Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: FETHİ BƏY GEDİKLİ Adalet.az | ORALARDA KİMLƏR VAR: FETHİ BƏY GEDİKLİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR: FETHİ BƏY GEDİKLİ

FETHİ BƏY GEDİKLİ KİM İDİ

15311    |   2007-08-08 12:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Birinci yazı)

Mən bu sətirləri yazdığım saatlardan bir az sonra (3 avqust 2007-ci il tarixinin sabah saatlarında) bizim əbədi camiəmizin və mədəniyyət dünyamızın ən yaxın dostlarından biri Türkiyə Cumhuriyyəti Kültür və Turizm Bakanlığı Kültür və Turizim müşaviri Fethi bəy Gedikli respublikamızdan ayrılacaq, məmləkəti Türkiyəyə gedəcək və bu ayrılış bir çox azərbaycanlı ziyalısı üçün həqiqi mənada çox ağır bir məqamdır və o Azərbaycan ziyalılarından biri də (bu söz üçün üzr istəyirəm) mən özüməm. Bu yaşa qədər bir çox məqamları yaşadıq və mən heç bir rəsmi və böyük vəzifə sahibi olmadığım halda Fethi bəy və TRT Radio və Televizyon Qurumunun Bakı ofisinin şefi Adulhamit bəy Avşar bir gün mənə telefon açdılar və dedilər ki, sizi ZİYARƏTƏ GƏLMƏK İSTƏYİRİK. Aman Allahım, BU ZİYARƏT HARDAN ÇIXDI? Bu elə bir məqamda idi ki, mən "Qobustan" jurnalından uzaqlaşdırılmışdım, "Ulduz"! jurnalında ədəbi işçi işləyirdim və bu yandan da böyük bir ölkənin iki rəsmi yaradıcı insanı, məmuru məni hardan bu məqama layiq bildi ki, bəs ZİYARƏT etmək ortalığa düşdü. Bu ZİYARƏT MƏSƏLƏSİ Türkiyədə elə belə məsələ deyil və ZİYARƏT kəlməsinin altında bir çox məqamlar var ki, bunu mənim açıqlamam heç yerində olmaz, amma böyük bir dövlətin iki rəsmi məmurunun bunu eləməsi son dərəcə məmnun edici bir iş və durum idi.
   
   Neyləyəsən, bu da bir alın yazısıdır. Mən sonralar bu iki yaradıcı və rəsmi insanlarla çox təmaslarda oldum və onlar haqqında bir çox yazılar yazdım və onlarla birlikdə iki ölkə arasında salınmış, şablon da olsa deyək, körpünün daha uzun ömürlü olması üçün bir şeylər elədim və elədilər.
   
   İndi Fethi bəy yalnız öz rəsmi işindən ayrılmadı və onunla vida resepsiyonunda məlum oldu ki, Fethi bəy olmazın işlər görmüş bu məmləkətdə və artıq onun gördüyü işlər bizim ana tariximizin böyük bir hissəsi olaraq yazılı və şifahi ortamlarda səslənəcək.
   
   Fethi bəy çox əfəndi birisi, bu yalnız mənim fikrim deyil, resepsiyona qatılan bir çox azərbaycanlı ziyalısı bunu söylədi və indi bunları təkrar etmək məqsədində deyiləm. Bu fikirlərə qulaq asa-asa düşünürdüm:
   
   bir neçə il, yox... daha bir neçə il öncələrə baxırdım və gözlərim yol çəkirdi: Fethi bəyin abisi Yusif Gediklinin Azərbaycana son gəlişi yadıma düşürdü və bu son gəlişdə Azərbaycan ədəbiyyatı üçün bir zamanlar dəmir qapılar arxasında unudulmaz işlər görən Yusif Gedikliyə ədəbi ictimaiyyətimizin son dərəcə qəbahət və son dərəcə qaba münasibətini yadıma salırdım və düşünürdüm: "BİZ SİZİ UNUTMAYACAYIQ" sözləri bir zamanlar onun ABİSİNƏ deyilmişdi.
   
   Və biz unutmaq üçün yaranmışıq. Bunu danmaq olmaz.
   
   Axı kimləri unutmamışıq ki...
   
   Bunu Fethi bəy bilirdi və bilə-bilə də: incə-incə gülümsünürdü və bu gülümsəmənin arxasındakı ağrını və "nə etmək olar" sözlərini də görməmək mümkün deyildi.
   
   O, öz işini gördü.
   
   Fethi bəyin Azərbaycandakı işləri uzun zaman araşdırılacaq, bu bir ETAPDIR. Heç kəs onun gördüyü işlər qədər iş görməyib, nə də görəcəklər. Onun kimi bir məmurun buralara gələcəyinə mənim çox böyük bir şübhəm var. Gələcək bunu tam açıqlığı ilə ortaya qoyacaq.
   
   Təbii olaraq, ilk sualımız sizin Azərbaycanla təmasınız haqqında. "Azərbaycan" kəlməsini ilk dəfə kimdən eşitdiniz və o an keçirdiyiniz hisslər?
   
   "Azərbaycan" kəlməsini ilk dəfə kimdən və nə zaman eşitdiyimi, doğrusu, xatırlamıram. Çünki xatırlanmayacaq qədər əski bir zamandaydı bu. Artıq məktəbə gedərkən mənim Türklük hissim qalib gəlmişdi. Müəllimimizin bir gün bizə səlcuqlu sultanı Alparslandan söz edən bir kitab oxuduğunu və ondan danışdığı zaman Alparslanın igidliyindən, qəhrəmanlığından bəhs edən bu kitabdan çox xoşum gəldiyini xatırlayıram. Hesab edirəm ki, bu, 1960-cı illərin sonuna doğru, mən 8-10 yaşlarımda ikən olmuşdu. Məktəb illərində oxu kitablarında adı hallanan Atilla, Mete mənə hər zaman həyəcan vermişdir. Hətta bu ilk illərdə Türklüklə Müsəlmanlığı biri-birindən ayıra bilmədiyimi, ağabəyimin (böyük qardaşımın) mənə bir az Müsəlman kimliyiylə "Misir də Müsəlman ölkəsidir, Suriya da" dediyində mənim ona "Türkmü?" deyə soruşduğumu xatırlayıram. Bir də ilk məktəb kitablarımın birində Sovetlər Birliyi tərkibindəki bəzi cümhuriyyətlərdən olan insanların rəngli fotoları yadıma düşür. İndi dəqiq xatırlamıram, amma həmin kitablarda milli geyimlərdə (kuşanmış) Tacik, Qırğız, zbək, Qazax daxil olmaqla Azərbaycanlı da vardı. Bunların qardaşlarımız olduğunu bilirdim. Onu da mənə ağabəyim söylədi.
   
   Digər tərəfdən, mən artıq dünyanı qavramağa başladığımda yanımda sizin də yaxından tanıdığınız ağabəyim Yusuf Gediklinin kitablarını gördüm. O kitabların içində böyük türk milliyyətçisi Ziya Göyalpın kitabları da vardı. Onları, xüsusilə Göyalpın şerlərini həyəcanla, coşqunluqla oxuduğum hələ də yadımdadır: "Türkçülüyün Əsasları" kitabı da bu sıradandır. Orda Göyalp belə deyirdi: "Türkçülərin uzaq məfkurəsi, Turançılıq altında birləşən oğuzları, tatarları, qırğızları, özbəkləri, yakutları lisanda, ədəbiyyatda, harsda (mədəniyyətdə) birləşməkdədir. Bu məfkurənin bir reallıq halına keçməsi mümkündür, yoxsa yox? Yaxın məfkurələr üçün bu cəhət aransa da uzaq məfkurələr üçün aranmaz, çünki uzaq məfkurə ruhlardakı sonsuz coşqunu bir xeyli yüksəltmək üçün hədəf alınan çox cazibəli bir xəyaldır..."
   
   Bu ülkü məni də heyrətləndirmişdi.Bütün türklərin azad və özgür yaşaması, öz qismətini bəlirləməsi, mədəniyyətini saxlayıb inkişaf etdirməsi ən böyük arzumdur. Biz artıq başqa millətlərin boyunduruğu altında yaşamayaq, məsələn Ruslaşaraq, Almanlaşaraq, Çinliləşərək, Farslaşaraq, Ərəbləşərək itib getməyək. Var olaq. Amma özümüz qalaraq var olaq. Bu məqamda, keçənlərdə sizin dərsliklərin birində oxuduğum V.Q.Korolenkonun sözlərini bir daha xatırlayaq: "Düşünəndə ki, uşaqlarım mənim dilimi, bunun ardınca da düşüncələrimi, arzularımı, səylərimi, yoxsul təbiətimə, doğma xalqıma, özümə yaxşımı, pismi, xidmət etdiyim vətənimə məhəbbətimi anlamayacaqlar, məni dəhşət bürüyür".
   
   Məni də...
   
   Söz bir az uzandı məncə. Söhbət "Azərbaycan" sözünü ilk nə zaman eşitdiyimdən gedirdi. Bayaqdan anlatdığım şərait içində biz Sovetlər Birliyinin dağılacağına və tərkibindəki türk cümhuriyyətlərinin azadlığa qovuşacaqlarına inanırdıq. Bunun üçün əlimizdən gəldiyi qədər onlar haqqında bilgi almağa və aldığımız bilgiləri yaymağa çalışırdıq.Hələ universitetdə son sinifdə oxuyarkən "Çağdaş Azərbaycan Şeri Antologiyası" deyə bir toplu tərtib etdik. 1983-cü il idi. O zaman Türkiyədə kiçik bir kəsim xaricində Azərbaycanı və onun böyük mədəniyyətini bilən az adam vardı. Bu çalışmamız mükafat aldı və özündən sonra bir çox çalışmanın da ortaya çıxmasına təkan verdi.
   
   Azərbaycanda bu vəzifəyə göndərilməyinizi kimlər gerçəkləşdirdi? Nədən məhz Azərbaycan?
   
   2003-cü ildə Türkiyədə ümumi seçkilər keçirildikdən sonra bildiyiniz kimi, iqtidara Ədalət və İnkişaf (Kalkınma) Partiyası gəldi. Bu partiyanın qurduğu hökumətin üzvü, Kültür və Turizm Bakanı, mənim Azərbaycanla ilgili çalışmalarımı yaxından bilirdi. O, Türk cümhuriyyətiylə mədəni əlaqələri dərinləşdirmək istəyirdi. Bu səbəblə, yeni bir təşəbbüsə gedərək - hesab edirəm ilk dəfə universitetlərdə müəllimlik edən insanların bu işə göndərilməsinin daha uyğun olacağını düşündülər. Bu çərçivədə mən də uzun zaman Azərbaycana və onun mədəniyyətinə duyduğum yaxınlığı göz önünə alaraq "Azərbaycana gedərsənmi?" deyə təklif aldım. Bu təklifi məmnuniyyətlə qəbul etdim. Bir millət, bir mədəniyyətin mənsubu olan Türkiyə və Azərbaycan xalqının mədəni sahədəki əlaqələrinin gəlişməsinə (inkişaf etdirilməsinə) Türkiyədə və burda bir azacıq olsa da yardımçı olmağımla özümü bəxtiyar sayaram. Mənim bürom əsasən "Mədəniyyət və Tanıtma" deyə adlanır. Tanıtma qisminə ölkəmizin turizm imkanlarını burda tanıtmaq da düşür. Amma nazirimiz məni bura və dostlarımı digər türk cümhuriyyətlərinə uğurlarkən bizə bilhassa (xüsusilə) mədəni əlaqələrin inkişaf etdirilməsi üçün çalışmamızı tapşırmışdı.
   
