hacklink Adalet.az | NƏ VAXT QOCALDIM... Adalet.az | NƏ VAXT QOCALDIM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

NƏ VAXT QOCALDIM...

39908    |   2014-05-03 04:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan yarandığı gündən addım-addım ölümə doğru getməkdədir. Bəzən sürətli yerişlə, bəzən qaçaraq gedənlər də olur - nə baş verdiyini anlamadan, həyatın nədən ibarət olduğunu bilməyə, "pəncərə"dən baxmağa doğru-dürüst imkan tapmadan, bəzən də ətrafındakı yaxınlar, doğmalar seyrələ-seyrələ azaldıqca... tamailə tək qalıncaya qədər yaşayıb, həyatın mənasızlaşdığını anlayaraq ölümü könüllü arzulamaqla baş tutur bu gediş...
İnsan doğularkən nədən ağladığını tibbdə, öyrəşdiyi isti ana bətnindən ayrılması, onun üçün yad olan mühitə düşməsi ilə izah etsələr də, bunun izaholunmaz mənaları daha çoxdu...
Bu dünya bir sınaq meydanıdı. Sanki imtahan verməyə gəlir insan - həyatın dərslərini öyrənmək üçün ən gözəl məktəb həyatın özü, ən qiymətli kitab - Qurani-Kərim, ən gözəl müəllim Peyğəmbərimizdi. Məktəbin şuluq uşaqları da olur - sonrakı peşmanlıqları fayda verməyən uşaqları...
Amma o kitabı oxuyub, o müəllimin göstərdiyi yolla gedənlərdən ziyana düşəni olmayıb...
Həyatımızı Yaradan elə nizamla qurub ki, öhdəmizə düşən vəzifələrimizi, borclarımızı, məsuliyyətlərimizi, öhdəliklərimizi yerinə yetirərkən... Yəni, ölümü düşünmək üçün vaxtımız qalmır, bir də baxırıq ki, həyatın sonundayıq və heç nəyi yenidən yaşamaq şansımız yoxdu. Övlad dünyaya gələndən onun qarşısındakı məsuliyyətimiz bizi öz həyatımızı düşünməkdən vaz keçməyə, yaxud daha az düşünməyə vadar edir (övlad payından məhrum olanların isə başqa bir səbəblə başını qataraq). Bu instinktdimi, bilmədən beynimizdə kodlaşdırılmış ilahi vəzifədimi, hər nədirsə usanmadan, sevə-sevə edirik, hətta ömrümüzü fəda etdiyimiz övladlar bizə nankorluq etsələr də. Bizdən əvvəlkilərin söylədiyi kimi, övladın acısı da bal dadır...
Qayğısız uşaqlıq (O da həmişə qayğısız olmur - F.R) arzularının qanadlarında böyüyür insan, gələcəyi düşünərkən ancaq yaxşı şeyləri, xoş anları təsəvvür edir. Heç kimsə tutaq ki, otuz yaşında gözəl bir ölüm planlaşdırmır. Amma gözəl həyat, təhsil, iş, ev, ailə barədə düşünür. Bu, bizim özümüzü aldatmağımızdımı, yoxsa ilahidən bizi yaşatmaq üçün içimizə səpələnmiş ümid qığılcımlarıdı...
Bu duyğular hamıya tanış olsa da, hər bir insanın həyatın yalnız müəyyən dönəmində dayanıb, düşünməyə vadar edən anları olur. Və o zaman niyə, nədən sualları qarşısında qalırsan və bu sualları da beynindən çıxaran güc peyda olur və yenə yoluna davam edəsi olursan - ölümə doğru daha bir addım...
İlk dəfə mənə gənc qız "xala" deyə müraciət edəndə diksindim. Özümü bir anlıq anlaşılmaz hisslərin içində tapdım. Sanki beynim tormozlandı, hansı reaksiyanı verəcəyimi kəsdirə bilmədim. Sonra öyrəşdim bu müraciətə...
Amma kiçicik qiymətli bir varlığın "nənə" deyə müraciəti daha fərqli bir duyğu yaşatdı mənə. Bu duyğunun mənasını tam anlaya bilməsəm də, "nənə statusuna" heç cür alışa bilmirəm ki, bilmirəm. Ömür nə tez keçdi!
Bilmirəm, mən uşaq olanda nənələr çox qoca olurmuşlar, yoxsa geyimləri onların indikilərdən fərqli görünməklərinə səbəb idi. Bircə onu bilirəm ki, mən nənəmi milli üslubda, üst-üstə qat-qat tumanla, ipək koftada, çəpgəndə, kəlağayıda gördüyümdən nənə simvolu da yaddaşımın o dövründə ilişib qalıb. Nənələr nağıl danışardı, göydən şirin almalar endirərdi, onların bayatılar, şeirlər, ağılar, laylalar "boxçası" olardı.
İçimdə mübarizədə olan iki hissin heç birini günahkar çıxara bilmirəm: Biri dövrün, zamanın, geyimin, yaş həddinin, tələbatların dəyişməsinin təbii, normal olduğunu söyləyir, digəri isə nənənin nənəyə yaraşan geyimi, oturuşu-duruşu, hərəkətləri olduğunu. Hələ nənə kəlməsini tam mənimsəyib, həzm edə bilmədiyim halda, bu tələbatları da qəbul etmək çətin bir işmiş.
Özünü hansı yaşda hiss edirsənsə, o yaşdasan, deyirlər. Amma "hiss etdiyimlə", güzgüyə baxarkən keçirdiyimlə, nəvəyə baxarkən keçirdiyim hiss içimdəki savaşın bitməsinə imkan vermir... Nənə kimi anladığım yeganə hiss nəvənin nə qədər şirin, izaholunmaz bir cazibə sahibi, "...övladda nəvə" həqiqəti, sevinc mənbəyi olmasıdır.
İnsan belə qayğılarla başını qataraq, daha doğrusu insanın ilahi bir əllə bu işlərə başı qatılaraq ömür yolunun sonuna doğru addımlayır. Yoxsa oturub ölümü gözləməklə ürək partlaya bilər. Kimi sevinciylə, kimi təsəllisiylə, kimi boş arzularıyla, kimi imanının kamilliyilə irəliləyir. Bu irəliləmədə yeganə dayanacaq qəbiristanlıqlarda, məzarlar arasında olarkən bir neçə dəqiqə düşündüklərin olur. Amma maraqlı olan budur ki, milyon illərlə davam edən bu "gəliş-gediş" insanları dünyanın faniliyinə, yalnız yaxşılığın qalacağına, pis əməllərin öz əleyhinə çevriləcəyinə, bu dünyadan aparacağının yalnız od, yoxsa nur ola biləcəyinə inandıra, alışdıra bilmir. "Cəhənnəmdən od gətirməyə getdim, yox idi. Hər kəs o, odu özü ilə gətirir, dedilər"...
Bu dünyadan istər gənc, istər yaşlı kimi köçsək də, əməllərimizi düzgün istifadə edək, odu, isti münasibəti insanlara - bir-birimizə xərcləyib qurtaraq ki, pis əməllərin əliylə özümüzlə götürüb axirətimizi məhv etməyək.
Mən təsəvvürümdəki nənə yaşına gedib çatacağammı bilmirəm, amma bu statusu qəbul etməyə çalışıram.
"Doğulanda hər kəs gülür, sən ağlayırsan. Elə bir həyat yaşa ki, öldüyündə hər kəs ağlasın, sən güləsən..."

Fəridə RƏHİMLİ
f_rehimli@box.az


İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK