ANA SƏHİFƏ / YAZARLAR

YASİN XƏLİLİN QƏZƏLLƏRİ

ƏDƏBİ HƏYAT

20912    |   2012-01-28 08:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Azərbaycan poeziyasında ən uzunömürlü janr heç şübhəsiz, qəzəldir. Neçə əsrdir ki, qəzəl insanların estetik zövqünü oxşamaqda davam edir, Bizim Füzuli, Nəsimi, Xətai, Saib Təbrizi, Nəbati, Seyid Əzim Şirvani, Natəvan, Vahid, Süleyman Rüstəm kimi qəzəli sevdirən,onu xalqın bədii təfəkküründə yaşadan, muğam sənətində əbədiləşdirən ustadlarımız olub. Əlbəttə, birinci sırada Füzulinin adını çəkməyim əbəs deyil. Qəzəl deyəndə Füzuli, Füzuli deyəndə qəzəl yada düşür. Füzuli-Seyid Əzim Şirvani-Vahid..Məncə, Azərbaycan qəzəli daha çox bu üç dahinin adıyla bağlıdır. Onların hər birinin yaradıcılığı Azərbaycan qəzəlinin ayrıca bir mərhələsidir-qəzəldə sözün abstraktlaşdırma və ümumiləşdirmə xarakterini maksimum dərəcədə ifadə etmək, hər beytdə sözün alt qatına getmək, hər qəzəldə isə bir obraz yaratmaq-bu, Füzuli mərhələsidir. Seyid Əzim Şirvani də bu yolu özünəməxsus bədii təsvir və ifadə vasitələrilə davam etdirdi, təbii ki, Füzuliyə çatmasa da, öz əsrinin böyük qəzəlxanı oldu və XIX əsr Azərbaycan poeziyasında ondan böyük şair yoxdur. Vahid isə Füzulidən və Seyid Əzim Şirvanidən bəhrələnib qəzəlin məcazlar sistemini qorudu, sübut elədi ki, qəzəlin yaşamağa, könüllər fəth etməyə haqqı var. Vahid qəzəli, onun dilini sadələşdirdi, xəlqiləşdirdi.
   
   XX əsrdə ictimai-siyasi həyatda baş verən çox mürəkkəb olaylar belə nə qəzəlin, nə də əruzun bel sütununu əyə bilmədi. Hətta başdan-ayağa partiyalı şair olan Süleyman Rüstəm də gözəl qəzəllər yazmaqla bu janrın süqutunu dayandırdı. S.Rüstəm tək deyildi. Bakı ədəbi mühitinin yetirmələri (həm onunla bir dövrdə, həm də ondan sonra) qəzələ sadiq qaldılar. Xüsusilə, səksəninci illərdən başlayaraq qəzəl yenidən poeziya janrları içərisində öz yerini tutdu. Yenidən "Divan"lar, qəzəl külliyyatları nəşr olundu. M.Seyidzadənin, Seyidağanın, Əliağa Bakirin, Ələkbər Şahidin, Hacı Mailin, Hacı Ələmdarın, Şahin Fazilin, Müzəffər Şükürün, Arif Səfanın, Gülarə Munisin, Ənvər Nəzərlinin, Arif Buzovnalının, İlqar Fəhminin, Sona Xəyalın, Mirəziz Seyidzadənin, Mahcamalın, Əvəz Qurbanlının, Səxavət Talıblının bu sahədə ardıcıl fəaliyyəti son əlli ilin qəzəl mənzərəsi haqqında dolğun təsəvvür yaradır. Yasin Xəlil də bu dəstəyə yenicə qoşulan şairlərdən biridir.
   
   Hələ IX-X yüzilliklərdə yaşayıb-yaratmış Qüdamə ibn Cəfər "Nəqd-əş-şeir" əsərində yazırdı: "Qəzəl-bu, məhz məhəbbət deməkdir, qadınlara olan çılğın sevgi haqqında hekayətdir" (sitat mərhum ədəbiyyatşünas Azadə Rüstəmovanın "Klassik Azərbaycan poeziyasında qəzəl" kitabından götürülüb). Sonrakı əsrlərdə də qəzəlin əsas mövzusunun məhz məhəbbət, eşqin və gözəlin tərənnümü olduğu barədə fikirlər söylənilib. Bu mövzu Füzulidən üzü bəri bütün qəzəl ustadlarının yaradıcılığında birinci sırada durur. Füzulini bütün dünya poeziyasında zirvələrə qaldıran ilahi eşqin tərənnümü deyilmi? "Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir..!-deyən Vahid bəzi qəzəlləri istisna olmaqla sonda bu qənaətə gəlməmişmi: "Vahidəm, xalqımın qəzəl şairi, məhəbbət şairi, gözəl şairi".
   
   Yasin Xəlilin də qəzəlləri əksərən məhəbbətin, eşqin, saf-ülvi duyğuların tərənnümünə həsr edilib. Bu qəzəlləri konkret mövzularına görə aşağıdakı şəkildə qruplaşdırmaq olar:
   
   1. Tərənnüm obyekti olan məşuqun vəsfi.Qəzəl ədəbiyyatında bu mövzuda yüzlərlə nümunə gətirmək olar ki, həmin qəzəllərdə şair (aşiq) sevdiyi gözəli dünyadakı bütün gözəllərdən üstün sayır. Onun gözəlliyini vəsf etmək üçün elə gözəl sözlər, bənzətmələr, metaforalar, mübaliğələr işlədir ki, başqa şairlər bunu şeirə gətirməmişlər.Təbii ki, bu, olduqca çətindir, burda bədii hünər tələb olunur. Məsələn, Nəsimi başqalarını təkrar etməsin deyə bədii bir fənd seçir. O, cananın-yarın şəninə söylənilən bütün müraciətləri (tərifləri) bir qəzəl boyunca sıraya düzür: "Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım, Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım. Şahım, mahım, dilaramım, həyatım, dirliyim, ruhum, Pənahım, məqsədim, meylim, muradım, sərvərim, canım" və s. Yasin Xəlilin də gözəli vəsf edən belə qəzəlləri az deyil.
   
   
   
   Gülüm, aləmdə o gül surətinin bənzəri yox,
   
   Heç kimin sən kimi nazəndə, gözəl dilbəri yox.
   
   
   
   Düzülür dür kimi misralara könlümdəkilər,
   
   O nə aşiqdi ki, bir sinədə min dəftəri yox.
   
   
   
   Göz yaşı bəhrinə sənsən məni qəvvas eləyən,
   
   Bəhri-eşqin, gözəlim, sən kimi bir gövhəri yox.
   
   
   
   Tellərin sayını ötmüş daha divanələrin,
   
   Bu qədər bəlkə də bir padşəhin ləhkəri yox.
   
   
   
   "Bəxtəvər başuva Yasin"-deyir aləm, nə qəmin,
   
   Heç kimin böylə gözəllikdə mələkmənzəri yox.
   
   
   
   Yaxud, başqa bir qəzəldən: "Yusifin gəlməz üzü tərk edə rüsva quyunu, Sən kimi böylə gözəl çıxsa əgər qənşərinə". Bu beyt onu sübut edir ki, Yasin Xəlil klassik poeziyaya yaxşı bələddir. Klassik qəzəllərdə tərənnüm olunan gözəl həmişə Leylidən, Şirindən, Züleyxadan, aşiq isə Məcnundan və digər eşq fədailərindən üstün tutulur.
   
   Bəs bu gözəlin xasiyyəti, rəftarı necədir? Aşiqin təriflədiyi bu eşq ilahəsi təkcə gözəlliyi iləmi tərif çələnginə layiq görülüb? Yenə xatırlayıram Ə.Vahidi: "Sevirəm mən o nəzakətli gözəl dilbəri ki, Musiqi elmini, rəssamı, qəzəlxanı sevir. Piri könlüm gəlir ilhamə, görüncə hərdən Bir nəzakətli gözəl qız gözəl oğlanı sevir". Yasində də gözəlin zahiri əlamətlərinin geniş təsviri ilə yanaşı, hərdən-hərdən onun daxili aləmi, ədəb-ərkanı, əxlaqı barədə təsəvvür əldə edirik: "Eyləyib Allah onu hüsnü məlahət kanı, Etməmiş kəm o pərivəşdən ədəb-ərkanı". Arzu edək ki, bu beytlərin sayı çox olsun.
   
   2.Aşiqin eşq yolunda çəkdiyi iztirablar, sitəmlər. Füzulinin bir beytini xatırlayıram: "Dəhənin dərdimə dərman dedilər cananın, Bildilər dərdimi, yoxdur dedilər dərmanın". Yasinin bu mövzuda qəzəllərinin sayı birinci sırada durur.
   
   
   
   Gəl gör, gülüm, hicrində nə zillət çəkirəm mən,
   
   Qəm-qüssədə sənsiz nə müsibət çəkirəm mən.
   
   
   
   Ey gül, gələcəksən deyə hər gün səhər-axşam,
   
   Yollarda qalıb gözlərim, həsrət çəkirəm mən.
   
   
   
   Sənlə keçən hər gün mənə bayram idi, sənsiz
   
   Hər bir günümün üstünə bir xətt çəkirəm mən.
   
   
   
   Pünhan eləyib sirrimi aləmdə haçandır,
   
   Dərdi, kədəri, möhnəti xəlvət çəkirəm mən.
   
   
   
   Ancaq hələ hicranə dözüb ölmədiyimdən,
   
   Yasin, öz-özümdən də xəcalət çəkirəm mən.
   
   
   
   3.Aşiqliyin məna və mahiyyəti. Aşiq kimdir? O, yalnız bir gözəlin sevdası iləmi yaşayır? Qəm çəkmək üçünmü dünyaya gəlib? Məramı, məqsədi nədir? Xətai demişkən: "Cahanda aşiqin çox adı vardır, Ki, hər birisinin bir dadı vardır". Yasinin qəzəllərində də aşiqliyin məna və mahiyyəti, aşiqin kimliyi bir neçə qəzəldə ifadə olunub. Çünki belə bir bəyan, belə bir məram olmasa, qəzəllərdə iki qəhrəmandan birinin-aşiqin xarakteri də aydınlaşmamış qalar.
   
   
   
   Eşq içrə ey könül, hələ də xar olan bizik,
   
   Yarın qəmində nalə çəkən, zar olan bizik.
   
   
   
   Bir ləhzə naümid deyilik, bəzmi-vəslinə,
   
   Bir ömrdür ki, həsrəti -didar olan bizik.
   
   
   
   Kəbə yolundan eşq yolun fərq qılmadıq,
   
   Yasin, bu yolda il boyu zəvvar olan bizik.
   
   
   
   4. Aşiq-məşuq münasibətləri. Bu tipli qəzəllər də Yasində çoxdur. Eşqin hərgünkü sınağı, çəkilən iztirablar, məşuqun nazı, qəmzəsi, zülmügFüzulidən bəri qəzəl ədəbiyyatımızda dövr etməkdədir. Natəvanın bir qəzəlindən bu iki beyti xatırlayıram: "Eşq sultanı mənim qətlimə fərman gətirib, Etmədim tərki-vəfa, taəti-fərman etdim. Ya təbib adını tərk eylə, təbabət etmə, Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?". Bu beytlər ikinci bölgüyə də daxil edilə bilər (Aşiqin eşq yolunda çəkdiyi iztirablar, sitəmlər). Ancaq fərq orasındadır ki, bu beytlər bilavasitə aşiq-məşuq münasibətlərinin lap indiki zamanda bəyanından soraq verir. Yasin Xəlilə müraciət edək: "Çox dedim canım sənə qurban, tez ol gəl, gəlmədin, Dözməyir hicranə can, tez ol gəl, gəlmədin" Və yaxud: "Zülfi-siyəhin, ey pəri, nolar, çək üzündən, Ağ lövhəsinə qismətinin qarə salarsan. O can evimi təmir edərsən qabağında, Göz yaşıma layiq qoşa fəvvarə salarsan" . Bu beytlər göründüyü kimi aşiq-məşuq münasibətlərinin ardıcıllığını, davamlılığını göstərir.
   
   5.Aşiq-əğyar münasibətləri. Klassik poeziyada, xüsusilə Füzuli qəzəllərində əğyar adətən təkfir olunmur, sadəcə rəqibdir. Amma böyük eşqin gözündə əğyar kiçik bir zərrədir. Yarın onunla qonuşması aşiqi heç də kədərləndirmir. Məsələn, Füzulidə belə bir beyt var: "Yar cövr etməz mana əğyar təlim etmədən, Billah, əğyar eyləyən ehsanı yar etməz mana". Beytin mənası budur ki, Əğyar rəqib) öyrətməmiş yar mənə zülm eləmir, vallah, mənə əğyar elədiyi yaxşılığı yar eləmir. Buradan belə məlum olur ki, əğyar bəd niyyətinin əksinə olaraq, aşiqə pislik yox, yaxşılıq eləyir, zərər yox, xeyir verir. Deməli, əğyar öz rolunun əksini oynayır, yar isə bütün cövrləri ilə əğyara çevrilməyib yarlığında qalır. (bu beytin şərhi füzulişünas Sabir Əliyevin "Füzuli qəzəllərinin şərhi-I cild" kitabında daha genişdir). Başqa misallar da gətirmək olardı. Yasin Xəlilin qəzəllərində Əğyar elə həmin funksiyanı yerinə yetirir. Ancaq Yasinin qəzəllərində Əğyar Aşiq tərəfindən bəzən söyüşə, təhqirə də məruz qalır, hətta ona nifrin yağdırılır ki, bunu heç arzulamazdıq. "Əğyarı alıb eşqdə min yarı öləydi, Heç tapmayıb öz dərdlərinə çarə öləydi".
   
    Yasinin qəzəlləri dilinin sadəliyi ilə diqqəti cəlb edir. Klassik poeziyadan gələn bəzi sözlər, söz birləşmələri var ki, bunlar qəzəl leksikasının daimi "üzvləridir"-onların heç bir ziyanı yoxdur (xaneyi-eşq, zülfi-siyəh,xüram, meykədə, xaliqi-aləm, sahibi-irfan, türreyi-tərrar və s.).
   
   Yasinin təxmisdə də bacarığı var. Füzulidən, Seyid Əzim Şirvanidən, Vahiddən təxmisləri janrın qaydasına uyğun yazılıb. Bundan başqa Yasinin mürəbbe, müxəmməs və müsəddəsi də onun klassik poeziyanın digər janrlarına biganə qalmadığını göstərir.
   
    O ki qaldı ayrı-ayrı şah beytlərə. Bu sarıdan da oxucu nigaran qalmaya bilər. Onlardan bir neçəsini misal gətirə bilərəm: "Quruyubdur dilim ağzımda, amanım kəsilib, Taqətim yox dəxi cismimdə bir ah eyləməyə. Cana pərçimləmiş öz eşqini canan, ey dil, Çıxmasın, rəhm eləsin bir dənə də peykanı. Ya məni vəslə yetirsin, ya da ki, öldürsün, Tellərindən çəkərək darə deyim, ya deməyim. Göz yaşı töküb hicridə ümman elədim mən, Vəslinçün, inan, yüz belə ümmanı verərdim. Bir quru cismim qalıbdır indi, Yasin, ney kimi, Bənd-bəndimdən çıxan atəşdə büryan olmuşam".
   
   Mən Yasin Xəlilə yeni yaradıcılıq uğurları arzulayıb deyirəm: Sənin qəzəl yazmaq hünərin var. Sənə Füzuli ecazı, Seyid Əzim qüdrəti, Vahid şöhrəti arzulayıram.


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK