TAMAH

FAİQ QİSMƏTOĞLU
41133 | 2014-01-25 00:10
Nərgiz xala oğlu Arifi evləndirmək istəyirdi. Ancaq Arifi ipə-sapa yatmır və dediyindən dönmürdü. Onun da dediyi bu idi ki, qonşudakı Nailə adlı qızla evlənmək istəyirdi. Anası Nərgiz Nailənin adını eşidəndə elə bil qutuda ilan görürdü və deyirdi:
- A bala, o qız bizim tayımız deyil. Sənin dədən varlı, imkanlı adamdı, qızın atası isə ziyalıdı. Müəllimlə bizimki tutmaz. Biz dörd mərtəbəli villada yaşayırıq, onlar uçuq-sökük ikiotaqlı hökumət evində. Ev nə vaxt təmir olunub bilmək olmur. Elə bilirsən ki, içəri keçən kimi dam uçacaq və qalacaqsan onun altında.
Amma hələ ki, Nailəgilin evi uçmamışdı, hələ ki, onun atası da heç kimə əyilməmişdi. Düzdür, Nadir kişi müəllim idi, çörəyini dərs deməkdən çıxarırdı. Ancaq ömrü boyu nə kiməsə əyilmiş, nə kiməsə yaltaqlanmış, nə də kiminsə quşunu götürmüşdü.
Onların qapısına qızı üçün o qədər adam elçi gəlirdi ki, heç kimə "hə" demirdi. Çünki Nadir kişininki hər adamla tutmurdu. Düzdü, bir balaca xasiyyətində codluq vardı, lakin bu o demək deyil ki, o qəliz adam idi. Onun kimi həlim, yumuşaq, tərbiyəli və mədəni adam az-az tapılardı. Hətta dərs dediyi uşaqları belə döyməz, bir sözlə onları qızardar və əyri yoldan daşındırardı.
Anasını dinləyəndən sonra Arif başını buladı:
- Ay ana, bilmirəm, siz evlənirsiniz, yoxsa mən?! Sənin nəyinə gərəkdi, mənim istədiyim qızın atası müəllimdi. Zato, çox təmiz, vicdanlı və əməli-saleh adamdı.
Oğlunun azğından çıxan sözləri eşidəndə elə bil Nərgizin başından bir qazan qaynar su töküldü və başladı yenidən əsib-coşmağa.
- Atan Cəfər sənin dediklərini eşitsə, ürəyi partlayar. Bu lüt-üryanlar bizə qalıb? Taylı-tayını tapmalıdır. Başa düşmürsən, nə deyirəm? Mənim və atanın fikri belədir ki, iş adamı olan Asifin qızı ilə ailə qurasan. Asifin qızı Gülyaz ağıllı uşaqdı. Elə fikirləşirəm ki, bizə yaraşan ailədi.
Arif dilləndi:
- Ana, görürəm dediyinizdən dönən deyilsiniz. Mənim ürəyimi partlatmaq istəyirsiniz?
Nərgiz əsəbi halda:
- Ürəyi partlayan atanla mən olacam. Sən ki, tərslik edib iki ayağını bir başmağa diriyirsən; ya məni infarkt vuracaq, ya da atanın ürəyi partlayacaq...g
Tay bu sözlərdən sonra Arif dillənmədi. Başını aşağı salıb evdən çıxdı. Hətta bir neçə gün evlərinə gəlmədi. Atası Cəfər kişi Arfin hərəkətlərini eşidib dilxor oldu. Sonra da oğluna sifariş göndərdi ki, kişi evi tərk edib getməz. Arif qorxurdu ki, o, evdən gedəndən sonra atasına, anasına bir şey olar. Yəni onlar əsəbiləşsə, aləm bir-birinə qarışacaq.
... Bir il idi ki, Arif sakitləşmişdi. Onun qulağını anası Nərgiz arvad o qədər doldurmuşdu ki, istədiyi qızdan əl çəkmişdi. Daha doğrusu, Nailəni unutmuşdu. Nailəni də unutduran bu idi ki, anası onun qarşısında şərt qoymuşdu: ya bizi tutmalısan, bizim dediyimiz qızla ailə qurmalısan, ya da üçitelin qızı ilə evlənməlisən. Arif də papağını qarşısına qoyub yaxşı-yaxşı fikirləşmişdi, sonra da demişdi:
- Tay özünüz bilərsiniz, əgər mən dediyim qızla evlənməyimi istəmirsinizsə, iti də alsanız mənim üçün fərqi yoxdu!
Bu razılığı eşidəndə Nərgiz arvadın uçmağa qanadı olmadı. Gəlib oğlunun başına fırlandı:
- Mən bilirdim ki, sən ağıllı uşaqsan, dədənin dediyindən çıxan deyilsən. Özü də bilirsən, Asif qızına toy günü nə hədiyyə verəcək? Bakının mərkəzində dörd otaqlı novostroyka, bir dənə də "Rance Rover". Hələ deyir ki, uşaqların toyu başa çatsın, onları İspaniyaya gəzməyə göndərəcəm. Xoşları gəlsə, Madriddə ev də alacam.
Anası danışdıqca Arifin xəyalları uzağa gedir, amma içindəki vicdan hissi ona rahatlıq vermirdi. Elə bil kimsə ona deyirdi:
- Ay etibarsız, adam da saf məhəbbəti villaya, maşına dəyişər?
Ancaq tez də Arif özünü toplayır və düşdüyü gərgin vəziyyətdən çıxmağa çalışırdı.
... Toy günü təyin olundu. Bakının ən prestijli şadlıq sarayında dəbdəbəli toy mərasimi keçirildi. Toyda kimlər yox idi - nazirlər, nazir müavinləri, icra başçsıları, prokurorlar və çoxlu sayda iş adamları. Sanki cənnətdə olan qeyri-adi bir yer idi bura. Qəribə idi ki, həmin gün də Arifin ürəyi Nailənin yanındaydı. Elə ki, Nailə yadına düşürdü, elə bilirdi ki, yanındakı həyat yoldaşı Gülyaz deyil, Nailədi. Handan-hana özünü toplayanda hər şeyi olduğu kimi görürdü.
Toydan sonra onları İspaniyaya gəzməyə göndərdilər. Qayınatası məşhur iş adamı Asif dediyini elədi. Onlara Madriddə üçotaqlı mənzil də aldı. Hər səhər açılanda gülüş içində, qəhqəhə içində açılırdı. Bu gülüş və qəhqəhə sanki düz gedib Nailənin qulağına çatırdı. Amma Nailənin qulağına nə qəhqəhə çatırdı, nə gülüş. Düzdü, Nailə Arifi unutmamışdı, amma onun vəfasızlığının şahidi olmuşdu.
Artıq Arifin Gülyazdan bir oğlu da dünyaya gəlmişdi. Gözləmək olardı ki, oğlunun dünyaya gəlməsi bu ailəni bir-birinə daha da yaxınlaşdıracaq və sevdirəcək. Amma hər şey əksinə baş verirdi. Elə gün olmurdu ki, evdə dava-dalaş, qan-qaraçılıq olmasın. Hər dəfə də davanı salan Gülyaz idi.
Bu dəfə onun qaş-qabağı yer süpürürdü. Çünki Arif qızın üstünə qışqırmış və hətta ona bir şillə vurmuşdu. Gülyaz da bu barədə atasına xəbər çatdırmışdı və sonra da Arifə demişdi ki, sənin ağlın başqalarına getməsin, atam gəlib səni bir günə qoyar ki, dədənin toyu yadına düşər. Amma Gülyazın atası Asif gəlib ona bir şillə də vurmamışdı. Telefon açmışdı və telefonda da ona bir söz demişdi, o söz də Arifə bərk yer eləmişdi. Asif yenidən yeznəsinə telefon açdı:
- Ə, sən bu qədər qudurmusan ki, mənim qızımın qulağının dibindən şillə vurursan? Sarsaq oğlu sarsaq, mənim pulumla adam olmusan, ev-eşik qazanmısan, indi də qızıma xox gəlirsən?
Arif utana-utana:
- Asif əmi, əsəbiləşdim bir şillə vurdum. Özüm də Gülyazdan üzr istədim, bir də belə şey olmaz!
Təzədən Asif özündən çıxdı və telefonda Arifin üstünə bağırdı:
- Köpək oğlu, şələ-şüləni yığışdır, o evdən sürüş! Mənim sən adlı yeznəm yoxdu, bir gün də vaxt verirəm. Əgər bir günə evdən çıxmasan, səni çaqqal leşi kimi sürütdürəcəyəm.
Arif yen dillənmədi və susdu. Çünki yaxşı bilirdi ki, çox imkanlı iş adamı olan Asif dediyini eliyəndi. Yəni Asifin ağzından söz çıxdımı, deməli, o, sözünün yiyəsi idi. Bunları bilən Arif həyat yoldaşı Gülyaza bir söz demədən pencəyini götürüb evdən çıxdı.
... İki il idi Gülyazdan ayrılmışdılar... İki il idi ki, oğlu Fuadın üzünü də görmürdü və uşağın artıq iki yaşı vardı. Anası Nərgiz oğlunun ailəsinin dağıldığını görəndə ürəyi partlayırdı, daha doğrusu, bir axşam qan təzyiqi necə qalxdısa, onu iflic vurdu. Bir aya yaxın həkimlər üstündə çalışdılar. Ancaq nə dava-dərmanın, nə də həkimlərin ona köməyi olmadı. Nərgiz arvad dünyasını dəyişdi. Cəfər kişinin də vəziyyəti yaxşı deyildi. Onun da şəkəri qalxmışdı. Üstəlik də həyat yoldaşı Nərgiz dünyasını dəyişmişdi, nəvəsini də ona göstərmirdilər. Az qala Cəfər kişinin ürəyi partlayırdı. Amma hələ ki, Cəfər kişinin ürəyi partlamamışdı, hələ ki, Cəfər kişi ümidlə yaşayırdı ki, bəlkə günlərin bir günündə Asifin ürəyinə insaf düşdü, o da nəvəsini onun yanına göndərdi. Amma nə Asif bu fikrə gəlir, nə də nəvəsinin Cəfərin görməsinə imkan verirdi...
Arif atasına heç bir şey demirdi. Ancaq onun gözlərindən hiss etmək olurdu ki, bütün bu bəlaları başına atası Cəfər və anası Nərgiz gətirmişdi. Arif get-gedə solurdu, rəngi-rufu da ağarmışdı. Elə bilirdi ki, ömrünün son günləriydi. Lakin ömrünün son günləri deyildi, əzablı, əziyyətli və ağrılı günlərini yaşayırdı. Özü də bilmirdi ki, bu bəlaya niyə düçar oldu? Niyə fikrindən daşındı və gəlib cəhənnəmin içinə düşdü...
Tamah, var-dövlət hərisliyi çoxlarını bədbəxt eləmişdi. Ancaq Arif o qədər var-dövlət hərisi də deyildi. Sadəcə olaraq, böyüklərinin fikri ilə razılaşdı və varlı iş adamının qızı ilə evləndi. Çünki anası Nərgizin səhər-axşam fikri-zikri varlı iş adamı ilə qohum olmaq idi...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV