XOCALI TOYU

ƏBÜLFƏT MƏDƏTOĞLU
80819 | 2009-06-20 00:55
İşdən evə günün qayğıları ilə birgə yenicə qayıtmışdım. Daha doğrusu, qapıdan içəri daxil olanda balaca qızım özünə məxsus bir təbəssümlə: "Ata, Xocalıdakı qohumların toy dəvətnaməsi gətiriblər" dedi. Doğrusu, son vaxtlar qayğılar, ağrı-acılar o qədər artıb ki, iqtisadi çətinliklər də onun üstünə gəlib. Və beləcə toylarda sevinmək, bir az qayğıları unutmaq kimi hallar mənim üçün yadlaşıb. Elə bir sıxıntı içində toylara gedib-gəlirəm ki, əslində bu bir insanlıq borcunu yerinə yetirməkdi. Odur ki, dəvətnaməni kimin gətirdiyinin fərqinə varmadım. Amma...
   
   Bir azdan evin xanımı ilk dəfə olaraq gətirilən dəvətnamə barəsində bir növ arayış verdi. Dedi ki, xalan oğlu gəlmişdi, əvvəl tanımadım. Dəvətnaməni o qədər utancaq bir halda təqdim etdi ki, məcbur olub dedim ki, qardaş, burda utanmalı nə var ki, Allah mübarək eləsin, təki toy olsun, sən ki borc istəməyə gəlməmisən? Və ardınca da nə qədər evə - çay içməyə dəvət etsəm də, sağ ol - deyib getdi. Amma doğrudan-doğruya onun halına, dəvətinə ürəyim ağrıdı.
   
   Fikir məni götürdü, daha doğrusu, xatirələr məni qoynuna aldı. Xocalılı günlərim yadıma düşdü. Dəvətnaməni gətirən Rza ilə onların evində, həyət-bacalarında keçirdiyim məqamları xatırladım. Bir sözlə, elə bil hər şey bir kino lenti kimi gəlib keçdi təkcə gözlərimin önündən yox, həm də içindən.
   
   ... Bu da toy günü. Bu da Sumqayıtdakı "Xarı bübül" şadlıq sarayı. Yenə səmimi deyəcəm, mən son 10-15 ildə bəlkə ilk dəfəydi ki, bu cür qəribə havası olan toyda iştirak edirdim. Sevinclə-kədər, göz yaşıyla-təbəssüm, doğmalıqla-ayrılıq qol-boyun olmuşdu bu toyda. O qədər də sayca çox dəvətlilər olmasa da, demək olar ki, böyük əksəriyyət xocalılar idi. Hamısı da qohum-əqrəba, hamısı da tanıdığım insanlar. Düzdür, bir çoxunun adı yadımdan çıxmışdı və bir çoxları da artıq böyüyüb bığlı-saqqalı kişilər olmuşdu deyin yalnız sifət cizgiləri ilə onların kimlərdən olduğunu fəhm edirdim.
   
   Bəy də, gəlin də Xocalının bəlkə də son nişanələrindəndi. Bu toy əslində bir az əvvəl olmalı idi. Amma toy sahibi Xocalıda ailə üzvlərindən 17 nəfərini itirmişdi. O cümlədən anasını da. Ona görə də ümidlə gözləyirdilər ki, əsirlikdə olan doğmalardan kimsə geri qayıda bilər. Lakin bu əsirliyin yolu hələ də uzanır və uzanan yola boylana-boylana da axır ki toy etməli olublar. Toyda adətən rəqs, deyib-gülmək, loru dildə desəm, çal-çağır üstünlük təşkil edir. Lakin bu Xocalı toyunda çal-çağırın içində bir haray da var idi, bir gözləmə də var idi. İndi özünüz təsəvvür edin, bəyin-gəlinin doğmaları qol qaldırıb oynayır, amma bir-birinə sancılan gözlər bəzən bir-birindən qaçıb gizlənir. Gizlənir ki, onun dibindəki niskili, kədəri görən olmasın. O kədər bu məclisə ayaq açmasın. Təəssüf, bunu etmək mümkün deyil.
   
   Bəyin atası qol qaldırır, bəyin anası, əmiləri, bibiləri onlara qoşulur. Saçları qar kimi ağappaq bibinin gözlərindən yaş süzülür. O, üç övladını Xocalıda qoyub gəlib. Hamısı da əl boyda uşaqlar. Amma doğmasının xatirinə bu toyda qol qaldırır. Düşünür ki, bəlkə onun bu sevinci Tanrının xoşuna gəldi, onun yalvarışlarını qəbul etdi, onu eşitdi. Uşaqlarından, itirdiklərindən bir xəbər tuta bildi. Nə bilim... Sizi deyə bilmərəm, mən o toyda kədərin oynadığını gördüm. Mən o toyda insanın öz acısına necə qalib gəldiyini gördüm. Mən o toyda doğmaların bir-birinin xatirinə eyni havaya necə qol qaldırdığını gördüm. Və nə qədər cəhd etdim ki, bu rəqslərin içində bir sünilik tapım, amma alınmadı. Çünki hamı kədər qarışıq bütün varlığıyla oynayırdı. Sevinc azacıq da olsa kədərdən öndə idi.
   
   Bütün toylarda adətən musiqi adamları dəli edir. O aura, o guppultular adamın əsəblərini tarıma çəkir. Fonoqramm oxumalar, bayağı sağlıqlar, boğazdan yuxarı sözlər adamı bir növ toydan "qovur". Lakin Xocalı toyunda həmin o musiqi də var idi, həmin o fonoqram oxumalar da var idi, bircə toydan "qovmaq" yox idi. Çünki məclisi aparan da toy sahiblərinin kimliyini gözəl anlamışdı. Odur ki, az danışırdı. Kiçik kəlmələrlə, sadə fikirlərlə mətləbə toxunurdu, üstünlük həzin musiqiyə verilmişdi və "Xarı bülbül"ün divarları arasına bir Xocalı havası dolmuşdu. Digər tərəfdən bu toyda mənim gözümə nəyəsə görə, kiməsə görə dəvətlilər də dəymədi. Əvvəldə dediyim kimi, hamı bir-birinə doğma, qonşu, kəsəsi, hamı Xocalıdan idi. Ona görə də toy elə Xocalı toyu idi...
   
   Düşünməyin ki, mən sizləri qəmli notlar üzərində kökləmək istəyirəm. Xeyr, əslində elə bizim həyatımızın çox böyük hissəsi qayğının, qəmin içərisində keçir. Və mənim sizə əlavə qayğı gətirməyə, qəm hədiyyə etməyə haqqım yoxdu. Sadəcə içimdən gəldi ki, bu yazını yazım. Xatırladım ki, bu məmləkətdə Xocalı faciəsi kimi Xocalı toyları da var. Həmin faciədən başlayıb Xocalı toylarına gələn bu yol. Ona görə də Xocalı toylarında təpədən-dırnağa sevinmək hələ ki mümkün deyil. Və mən də bu toyda yaşananları elə Xocalı şəhərinin ruhunun oynaması kimi də qəbul etdim. Və:
   
   
   
   ?zündə soyuq təbəssüm,
   
   gözünün dibində
   
   kədər
   
   yaddaşında
   
   bir-birinin
   
   qanına bulaşmış
   
   xatirələr - çözülür,
   
   yarıqaranlıq -
   
   bir təhər
   
   və mən
   
   bir daha anlayıram ki,
   
   sakinlərinin
   
   hüznündə olduğu kimi
   
   toyunda da
   
   ortada
   
   havalı gəzir
   
   Xocalı adlı şəhər...
   
   

TƏQVİM / ARXİV