ANA SƏHİFƏ / YAZARLAR

LİRİKA - 2013

ƏDƏBİ HƏYAT

16516    |   2014-08-02 01:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə saylarımızda)

Şeirimizdə ömürlə-günlə, həyatın ötüb keçən, amma heç vaxt unudulmayan anları ilə bağlı şeirlər həmişə yazılır və təbiidir ki, bu şeirlər kövrək və zərif duyğulardan doğulur. Məsələn, Məmməd İlqarın son illərdə qələmə aldığı şeirlərdə ənənəvi ata sevgisi, ana məhəbbəti mövzularına müraciət edir. Onun lirikasında bu mövzular elə ənənəvi formada da təqdim olunur, amma məzmun, şeirdə ifadə olunan hisslər səmimi təsir bağışlayır.

Adına urvatlı bir söz yazmadım,
Göynəyə-göynəyə yazıram indig
"Ölürəm" - deyəndə qulaq asmadım,
yerinə ölməyə hazıram indi.

Günəş buludlara girəndə bildim
Nə üçün,
nədən-
Onsuz həyat yetər sona - deyillər.
Mən səni torpağa verəndə bildim
Niyə torpaqlara Ana deyillər?

Bu, Məmmədin "Anam üçün gecikmiş şeir"indəndir. Başqa bir şeiri də var və orda deyir ki: "Kişilər ağlamaz" söyləyən kişi Atam ağlayırdı anam öləndə" gQeyd edək ki, ataya-anaya, ömürlərin yaradıcılarına bu sonsuz sevgilər poeziyamızdan əksilmir.
Ancaq "ömür şeirləri" dedikdə biz bu mövzunu yalnız ömürlə-günlə, ata-ana sevgisi, ya da buna yaxın mövzularla bağlı olan şeirlərlə məhdudlaşdırmaq istəməzdik. Ömür insana verilən həyatdı, insan bu həyatı mürəkkəb, ziddiyyətli enişlərdən-yoxuşlardan keçirib yaşayır, təkcə sevinclərlə, uğurlu hadisələrlə deyil, həm də kədərlə, qəmlə keçirir. Təkcə duyğu ilə, hisslər aləmi ilə yaşamaq olmaz, insan düşüncə ilə, həyata, cəmiyyətə huşyar gözüylə boylanır. Ümumiyyətlə, şeirimizdə MƏN necə yaşadım, həyat hansı sevincləri ilə qarşıma çıxdı, kədərim, qəmim, həyatdan küskünlüyüm nədən doğdu? Bu suallar daim şairləri narahat edir. Və şairin filosofluğu da elə bu zaman, bu çevrədə başlayır. Azərbaycan şeirində də bunun davamlı bir ənənəsi var.

İl kəpənək qanadında
Uçur bahardan bahara.
Lalə də öz rəng qanını
İçir bahardan bahara.

Ya rəb, məni bülbül elə,
Nəğmələrə sürgün elə.
Ya da öldür, bir qul elə,
Keçir bahardan bahara.

Bu - Firuzə Məmmədlinin şeiridir və bu şeirdə onun istəyi, diləyi əks olunur. Sadə, hamının başa düşdüyü bir dildə yazılan bu şeiri şərh eləməyə heç bir ehtiyac duyulmur. Firuzə xanım, deyim ki, yaşının elə çağındadır, nəsihət verməyə, insanları haqq yoluna, halallıq yolunu çağırmağına səlahiyyəti çatır. Amma o, yaşadığı ömürə sanki yenidən qayıtmaq istəyir, gələn baharların sevincləri ilə yaşamaq arzusundadır. Bu, bir şair ömrüdür. Yaşamaq yanğısıdır bu. Azərbaycan şeiri əsrlərdən bəri insanın bu əbədi yanğısını ifadə edib. Burada şairlərin Sözə, Poeziyaya fərdi münasibətləri də öz əksini tapıb. Şairin Sözlə münasibəti, onunla daimi ünsiyyəti isə heç də birmənalı olmayıb. Sözdən müvəqqəti olsa belə uzaqlaşan, onun oduna qızına bilməyən ya onu ram etməkdə çətinlik çəkən, hətta ilhamı susuz bulaq kimi quruyan şairlərimiz olub. Ağacəfər Həsənli adlı şairimiz deyir ki: "Salavat çevirirəm sözə, gəlməsin gözə. Sabah həmin söz içindəki əzəmətdi. Və yaxud başıma qaxıncdı: töhmətdi, məzəmmətdi, qazamatdı. Sabah həmin söz üzümə durur. Ehtiyatlı tərpənirəm, ağzımdan söz qaçırmayım". Belə etirafları çox eşitmişik və Firuzə xanım da deyir ki:

Yaxın gəl, ey məndən uzaq duran söz,
Ya Tövrat söz, ya İncil söz, Quran söz.
Hədiyyəsən mənə, Allah verən söz,
Sənin qədər məni duyan olmadı.

Firuzə xanımın "Sənin qədər məni duyan olmadı" misrasını, əslində. bütün Azərbaycan şairlərinin səmimi etirafı kimi qəbul edirik və Nizamidən üzü bəri bütün qələm əhliləri bu etirafda bulunmuşlar. Sözə dəyər verən və sözlə ucalan şairlərimiz, o cümlədən, Firuzə Məmmədli də bütün istək və arzularını, sevinclərini, qəmlərini, zəmanəyə etiraz və şikayətlərini məhz poeziya dili ilə ifadə etmişlər. Müasir Məhsətimiz - Firuzə xanım zamanla, həyatla, yaşadığı mühitlə bağlı düşüncələrini məhz Sözün ona verdiyi müqəddəs borc kimi dərk edir. Əslində, şair ömrü həmişə zamanla, yaşadığı mühitlə müxalifətdə keçməlidir və bu ənənə də Azərbaycan poeziyasının əbədi bir missiyasıdır. O səbəbdən ki, şairi digər insan çeşidlərindən fərqləndirən bir xüsusiyyət var-şair Sabir demişkən "gördüyüm niku bədi eyləyim izhar yazım" həqiqətinə tapınır. Zamanın bütün ağrıları şairin öz ağrılarına qarışır. Və şair öz poeziyasının pəncərəsindən - o balaca işıqlıqdan dünyaya boylanır.

Zorakılıq, qəddarlıq
Dünyanı alıb gedir.
Dağ arxalı sısqa çay
Dəryanı yaxıb gedir.

Eh, çətin mən də bir gün
Bir mənsəbə yalvaram.
İmkanım, dəyanətim
Tablamaz bu alverə.

Zamanın çovğunları
İradəmə sərt əsir.
Asılır gözlərimdən
Bədbinliyin pərdəsi.

Bu tipli misallara yenə müraciət etmək olar və deyək ki, bunlar sızıltı deyil, hətta "asılır gözlərimdən bədbinliyin pərdəsi" deyəndə də bunu pessimizm kimi qəbul etmək olmaz. Şair, sadəcə olaraq mühitdə, yaşadığı aləmdə haqsızlıqlar görür və etirazını da beləcə, açıq şəkildə ifadə edir. Amma Firuzə xanım bu narazılıqdan, bu daxili şair narahatlığından tamam uzaq elə şeirləri də var ki, necə deyərlər, o şeirlərdən ağappaq işıq süzülür. Bu da təbiidi, çünki ömrün işıqlı anları da şair ürəyindən keçir və şair, bu işığı şeirə çevirməlidir. Kədərli anlar da... və şair bu kədəri, ona əzab verən düşüncələri şeirə gətirməlidir. Mina Rəşid bir şeirində yazır:

...Qəfəsdə bülbül kimiyəm,
Səsim işğal edilib.
Sözüm güllələnib,
Əlimi hara atıram hasardı,
Burda nəğmə oxumaq yasaqdı.

Başqa bir şeirindəsə deyir ki:

Nə sınmaq, nə sıxılmaq,
Başını dik tutmaq
Ağlamağa zaman yox.
Könlümdə haqq sevdası,
gözümdə allahın ən gözəl
Hədiyyəsi-cocuqlar
Hər şeyi dərd eləməyə
aman yox.
İlahi nura qərq olmaq,
Hər sabah yenidən doğulmaq,
Öz taleyini yaşamaq gülə-gülə,
Sızıldamaq yox!..

Hansına inanaq? Mina xanım bir şeirində özünü qəfəsdə bülbül kimi hiss etdiyini bəyan edir, başqa bir şeirində isə sızıldamağın, ağlamağın onun təbiətinə yabançı olduğunu izhar edir. Bu, ikiləşmə deyilmi? Amma müəllifi buna görə qınamaq da olmaz. Sevinc sevinc gətirir, dərd də dərd...g
Qoy şairlər dərddən də yazsınlar, sevincdən də. Bunu ikiləşmə kimi anlamayaq. Təki ortada şeir olsun və bu şeir təkcə o şairin yox, bizim də ürəyimizdən qopan hisslərə, duyğulara çevrilsin.

TƏKİ ŞEİR OLSUN...

Müasir Azərbaycan şeiri öz intellektual səviyyəsi, poetik inkişafına görə necə seçilir? Dəbdə olan ifadə ilə desək, zamanla ayaqlaşırmı? Deyək ki, ötən onilliklərin şeiri ilə müqayisədə irəliləyiş hiss olunurmu? Bu günün şeiri hansı yeni keyfiyyətlərə malikdir?
Bu suallara cavab vermək həm asandır, həm də çətin.
Asandır, ona görə ki, birmənalı şəkildə qeyd edə bilərik ki, şeirimizdə kütləviliyin, qrafomanlığın az qala meydan suladığı bir zamanda şükür olsun Allaha ki, müasir şeirimiz ilk növbədə, poetik istedadlardan xali deyil və Azərbaycan şeiri o istedadların yaratdıqları gözəl nümunələrlə yoluna davam edir. Onlarla gözəl, həqiqi şeir nümunələri misal gətirə bilərik. Zamanla ayaqlaşmaq məsələsinə gəldikdə, burada da çətinlik çəkmərik. Deyə bilərik ki, zamanımız necədirsə, şeirimiz də ona bənzəyir. Mürəkkəb, bir az xaotik, bir az əsəbi, amma "hələ yaşamağa dəyər bir az da". Şair öz zamanının övladıdır və zamanın ovqatı şeirin də ovqatında hiss olunur. Zaman öz mürəkkəbliyini, musiqi dili ilə desək, polifonikliyini, siyasət lisanıyla söyləsək, çoxüzlülüyünü, həm ümidlə yaşamağın, həm də inamsızlığın, şübhə və tərəddüdlərin bir həqiqət olduğunu şeirə aşılayır. Yazılan şeir də, o şeiri yazan şair də öz zamanına oxşayır. Ona görə də bu gün şeirimizdə müxtəlif üslubların, tendensiyaların, axın və təmayüllərin olması heç bir təəccüb doğurmur. Sabir demişkən: "Qarışıqdır hələlik millətin istedadı". Bu qarışıqlıqda yaşarı ənənələrə sadiq qalan Azərbaycan şeirinin çevrəsində müəyyən "izm"lərin mövcudluğu da təbiidir.
Çətindir, ona görə ki, zamanın şeirini yaratmaq, zamanla ayaqlaşmaq asandır, amma şeirin zamanını yaratmaq hər şairə müəssər olmur. Şeirin zamanı dedikdə, istər-istəməz, müasir şeir necə olmalıdır? Sualına gəlib çıxırıq. Yəni XXI əsrin şeiri hansı poetik özəlliklərə malik olmalıdır?
Fikrimizcə, müasir şeir hansı vəzndə, hansı formada qələmə alınmasından asılı olmayaraq məhz gerçəkliyi ifadə etməlidir. Daha Belinski yazırdı ki: "Həyat haradadırsa, poeziya da oradadır və deməli, poeziya üçün məzmun da oradadır. Yalnız məzmun hər bir şairin-həm dahi, həm də sadəcə istedadlı şairin həqiqi meyarı ola bilər... Məzmunsuz, amma rəvan və ahəngdar şeir ancaq poetik formaya olan qabiliyyəti üzə çıxarır; həqiqi natiqliyin yanında ritorika nədirsə. Belə şeir də həqiqi poeziyanın yanında eyni şeydir. Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət eləməz: burada fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Bu fikir poeziyada həyatın müəyyən bir tərəfinə müəyyən bir baxış kimi özünü göstərir, şairin əsərlərini ilhamlandıran və yaşadan bir başlanğıckimi meydana çıxır..."
Belinski şeirdə məzmunun aparıcı rol oynadığını xüsusi vurğulayır və bu sözlərin deyilməsindən azı 170 il keçməsinə baxmayaraq yenə də öz aktuallığını saxlayır. Fikirsiz, məzmunsuz şeir təbii ki, qrafoman qələminin məhsuludur və oxucu bu şeirdən bir misra belə barınmayacaq. Amma Belinski elə bu gətirdiyimiz misalda "rəvanlıq və ahəngdarlıq"dan söz açır və şeirin təkcə məzmun planını deyil, forma-sənətkarlıq amilini də nəzərdən qaçırmır. Bu da onun sözləridir ki: "Şair olmaq indi o deyil ki, quş kimi melodik səslər çıxarıb civildəyəsən, şair olmaq-poetik obrazlarla düşünmək deməkdir". "Poetik obrazlarla düşünmək" isə şeirin həm məzmununu, həm də bu məzmunu hansı poetik boyalarla ifadə etməyi nəzərdə tutur. Bizim böyük şairimiz Mikayıl Müşfiq bu fikri belə ifadə edir ki: "Qoxusuz lalədir mənasız şeir, Qanadsız bir quşdur xülyasız şeir, Gözəlsiz, çalğısız məclisə bənzər, Məzmunsuz. Ahəngsiz, ədasız şeir".
İndi gəlin, bu klassik meyarla 2013-cü ildə dərc edilən bir sıra şeir nümunələrinə diqqət yetirək.
Şeirimizdə dərddən, ağrı və kədərdən çox danışılır. Bu dərdlərin şkirimizdə "yuva qurmasında" təbii ki, həm yaşadığımız gerçəkliyin, həm də şəxsi, subyektiv amillərin rolu şəksizdir. Hər şair dərdin poetik yozumunu özünəməxsus şəkildə ifadə edir. Bu "dərdli" şairlərdən biri də Tərlan Əbilovdur. Bir şeirində yazır ki:

Nə qədər şeirə dərd vermək olar? -
Dərd sözü göz deşir üzü görünmür.
Belə şeirləri oxumaq dərddi,
budu dərd-adı var, özü görünmür.

Tərlan çox vacib bir mətləbə toxunur və biz də bu fikirlə razıyıq ki, şeirimizdə doğrudan da dərddən çox danışılır və elə bu şeirlərin çoxunda yadda qalan dərdin özü yox, "dərd" sözü olur. Bəs Tərlanın özü necə?

Bu nəfəs səninki deyil,
oxuma şeirlərimi.
Mən hörmüşəm kərpic-kərpic
Yuxuma şeirlərimi.

Ta o əldən bu can çıxmış,
Bu can vardan-yoxdan çıxmış.
Ağlayıram çoxdan çıxmış
qırxıma şeirlərimi.

Ölmüşəm, qara geyiblər,
Qırx gün torpağı döyüblər.
Bir daşla bənd eyləyiblər
yaxama şeirlərimi.

Bu hava səninki deyil,
oxuma şeirlərimig
(ardı gələn şənbə sayımızda)

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru


İmza:

YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK