ANA SƏHİFƏ / YAZARLAR

QƏDDAFİ HAKİMİYYƏTDƏN GETMƏK İSTƏMİR

125608    |   2011-02-25 06:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Liviyanın prezidenti Müəmmər Qəddafi hakimiyyəti əlində saxlamaq üçün hər vasitədən istifadə edəcəyini bildirib. Ərəb telekanallarının yaydığı məlumata görə o vəd etdiyi kimi istənilən vaxtı ölkənin neft yataqlarının partladılması üçün xüsusi hazırlanmış diversant qrupları göndərib. Bundan başqa hərbçilərə göstəriş verib ki, etiraz edən nümayişçilərə birbaşa güllə atılsın.
   
   Bildirilir ki, Qəddafiyə daha sadiq olan 5 min nəfərə yaxın hərbçi hələ ki, paytaxtı öz nəzarətləri altında saxlayır və prezidentin əmrlərini yerinə yetirməyə hazırdır. Liviyada ötən gecə nisbətən sakit keçib. Ölkənin qərbi müxalifət qüvvələrinin nəzarəti altındadır. Hakimiyyət tədricən Qəddafinin əlindən sürüşməkdədir.
   
   Müəmmər bin Muhəmməd Əbu Menyar Əbdül Salam Ben Həmid Əl-Qəddafi 1942-ci ildə Sirt şəhəri yaxınlığında bədəvi ailəsində anadan olub. 1965-ci ildə leytenant rütbəsi ilə Benqazi hərbi kollecini bitirib. 1966-cı ildə Böyük Britaniyada hərbi hazırlıq keçdikdən sonra kapitan rütbəsinə yüksəlib. Ərəb dünyasında 1967-ci ildə Liviya kralının icazəsi olmadan öz hərbi bölməsini Misirə 6 günlük müharibədə Kamal Əbdül Nasirə köməyə göndərməsi ilə tanınıb. Onun rəhbərliyi altında 1969-cu ilin 1 sentyabr tarixində Liviya kralı taxtdan salınaraq dövlət çevrilişi həyata keçirib.
   
   1970-ci ildə ölkənin baş naziri, müdafiə naziri və hərbi qüvvələrin ali baş komandanı vəzifələrinə yiyələnən Qəddafi tezliklə xarici dövlətlərin hərbi bazalarının ölkə ərazisindən çıxarılmasına nail olub. Onun əmri ilə 1972-ci ildə ölkədə siyasi partiyaların və müxalifət qüvvələrinin fəaliyyətinə qadağa qoyulub.
   
   Qəddafi 2009-cu ilin sentyabr ayında BMT-nin 64-cü ssesiyasında çıxışı zamanı BMT-nin Təhlükəsizlik Şurasını ciddi tənqid edərək bildirib ki, bu qurum fəaliyyətə başladığı gündən bu günə kimi iri dövlətlər BMT-nin sanksiyası olmadan 64 kiçik dövlətin ərazisində müharibə aparıb. O, yüksək tribunadan BMT-nin əsasnaməsini cıraraq onu yararsız sənəd adlandırıb.
   
   İndi ağır günlərini yaşayan diktator 41 illik hakimiyyətini qorumaq üçün geri çəkilməyəcəyini bildirir. Paytaxtı əlində saxlamağa çalışan hakimiyyət qiyamçıların başına külli miqdarda pul təklif etməklə yanaşı, xarici muzdlu əsgərlər də hazırlayır. Şahidlərin dediyinə görə, xarici muzdlular paytaxta gedən yollara nəzarət edir. Qəddafi bununla da öz dayaq məntəqəsini möhkəmləndirməklə qiyamçılara divan tutacağına ümid edir və hakimiyyətin ömrünü uzatmaq istəyir.
   
   Reuters agentliyinin məlumatına görə, Qəddafi tədricən ölkənin qərbinə nəzarətini itirir. BBC-yə istinadən İnterfaks bildirir ki, qərbdə yerləşən Əz-Zəviyyə şəhəri, həmçinin Misurat şəhəri də artıq müxalifətin nəzarəti altındadı. İnqilabçıların qalib gəldiyi şəhərlərdə əhali küçələrə çıxaraq paytaxt müxalifətini dəstəkləyir və inanırlar ki, başladıqları inqilab qələbə ilə başa çatacaq.
   
   Bir çox ekspertlərin fikrincə, müxalifətə optimist yanaşmaq düzgün olmazdı. Hərbi qüvvələri diktatorlardan üz döndərərək xalqların tərəfinə keçən Misir və Tunisdən fərqli olaraq Liviyada vəziyyət tamamilə fərqlidir. Ətrafını 120 min nəfərlik hazırlıqlı və yaxşı silahlandırılmış ordu ilə əhatə edən Qəddafi bilir ki, o qədər də güclü silahlara malik olmayan ölkənin hərbi qüvvələri onun hakimiyyətini devirmək iqtidarında deyil. Ekspertlərin fikrincə, Qəddafi Liviyanı qan çanağına döndərərək istədiyi qədər döyüşə bilər. Uzun illər ərzində neft pulları ilə ələ aldığı qəbilələrin bir çoxu ona xəyanət etsələr də o, zəngin neft yataqlarından gələn pulları əlindən vermək istəmir. Və bunun üçün qan bahasına olsa da silah gücünə qiyamları yatırmaq istəyir.
   
   Qərb mətbuatı yazır ki, Avropa faktiki olaraq vaxtilə əkdiyi meyvələrin bəhrəsini görür. Polkovnik Qəddafini uzun illər silah və sursatla təchiz etməklə diktator rejimini gücləndiriblər. Qəddafi uzun illər İtaliyadan hərbi vertolyotlar, Rusiyadan və digər ölkələrdən silah-sursat, Almaniyadan rabitə texnikaları alıb. Bir çox dövlətlərin liderləri - Rusiyanın baş naziri Vladimir Putin, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer, Venesuelanın prezidenti Uqo Çaves və digərləri Qəddafi ilə yaxın dostluq münasibətində olublar.
   
   İndi artıq vəziyyətə nəzarəti əlindən çıxaran Avropa Şurası Qəddafi rejiminə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Onlar diktatorun öz xalqına divan tutmasının qarşısını almağa çalışırlar. Bacaracaqlarmı?
   
   Atalar deyib: "Daldan atılan daş topuğa dəyər". İndiki halda bu daşın Liviya xalqının başına dəyməsi təhlükəsi daha böyükdür.
   
   
   
   


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK