adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

“Rahat uyu, Məmməd Araz, Azərbaycan Vətən deyir!”

Rövşən Tahir
153576 | 2020-10-14 12:24

Bu gün gərək

Hər anımız Vətən! - desin.

Qılıncımız, qalxanımız

Vətən! – desin.

Ölənlərin əvəzinə

Qalanımız - Vətən! - desin.

Zərrə qədər imanımız,

İmanımız - Vətən! - desin.

                                                                                                                              Xalq şairi Məmməd Araz

Düzünü deyim ki, Məmməd Araz haqqında yazmağı 1 ay öncə qərarlamışdım. Zamanında barəsində oxuduqlarımı bu 1 ay içində təkrarlayıb Məmməd Arazı daha yaxından oxuculara təqdim etməyi düşünürdüm. Bu şairin yaradıcılığına baş verən hadisələr zəminində nəzər salanda qürurlandım, kövrəldim, onun təbirincə desəm, hər gün “Vətən” dedim.

Vətən sevgisi, Vətənpərvərlik Məmməd Arazın yaradıcılığının əsas qayəsini təşkil edir. Elə bundan doğur ki, poeziyası Azərbaycançılıq motivləri ilə zəngin olan şairin sevgisi də Vətənlə bağlıdır. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” deyən şair əslində bu günlərin çağırışçısı, carçısıdır.

Millilik, müstəqillik, azadlıq düşüncələrini şeirlərində bənzərsiz şəkildə ifadə edən Məmməd Araz sözün həqiqi mənasında İstiqlal şairidir. Keçmişimizin, bu günümüzün, sabahımızın həqiqətləri Məmməd Araz qələminin sivri ucundan çıxan kəlimələrdə əks olunub:

Qələm gəldi əlimə --
Araz gəlir dilimə!

...Araz deyəndə mən
Yalnız çay düşünmürəm!
Mənim tək baxsan ona
Deməzsən adi sudur.
O, bir gəlin hörüyü,
Bir uşaq yuxusudur.
O, Qıratın yalmanı,
Bozatın tərliyidir;
Nənəmin ipəkliyi,
Babamın sərtliyidir...

Yaradıcılığının mövzu-mündəricisini təşkil edən Araz mövzusu elə şairin özünün də möhürünə, təxəllüsünə çevrilib: mməd Araz”.

Araza bir çay kimi deyil, bütöv Azərbaycanın simvolu kimi baxan Məmməd Araz onu tez-tez obrazlaşdırır, Arazın həsrətindən doğan təəssüratlarını millətin ayrılıq dərdi, həsrəti ilə bağlayır. Bu baxımdan onun poeziyası Vətənin tarixidir, xalqın taleyidir.

Azərbaycan əsgərlərini oğulları kimi qəbul edən Məmməd Araz onları qələbəyə səsləyir, onları ölməz bir varlıq kimi nəzərdən keçirir. Misralarında qələbə həddinin, qələbə səddinin məhz əsgər olduğunu söyləyən şair yazır:

Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul - mərd igiddir.
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür.
Geri dönmə sən qələbə xəttindəsən,
Son qələbə həddindəsən, səddindəsən!

“Vətən” və “Vətənpərvərlik” kimi müqəddəs anlayışları tez-tez xalqa aşılayan Məmməd Arazın hər misrası bir məna, hər bəndi isə bu mənadan doğan böyük bir təəssüratdır:

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!

Məmməd Arazın bədii düşüncəsində Azərbaycan bir dünyadır. Təbiəti, zəngin dəyərləri, mənəviyyatı əxlaqı ilə özünəməxsus bir dünya:

Azərbaycan!... Qayalarda bitən bir çiçək...

Azərbaycan, çiçəklərin içində qaya...

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

İlk sözünü Vətəndən başlayıb elə Vətəndə də bitirən şair Vətənə həsr etdiyi şeirlərində ona bağlı nümunəvi bir vətəndaş kimi çıxış edib, bununla da vətəndaşlığın himnlərini yaradıb. Hər anımızla səsləşən o himnlər bu gün bizi qələbəyə səsləyir:

Bu gün bizim

Hər anımız Vətən! - deyir.

Qılıncımız, qalxanımız

Vətən! – deyir.

Ölənlərin əvəzinə

Qalanımız - Vətən! - deyir.

Rahat uyu, Məmməd Araz,

Azərbaycan Vətən” deyir!

Rövşən Tahir

 

TƏQVİM / ARXİV