   Necə olmasa da darıxdığınız və sıxıntı çəkdiyiniz anlar olurmu? O zaman sizi ovudan nələr olur?
   
   Doğrusunu istərsəniz, mən burda heç sıxılmadım, deyə bilərəm. Bunun bir neçə səbəbi var: bir dəfə bura gələrkən hara gəldiyimin fərqindəydim.Azərbaycan və onun xalqı haqqında bəlli bir görüşüm, qənaətim vardı. Gördüyümlə, umduğum arasında bir fərqlilik olmadı. Burada çox yaxşı qarşılandım. Başqa bir səbəb, bu bəlkə də ən önəmlisidir: bura mənə özgə bir mühit kimi görünmədi.Hər zaman söylənən bir sözü,bir dəfə də mən söyləyəcəyəm: burada özümü yurdumda hiss etdim. Əgər doğma dilinizlə anlaşırsızsa, o zaman özgəlik, qürbət, qəriblik hissi olmur. İnsanın vətəni dilidir. Deyəsən, məşhur alman filosofu Heydegger belə deyir. Məncə bu tamamilə doğru. Daha öncə İngiltərədə, Misirdə oldum. Məsələn, Misir İngiltərəyə görə mənə daha doğma gəldi. Məscidlər, minarələr, azan səsləri daha doğmadır bizim üçün. Məsələn, Tolunoğlu məscidi sizi həmən oraya bağlayır. Sonra Osmanlı dövlətinin xatirələri var. Hətta daha uzaqda Məmlüklər var. Sonra İsgəndəriyyə... İsgəndəriyyədə Kayıtbayın qalasını görüncə oranı həmən sevirsən.
   
   Azərbaycana gəlincə, ortaq olduğumuz o qədər çox şey var ki, sadalamaqla bitməz. Bir də siz İstanbulda yaşadınız, İstanbulu sevdiyinizi bilirəm, amma ondan çox da şikayət edirsiniz. İstanbula sonradan gəlmə biri olaraq bunu mən çox yaxşı başa düşürəm. Çünki İstanbul insanı doğrudan tək-tənha qoyar. İstanbulda təklik içindəsiniz. İstanbulda dostunuz, yəqin ki, olmaz. Amma bu İstanbulun günahı deyil, sadəcə bütün böyük şəhərlər belədir. Məsələn, mən Londonda yaşadım. London da belədir və orada dost-düşmən - bütün türkiyəlilər bu səbəblə bir-birilərinə sığınırlar, dostluq, yarənlik edirlər. Bax, buna görə İstanbuldan sonra Bakıya gəlmək insana heç bir çətinlik yaratmır. Əksinə, bir rahatlıq və asanlıq tapır insan burada. Bakı əslində orda-burda göbələk kimi bitən hündür və sıx binaları bir tərəfə, bütün böyüklüyünə rəğmən - çox geniş bir sahəyə yayılmış, balaca bir şəhər havasında. Daha doğrusu, şəhərin mərkəzi və ya qəlbi balaca. Siz də əgər ora yaxın bir yerdə yaşayırsızsa, heç bir güclüklə (çətinliklə) qarşılaşmadan, fəqət eyni zamanda ancaq böyük bir şəhərin verəcəyi imkanlarla tanış olursunuz. İstanbulda trafik (gediş-gəliş) səbəbiylə ayda-ildə bir getdiyiniz teatra, kinoya və mədəni bir mərasimə, burada hər gün bir dəfə və hətta bəzən bir neçə dəfə gedə bilirsiniz. Bu hal, təbii, bir az bizim etdiyimiz işin mahiyyətindən qaynaqlanır. Son olaraq, mən deyəsən, özümlə və çevrəmlə çox asan dil tapan bir insanam. O üzdən heç sıxıntı çəkmədən yaşayıram. Amma, bəzən sıxıldığımız anlarımız olur, amma bunlar Bakının gətirdiyi şeylər deyil, İstanbulda da, Ankarada da, başqa hər yerdə yaşana biləcək insani sıxıntılar...
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-23
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK