hacklink Adalet.az | BAKININ YAY GÜNLƏRİ Adalet.az | BAKININ YAY GÜNLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAKININ YAY GÜNLƏRİ

15936    |   2007-07-30 17:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son illər hidrometeoroloqlar bir cox siyasətçilərdən daha dəqiq proqnozlar verirlər. Amma bu dəfə, deyəsən, bir qədər ya-nıldılar. Demişdilər ki, yay aylarında Azərbaycanda aşırı istilər olacaq. Hələ ki, havalar dözümlüdür, hətta bəzi günlər çox sərin, yağmurlu ötür. İyul ayı bitmək üzrə olsa da davamlı istilərlə üzləşmədik. İndiyə kimi hava şəraiti daha çox qeyri-sabitliyi ilə yadda qaldı.
   
   Yay aylarında şəhərin sanitar vəziyyəti narahatlıq doğurur. Məişət tullantıları vaxtı-vaxtında daşınmadığından, yaşayış massivlərində tullantılar üçün ayrılan yerlərin özü gigiyenik qaydalara uyğun gəlmədiyindən həyətləri üfunət bürüyür. Şəhər İcra Hakimiyyəti sanitar vəziyyətin yaxşılaşması üçün ara-sıra sərəncamlar çıxarır. Görünür, bu sənədlərin icra mexanizmi kifayət qədər düşünülməyib. Çoxsaylı tədbirlər qeyri-qanuni küçə ticarətinin qarşısını almadı. Şəhərdə içməli su qıtlığı olduğu halda küçələrdə avtomobillərin yuyulması adiləşib. Nizami bağının ətrafı sanki maşın təmizləmə məntəqəsinə çevrilib. Çirkli sular yol boyu axaraq buxarlanır, maşınların hərəkətini əngəlləyir. Sürücülərin, sakinlərin narazılığını eşidənsə yoxdur. Bağlarda, parklarda çoxillik ağacların kölgəsi çayxana və yeməkxana kimi istifadə edilir. Dinib-danışanın sözünə əhəmiyyət verən tapılmır. Belə getsə hər şeyə göz yuma-yuma gün gələr görmə qabiliyyətini də itirərik. Müstəqillik o xalqa lazımdır ki, azadlığının qədrini bilsin. Torpağının, suyunun havasının,sərhədlərinin keşiyində dursun, məmləkətini qorumağa, millətini ucaltmağa qadir olsun. Xəzəri murdarlayırıq, havanı zəhərləyirik, torpağı zibilləyirik, küçələrə, həyətlərə inşaat və məişət tullantıları "bəzək" verir. Çoxları üçün təmizlık anlayışı yaşadığı mənzilin kandarından sonra əhəmiyyətini itirir. Axı, bura vətəndir! Şəninə mahnı oxumaqla, şer söyləməklə vətən təəssübkeşliyi olmaz ki. Nə deyəsən belə vətəndaşa, nə kar edəcək ona? Qanun, məzəmmət, öyüd nəsi-hət, cərimə, cəza? Toplum, cəmiyyət özü doğal gözəlliyi, Tanrı əmanətini qorumağı bacarmalıdır. Bunu birimiz yox, hamımız bilməliyik. Hamılıqla ətraf mühitin sağlamlığı keşiyində durmalıyıq. Təəssüf ki, xoşagəlməz hallara tamaşa edən də bizik, bu eybəcər mənzərəni yaradan da çox vaxt özümüzük. Amma şəhərin təmizləyi təkcə bizdən asılıdır, desək insafsızlıq olar. Əslində, bu sahəyə nəzarət edən müvafiq xidmət sahələrinin işi düz qurulmayıb, yarıtmazdı, texniki inkişafdan geri qalıb. Bakıda son dövrlər hər şey inkişaf edir, sanitar vəziyyətsə olduğu kimi yarıtmaz qalır. Unutmayaq ki, təbiət təmizliyi sevir, natəmizləyi kimsəyə bağışlamır.
   
   
   
   HANI O BALAXANI ?
   
   
   
   tən əsrin əvvəllərində Balaxanı deyəndə zəngin neft mədənləri yada düşərdi. Bu kəndin milyonçularının sədası Avropa şəhərlərindən gələrdi. Bakının, Rusiyanın dilbər guşələrində balaxanılılara məxsus gözəl binalar vardı. Əsrin sonunda isə Balaxanı daha cox ən böyük zibilxanası ilə "məşhurlaşdı". Bu haqda xeyli yazılıb, danışılıb, amma hələ ki, əsaslı dönüş nəzərə çarpmır. Yenə də hər gün böyük bir ərazini bürümüş natəmizlik mən-bəyinə maşınlarla zibil boşaldılır. Sonra da yaz yağışı, qışın qarı bu üfunəti özü ilə bərabər torpağın alt qatlarına keçirir, yeraltı suları bulandırır. Heç kənar müdaxilə olmasa da atmosfer təsirindən qızmar günəş altında qalan zibil alışıb yana bilər. Şəhər sakinləri qara tüstünün ərşə qalxdığını dəfələrlə görüblər. Bu ağır havanı məcburən udmalı oluruq.
   
   Son illər Bakı nəzərəçarpacaq dərəcədə dəyişib, yeniləşib. Bu işdə xoşagələn cəhətlər də coxdur, narahatlıq doğuran məqamlar da var. Amma inkaredilməz faktdır ki, Bakının paytaxt görkəmi alması üçün az iş görülməyib. Yeni yaşayış və inzibati binalar, körpülər, fontanlar, ticarət və əyləncə mərkəzləri, tarixi abidələrin bərpası, abadlıq, yaşıllaşdırma işləri, gecələr memari dəyər kəsb edən binaların işıqlandırılması ölkə rəhbərliyi tərəfindən paytaxt anlayışına yeni yanaşmanın, ciddi niyyətin ilkin nəticələridir. Belə şəraitdə nümunəvi təmizliyə ethiyac daha cox özünü büruzə verir. Artıq sanitar vəziyyətin kökündən dəyişməsi zərurətə çevrilib. Bu sahədə Avropa şəhərlərinn təcrübəsindən faydalanmaq yerinə düşərdi.
   
   Bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti nümayəndə heyətinin tətkibində Almaniyaya getmişdim. Səfər proqramına iri şəhərlərin təmizliyi ilə məşğul olan ixtisaslaşdırılmış şirkətlərlə tanışlıq da daxil idi. Mən ilk dəfə belə dəqiq işləyən, gözəl nəticələr verən müasir təsərrüfat mexanizmiylə tanış olurdum.
   
   
   
    ALMANLAR
   
   DƏQİQLİYİ VƏ
   
   TƏMİZLİYİ SEVİRLƏR
   
   
   
   Almaniyada ətraf mühitin təmizliyi probleminə kompleks şəkildə dövlət səviyyəsində yanaşıldığından problem demək olar ki, tamamilə həll olub. Qanunların qəbul edilməsi ilə ya-naşı, onların icra mexanizmi də ideal şəkildə qurulub.Əhali arasında sanitar təmizliklə bağlı aparılan təbliğat və maarifçilik işi metodiki, sistemli şəkildə qurulduğundan təsirli və səmərəlidir. Alman xalqına xas olan nizam-intizam, təmizlik, qayda-qanunlara sayğıyla yanaşma hissi, ictimai məsuliyyət, zəhmətsevərlik adamları inşaat və məişət tullantılarına da xammal kimi baxmağa gətirib çıxarıb.Burada son 30 ildə bizim adət etdiyimiz natəmizlik məskəni olan zibilxanalar deyil, tullantıları təkrar emal edən ən müasir mərkəzlər yaradılıb. Hər şey bütün xırdalıqlarına qədər düşünülüb: zibilin ilkin yığılmasından, daşınmasından, təkrar emalından və istifadəsindən tutmuş, nə varsa, hamısı əvvəlcədən nəzərə alınıb, çıxarlar dəqiq hesablanıb. Almanlar zibil sözünü işlətmir, tullantı deyirlər.Odur ki, "zibildaşıyan" , "zibilyığan" , "zibilçi" kəlmələri də səslənmir. Bu işlə məşğul olanları "küçə sanitarları" adlandırırlar. Yaşayış massivlərinə, məhəllələrə tullantılar üçün germetik qapağı olan yüksək keyfiyyətli plastik yeşiklər qoyulur. Bu yeşiklər müxtəlif təyinatlı olur və hər kəs rəngindən, üzərindəki yazılarından, rəmzlərindən onun nə məqsəd daşıdığını bilir. Məsələn, qida məhsulları bir yerə, şüşə qablar başqa yerə atılır. Nimdaş paltarlar üçün başqa bir yeşik nəzərdə tutulur. Böyüklü-kiçikli hamı tərəfindən bu qaydalara könüllü olaraq riayət edilir.
   
   Almanlar evdə köhnə, istismar vaxtı ötmüş əşyaları saxlamağı xoşlamırlar. Yararsız mebelləri şəhər sakinlərinin özləri aparıb xüsusi məntəqəyə təhvil verirlər.Bu iş üçün imkanı və ya vaxtı olmayan vətəndaşlar telefonla sifariş verərsə xüsusi xidmət servisinin işçiləri müəyyən edilmiş vaxtda özləri gəlib köhnə avadanlığı evdən daşıyır. Məntəqənin giriş qapı-sında müştərinin özü və gətirdiyi yüklə bağlı bütün məlu-matlar kompüterə daxil edilir. Hər şey, necə deyərlər, yer-bəyer edilir. Sonra atılası mallar konteynerlərə doldurulur və preslənir. Avtomobil təkərləri, məişət texnikası şüşə qablar, tıxaclar, hamısı saf-çürük edilir. Kimyəvi tərkibli maddələrin tullantıları tamamilə başqa bir yerdə yığılır. Onlar təkrar emal üçün yararsız olduğundan xüsusi qablaşdırılır.Konteynerlər şəhər kənarında yerləşən tullantı mərkəzlərinə göndərilir. Məsələn, Köln şəhərindən 72 kilometrlik məsafəyə tullantılar dəmir yolu ilə daşınır, sonra dolu konteynerlər maşınlar vasitəsilə zibilxanaya gətirilir. Mən şəhər kənarında yerləşən böyük zibilxanada olanda hava çox küləkli idi. Lap Bakıdakı kimi. Dedilər ki, Bonn, Köln şəhərlərinin tullantıları məhz buraya daşınır. Baxdım ki, zibil elə zibildir - istər Azərbaycan olsun, istər Almaniya, fərqi yox. Amma zibilə münasibət fərqlidir. Biz çox vaxt yararlı şeyləri də zibilə çeviririk, onlar isə zibildən də maksimum faydalanmağı bacarırlar.
   
   
   
   QAZILAN ADİ ÇALA DEYİLDİ
   
   
   
    Dərinliyi 100 metrə çatan çalalar ilk baxışdan göründüyü kimi sadə və bəsit qazıntı deyil. Bu çalalar xüsusi layihə əsasında hazırlanır. Zəhərli maddələr torpağa qarışmasın deyə, bütün sahə özəl materialla izolə edilir. Təsəvvür etmək çətindir ki, bu çalanın altından 1,5 metr diametri olan borular keçir. Bir nasazlıq olarsa boruların içərisinə fəhlələr rahat girə bilər, amma buna da ehtiyac qalmayıb. Çünki texnoloji inkişafın səmərəli tətbiqi nəticəsində diametri hətta 30 - 40 sm. olan boruların daxilindəki vəziyyətinə nəzarət etmək imkanı var. Fəaliyyəti ilə yaxından tanış olduğumuz kompaniya (adını reklam olmasın deyə çəkmirəm) özünə aid səyyar telestudiyanın kameraları ilə istənilən yerə nəzarət edə bilər. Uzaqdan komandayla idarə edilən videokameralar borunun içinə daxil olur və orada robotların köməyi ilə hərəkət edir. Maşındakı pult arxasında oturan operator isə monitorda borunun içindəki mənzərəni olduqu kimi seyr edir, qəzanı aradan qaldırmaq üçün lazımi tədbirləri görür. Adət etmədiyimiz bu cür iş şəraiti, texniki imkanlar bizi təəccübləndirirdi. Böyük ərazini əhatə edən çalalar hissə-hissə bir neçə il ərzində dolur. Sonra üzəri bütünlüklə örtülür və onun da üstünə 1,5 metr hündürlüyündə torpaq tökülür. Amma o zamana kimi açıq çala yağışın, qarın, günəş şüalarının təsirinə məruz qalır. Çürüntü nəticəsində əmələ gələn qaz, aşağı qatlara hopan çırkli sular həmin borulardan keçib süzgəclərə daxil olur. Qaz və elektrik enerjisinə çevrilərək ətrafdakı yaşayış məntəqələrinə ötürülür. Xüsusi qurğularda kimyəvi və bioloji metodlarla təmizləndikdən sonra tərkibinə görə içməli su səviyyəsinə çatdırılan çirkab sulardan suvarma işlərində istifadə olunur. Bizə yaşıl ormanlar, əkin sahələri göstərdilər. Heç inanmaq olmurdu ki, vaxtilə bu yerlərdə də dərin tullantı çalalar mövcud imiş.
   
   Almaniyada meşə və ormanlar çoxdur. Zaman-zaman ağacların qol-budağı sınır, bəzi yerlərdə budama işləri aparılır. Maraqlı burasındadır ki, ağac və ekoloji cəhətdən təmiz olan digər tullantılar da hara gəldi atılıb qalmır. Onları yığışdırıb gətirirlər xüsusi məntəqələrə. Üstü qapalı açıq hava anbarında bu tullantılar bir müddət saxlanılır. Sonra müəyyən qurğularda üyüdülür. Bütün əməliyyatı cəmi bir nəfər aparır.Qara torpaq halına gətirilən çürüntü polietilen torbalara doldurulub əhaliyə gübrə kimi satılır. Bağ-bostan həvəskarları onu məmnuniyyətlə alırlar. Pis qoxulu məişət tullantıları isə qapalı anbarlarda saf-çürük edilib təkrar emala göndərilir. Müəsisədə olarkən biz həmin prosesi izlədik: maşınlar anbara yaxınlaşanda foto elementlə təhciz olunmuş qapılar avtomatik açılır. Zibil boşaldılır və maşın ərazini tərk edir. İçəridə işləyən kiçik mexanizmlərin germetik kabinalarında rahat çalışmaq üçün hər cür şərait var. Zibil konteynerə atılır, burada doğranıb transportyorla digər proseslərdən keçdikdən sonra xüsusi çənlərə tökülür. Bir müddət saxlandıqda reaksiya nəticəsində alınan metan qazı borularla mərkəzə ötürülür. Ondan elektrik enerjisi kimi istifadə edilir. Bütün əməliyyatlara kompüterlə nəzarət olunur. Gördüyümüz modern texniki qurğular zibilə olan sayğıdan deyil, insan sağlamlığına, təbiətin, ətraf mühitin saflığına qayğıdan, gələcək nəsillər qarşısında məsuliyyət hissindən irəli gəlir.
   
   İnanmaq istərdim ki, nə vaxtsa Bakıda da belə mərkəzlər yaranacaq, paytaxtımız zibillərdən biryolluq qurtulacaq, havamız, suyumuz torpağımız, bir sözlə, ətraf mühitimiz təmizlənəcək. İnsana, təbiətə qayğı sözdə deyil, konkret fəaliyyətdə öz əksini tapacaq.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK