ARTIQ TAMAH...

FAİQ QİSMƏTOĞLU
76431 | 2011-12-05 13:35

   
   ... Bu tamah ki, var, çox adamların başını yeyib. İnsanın başına nə oyun gəlirsə, onun çoxu tamahdan baş verir. Belə baxanda dünyada tamahsız insan yoxdur. Deməli, tamah hamıda var. Amma sadəcə olaraq, bir çox insanlarda tamah güclüdür, bəzilərində isə azdır. Tamahı güclü olan insanların gözü dünya malından heç vaxt doymaz. Düzdür, onların qarnı doyur, hər şeyləri var, ancaq gözləri doymaq bilmir ki, bilmir...
   
   "Qabusnamədə" belə bir maraqlı epizod var. Bir varlı uşağı ilə kasıb uşağı yola çıxır. Varlı uşağının heybəsində dünyanın nazı-neməti olur. Yəni hansı yeməyi istəsən heybəsindən də çıxırmış. Kasıb uşağının da heybəsində bir parça çörək, bir az da şor-pendir var imiş. Onlar səhra ilə xeyli gedir, günortaya yaxın bərk acırlar. Deyirlər ki, oturaq naharımızı edək. Onlar bir kölgəlikdə əyləşirlər və heybələrini açıb süfrə düzəldirlər. Ancaq süfrəyə hərə öz yeməyini qoyur. Varlı balası bir toyuq soyutması çıxarıb ortaya qoyur və sonra da toyuğu hissələrə bölüb qabağına çəkir. Görür ki, kasıb uşaq diqqətlə onun yediyi toyuq tikələrinə baxır. Varlı balası deyir:
   
   - Toyuq əti yemək istəyirsən?
   
   - Hə, versən yeyərəm.
   
   - Ancaq bir şərtlə verərəm. İt kimi hür, sənə bir tikə toyuq əti verim.
   
   Kasıb uşaq da it kimi hürür. O da çıxarıb bir tikə toyuq əti verir. Görür ki, yenə kasıb uşağın gözü onun ağzındadı.
   
   Varlı oğlu dillənir:
   
   - Yenə toyuq əti istəyirsən?!
   
   Kasıb uşaq:
   
   - Versən yeyərəm, niyə yemirəm?!
   
   - Onda xoruz kimi banla, sənə yenə bir tikə toyuq əti verim...
   
   Həmin uşaq da yenidən xoruz kimi banlayır və varlı balası ona bir tikə toyuq əti verir və uşaq da alıb yeyir. Həmin səhnəni yoldan keçən bir ağsaqqal görür və kövrəlir. Deyir ki, əgər bu kasıb uşaq özünün heybəsindəki şor-çörəklə kifayətlənsəydi, bu qədər də alçalmazdı. Yazıq uşaq tamahının əsiri olduğu üçün hər cür alçaqlığa hazır olur...
   
   Bəzi insanlar var ki, vəzifə kreslosunda əyləşmək üçün nəinki alçalmağa, hətta bütün varlığını qurban verməyə hər an hazırdı. Sadəcə olaraq, onlara yaxşı bir vəzifə verən olsa, həmin adam da bir göz qırpımında o kresloda əyləşər. Mənliyini, şəxsiyyətini, qürurunu və ən nəhayət, namusunu qurban verən bəzi adamlar vəzifədə əyləşən kimi qisas almağa başlayırlar. Çünki onlar hər şeyi itirib vəzifə kreslosunu qazanıblar.
   
   Burda da özünü balaca padşah kimi aparır. Yəni tamahı güclü olan bu adamlar vəzifədə əyləşəndə gözləri ayaqlarının altını görmür. Elə bilirlər ki, kişinin oğlu nə istəsən eləyə bilər. İstədiyini də eləyir. Kimsə onun yanına bir iş üçün gəlirsə, təbii ki, həmin adamın başına olmazın müsibətini açmalıdır. Onu get-gələ salmalıdır, incitməlidir və axırda da əlində-ovcunda nə varsa, onu alıb sonra işi düzəltməlidir. Mən heç cürə başa düşə bilmirəm ki, indiki zamanda kimsə başqasına təmənnasız olaraq əl tutsun. Bəlkə də belə adamlar var, amma onlar vəzifə kreslosunda deyillər.
   
   Dünyada tamahı Murtuzəli qılıncından iti olan insanlar nə Allahı tanıyırlar, nə də qanundan qorxurlar. Onların sadəcə olaraq, bir məqsədi olub. Torbanın başını doldurmaq, qızıl kisələrinin sayını artırmaq və çoxlu var-dövlət yığmaq. Yenə yadıma nə vaxtsa oxuduğum bir hadisə düşür. Orda da yazılır ki, çox kasıb bir adam varmış, o da çəkməçi işləyirmiş. Hər gün də halal zəhmətlə pul qazanır və axşam da evinə rahat gedib bir tikə çörəyini sakitliklə yeyərmiş. Yəni bu kişinin halallığına görə, heç kimdən çəkinəcəyi yox imiş. İşə də gələndə fışdırıq çala-çala cırıq ayaqqabları yamayırmış. Bir dəfə varlı bir kişi onun yanına gəlir və deyir ki, sən hər gün fışdırıq çala-çala iş görürsən və Allahına da şükür eləyirsən. Gəl sənə yarım kisə qızıl verim kefin daha da kökəlsin. Yarım kisə qızılı çəkməçinin yanında qoyub gedir. Səhəri gün həmin çəkməçinin yanından keçəndə fışdırıq səsi eşitmir. Bir gün belə, beş gün belə və bir aydan çox varlı adam fışdırıq səsi eşitmir. Günlərin birində yenidən o çəkməçinin yanına gəlir və soruşur:
   
   - Hər səhər sənin yanından keçəndə fışdırıq səsi eşidirdim. İndi bir aydı fışdırıq çalmırsan. Xeyir ola belə?
   
   Çəkməçi əsəbi görkəm alır və qaşları çatılmış halda deyir:
   
   - Sənin mənə verdiyin o yarım kisə qızıl mənim bütün xeyir-bərəkətimi və rahatlığımı əlimdən alıb. Bütün günü səhərdən-axşama qədər fikirləşirəm ki, o yarım kisə qızılın başını necə doldurum? Götür qızıllarını da burdan elə get ki, gözüm səni görməsin. O mənim həyatımı zəhərə döndərib. Mənim kimi zəhmətkeş adamlara qızıl kisələri lazım deyil. O, sənin kimilərə gərəkdi...
   
   Ömrü boyu var-dövlət, qızıl, gümüş, brilyant yığan insanların heç vaxt dincliyi olmayıb və yığdıqları o var-dövlət də heç vaxt həmin insanların nə özlərinə, nə balalarına, nə də nəvə-nəticələrinə qismət olub. Var-dövlət varsa, o var-dövləti toplayan adam dünyasını dəyişəndən sonra övladları arasında həmişə dava-dalaş, qırğın və faciə yaşanıb. Yəni çoxlu var-dövlət elə düşmən kimi bir şeydi. Axırda həmin adamın özünə qənim kəsilir, ya da övladlarının axırına çıxır. Atalar yaxşı deyib: "Artıq tamah baş yarar". Amma bəziləri fikirləşir ki, fərqi yoxdur, təki çoxlu var-dövlət olsun, təki kimlərsə həmin adamlara qibtə ilə baxsınlar. Həmişə bu dünyanın malı bu dünyada qalıb və heç kim özü ilə axirət dünyasına var-dövlət apara bilməyib. Böyük Məmməd Araz demişkən: Dünya sənin, dünya mənim, dünya heç kimin...
   
   
   
   ***
   
   
   
   İndi çoxlarımız avtobusa minəndə bilmirik ki, mənzil başına sağ-salamat çatacağıq, yoxsa yox?! Ona görə ki, son vaxtlar Bakı şəhərində neçə-neçə avtobus qəzaları baş verib. Qəzalar zamanı isə ölənlər və yaralananlar olub. Fikirləşmək olar ki, bu cür ağır hadisələrdən sonra Bakıda sərnişin nəqliyyatında qayda-qanun yaradılacaq. Başqa sözlə demiş olsaq, avtobusları idarə edən sürücülər intizamlı olacaq və sərnişinləri mənzil başına təhükəsiz çatdıracaqlar. Təəssüf ki, Bakıda sərnişin nəqliyyatında qayda-qanun yaradılmaq əvəzinə bəzi avtobus marşrutlarında hərc-mərclik və özbaşınalıq baş alıb gedir. Əksər avtobus sürücüləri idarə etdikləri nəqliyyat vasitəsini dayanacaqda saxlamır, harda sərnişin gördü əyləci basır və bu vaxt da avtobusun salonunda olan sərnişinlər bir-birinə dəyir. Bu cür vəziyyətə qarşı sürücülərə sərnişinlər iradlarını bildirəndə onlar əsəbiləşərk deyirlər ki, xoşunuz gəlmir düşün, taksi ilə gedin.
   
   Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı dayanacaqda isə avtobus sürücüləri sanki istirahət edir və yatmaq istəyirlər. Burda elə avtobus var ki, üç-dörd dəqiqədən sonra və bəzən də daha gec tərpənir. Bu cür anlar isə sərnişinləri hövsələndən çıxarır və sürücülərlə mübahisələr yaranır. Biz görmüşük ki, avtobuslar sonuncu dayanacaqlarda çox gözləyir. Amma indi bir çox avtobus sürücüləri vaxtım var deyib, istənilən dayanacaqda xeyli gözləyir. Bu isə bayaq dediyimiz kimi, sərnişinlərin böyük narazılığına səbəb olur.
   
   Dekabrın 2-də səhər saat 11 radələrində Respublika Xəstəxanası ilə Rabitə Kollecinin yaxınlığında 96 saylı marşrutda işləyən 556 nömrəli avtobusun sürücü dayanacağa çatarkən idarəetməni itirib, digər bir marşrutla 165 saylı 264 nömrəli avtobusla toqquşub. Hadisə hər iki sürücünün səhlənkarlığı nəticəsində baş verib. 96 saylı marşrutda işləyən avtobusun sürücüsü əyləci basan zaman sərnişinlər bir-birinin üstünə yıxılıb. Elə sərnişin olub ki, müvazinətini saxlaya bilməyib, avtobusun salonuna çırpılıb.
   
   Bu isə bir çox sərnişinlərin əzilməsi ilə nəticələnib. Sərnişinlər 96 saylı marşrutun sürücüsünə öz iradını bildirəndə o deyib ki, məndə günah yoxdur, 165 nömrəli avtobusun sürücüsü dayanacaqdan qəfil yoluma çıxdı. Çox qəribədir, 96 saylı avtobusun sürücüsü görür ki, 165 saylı avtobusun sürücü onun qarşısını kəsir ki, o gedib qabaqda saxlamasın. Sürücü isə buna məhəl qoymadan qarşı cərgəyə keçmək istəyir. Sanki 96 saylı avtobusun sürücüsü sərnişin deyil, tikinti materialı aparırdı. Sərnişinlər sürücüyə iradlarını bildirəndə sürücü çiyinlərini çəkib onlara da deyib ki, mən planı vermək üçün yerimdən tez tərpənməliyəm.
   
   Çox qəribə cavadı. Hansısa sürücü plan vermək və dayanacağa tez çatmaq üçün məgər sərnişinlərin taleyini təhlükə qarşısında qoymalıdır? Təəssüflər olsun ki, bu cür avtobus sürücüləri haqqında Nəqliyyat Nazirliyi nə qədər tədbir görsə də, onlar bundan nəticə çıxarmaq istəmirlər. İnanmaq istərdik ki, 96 saylı marşrutda işələyən 556 nömrəli avtobus sürücüsünün özbaşınalıqları Nəqliyyat Nazirliyi tərəfindən araşdırılacaq və sərnişinlərin həyatını təhlükəyə atan sürücü cəzalandırılacaqdır. Eyni zamanda, hadisəyə qəsdən şərait yaradan 165 saylı avtobusun sürücüsü də məsuliyyətdən kənarda qalmayacaq.
   
   Bütün bunları ona görə yazırıq ki, avtobuslarda sərnişinlər mənzil başına təhlükəsiz çatsınlar. Ümumiyyətlə, həm Nəqliyyat Nazirliyi, həm də Bakı şəhər Yol Polisi İdarəsi sərnişindaşımada mövcud olan bu cür nöqsanları tezliklə aradan qaldırmalıdır. Yoxsa, əks təqdirdə səriştəsiz və təcrübəsiz avtobus sürücüləri hələ bundan sonra da sərnişinlərin taleyi ilə çox oynayacaqlar.

TƏQVİM / ARXİV