“Qaldırma dünyanı çiyinlərimə” - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
109 | 2025-07-14 11:01

Bu günlərdə redaksiyamıza bir zəng oldu. Düzünü deyim ki, nömrənin xatırlaya bilmədim. Amma səs tanış gəldi. Doğma adan kimi hal-əhval tutdu və özü kimliyini mənə xatırlatdı. Mənim üçün unudulmaz olan dəyərli həmkarım, böyük qardaşım, dostum Ziyəddin Sultanovun istəyi ilə tanış olub sonra ilk kitabı haqqında fikirlərimi bölüşdüyüm Yaqub müəllim idi. Ağcabədidən zəng vurmuşdu. Söhbət əsnasında bildirdi ki, növbəti kitabı işıq üzü görüb. Könlündən keçirdi ki, yeni kitabından birini də mənə hədiyyə etsin. 

Təbii ki, tanıdığım imza sahibinin kitabını həm hədiyyə kimi, həm də ədəbiyyat nümunəsi kimi əldə etmək mənim üçün çox xoş oldu və onun istəyinə dəstək verdim. Bir neçə gün sonra indi masamın üzərində olan kitab gəlib çatdı mənə. Və başladım kitabı gözdən keçirməyə...

Qarşımdakı kitabın ön sözünün müəllifi uzun illərdən bəri tanıdığım filoloq, alim, yazar Əlizadə Nəcəfov idi. Açığını deyim ki, Əlizadə müəllimin zövqünə də, ədəbiyyata münasibətinə də yaxşı bələd olduğumdan daxilən biraz da arxayın oldum ki, o, sözü havaya deyən, imzasını sual altına salan alimlərimizdən deyil. Yəni ona təqdim olunan bədii nümunələrdə işıq görməsə, yenilik hiss etməsə, barəsində ya yazmaz, ya da sadəcə susar, könül qırmaz. Əgər yazıbdırsa, həmin söz də, onun sahibi də bu haqqı qazanıb.

Ön sözü oxuduq    ca təqdim olunan nümunələrdən mənə bəlli oldu ki, maraqlı bir kitabla qarşılaşmışam. Xüsusilə, gənclik dostum İslam Kəbirlinin hələ 17 yaşında yazdığı və hardasa 40-45 il bundan öncə “Azərbaycan” jurnalında çap olunmuş “Qaldırın dünyanı çiyinlərimə” adlı şeirinə Yaqub müəllimin yazdığı bir növü cavab olan şeir mənə həm o illəri xatırlatdl, həm də indi oxuduğum şeirin qatlarını səhifələtdi. Həmin şeirin bir bəndini təqdim edirəm.

Yalanı doğruya sirdaş eləyib,
Kədəri sevincə yoldaş eləyib,
Ölümü oluma qardaş eləyib,
Elə hey vurursa yara qəlbimə,
Qaldırma dünyanı çiyinlərimə

Bəli, təqdim etdiyim parçada dünyanın durumu, mahiyyəti, xüsusilə, xaosu dəqiq ifadə olunub. Oxucu birmənalı şəkildə bu gerçəklə razılaşır. Yalanla doğru, kədərlə sevinc, ölümlə olum bir notda köklənir, bir havaya rəqs edir və bizi də o havaya oynamağa zorlayır. Ona görə də mən də daxil olmaqla bütün söz adamları, dünyanın durumundan narazı olan hər kəs gileylidir. Təbii ki, hərənin öz baxış bucağı, öz ölçüsü, öz arşını var. Ona görə də dünyamızın durumuna hər kəs öz bildiyi kimi qiymət verir. Yaqub müəllim də bəyan edir ki, belə dünyanı çiyinlərimə qaldırma!..
Qarşımdakı kitabın şeir düzümü, yəni mövzu ardıcıllığı işğaldan əvvəl, işğal və Böyük Zəfər zaman kəsimi ilə ehtiva olunur. Ona görə də 30 illik həsrətimizi ifadə edən şeirlər hardasa bizə xatirə təsiri bağışlayır, yəni xatırladır bizə. Özün də bilmədən həmin anı kino lenti kimi gözünün önünə gətirirsən. Məsələn, “Ağdamım” şeirində olduğu kimi:

Niskilli dumanım, çiskinli çənim, 
Vüqarım, sevincim, kədərim, qəmim, 
Dərddən don geyinib sənsiz günlərim, 
Əlim çatmasa da, sənsən gümanım, 
Unutmaq olarmı, səni, Ağdamım. 

Əsir torpaqların sinə dağlayır, 
Zülm ərşə qaxıb, ürək sızlayır, 
Deyirlər: nahaq qan yerdə qalmayır. 
Qana-qan deyib, coşursa qanım, 
Unutmaq olarmı, səni, Ağdamım. 

Yaqub deyir, sənsiz qəfəsdəyəm mən, 
Muğamam, segaham, şikəstəyəm mən, 
Üzü sənə tərəf, yol üstəyəm mən, 
Doğum vəsiqəmdə sənsən ünvanım, 
Unutmaq olarmı, səni, Ağdamım. 

Və yaxud “Gedə bilmirəm” şeirində:

Yurd həsrəti sinəmizi dağladı, 
Həsrət, niskil nalə çəkib ağladı, 
Zalım fələk bizə elə qarğadı, 
Doğulduğum kəndə gedə bilmirəm.

Vətənsizlik ağır dərdmiş, İlahi, 
Vətənsizlər nələr çəkmiş, İlahi, 
Mən də artıq vətənsizəm, İlahi, 
Doğulduğum kəndə gedə bilmirəm. 

Hər əzaba alışmışıq, ay Allah, 
Ağlar günə biz qalmışıq, ay Allah, 
Elə hala salınmışıq, ay Allah, 
Doğulduğum kəndə gedə bilmirəm. 

Müəllifin həssas duyğuları, hətta yurd üçün sızıldayan ürəyin hıçqırtılarını özünə hopduran bu misralar vətəndə vətənsiz yaşamış insanların həm ovqatının, həm yaşamının, həm də bütövlükdə həmin zamanın özünün mənzərəsinin təqdimatı kimidir. Kimsə razılaşmaya bilər ki, burda böyük poeziyanın zirvəsi görünmür, amma gəlin razılaşaq ki, bu, həmin həyatı yaşamış, necə deyərlər, həmin şineldən çıxmış müəllifin saf, sadə və səmimi duyğularıdır. Sadə və səmimi duyğular isə istənilən yerdə, istənilən zaman kəsiyində həmişə oxucu, dinləyici tapır. Bu, danılmaz gerçəklikdir. Ona görə də Yaqub müəllimin həm nəsihət mövzulu, həm də müraciət ünvanlı şeirlərində həmin səmimiyyət və saflıq öndə gəlir. İstər anaya-ataya, istər ağsaqqala, yəni böyüyə sayqı, sevgi olsun, istər övlada, nəvəyə diqqət, istər yaradıcı və sadə adamlara həsr olunmuş şeirlər… bunların hamısında müəllif öz sözünü, öz fikrini, öz mövqeyini tam aydın bir şəkildə oxucuya çatdırır. Və oxucu da poeziyamızın min illərdən bəri mövzusu olan bu yanaşmanı ruhuna doğma bir nəfəs kimi qəbul edir. Məsələn, unudulmaz xanəndəmiz Məhəbbət Kazımova ünvanlanan şeirdə olduğu kimi:

Elinə bağlıydı qəlbən, ürəkdən, 
Vətənsiz yaşamaq ağırdı dərddən, 
Etibar gözləmə zalım fələkdən, 
“Laçın” deyə-deyə köçdü Məhəbbət. 

Sınıq könülləri ovutmaq üçün, 
Acılı günləri unutmaq üçün, 
Müqəddəs elinə qovuşmaq, 
“Laçın” deyə-deyə köçdü Məhəbbət.

Laçının dağların duman, çən aldı, 
Nərgizi, laləsi soldu-saraldı, 
Oxudu “Laçınım” tarixdə qaldı, 
“Laçın” deyə-deyə köçdü Məhəbbət. 

Qarşımdakı kitabda şəhidlərimizlə, qəhrəmanlarımızla bağlı diqqəti çəkən poeziya nümunələri də var. Onların demək olar hamısının mayasında qürur və bir də həmin ünvan sahiblərinə ehtiram dayanır. Bu da mənə görə haqq olunmuş və müəllif tərəfindən də düzgün qiymətləndirilən bir yanaşmadır. Çünki şəhidlərimizin də, qazilərimizin də, bütövlükdə Azərbaycana qələbə gətirən, bizi vətənsizlikdən xilas edən hər kəsə sayqı və sevgi, hörmət və diqqət hər birimizin borcudur. Özü də birmənalı və əbədi borcdur. Bu mövzu ilə bağlı şeirlərin qələbə ruhu həm də yaşamaq eşqini cilalayan və onu daha da coşduran dua kimidir. Əlimizi açıb zaman-zaman etdiyimiz dualar məhz bayrağımızın Şuşada, Qarabağda dalğalanması üçün idi, yurdumuza dönüş üçün idi. Şükür ki, dualarımız gerçəyə çevrilib. Kitabdakı poeziya nümunələri də bunu təsdiq edir. 

Gözlərin aydın, Vətən 

Qırx dörd günlük savaşda, 
Ağır, qanlı savaşda, 
Qalib gəldi ordumuz, 
Gözlərin aydın, Vətən. 

Dəmir yumruq güc oldu, 
Düşmən sındı, puç oldu, 
Öz qanında boğuldu, 
Gözlərin aydın, Vətən. 

Qurtuldu Qarabağım, 
Ulu vətən torpağım, 
Bitdi möhnətim, ahım, 
Gözlərin aydın, Vətən.

Kitabdakı bölümlərin hər birinin uğurlu nümunələri yəqin ki, oxucunu özünə çəkəcək. Ona görə də mən hələ mətbəə qoxusu canından çəkilməmiş bu kitab barədə qeydlərimi oxuculara sadəcə olaraq təqdimat kimi çatdırıram. İstəyirəm ki, kitabı əldə edəcək hər bir oxucu orada özünün ürəyincə olan nümunələrlə qarşılaşacağına bəri başdan əmin olsun. O cümlədən də əbədi mövzu olan sevgini axtaranlar da burda ülvi duyğularla təmas quracaqlarına şübhə etməsinlər. Çünki həmin sevgi təqdim olunan şeirlərin, yaşanmış hisslərin əks-sədası olduğuna əminlik yaradır.

Heyif inandım sənə 

Bir sevginin taleyində qeylü-qal, 
Bir sevginin həmdəmidi xam xəyal, 
Üzü dönük, boynu bükük sevgilər, 
Gah kədərdi, gah zəhərdi, gah da bal. 

Sevənləri üzür, sıxır intizar, 
Ölənəcən sevgimizi qoruyaq, 
Yol tapmasın qəlbimizə ahu-zar, 
Biz qayğısız sevgi ömrü yaşayaq.


Əvvəldə də qeyd etdiyim ki, yenicə işıq üzü görmüş bu kitabın oxucular tərəfindən maraqla qarşılanacağına və müəllifə uğur gətirəcəyinə şübhə etmədən demək istəyirəm ki, Yaqub müəllimin tər sözü, təzə kitabı mübarək olsun. 
 

TƏQVİM / ARXİV