SON DƏQİQƏ:

XƏYALLARIMDA AXTARIB, TRABZONDA TAPDIĞIM ADAM

  34597   |  
Şriftin ölçüsü  

O, yer üzündəki adamlardan çox məqamlarda fərqlənir

Hərdən öz-özümə fikirləşirəm: görəsən Allah mənim bəxtimi yazanda ovqatı necə olub? Və görəsən mən bunu özüm bildiyim kimi yozsam, təsəvvür etsəm, Allahım məndən inciməz ki? Onun qəzəbinə gəlmərəm ki?..

Belə baxanda sual sadə görünür, adi səslənir. Hətta bunu hamı ürəyindn keçirə bilər. Şərt deyil ki, yazı-pozu adamı olasan... bir damcı ruhun ola... duyğusallığın ola... və yaxud da az-çox söz anlayasan... sözün qatlarını bir-iki pillə enə biləsən. O sözlə göy üzünə bir-iki pillə yaxınlaşasan... Söhbət ondan gedir ki, özünü və özün qədər bildiyin, özün qədər tanıdığın, sevdiyin insanı da baxışından, sifətinin cizgilərindən, hətta duruşundan belə, anlayasan. Bax, onda mənim sadə hesab etdiyim və yaxud sizin sadə hesab etdiyiniz sualların hər biri mütləq bir dağ boyda olacaq, altından qalxa bilməyəcəksiniz, necə ki, mən qalxa bilmirəm. Özü də mən bu qərarı, bu nəticəni dünən, beş gün, bir ay bundan öncə qəbul etməmişəm. Mənə elə gəlir ki, həmin o qərar da, sual da mənimlə yaşıddı. Çünki barəsində danışacağım adam məndən yaşca kiçik olsa da, dünyagörüşü, anlayış, insanlıq cəmiyyətə və ətrafa münasibət, diqqət, bağlılıq, dilə sevgi, millətə vurğunluq, torpağa tütiyə kimi baxmaq ölçülərini çəkiyə qoyanda məndən çox-çox öndədi. Mən onunla müqayisəyə gələ bilmərəm. Və mən hərdən belə fikirləşirəm ki, bu cür adamlar yer üzündə çox ola bilməz. Əgər bu cür adamlar yer üzündə çox olsa, onda Allahın mələklərlə ehtiyacı qalmaz. Və bir də mən düşünürəm ki, məhz bu cür adamların daxilində mütləq bir mələk yaşayır, oturur. Və öz mələkliyini bu adamlara köçürüb, tapşırıb. Ona görə də bu adamlar sudan durudu, günəşdən şəfqətlidi, torpaqdan bərəkətlidi və...

Onunla tanışlığımın yaşını gününə, saatına, ayına qədər, təqvimə baxıb, deyə bilərəm. Amma bu, sadəcə bir fakt olacaq. Məsələn, filan ayın filan günündə qarşılaşıb görüşdük. Amma mən onu bu cür qəbul etmirəm. Çünki öncədən dediyim kimi, o mənim əl çatmayan, ün yetməyən xəyallar dünyamın adamıdı və bu adam da yaşda məndən kiçik olsa da, sanki mənimlə eyni gündə, eyni saatda, hətta eyni doğum evində dünyaya gəlib. Sadəcə, biz yanaşı addımlamışıq, hərəmiz öz işimizlə məşğul olmuşuq və paralel gedən yollarımızın kəsişməsini gözləmişik. Və günlərin birində də o xəyallar dünyasının adamıyla üz-üzə dayanmışam. Bunun da ilk səbəbkarı Fəridə Rəhimli olub. İnternet səhifəsində, daha doğrusu, facebook-da bir paylaşması onun diqqətini çəkib və burdan qiyabi tanışlıq başlayıb. Sonra isə o qiyabi tanışlıq əyaniləşib. Biz daha qiyabi oxuyan tələbələr kimi gün öldürməmişik. Əksinə, əyani oxuyan tələbələr kimi kitabdan ayrılmamışıq. Günümüz demək olar ki, bir-birimizə diqqəti, qayğını göstərmək, bir-birimizi yaxından tanımaqla daha da gözəlləşib, daha da maraqlı olub. Və bir gün telefonuma zəng gəlib. Bu zəngi də Fəridə Rəhimli edib:


- Qardaşın gəlir, get qarşıla!

Tələsik özümü ona çatdırdım. Görüşdük. İndiyə kimi də o görüşün, o ilk canlı şəkildə bir-birimizlə olan təmasın aurasını, cizgilərini bütünlüklə o anı başqa kiminləsə görüşüb yaşayacağım müstəviyə keçirə bilmirəm. Mənə elə gəlir ki, qardaşların bu görüşü bir insanın bir mələklə əl tutması səhnəsidir. İnanın ki, bunu tam səmimi deyirəm. Və...

Beləcə, başladı bizim əyani dostluğumuz. Telefonla, yazışmalarla özülü qoyulan qardaşlığın canlı addımları keçdi ailəmizə... Uşaqlar da, xanımlar da tanıdı bir-birini... və günlərin birində bu dostum məni ağlatdı. Özü də elə ağlatdı ki, Şuşadan, Füzulidən,Tuğdan, Qarabağdan ayrılanda elə ağlamışdım. Ağladığımı görüb məni sakitləşdirməyə çalışdı, təəccüb içində olan qardaşım, dostum Əhməd bəy! Amma mən elə kövrəlmişdim, elə dolmuşdum ki, gücüm misralara çatdı.


Çeşmələr min biçimdə

Öpə-öpə içdim də!

Ürəyimin içində -

Dağlar ağlatdı məni!..


Ayağına sərildim

Vallah, öldüm-dirildim...

Ümid verdi - kiridim -

Dağlar ağlatdı məni!


Yəqin başa düşdünüz. Məni Trabzonda gəzdirdi dostum, qardaşım Əhməd bəy. Apardığı, göstərdiyi hər yerdə bir Şuşa gördüm... bir Laçın gördüm... bir Kəlbəcər gördüm... Baxdığım hər dağı, hər yolu, hər bulağı Qarabağdan, işğal olunmuş torpaqlarımızdan qopub ayrılmış bir parça saydım. Bütün bunları məndən də yaxşı duyan Əhməd bəy məni qucaqlayıb kövrək bir səslə:

- Abi, dönəcəyik Qarabağa, mən də gələcəm ora, inanın! Allahımız türkü heç vaxt darda qoymayıb, inşallah, yenə də qoymaz! - dedi.

Mən onda anladım ki, təxminlərimdə yanılmamışam. Əhməd bəy doğrudan da insanın içini görən, ürəyini oxuyan birisidi. Onun səsindəki, gözlərindəki, hətta mənə toxunan əlindəki hərarət bunu sübut etdi. Özü də elə sübut etdi ki, ömürlük yazıldı yaddaşıma. Və onunla istənilən mövzuda etdiyim söhbətdə mən həmin səmimiyyəti, həmin doğmalığı, həmin inancı təkrar-təkrar yaşadım...

Mən trabzonlu qardaşım Əhməd Varolla dostuluğumun, qardaşlığımın bir məqamını xüsusi vurğulamalıyam. Bu da ondan ibarətdir ki, Əhməd bəyin çevrəsindəkilər də hansı sənətin sahibi olmalarına baxmayaraq, demək olar ki, seçilmişlərdi. Və Əhməd bəy məni onlara təqdim edəndə onlar məni elə qarşılayırdılar ki, sanki yüz ildi tanıyırdılar... sanki yüz ildi bu görüşü gözləyirdilər. Üstəlik, bu adamların hamısı mənim yazı-pozu insanı olduğumu o qədər dəyərləndirirdilər ki, həqiqətən sıxılırdım içimdə. Çünki bizdə mən bunun şahidi olmamışdım. Orada anladım ki, Allahın verdiyi istedadın və bu istedaddan ortaya çıxan yazı-pozunun qiyməti çox böyük imiş. Və bir də onu anladım ki, Türkiyədə, eləcə də Trabzonda söz də urvatlıdı, söz adamları da...

Mən bu şəhərdə Əhməd bəyin təqdim etdiyi İbrahim hocanın timsalında din adamının ən dəyərli cizgilərini müşahidə etdim, izlədim. Gördüm ki, Allahına, Peyğəmbərinə bütün varlığı və ruhu ilə bağlı olan İbrahim hoca dostluqda da, insanlar arasında olan davranışında da o qədər sadə, o qədər mülayim və o qədər də qayğıkeşdi ki, onunla içini bölüşmək heç kimdə çətinilk yaratmır.


Günlərin birində yenə ürəyimi götürüb getdim qardaşımın yanına... Trabzona. Həkim, dava-dərman öz yerində... müalicə yenə öz yerində. Ən əsası, ən vacibi Qarabağın oxşarı olan bu yerləri gəzib-dolaşmaqdı. Və hər dəfə də mən bu bölgəni ziyarət edəndə ruhən Qarabağda gəzib-dolaşıram, ruhən özümü Şuşada görürəm. Bu yaşantılarım üçün təbii ki, Allahıma və dostuma minnətdaram. Bu minnətdarlıq təkcə etiraf deyil, təkcə yaşadıqlarımı dilə gətirmək deyil, bu, həm də anları yaşamaq üçün mənə şərait yaradan, mənə dəstək verən Allaha və o insana təkrar-təkrar baş əyməkdi. Ona görə də mən orda yazdığım şeirlərin birində vurğulamışdım ki,


Düşdüm arasına bu məmləkdə

Ulduz adamların, ay adamların...

İşığı bürüdü məni hər yerdə -

Ulduz adamların, ay adamların...


Heyrətlə seyr etdim gördüm ki, burda

Dənizdə yatırmış oyanan Günəş!

Yuyunub qalxırmış yatdığı suda...

Özü öz nuruna boyanan Günəş.


Adamlar ulduz, Ay, adamlar işıq

Hər kəsin dilindən sevgi ələnir...

Burda - Trabzonda mənimtək aşiq-

Olanın ürəyi nura bələnir!


Günün birində Əhməd bəyin söylədiyi bir xoş xəbərin izinə düşüb yenə tələsdim Trabzona. Bu dəfə dost övladının, qardaş oğlunun toyuna tələsmişdik ailəlikcə. O anları bizim Azərbaycan mühitinə köçürməyə hec cür gücüm çatmır. Çünki orda iştirakçısı olduğumuz toy doğrudan-doğruya bir ailənin, bir nəslin və bir də o toya dəvətli olanların bayramıydı. İnsanlar o qədər rahat, xoşbəxt əylənirdilər ki, bizim son illərin toylarını düşünüb, içimdə bir az sıxılırdım. Əhməd qardaşım yenə nələr yaşadığımı, nələr keçirdiyimi duyub əlini çiynimə qoydu:

- Abi, zaman-zaman hər şey yoluna düşər. Sizlər də israfçılıqdan əl çəkərsiniz. Cavanlara, təzə ailə quranlara kömək olub, yardım edərsiniz. Daha restoranlara yox!

Bəli, daha bir məqamı xatırlayıram. İbrahim hocanın imamı olduğu məscidin həyətində adamların söhbət etməsi, hal-əhval tutması üçün uyğun bir şərait yaradılıb. Burda adamlar təkcə dindən danışmılar. Dünyanın hər yerindən və bütün mövzularından, özü də bir-birlərini çaya və yaxud da "mədən suyu"na qonaq etməklə. Hər dəfə mən bu söhbətlərin iştirakçısı olanda hiss edirdim ki, onlar qonağın da fikrini eşitmək, ondan da nəsə "qoparmaq" istəyirlər. Təbii ki, mən də bildiklərimdən bu söhbətə qatırdım. Və bir də onda görürdüm ki, dostumun həmyerliləri məni çox böyük müdrik bir adam kimi dinləyirlər və fikirlərimə də sayğı ilə yanaşırlar. Bax, bu məqamda da dinləmək mədəniyyətinin şahidinə çevrilirdim...

Bütün bunları mən ona görə yazıram ki, Əhməd bəyin simasında bu dünyadan nələr görüb-götürdüyümü, nələr öyrəndiyimi, az-çox özümün qüsurlarımdan qurtulmaq üçün keçdiyim həyat dərsinin mənə nələr verdiyini bir daha yaddaşımda təzələyim. Bilirəm ki, bu yazını da digər bütün yazılarım kimi, Əhməd bəy oxuyacaq, oradakı dostlarla, tanışlarla bölüşəcək. Hətta yəqin ki, görüşlərin birində Trabzon Ortahisar Bələdiyyəsi başqanı olan hörmətli Ahmet Metin Gençe də çatdıracaq. Və o da biləcək ki, tanışlığımız, onun müsafiri olmağım və düyündəki xoş anları paylaşdığımı yaddaşıma, ürəyimə yazmışam. Həyatımın ən sadə, ən səmimi, eləcə də torpaq, millət sevgisi ilə dolu ürək sahibi olan bir dövlət məmurunu zaman-zaman unutmayacam. Mən onun simasında millətə xidmət etməyin nümunəsini gördüm...

Ona görə qardaşım Əhməd bəy haqqınla düşündüklərimin hamısını birnəfəsə yazmıram. Onun çox təvazökar olduğu, tərifdən xoşu gəlmədiyi üçün. Yəni, belə şeylərdən uzaq durmağa çalışdığını bildiyim üçün. Amma nə qədər çalışsam da, yenə deməliyəm k, Allahın mənə dost, qardaş simasında göndərdiyi, qarşıma çıxardığı Əhməd Varol həqiqətən nağıllarımın qəhrəmanı, xəyallar dünyamın adamıdı. Və mən bu adamla yanaşı dayandığım üçün onu qardaş, dost kimi evimdə, ailəmdə, dünyamda görüb güvəndiyim üçün Allahın şanslı bəndəsiyəm. Düşünürəm ki, o da mənimlə eyni fikirdədi.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK