SON DƏQİQƏ:

 Ağdamlı Fəxrəddin - Azad Müzəffərli yazır

  30215   |  
Şriftin ölçüsü  

  (hekayə)

       

Şənbə və bazar günlərini könlüycə dincəlmişdi. Fəxrəddini Bakıda yaşayan dostu doğma yurdu Zaqatala rayonuna qonaq aparmışdı. Buranın təbiətinə vurulmuşdu. Ucalıqda bir-biri ilə bəhsə girən dağları, insana söhbətləşən müdrik qocaları xatırladan azman qayaları, ucsuz-bucaqsız yamyaşıl meşələri, ətrafdakı rəngarəng təbiətə təpər verən gursulu çayları, ahıllarda belə gənclik həvəsi oyadan şaqraq şəlalələri birdəfələlik gözünə və könlünə köçürmüşdü. Dördbir tərəfə səpələnmiş qədim abidələr, bu yerlərdəki ənənəvi memarlığa həssas münasibət köksünü dağa döndərmişdi. Çeşidbəçeşid ləziz təamların dadı da hələ damağından getməmişdi. Vətən onun üçün bir boy da yüksəlmişdi. Təbii ki, bu səfəri onda zəngin təəssürat oyatmaqla yanaşı Qarabağ nisgilini də təlatümə gətirmişdi. Elə yuxuya da Ağdam həsrəti ilə dalmışdı.

        Külfətlərini də qoltuqlarına vuran Fəxrəddin və bir neçə mehriban qonşusu Qarqar çayının yaxınlığında, Qurdlar və Şelli kəndlərinin bir addımlığındakı dağın döşündə, meşənin səfalı bir guşəsində lövbər salmışdılar. Qocaları, qız-gəlini, körpələri də unutmamışdılar. Onların gəlişindən təbiət də nura, çiçəyə bələnmişdi. Ətrafdakı kəklikotularının ətri isə sözlə ölçüyə gəlmirdi. Təbiətin xalısı onların ixtiyarında idi. Üzbəüzdəki Qarayan yüksəkliyinin altından qaynayan suyu Ağdama çatdıran kəhriz də ətrafdakı əzəmətə əlavə çalar qatırdı. Burada bir dəm-dəsgah var idi ki, tamaşasına dörd göz gərəkdi. Əməlli-başlı hazırlıqlı gəlmişdilər. Toy-düyün əhval-ruhiyyəsindəydilər. Ocaqlar çatılmış, qazanlar asılmış, sacların altındakı közlə ləziz yeməklərin ətri bir-birinə qarışıb ətrafı cənnətə döndərmişdi. Əvvəlcədən şərtləşmişdilər ki, bu dəfə yalnız Ağdam mətbəxinə üstünlük verəcəklər. Bütün təamlar hazır olmaq üzrəydi. Süfrəyə dədə-baba qaydasınca mütləq boyanalı(razyanalı) plov verilməli idi. Qazmaq əvəzi qazanın dibinə döşənən 5-6 kiloluq tamlı quzu ətinin üstünə əlavə olunmuş düyü zəif odda dəmə qoyulmuşdu. Nənə düyü qatının üzərində oyuqları açmaq istəyəndə Fəxrəddin özünü saxlaya bilməyib irəli gəldi, bunu ona həvalə etməsini istədi. Hər oyuğa bir yumurtanı da özü çaldı. Boyanalı plov süfrəyə verildi və üzərinə sarımsaqlı qatıq da əlavə olundu. Hamı bir nəfər kimi bu əvəzsiz təamı gözünə təpdi. Ətrafda elə bil milli mətbəx festivalı keçirilirdi. Yeməklər saya gəlmirdi. Kimin hansı yeməkdən dadacağı könüllü idi. Döşəməli aş da ləzzətli alınmışdı. Sarıkök, zəfəran bu yeməyin qarası və qazmağının dadına dad qatmışdı. Xan xörəyi xəngəl də adama gəl-gəl deyirdi. Ətrindən bilinirdi ki, dən dolma üçün tənək yarpağı məharətlə seçilmişdi. Qarabağ adətincə bu yeməyə də sarıkök, keşniş və nanə əlavə olunmuşdu. Əksəriyyətin bir gözü döymə kababda idi. Təbiətin ətrinə bələnmiş yağlı quzu ətinin bir qismi taxta, bir qismi də daş üzərində döyülmüşdü. Təbii ki, hər kəs avdal qutabı və Ağdam kətəsinin də nə vaxt süfrəyə veriləcəyini səbirsizliklə gözləyirdi. Üçbucaq formasına salınan təpitmələrin içinə doldurulan düyü və lobyanın tamını xırda kişmiş və zövqə görə əlavə olunan zirinc ələdüşməz etmişdi. Ağdam kətəsi üçün də əməlli-başlı növbə vardı. İspanaq, keşniş, nanə, göy soğanla yanaşı bu nemətə qatılan turşəng, cincilim, quşəppəyi və digər çöl göyərtilərinin ləzzətindən insan az qala bihuş olurdu. Ətrafda bəxtiyarlıq hökm sürürdü.

         Qadınlara ürəklərini tam boşaltsınlar deyə fürsət yaratmaq adı ilə kişilər günortadan sonra maşınla yollandılar Şuşaya Cıdır düzünə, kəkotu çayı içməyə. Biraz keçmiş cənnətin mərkəzindəydilər. Təkrarsız dada malik bulaq suyundan hazırlanan kəkotulu çay buranın təbiətini “həzm etməy”in ən məqbul vasitəsiydi. Mürsəl kişinin məlahətli səsi də onlara gəl-gəl deyirdi. Cıdır düzünün ləzzətini çıxarandan sonra “Şuşanın dağları”nın sədaları altında endilər İsa bulağına. Buz kimi suda əl-üzlərini yuyub qulaq kəsildilər Mürsəl kişinin özünəməxsus avazına. 104 yaşında bu müdrik insan qavalını qoltuğuna vurub hər gün Şuşadan İsa bulağına təqribən yeddi kilometrlik yolu piyada gedib-gələrdi. Pərəstişkarlarının qəlbini qırmazdı. Oxumaqda pərgardı, hər bir muğamı tam dəqiqliyi ilə ifa edərdi. Yaxşı bilirdi ki, muğamatda dədə-baba qaydasından azca kənara çıxsan, mütləq qarabağlıların qınağına tuş gələcəksən. Mürsəl kişinin nadir təbiəti ilə seçilən bu məkandakı “konsert”inin zəngin təəssüratı günlərlə insanı xoş ovqata kökləyərdi.

         Doqquzuncu mərtəbədə, qohumugilin mənzilində məskunlaşan Fəxrəddini bu “möcüzə” dən yenə də “xoruz banı” ayırdı. Həmişəki kimi səhər saat altı-yeddi radələri idi. Lələkləri min bir rəngə çalan ları xoruz dinc durmaq bilmirdi. Ağdamda yaşadıqları zaman həyətlərində bəslədikləri həmin xoruz hər gün onun “çağrılmamış qonağ”ı idi, səhəri onunla açardı. Bu xoruzla haçansa bir daha üzbəüz olacağına uşaq kimi inamını da itirməmişdi. Təki, istəyi reallaşaydı, həmin xoruzu doğması təkin bağrına basmağa da hazırdı.

        Fəxrəddin ağlı kəsəndən futbolun ölüsüydü. Bu “azar”ı ailəsinə də keçmişdi. “Qarabağ” komandasının vurduğu qollar ailəvi “atəşfəşanlıq”la qarşılanardı. Bu klubun hər bir qələbəsi bütün məcburi köçkünlər kimi onların da yarasına məlhəm olardı. “Qarabağ”ın son illərdə Avropa futbolunun nəhəngləri ilə bərabər səviyyədə oyun nümayiş etdirməsi, qələbələri sıralaması və qitə yarışlarının həlledici mərhələsinə vəsiqə qazanması onları doğma yurda addımbaaddım yaxınlaşdırırdı. Təbii ki, nisgillərini də yığıb-yığışdırmaqla qurtaran deyildi. Fəxrəddin kişi hər gün günorta çağı Ağdam məscidində səslənən azanın həsrətindəydi. Ustad xanəndə Hafiz Sədirzadənin bağrından qopub gələn o Tanrı kəlamları iliyinə işləmişdi. Nənə və babalarının, yaxın qohum-qardaşının dəfn olunduğu Qarağacı qəbirstanlığını da yalnız qiyabi ziyarət edə bilirdi. Ələlxüsus, müxtəlif bayramlarda Bakı sakinlərinin əllərində qərənfil dəstəsi ellilikcə qəbirstanlıqlara axışdıqları, yaxınlarının ruhuna Quran oxutdurduqları günlər onun kimi bütün məcburi köçkünlər üçün sözlə ölçüyəgəlməz mənəvi əzaba çevrilirdi. Əlacsızlıqdan yanıb-yaxılar, qıvrım-qıvrım qovrulardılar. Az da olsa təskinlik tapmaq üçün Fəxrəddin son vaxtlar belə günlərdə kimsəsizlərin qəbirlərinə baş çəkər, onları gül-çiçəyə qərq edər, tanımadığı soydaşlarının ruhuna dualar oxutdurardı. Beləcə ona elə gələrdi ki, bu yolla az da olsa, o dünyaya köç edən əzizlərinin ruhuna nəsə” pay” qatırdı. Məcburi köçkünləri bir dərd də yaman yandırırdı; ehtiyatdan kimsə kimsədən yaşlı qohumlarını soruşmazdı. Dəfələrlə əzizlərinin ölümündən xəbərsiz yaxın qohumlar beləcə pis vəziyyətdə qalmışdı. Kimsəni günahlandırmaq da düzgün deyildi. Götürək elə ağdamlıları.Bu rayonun 140 mindən çox əhalisinin böyük bir hissəsi respublika boyunca pərən-pərən düşüb. Hər kəsən də öz güzaranı və dərdinin yükünü ancaq çəkə bilir. Əsas pənahları dövlətədir. Onlara hərtərəfli köməyin ilbəil artırılması, ordumuzun güclənməsi və cəbhəboyu vəziyyətə nəzarət etməsi məcburi köçkünlərin cöcərən ümidlərinin pöhrələnməsinin başlıca mənbəyidir.

        Məcburi köçkün həyatının ağrı-acısını nisbətən də olsa səngitmək üçün imkan düşdükdə Fəxrəddin Bakıda yaşadığı binanın nərd atan sakinlərinə qoşulardı. Zarafat-zarafata qarışardı. Ən sərt “sancmaları” belə hamı yola verərdi. Kimsə kimsənin xatirinə dəyməzdi.

 

- Ə, bu şeş-beş döyül e, nərdtaxtadı, nərdtaxta...

 

- Mən kəndçi babayam dayna, hardan bilim bunu axı?!.

 

- Ə, bir oynasana, bu şahmat döyül e?!.

 

- Ə, kirisənə...

 

- Taxsır məndədir, niyə, axı, səninlə nərdtaxta arxasına keçirəm ki, bunları da eşidim...

 

- Sənin atdığın andıra qalsın...

 

- Bax, bu şeş qoşanı da mən atmışam e, mən, gözünə su ver...

 

- Qoşaları sıraladığın bəs deyil, hələ bir heylə döşüyürsən də, ağzını açanın ağzınnan vurursan...

 

- Ə, bunlar sən girən kol deyil e, kiri, görmürsən, bilən də, bilməyən də muğamatdan danışır. Sən də imkan vermirsən ki, zər xırdalayım, ə, bunlar nə bilir əsl muğamat nədi, evdə bişməyib, qonşudan gəlməyib?!.

 

- Ay zəhrimar, yenə də iki-bir atdım...

 

- Ay camaat, bunun oynadığına bir baxın, sonra da bəhanə eləyir ki, zər vermədi?!.

 

- A qıvlasız, elə indicə dalbadal üç dənə qoşa atıb oyunu əlimdən almadın, cəmi üç zərə on iki daş çıxdın e?!.

 

- Sənə mən nə deyim, ə, birdəfəlik bil, bunun əsl oynayanları ağdamlılardı, belə olub, indi də heylədir...

 

- Bəsdi, qoy oturmuşuq görək ?!. Elə dilində bircə budu, ağdamlılar yekdi, onu da bilən, bunu da bilən ağdamlılardı?!.

 

- Əğstəfurullah, torpağımızın hər qarışına quzu kəsim, amma siz də bilirsiniz e, ağdamlılara çata bilməzsiniz, bu ta əzəldən belə olub...

 

- Gözünə dönüm Məşədi İbadın...

 

- Anlamadım?!.

 

- “O olmasın, bu olsun” da Məşədi İbad deyir e, işdi papağımı belə qoysam, onda camaat elə bilər, Qarabağın pambıq bəylərindənəm, təsadüfən, o kişi, sizin bəzi özündənrazıları nəzərdə tutmurdu ki?!.

 

- Qətiyyən... Bir də ki, tutalım, lap heylədir, bəs o papağını başqa cür qoyanda nə deyir, hə, ya lotu, ya da qumarbaz, ə, bəyin lovğası onlardan daha abırlı döyülmü?!.

 

- Dostlar, zarafat bir yana, bu yerlibazlıq, mənəm-mənəmlik bizim hamımızda sümük azarıdır, heç cür qanımızdan çıxara bilmirik ki, bilmirik... Elə ona görə də vaxtında xanlarımız, bəylərimiz torpaqlarımızı birləşdirib milli fəlsəfəyə söykənən mərkəzləşdirilmiş dövlətimizi qura bilmədilər... Bunun əzabını indi də çəkirik, torpaqlarımızın getməyinin başlıca səbəblərindən biri də budu, elə ona görə də, müstəqilliyimizi də yalnız beş-on ildi bərpa edə bilmişik?!.

 

- Orası eylədir...

 

- Heç bilirsiniz, hazırda dünyaya meydan oxuyan, Avropa İttifaqı iqtisadiyyatının qırx faizinə malik Almaniya vaxtilə neçə xırda “dövlət”dən ibarət olub!?. 17-ci əsrin əvvəlində 300-dən çox subyektdən, 1814-cü ildə Almaniya Konfederasiyası yarananda isə bizim xanlıqlar kimi 38 kiçik dövlətdən... Bax, elə götürək, bizi, hazırda Almaniyada almandan başqa bir millət tanıyırıq, baxmayaraq ki, bizdən fərqli olaraq federativ dövlətdə yaşasalar da ?!. Yox... Düzdü, onlar da az-çox özlərinin keçmişini bilirlər, dil gəl, hamı almandı ki, alman...

 

- ...

 

- Ə, qıvlasız. Yenə aldırammadım, uduzdum, boynuma alıram, deyəsən,həqiqətən, bu nərdtaxtanı icad edən sizsiniz!?.

 

        Hər belə zarafatdan sonra gülüş ərşə dirənirdi. Beləcə, bir az da olsa, gündəlik qayğılardan yüngülləşərdilər.

        Yolu metronun “İçərişəhər” stansiyasından keçəndə Fəxrəddin Filarmoniya bağına da baş çəkmək fürsətini fövtə verməzdi. Bu onun üçün sirli-sehrli bir məkandı. Qədimliklə müasirliyin üzvi şəkildə qovuşduğu bu yer ona doğmaydı. Qala divarları Fəxrəddinə Ağdam və rayonun çoxsaylı kəndləri boyunca səpələnmiş, tarixi hesaba gəlməyən qədim yaşayış məskənləri, qalalar, türbələr, məscidlər, məbədlər, kurqanlar, sərdabələr, digər daş abidələri xatırladardı. Burada xeyli təskinlik tapardı. Bütün məcburi köçkünlər kimi həmin abidələri göz və könül dolusu seyr etməyin günlərin birində onun da qismətinə düşəcəyinə inamı güclənərdi. Ermənilərin dağ çəkdiyi bu maddi-mədəniyyət abidələrinin bircəcik daşını, xırım-xırışını belə bağrına basmağa, öpüb gözünün üstə qoymağa cani dildən hazırdı. Filarmoniya bağına onu çəkib gətirən həm də muğamın sehri, bura sənət adamlarının tez-tez yığışmaları idi. Bağda səs-səsə verən quşların nəğmələri onu Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan Şuşinski, Rəşid Behbudov, Sara Qədimova, Əbülfət Əliyev,Yaqub Məmmədov, İslam Rzayev, Qədir Rüstəmov, Arif Babayev, Nəzakət Teymurova, Səxavət Məmmədov, Şahmalı Kürdoğlu, Sabir Abdullayev, Mənsum İbrahimov və klassik musiqimizin digər neçə-neçə azman ustadının söz-sənət dünyasına kökləyərdi. Belə anlarda göz yaşlarına hakim ola bilməzdi. Yadına erməni işğalında olan Ağdamda qoyub gəldiyi qrammafon valları, lent yazıları, şəkillər, müxtəlif qəzet və jurnallardan yadigar saxladığı məqalələr, müsahibələr və sair gələrdi. Lent yazılarının dalınca o dəfələrlə Ağdamdan paytaxta qədər yol ölçmüş, onları arxivdən yalvar-yaxar əldə etmişdi. Şəxsi kitabxanasında Azərbaycan ədəbiyyatının say-seçmə külliyatı ilə yanaşı dünyanın ən tanınmış yazıçı və şairlərinin əsərlərini də toplamışdı. Bunlar onun üçün düşmənə qismət olan bütün var-dövlətindən daha dəyərli idi.

         Növbəti dəfə yenə bu ülvi hisslərin təsirindən qopa bilmirdi. Bir neçə saatdı buradaydı. Özünü büsbütün unutmuşdu. Qaş qaralmağa doğru gedirdi. Qəflətən diqqətini yaxınlıqdakı bir elan çəkdi. Həmin gün axşam filarmoniyada məşhur alman bəstəkarı və pianoçusu Hauschkanın konserti olacaqdı. Nə qədər dünyaca tanınmış musiqiçi olur-olsun, kimsə onun gözündə Azərbaycanın muğam ustadlarından ucada dura bilməzdi. Ona görə də belə konsertlərə o qədər də maraq göstərməzdi. Bu dəfə halı tamam başqa idi. Özündən asılı olmayan hansısa bir qüvvə ona bilet aldırdı. Bu hərəkətindən özü də bir o qədər baş açmasa da, tezcə evə yollandı, çöl-bayırlıq libasını geyib filarmoniyaya tələsdi.

        Konsertin başlaması ilə Fəxrəddin musiqi dünyasına qapıldı. Hansı millətə mənsub olmasına baxmayaraq peşəkar klassik musiqiyə biganə qalmaq mümkün deyil. Musiqinin dili ümumişlək dildir. Fəxrəddin də qısa bir müddətdə Hauschka dünyası ilə bütövləşdi. Konsert yarıdan keçməkdəykən səslənən növbəti əsər onu güclü zəlzələ kimi yerindən oynatdı. Fortepiano üçün yazılan bu musiqi nömrəsi başlayar-başlamaz notlar şahə qalxdı. Sanki həyəcan təbili var qüvvə ilə döyəcələnirdi. Fəxrəddinin gözləri önündə 1993-cü ilin bədnam iyul günləri canlandı. Ermənilər qəddarcasına Ağdama hücuma keçmişdilər. Ah-nalə ilə top-tüfəng səsi bir-birinə qarışmışdı. İyulun 22-də onların da yeddi nəfərlik ailəsi “Moskviç”ə doluşaraq evlərindən heç nə götürmədən Ağcabədiyə qohumlarıgilə getmək məcburiyyətində qalmışdı. İnanırdılar ki, bir-iki günə yenidən Ağdama qayıdacaqlar. Onlara beləcə söyləmişdilər. Burda deyiblər, sən saydığını say, gör fələk nə sayır. Bir də onda ayıldılar ki, Bakıda Dərnəgüldə Pedaqoji İnstitutun yataqxanasında məskunlaşıblar. Bu boyda ailənin çay, su içməyə cəmi cümlətanı iki-üç stakanı, xörək yeməyə də məhdud sayda boşqab və qaşıqları vardı. Səhərə çörək pulunu necə tapacaqları da onlar üçün müşkülə çevrilmişdi. Qısa zamanda Qarabağın görən gözü Şuşa kimi onun döyünən qəlbi Ağdam da viran qoyuldu. Fəxrəddingilin illər boyunca diş-dırnaqları ilə araya-ərəsəyə gətirdikləri var-dövlətləri, həyət-bacaları da tar-mar edilmiş, yaman günə salınmışdı. Vəhşətin həddi-hüdudu yox idi. Ermənilərlə döyüşlərdə təkcə Ağdamdan 6 minə qədər sakin şəhid düşmüşdü. Faşistlər belə hayların törətdiklərinə biganə qala bilməzdilər.

         Alman bəstəkarının əsərindəki musiqinin ritmi əvvəlki gərginliyini saxlasa da, ortada bir qədər səngidi, eyni axar aldı. Fəxrəddinin gözləri önündə Ağdamın tanınmaz hala gətirilən ağır, yeyinti və yüngül sənaye müəssisələri, asfalt, pambıq,konserv, yağ-pendir, çörək,şərab və digər zavodlarının, xalça fabrikinin, taxıl məhsulları kombinatının, onlarla təhsil, mədəniyyət, səhiyyə və sosial obyektlərin qalıqları canlandı. Avropanın ən zəngin ölkələrinin bir sıra şəhərlərinin belə inkişaf səviyyəsinə görə həsəd apara biləcəyi böyük bir yaşayış məskəni yerlə-yeksan edilmişdi. Bu dəhşətli səhnədən insanın tükləri biz-biz dururdu. Gözləri önündə boya-başa çatdığı yurdunun belə vəziyyətdə canlanması Fəxrəddin üçün nə demək idi, bunu yalnız qaçqın və məcburi köçkünlər tamlığı ilə anlaya bilərlər.

        Musiqi sona doğru yenidən yüksək notlara kökləndi. Əsərin bu hissəsində hayqırtı, təlatüm, haqqın-ədalətin gözünə dik baxmağa çağrış, imdad dolu mələrti vardı. Fəxrəddinin halı dözülməzdi, sanki indicə huşunu itirəcəkdi. Bunu qonşuluğunda oturanlar da hiss edirdilər. Heç ağlına gəlməzdi ki, elə salondakıların əksəriyyəti onunla eyni vəziyyətdə idi. Özündə olmadığından, təbii ki, o, bunları duya bilmirdi. Hədəqəsindən çıxmaq üzrə olan gözləri Hauschkanın fortepianonun üzərində sağa-sola səkən barmaqlarında və onun tam tutqunlaşan çöhrəsində idi. Bu, onun üçün bir növ ekran rolunu oynayırdı. Orada isə dəhşətli səhnələr bir-birini əvəzləyirdi. Pənahəlı bəyin imarəti və türbəsi, Xanoğlu türbəsi, Şahbulaq qalası, Qutlu Sarı Musaoğlu künbəzi, Xurşidbanu Natəvan və oğlunun türbəsi, karvansaray, Ağdamın mərkəzindəki məscid və minarələri, bu diyarın sayagəlməz digər maddi-mədəniyyət abidələri ya yer üzündən silinmişdi, ya da yararsız hala gətirlimişdi. Yandığından özünü heç cür saxlaya bilməyən Fəxrəddin “Sizə Seyid Lazım Ağanın, Seyid Füqarənin ruhları qənim olsun” deyə erməniləri qarğışa tutdu. Onun qapıldığı dünyaya xələl gətirə biləcəklərindən ehtiyatlanan ətrafdakılar özlərini eşitməzliyə vurdular. Heç, o, özü də nə etdiyindən xəbərsizdi. Ağdam Dövlət Dram Teatrı, musiqi texnikumu, Çörək muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, Qurban Pirimovun xatirə muzeyi, Şəkil qalereyası da ələgəlməz halda idi. Özlərinin bu yerlərin əzəli sakinləri olduqlarını uydurmaqdan usanmayan ermənilərin Azərbaycanın maddi-mədəniyyət abidələrinə qəddarcasına toy tutmaqda yarışa girdikləri göz önündəydi. Əcnəbilərin təbirincə desək, indi “Qafqazın Xirosiması”,” Ruhlar şəhəri” sayılan Ağdamın, həmçinin, işğal altındakı digər torpaqlarımızın və Qarabağ elinin əhalisinin tayı-bərabəri olmayan soyqırımı və barbarlığın qurbanı olması şəksizdir. Dörd dəqiqə əlli beş saniyəlik əsər boyunca Fəxrəddin Qarabağın ağrı-acılarını bir daha dərindən yaşadı. Musiqi nömrəsinin bitməsi ilə o, ətrafdakıların da onunla eyni halda olduqlarının mahiyyətinə vardı. Bu ona qəribə gəldi. Onunla yanaşı oturan kəsin klassik musiqi bilicisi olduğunu elə konsert başlayandan sezmişdi. Yavaşca ona sarı əyilib soruşdu: - Dost, bu əsərin adı nədi?!. Məcburi köçkün babayam, sizi narahat etdiyim üçün məni üzürlü sayın?!.

        Bayaqdan onun halına acıyan qonşusu mehriban və mənalı bir tonda dilləndi: - Bu əsərin adı “Xaraba Ağdam”dır, fortepianoda ifa edən alman bəstəkar bunu özü notlara çevirib. Fəxrəddinin matı-qutu qurudu. Eşitdiyi onda bayaqdan Ağdamla bağlı duyduqlarından daha güclü təsir doğurdu. Fikirləşdi ki, İlahi, bu hələ bir əcnəbinin görüb, duyduqlarıdır. Gör indi, məcburi köçkünlər ötən müddətdə yaşadıqlarını nota köçürə bilsəydilər, necə əsər alınardı?!. Bəlkə, bu, ATƏT üçlüyünü, gecə-gündüz demokratiyadan dəm vurmaqdan yorulmayan Qərbliləri insafa-mürvətə gətirərdi. Elə o andaca cavabını da özü verdi; inanan daşa dönsün,güman Tanrıya, bir də yalnız və yalnız özümüzədir, vəssalam.

        Məcburi köçkünlüyün yükünü müvəqqəti də olsa çiyinlərindən atmaq üçün tez-tez nəvələrinə qatılıb, evin içindəcə o yan, bu yana qoşar, bəzən lap körpələrlə birgə iməkləyər, bəzən də şirin nağıllar söyləyərdi. Belə anlarda uşaqlıq illəri yadına düşər, sarı simlər dilə gələrdi. Evləri Xurşudbanu Natəvan və oğlunun türbəsinin qonşuluğundaydı. Bu geniş ərazi daş hasara alınmışdı. Hasarın bir hissəsi çaylaq daşlarından hörülmüşdü. Digər hissə isə bu hasara bitişik evlərin sakinləri tərəfindən mişar daşıyla araya-ərsəyə gətirilmişdi. Buradakı türbələrlə bir sırada qarqarların məskəni, ilkin mənası “kiçik qalalar” anlamına gələn qədim Ağdamın maketi qoyulmuşdu. Həmin ərazidəki Xan çinarların bəzilərinin yaşı qocaların dediyinə görə 300-500 ili də ötürdü. Bir neçə nəfər qol-qola bənd olub bu ağacların gövdəsini ancaq dövrəyə ala bilərdi. Hasarlanmış ərazidəki futbol meydançası da istər peşəkarların, istərsə də həvəskarların tez-tez üz tutduqları məkandı. Fəxrəddin də burada o qədər top qovmuşdu ki, saya gəlmirdi. Məhəllə uşaqları ilə ənzəli, eşşəkbelixırç,dirədöymə oynadıqları xoşbəxt anlar da gözləri önündə tez-tez canlanardı. Belə məqamlarda fikirləşərdi ki, kaş, uşaqlıq illəri elə əbədi olaydı. Doğma yurdlarından kənarda doğulan məcburi köçkün uşaqların əksəriyyətinin öz dədə-baba ləhcəsində danışmaları onu çox sevindirərdi. O, nəvələrinə təkrar-təkrar “Heç vaxt yaddan çıxarmayın, siz ağdamlı balasınız!!!” deməkdən yorulmazdı. Onun qənaətincə, zatına hörmətlə yanaşmaq hər bir millətin gələcəyinin təminatının açarıdır. Təzəcə ikinci sinfə getməyə hazırlaşan nəvəsinin “Baba, bəs, biz Ağdama nə vaxt qayıdacağıq?!.” sualının cavabında isə dili-dodağı tutular, daxili dünyası tar-mar olardı. Bu acınacaqlı vəziyyətdən yalnız acizanə şəkildə “İnşallah...” deməklə çıxmaq məcburiyyətində qalardı.

       Bütün gecəni yerindəcə qurcalanmışdı. Gözlərinə əməlli-başlı yuxu getməmişdi. Ürəyinə dammışdı ki, nəsə xoş xəbər eşidəcək. Gözləri yol çəkirdi, qulaqları da səsdəydi. Qəfildən həyəti səs-küy basdı. Tələm-tələsik aşağı düşdü. Gözlərinə inanmadı. Bir neçə Qarabağ atı qarşısındaydı. Doğma baxışları ona sarı zillənmişdi. Bu məqamda qonşuları bildirdilər ki, deyirlər, bu atlar bütün ölkəni bürüyüb. Dördbir tərəfi Qarabağ atlarının kişnərtisi basmışdı. Sanki Ağdam Atçılıq Zavodunun darvazalarını laybalay açmışdın. Hövlnak tini burulan iki sütül gənc də ona tanış gəldi. Necə də tanımasın. Bunlar Qarabağın ilk şəhidləri idi, Əsgəranda namərd düşmənin gülləsinə tuş gəlmişdilər. Əli Hacıyev və Bəxtiyar Quliyev tezcə ona yaxınlaşdılar: - Fəxrəddin əmi, zəhmət olmasa, atlan, burada yaşayan bizlərin kişilərindən daha kimlər var, onları da səslə, gecikməyək. Birazdan millət ayağa qalxacaq, bütün erkəklər döyüşə haylanacaq. Məcburi köçkünlər də hər kəsən öz qərargahlarına toplaşmalıdır, tapşırıq belədir. Biz - ağdamlılar Quzanlıya yollanırıq. Pənahəli xan da, Allahverdi Bağırov, Şirin Mirzəyev, Fred Asif, Faiq Ağayev, Rövşən Əkbərov, Canpolad Rzayev, Rövşən Hüseynov, Nadir Əliyev... bütün digər qəhrəman oğullarımız da, Ağdamın işğal altında olmayan 10 kəndinin camaatı da, hamı silaha sarılır. Gəlin gedək, görək, ermənilər bu dəfə nə deyir?!. Onlara “Dördgünlük müharibə”nin növbəti seriyasını yaşatmağın vaxtı yetişib, donuzu özbaşına qoysan, pəyədən çıxan deyil!?. Fəxrəddin bir də özünə gələndə artıq Qarabağ atlarının yalmanına yata-yata Quzanlıya yetməkdəydilər.

       Bütün məcburi köçkünlər dizin-dizin Qarabağa sarı sürünürdülər. Qabaqda dədə-baba torpaqlarını yenicə yağı düşməndən azad edən kişilər, dallarınca da külfətləri. Bu köç bütün ölkəni hörümçək toru kimi əhatəyə almışdı. Hamı öz doğma yurduna tələsirdi, az qala dördnala çapırdılar. Millət bayram içindəydi. “ Onlar bir daha gəldikləri yerlərə dönməzlər” deyən ağzıgöyçəklərsə puçur-puçur tər axıdır, peşimanlıqlarını yığıb-yığışdıra bilmirdilər. Bir nəfərsə köçü yaman qabaqlayırdı, hamıdan xeyli irəlidəydi, elə bil, Qarabağa sarı uça-uça irəliləyirdi. İlk dəfəydi onun bu halı qətiyyən səbirsizliyindən qaynaqlanmırdı. O, Fəxrəddin kişi idi, ağdamlı Fəxrəddin...

 

                                                                    

Azad Müzəffərli

P.S: 2016-cı ildə qələmə alınan bu hekayə ağdamlı Fəxrəddin Zeynalovun şəxsində bütün məcburi köçkünlərə həsr edilib… Gözünüz aydın!!!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK