adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

XINAYAXDI

VƏSİLƏ USUBOVA
58383 | 2010-03-20 01:05
İlaxır çərşənbədə hava küləkliydi. Yağış da yağırdı; çisələyirdi, güclənirdi, ara verib təzədən başlayırdı. Hava elə təmiz, xoş idi ki, adam bu ruzgarın ancaq cənnətdən əsə biləcəyinə özünü inandırmaq istəyirdi. Gündə üç-dörd dəfə otağıma baş çəkməyə vərdiş eləmiş iş yoldaşım içəri girməsəydi, Allah bilir, gözümü pəncərədən nə vaxt ayırcaqdım. Stula çöküb üzümə baxmadan "bu gecə bizi ailəlikcə xınayaxdıya çağırıblar" dedi. Mənim bu "xınayaxdı" sözündən o qədər xoşum gəlir ki, təkcə səslənməsindən ürəyim titrəyir. Düzdü, indi bu sözün ancaq adı qalıb, mərasimin özü bir yana, qızlar heç gəlin gedəndə də əllərinə xına yaxmırlar. Yenə də olsun, heç olmasa adı yaddaşlardan silinməyib. Həmişə ümidliyəm ki, getdikcə bu adəti daha çox yada salıb bərpa edəcək, öz əski halına qaytaracaqlar. Bəs, möhtərəm iş yoldaşım niyə belə qayğılıdı, görəsən? Daha bundan gözəl nə ola bilər ki? İlaxır çərşənbə ola, xınayaxdı ola. Ahag deyəsən, məsələ məlumdu, axı. Bu gözəl mərasimi yola verməkçin ona və arvadına xeyli pül lazımmış. Belə deg Mən başqa şeydən qorxmuşdum. Dedim, bəs, birdən mənim bu dostum da qınından çıxıb qınını bəyənməyənlərdən olar, xəbər tutmaram. Şükr ki, belə deyilmiş. Yaxşı qurtardıq. Amma, çox təəssüfg pul söhbəti araya girəndə çox şeyin dadı qaçırg
   
    Pul çox şeydən güclüdü. Kimini göyün yeddinci qatına qaldırar, kimini də torpaq üstündə dizin-dizin süründürər. Arzuları gözdə, təbəssümü dodaqda dondurar, adamı qohum-qonşu, dost-aşna yanında xəcil edər. Ancaq mənim bu saat dadlı xəyalların qanadında şirin uşaqlıq illərinin qoynuna uçmağıma mane heç qızıl dağları da mane ola bilməz...
   
   Və mən artıq yoldayamg
   
   
   
   ***
   
   
   
   Kəndimizdə toylar iki gün, iki gecə olardı. O zaman qız toyları dəbdə deyildi. Oğlan toyunun birinci gecəsi qız evində xınayaxdı olardı. Əslində, bu artıq adət halını almış müəyyən ssenari əsasında həyata keçirilən bir mərasim idi. Bu "ssenari"nin müəllifi də yəqin ki, bizim sinəsi söz xəzinəsi nənələrimiz olmuşdular. Xınayaxdı məclisi öz xudmaniliyi ilə seçilirdi. Bura ən yaxın qohum-qonşular dəvət olunurudular. Yığılanlar divar dibində sıralama oturur, ortaya süfrələr çəkilirdi. Plov, bozbaş, dovğa verilir, sinilərdə bişi paylanırdı. Süfrə başında nələr danışılmır; necə arzular, diləklər dilə gətirilir, alqışlar, uğurlamalar söylənilirdi. Adətən cavan qız-gəlinlərin qatıldığı məclisdə şux zarafatlar baş alıb gedir, gəlinlər öz xınayaxdılarından xatirələr danışır, subaylar həsrətlə o günü gözləyirdilərg
   
    Süfrə yığışılandan sonra ortalığa kətil qoyub sabah gəlin gedəcək qızı üstündə əyləşdirirdilər. Başına qırmızı kəlağayı salırdılar. Dilli-dilavər gəlinlərdən biri evdə qaval olsa qavalı, olmasa, podnosdan, nimçədən götürür, ardınca da o birilər çala-çala, oxuya-oxuya gəlinin başına dolanırdılar. Buna "bodagəzdirmə" də deyirdilərgXınayaxdının bu hissəsi bir az da "bəy tərifi"nə oxşayırdıg
   
   
   
   Ay boda, boda, boda
   
   Toyun mübarək, boda.
   
   Gəlsin qızın anası
   
   Desin "mübarək boda"
   
   
   
   Ömürboyu kənddən ayağını qırağa qoymayan bu qız-gəlinlərin oxuduğu mahnılarda nələr tərənnüm olunmurdu?! Onlar lap dünyanın o başında yaşayan, dilini, adətlərini bilmədikləri millətlərin qız-qadınlarının da arzu və istəklərini dilə gətirməyi bacarırdılar. Sən demə, yer üzünün bütün qadınları eyni istəklərlə yaşayırmışlar. Sevmək, sevdiyinin boyuna güvənmək, isti ailə ocağında xoş günlər görmək, oğul-qız böyütmək, yuvasını qorumaq, daha nələr, nələrg Bu mahnılarda ata evindən ayrılan qızın incə kədəri, düşəcəyi ailədə necə qarşılanacağından nigarançılığı, az-az, uzaqdan-uzağa gördüyü nişanlısı haqqında intizarı tərənnüm olunurdu. Nədənsə, bu qırmızı duvağın altında gəlinlər doyunca ağlayırdılar. Uşaq da olsam, mənə elə gəlirdi ki, bu göz yaşlarında sevincin, bəxtəvərliyin payı daha çoxdug Sonra duvağı götürüb gəlinin əlinə- ayağına xına yaxırdılar. Çox zaman ovcuna nişanlısının adını yazırdılar. Gəlini xınalayıb qurtarandan sonra piyaləni gəzdirir, qız-gəlinlər də bir-bir barmaqlarını batırırdılar. Bu zaman çoxları ovcuna istədiyi oğlanın baş hərfini yazırdı. Bu baş hərflərin sahiblərinin bəzisi tanınsa da, bəzisi sirr olaraq qalırdıg Xınadan oğlan evinə də göndərirdilərg
   
    Gəlin bütün gecəni əli-ayağı xınalı qalırdıg
   
    O zaman subay qız olan kiçik bibim bütün xınayaxdılara məni də özüynən aparırdı. O məclislərdən biri xüsusilə yadımda qalıb. Süfrə yığışdırılandan sonra hələ gəlin ortaya gəlməmiş birdən qapı açıldı, başında saçaqlı motal papaq, üz-gözü ağappaq una bulaşmış, gözləri belə seçilməyən bir kişi sürətlə içəri soxulub qız-gəlinləri qamarladı. Qızlar ovçu görmüş su quşları kimi qaqıldaşıb bir-birlərinə qarışdılarg Var gücümlə qışqırıb titrəməyə başladım. Bibim əlimyandıya düşdü, tez su gətirtdi. Mənə su içirdib ovundurmağa çalışdılar. Hamı başıma yığıldı. Həmin "kişi" də qarşımda dayanıb papağını çıxartdı, əliynən üz-gözünü silib özünü tanıtdı. Sən demə, bu Nügbar xala imiş. O zaman cavan, şux və zarafatcıl bir gəlin olan Nügbar xala. Üzünü unlamışdı, ocaq qarasından bığ çəkmişdi. Bibim yarızarafat, yarıgerçək danladı onu: "Allah sənə qənim olmasın, yenə yazıqsan. Uşağın bağrı yarıldı". Nügbarın anası Şahzada qarı kəndin mamaçasıydı. Çoxumuz onun əllərində bu işıqlı dünyaya təşrif gətirmişdik. Hamımız ona "nənə" deyirdik. Nügbar da lap qız vaxtlarından zarafatla bizi "nəvə" deyib çağırırdı. Nügbarı tanıyandan sonra özümə gəlsəm də, qorxaqlığım mərasimin ən maraqlı hissəsini pozdug
   
    Yuxarıda Nügbar xaladan danışanda "üzünü unlamışdı" ifadəsini işlətdim. O zaman kənddə bəlkə də çoxları pudranın, pomadanın nə demək olduğunu bilmirdi. Heç toy günü də üzlərinə əl gəzdirilməyən gəlinləri qızlardan ayırmaq olmurdu. Anam da belə olmuşdu, xalam-bibim də, əmidostu, dayıdostularım dagBu gün də kəndimizdə 70-75 yaşlarında qadınlar var ki, qaşlarına maqqaş, üzlərinə sap dəyməyib. Kim nə deyir-desin, bunun da öz gözəlliyi, bənzərsizliyi var. Təbiiliyin, ilkinliyin hüsnü ayrıdı, təkrarolunmazdıg
   
    Bu dadlı xatirələrimə kədər qatan bir məqamı da qeyd eləməsəm, rahat olmayacağam. Uşaqlıqda adama elə gəlir ki, ömür hamı üçün bal kimi şirindi. Ağlımız kəsəndə başa düşdük ki, bizi xoş üzlə, nəvazişlə dindirən yaxınlarımızın- ağbirçəklərin, qız-gəlinlərin çoxunun ürəyi yaralıymış. Sinələrində oğul, qardaş, ər həsrəti közərirmiş. Elə Nügbar xalanın iki qardaşı İkinci Dünya savaşından dönməmişdig Ancaq bu qüssəni bizim uşaq gözlərimiz görə bilmirdig
   
   Ömrün baharı üz döndərəndə qışı da sərt keçirmiş. Və dərdi təkcə müharibələr gətirmirmiş adamlara. Bu dərd istəkli Nügbar xalanı ömrünün ahıl çağında bir də yaxaladı. O, Daşkəsəndəki hərbi hissədə baş vrən məlum hadisədə həlak olan Elgün Səmədovun ata nənəsidig Həmişə uşaqlığımı, xınayaxdıları yada salanda cavanlığından bəri məclislər yaraşığı, zarafatcıl, ünsiyyətcil Nügbar xalanı xatırlayıram, o günlərdən ötrü burnumun ucu göynəyirg
   
    Səhv eləmirəmsə, o türk serialı "Acı həyat" adlanır. Bax, orada Nərminin xınayaxdısına baxanda məni heyrət bürümüşdü. Bizim kənddəki xınayaxdıların eynisiydi. "Onlar bizdən yaxşı qoruyub saxlayıblar bu adətimizi" deyə qibtə və heyranlıqla düşünmüş, həm də qürur duymuşdumg Bizdə isə hələlik təkcə adı qalıb "Xınayaxdı" adlanan o cözəl mərasiming
   
    Yox, bu gözəl mərasimi mütləq toylarımıza dönməli, xoşbəxt anlarımızın ayrılmaz hissəsi olmalıdı. Bu elə də çətin deyil. Sadəcə, biz özümüzə qayıtmalıyıqg

TƏQVİM / ARXİV