ANA SƏHİFƏ / YAZARLAR

Bu meydan, bu Şəki səhnəsi...

Paytaxtdan kənarda keçirilən I Beynəlxalq Teatr Festivalı başa çatdı

43587    |   2014-09-20 01:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı festival və tədbirlərin təşkili ilə bağlı estafeti bölgələrimizə ötürür. İndi belə nüfuzlu tədbirlər, sənət bayramları müxtəlif rayonlarımızda da təşkil olunur. Qəbələnin, Masallının ardından bu dəfə Şəki beynəlxalq festivala ev sahibliyi edib. Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin doğulduğu bu qədim və gözəl şəhərdə Şəki I Beynəlxalq Teatr Festivalı keçirilib. Festivalda ölkəmizin demək olar ki, bütün dövlət teatrları öz repertuarlarındakı ən yaxşı tamaşalarını təqdim ediblər. Şəki tamaşaçıları xaricdən gələn teatr xadimlərinin də çıxışlarına baxmaq imkanı qazanıblar. Festivalın qonaqları - Rusiya Federasiyasını təmsil edən B. Basaqanov adına Kalmıkiya Milli Dram Teatrı və Q. Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı Şəkidə alqışlarla, xoş münasibətlə qarşılanıb.

Evlənmək istəyənlər,
xanın vəziri olanlar...

Şəki I Beynəlxalq Teatr Festivalına sentyabrın 10-da start verilib. Rəsmi açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər Azərbaycan teatrlarının qazandığı uğurlar, səhnəyə qoyulan maraqlı tamaşalar barədə danışıb, görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib. Nazir bildirib ki, dövlətimizin teatr sənətinin inkişafına göstərdiyi diqqət və qayğı səhnə xadimlərinin məsuliyyətini daha da artırır, yeni yaradıcılıq imkanları açır.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivala gələn teatr xadimlərini salamlayıb və onlara uğurlar arzulayıb. İcra başçısı vurğulayıb ki, belə bir sənət bayramının Şəkidə keçirilməsi rayonun ictimai və mədəni həyatına öz əhəmiyyətli töhfəsini verəcək.
Festivalın rəsmi açılışından sonra səhnəyə ev sahibi - Şəki Dövlət Dram Teatrının yaradıcı heyəti çıxıb. Kollektiv İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" əsərini təqdim edib. Görkəmli dramaturqun 100 illiyi münasibəti ilə hazırlanan bu səhnə əsərinə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib. Əsas rolları Əməkdar artist Əbülfət Salahov, Xanlar Həşimzadə, Rəhim Qocayev, Çinarə Səmədova və başqaları ifa ediblər.
Festivalın sonrakı günlərində tələbkar Şəki tamaşaçılara bir-birindən maraqlı səhnə əsərləri təqdim olunub. Gəncə Dövlət Dram Teatrı Şəkiyə Qoqolun "Evlənmə" əsərinin tamaşasını gətirib. Gənc rejissor İradə Gözəlovanın quruluş verdiyi "Evlənmə" kollektivin son illər hazırladığı ən uğurlu səhnə əsərlərindən biridir. Gəncə Dövlət Dram Teatrı bu tamaşanı müxtəlif festivallarda və qastrol səfərləri zamanı dəfələrlə oynayıb və hər yerdə də maraqla qarşılanıb. Tamaşada Xalq artisti Alim Məmmədov, əməkdar artist İlham Hüseynov, aktrisalar Zəminə Cəfərova, Şəlalə Rüstəmova və başqaları çıxış edirlər.
Şəkinin teatr həvəskarları festival günlərində həmyerliləri Mirzə Fətəli Axundzadənin qələmə aldığı "sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasına iki müxtəlif quruluşda baxa biliblər. Akademik Milli Dram Teatrı bir neçə il öncə yenidən bu əsərə müraciət edib. Xalq artisti, mərhum rejissor Vaqif İbrahimoğlunun son işi olan bu tamaşa teatrın repertuarında möhkəm yer tutub. Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Cəfər Əhmədov, əməkdar artistlər Münəvvər Əliyeva, Ayşad Məmmədov, artistlərdən Hikmət Rəhimov, Elnar Qarayev və başqaları rol alıblar.
Şuşa Dövlət Musiqili Dram Teatrında isə "Sərgüzəşti-vəziri-xani Lənkəran" tamaşasında əsas rolları əməkdar artistlər Şükufə Musayeva, Azad Məmmədov, yaradıcı kollektivin üzvlərindən Məmməd Məmmədov, Püstəxanım Zeynalova və başaqları ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdu. Şəkililər hər iki tamaşanı maraqla izləyiblər.

Festivala gələn
"Ruhlar"

Son illər səhnəmizdə hazırlanan ən uğurlu tamaşalardan söhbət düşəndə Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşundakı "Mən gəldim, qızlar"ın adı ən sırada çəkilir. Şəki tamaşaçıları festival çərçivəsində bu maraqlı və aktual mövzudan bəhs edən tamaşanı izləyə biliblər. Xatırladaq ki, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda oynanılan bu tamaşada əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, gənc aktyorlardan Rasim Cəfər, Nigar Məmmədova və Roza İbadova rol alıblar.
Lənkəran Dövlət Dram Teatrı festivalda "Ruhlar" tamaşasını təqdim edib. Eduardo de Flipponun bu əsərinə teatrın baş rejissoru Tural Mustafayev quruluş verib. Tamaşaçılar əməkdar artist Adil Zeynalovun, aktyorlardan Miraslan Ağayevin, Niftulla Əsgərovun, Tərlan Abdullayev və başlarının ifasını bəyəniblər.
B. Basaqanov adına Kalmıkiya Mili Dram Teatrı Boris Manciyevin Şəki I Beynəlxalq Teatr Festivalına "Mən aktrisayam!" tamaşası ilə qatılıb. Kalmıkiyanın Xalq artisti Lyübov Lazareva, Valentina Serqunova və Dalgir Kankayeva istedadlarını Şəki tamaşaçılarına nümayiş etdirmək imkanı qazanıblar.
Daha bir qonaq kollektivin çıxışı maraqlı alınıb. Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı Şəki səhnəsində "Yestay-Korlan" tamaşası ilə çıxış edib.

Sabahın tamaşaçıları da unudulmadı

Paytaxtdan kənarda təşkil edilən bu sənət bayramında sabahın tamaşaçıları da diqqətdən kənarda qalmayıb. Şəki I Beynəlxalq Teatr Festivalını maraqlı edən cəhətlərdən biri də məhz budur. Azərbaycan Dövlət Kukla Teatrı Şəkidə yaşayan balaca tamaşaçılar qarşısında "Çanta trio" ilə çıxış edib. Teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi bu tamaşanı kollektiv Hindistanda keçirilən beynəlxalq festivalda da oynayıb.

Görən kimdir
müqəssir?

Xalq artisti Lütfəli Abdullayevin adı Azərbaycan teatrı və kinosunun tarixinə qızıl hərflərlə yazılıb. Şəkidə dünyaya göz açan ölməz aktyorla təkcə həmyerliləri deyil, bütün Azərbaycan fəxr edir. Şəki I Beynəlxalq Teatr Festivalı çərçivəsində görkəmli teatr və kino xadiminin 100 illik yubileyi də qeyd olunub.
Lütfəli Abdullayevin uzun illər çalışdığı Dövlət Musiqili Teatrının kollektivi də Şəkiyə gedərək həm yubiley mərasimində, həm də festivalda iştirak ediblər. Musiqili Teatrın təqdimatında Şəki tamaşaçıları Əbdürrəhim bəy Haqverdiyevin əsəri əsasında hazırlanmış "Kimdir müqəssir?"ə baxıblar. Tamaşaya gənc rejissor İradə Gözəlova quruluş verib. İstedadlı aktyorlar Hüseyn və Gültac Əlilinin ifası alqışlarla qarşılanıb.
Şəki I Beynəlxalq Teatr Festivalı öz işinə dünən yekun vurub.




YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK