ATHAAT

ƏBÜLFƏT MƏDƏTOĞLU
37065 | 2008-03-20 15:56
Bəli, rəhmətlik Əli Kərimin bir şeri var idi. Məzmunu belə idi ki, qədim, vəhşi insan bir daş atıb və o daş da qərinələri keçib bu günə top, tüfəng, atom bombası şəklində gəlib çıxıbdı. O atılan daş insanın insana tuşladığı, nişangah etdiyi daş idi və zaman bu hədəfi, bu nişangahı daha dəqiq nişanlamaq üçün müasir dövrün ən optik cihazlarını ortaya qoydu. İndi atılan heç nə hədəfdən yayınmır...
   
   Biz, görünür elə bu qədim insanın daş atmağından yararlanaraq, təkcə silahlanmağı yox, həm də atmağı da öyrəndik. Bu öyrənmək vərdişə, adətə çevrildi. Zarafat deyil, hətta zərb məsəllərimizdə də atmaq sözündən çox ustalıqla istifadə edirik. Özü də yerli-yerində. Fikir verin, bir cavan oğlan, xoşuna gələn gözəl bir qıza söz atır! - bunu təbii qəbul edirik... könül sevdasıdı deyirik... ola bilsin ki, ulduzları barışdı... və elə bu atılan söz də gələcək birgə həyatın körpüsü oldu... Bax, beləcə çox sadə və səmimi yanaşma...
   
   Yenə fikir verin, filankəs filankəsə söz atdı! - burda isə başqa çalar, başqa sərt bir məna... Yəni sataşdı, ilişdi, onu cırnadıb hövsələdən çıxarmaq istədi... Bir sözün bu müxtəlif mənalarını yozmağı qoyaq ədəbiyyatçıların boynuna, keçək yenə atmaq sözünün başqa mənalarına.
   
   Məqamından asılı olaraq bu gün atmaq sözü çox gündəmdə olan, tez-tez işlədilən, az qala məişətimizin, əxlaqımızın yamağına çevrilən bir durumdadı. Belə ki, kimsə kiməsə beş manat borc verir. Qaytara bilməyəndə qarşı tərəf və onun ətrafı deyir ki, gördünüz, filankəs filankəsə atdı. Hə, deməli, gəlib çıxdıq mətləb üstünə. Bu gün atanlar yaman çoxalıb. Öncə ermənilər hər gün atırlar, təbii ki, cəbhə xəttində. Sonra borclular (təbii ki, maddi məsələlərdə, yəni pulda-parada borclu olanlar) bir-birinə atırlar. Bunun da çək-çeviri o qədər uzanır ki, heç məhkəmələr də baş aça bilmir. Günlərlə, aylarla çəkir bu dartışmalar, çəkişmələr. Kimi adam tapıb məsələsini həll eləyir, kimi borcunun bir hissəsini alıb qalanından ya bezib, ya da "balalarımın başına sadağa olsun" deyib əl çəkir... Bir sözlə, pul məsələsi İran saqqızı kimi bir şeydi, çeynədikcə uzanır...
   
   Həyatda ən dəhşətlisi atdığının hədəfə dəydiyini görüb onun ağrısına biganə qalmaqdır. Tutaq ki, təsadüfdən, elə-belə havaya bir ox atdın və yaydan çıxan bu ox da bir sevgi ünvanına tuş gəldi... Sən də baxıb ondan ləzzət aldın... Amma qarşı tərəfin o sevgi üçün nələr çəkdiyinin fərqinə varmadın. Deməli, belə çıxdı ki, sən əyləndin, özü də başqasının iztirablarının, əzablarının, acılarının hesabına. Bunun da sorğu-sualını səndən soruşan olmadı. Çünki bu iş nə məhkəməlikdi, nə də "razborka" aparanların işidi. Burda sözü Tanrı deyir. Tanrının da səbri böyük, Kərimin quyusu da ki, sonu görünməyən bir sonsuzluq...
   
   Bəli, bugünkü durumda athaat baş alıb gedir. Əxlaqda da, mənəviyyatda da, siyasətdə də. Adicə, son hadisələrə diqqət yetirək. BMT-də Azərbaycanın barəsində çıxarılan beşinci qətnaməyə səsvermədə türk oğlu türk olan qazaxlar bizə "atdılar". Yəni xeyrimizə barmaq qaldırmadılar. O biri tərəfdən də ki, həmsədrlər - Rusiya, ABŞ və Fransa da atdı bizi. İndi də günahlarını yumaq üçün bəyanat verib eyiblərini malalayırlar. Amma bilmirlər ki, bu mala heç bir günahın üstünü örtə bilməz. Ən azı ona görə ki, bu atmağın üzrü günahından da böyükdür...
   
   Eybi yox, kim nə atır atsın... Onsuz da "daşların yığılan günü var". Yəqin ki, bizim də o atılan daşları yığıb sahibinə qaytaran məqamımız gəlib çatacaq. Çünki qədim insanın atdığı daş sonda yenə qayıdıb insanların başını yarıb, qanlarına qəltan edib...
   
   
   
   P.S. Doğrudur, deyirlər qan qovuşuqdur, amma baxır kimə qovuşursan... Sadəcə, çox istərdim ki, Tanrı həqiqətən qovuşmaq istəyənləri bir-birinə qovuşdursun. Ortalıqda isə ancaq bir-birinə sevgi naminə sözlər atılsın... körpü olmaq üçün... ə

TƏQVİM / ARXİV