çəkdi. Onların yoxluğunun xiffəti o qədər də üzücü deyildi, amma ömürləri yarıda, vaxtsız qırılan uşaqların faciəsi bizi sarsıtdı, özü də kətan parçaya düşmüş ilmə kimi ildən ilə "genişlənəyə" başladı. Əvvəlcə Rəşid Rüstəmov, sonra Mail Dəmirli, Adil Qaçayoğlu, Həsən Kərimov, daha sonra isə Xəlil Cabbarov ... görüşümüzə "gəlmədilər". Gələrdilər, çatardılar, amma Yaradanın yazdığı taledən qaça bilmədilər, çata bilmədilər.

Tələbə dünyamızda başlanan "uralanma" sıralarımızı seyrəlti. Getdikcə seyrələnən sıralarımız kimi görüşlərimiz də səngiməyə başladı və nəhayət sonlandı.

Sonuncu görüşümüzün tarixi yadımda deyil, tədbirimizi böyük canfəşanlıqla təşkil edən, toplantılarımıza daha çox can yandıran Adil Qaçayoğlu və Həsən Kərimovun vaxtsız vəfatı canımızı yaxdı, tələbə ab-havasına tədricən seyrək duman çökdü. İllərin itgiləri görüş yollarımızı kor dumana bürüdü, görünməz etdi.

Sonuncu görüşümüzü xatırlamıram, bir daha toplaşa, dərdləşə bilmədik. İndi yalnız təsadüfi görüşlərlə təsəlli tapırıq. Yazıya əlavə etdiyim fotolar da o görüşlərin əsk-sədasıdır, tapa bildiklərimdir. Hərdən FB-də "görüşürük", çünki yeganə görüş yerimiz məhz bu meydandır. Fb-dən öyrənmişik ki, Telli uğurlar qazanıb, Nərgiz nəvələrin sevinci ilə yaşayır, Şəfəq maraqlı elmi-tədqiqatla məşğuldur. Rəfiqə çalışdığı qəzetdə nüfuz sahibidir. Elman, Səməd, Akif, Azər, Teymurşah... da öz dünyalarını yaşayırlar. Bəziləri jurnalistlik fəaliyyətlərini davam etdirir, bəziləri də Teymurşahın sözü olmasın, təqaüd yaşının dadını çıxarırlar...

Rəhmətlik Yusif Əliyevin vəfatı xəbərini də FB-dən aldıq.

İllər ovuca sıxılmış narın qum dənələri kimidir, nə qədər sıxsan da saxlaya bilməzsənsən, axar-gedər. Rəhmətklik Qəhbər müəllimin sözü olmasın, hər şey axır, hər şey dəyişir, axan suya iki dəfə girmək olmaz. Dəyişənsə tarixdi, öz axarındadır, dünənə yaşadıq, bu gün varıq, sabah da olarıq, İnşallah...Tarix daha bir səhifəsini açıb, daha bir ilə başlamışıq. Bu ilin də 2-si Mayı var, amma o ikisi may bizim 2 Mayımız olmayacaq.

Deyirəm bəlkə, illərin acığına yenə yığışaq, illərə meydan oxuyaq, yenə cavanlıq edək, deyək-gülək, ilk sevginin xiffətini yaşayaq...Yeni nağılımız başlasın...

Bu duyğular hamımızın ürəyindən keçir, amma... Yaxşı ki, FB var, hal-əhval tuturuq. Bu meydanda da sıramız tam deyil, FB-də olmayanlar var. Dostlarımızdan xahişim odur ki, xəbərləşək, 624-cü qrupun bütün tələbələrini, paralel oxuduğumuz 622- qrupdan olan dostlarımızı (Allah dünyasını dəyişənlərə rəhmət eləsin) FB -yə dəvət edək. Bu meydanda görüş, ünsiyyət o xiffətə əlac olmasa da hər halda bir təsəllidir...

Yenə "Salam uşaqlar, necəsiz, daha bir 2 Mayınız mübarək" - deyək, tələbə dostumuz, sevincimizə, kədərimizə şərik olan Aqil Abbası da dəvət edək, nağılımıza ədəbiyyat fakultəsinin şirinliklərini qatsın, "Ədalət" qəzeti də bu görüş haqqında aləmə car çəksin, əks-səda durğun gölə atılmış daşın yaratdığı dalğa kimi hər yana yayılsın, niyə də olmasın...

Nağıl dili yüyürək olar, bu da sonu... Göydən 25 alma düşdü, biri mənim, 18-i sizin, 6-da cənnətdə uyuyanlarımızın...

 

 

Gəncə