ANA SƏHİFƏ / YAZARLAR

NUH PEYĞƏMBƏR ŞİRİNCƏDƏ GÖRÜNÜB

55731    |   2012-12-14 23:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə vaxtdır dünyanın sarı mətbuatından tutmuş ən ciddi qəzetləri, televiziya kanalları 21 DEKABR QİYAMƏTİNDƏN yazır. Tanrıdan əvvəl qəzetlər, televizyonlar, falçılar, dərviş məstəlişahlar Qiyaməti artıq qoparıblar. Mağazalarda ərzaq mallarına daraşan kim, şam üstdə baş yaranlar kim, zirzəmilər tikən, tikdirənlər kim, Nuh tufanından qorunmaq üçün dağlara qalxan kim. Hələ Qıl körpüdən keçmək üçün dəmir ayaqqabılar sifariş verənləri, inkir-minkiri ələ almaqdan ötrü yollar axtaranları, nəzir-niyaz paylayanları demirəm.

Deməli, belə. 21 DEKABRDA dünya kəllə-mayallaq olacaq, Antraktida ilə Arktika yerini dəyişəcək, Asiya gedəcək Avropaya, Avropa da gələcək Asiyanın yerinə. İrlandiya ilə Yaponiya, Kuba ilə də Madaqaskar yerlərini dəyişəcək, Bəşər Əsəd də gedib düşəcək Venesuelaya.

Amma Türkiyədə Şirincə adında bir kənd qalacaq yerində. Neçə gündür Türkiyə televizyonları dünyaya xəbər yayır ki, bəs Şirincədə Qiyamət qopmayacaq. Pulu olanlar da, pulu olmayanlar da, hətta dünyanın başqa ölkələrindən axışırlar bu kəndə. Hökumət məcbur olub jandarmanı, polisi töküb Şirincəyə. Hətta belə bir xəlvət göstəriş də verib ki, hər yoldan ötəni kəndə buraxmayın. Çox qəribədir ki, həqiqətən də ərəbləri bu kəndə buraxmırlar. Görünür, bu kəndin camaatı CHP-dəndilər, sayın Ərdoğanın acığına belə edirlər. Otellər bahalaşıb, evlərin qiyməti vurub kəllə-çarxa, həyətləri çarpayılarla doldururlar və sair və ilaxır.

Bərdə ilə Ağdam arasında bir Şahvəlilər kəndi var, meşənin içindədi. Və bu meşənin içində də Ədalətin səliqəli bir yeməkxanası var. Nəinki Qarabağda, bəlkə də Azərbaycanda burdakı kimi kabab çəkə bilmirlər.

Bu yeməkxananın yalnız özünəməxsus çox qəribə bir özəlliyi var. Qarabağda tanınmış, saytal və ya vəzifəli kişinin özü və ya yaxın qohumlarından biri öləndə ölkənin hər yerindən tökülüb gəlirlər yasa, təbii ki, babat kişilər. Belədi də, babat kişilərin yasına babat adamlar gedir, kasıbların da yasına kasıblar. Dəxli yoxdu, yas Ağcabədidədi, Bərdədədi, Tərtərdədi, Ağdamdadı, hətta Yevlaxdadı.

Bir saat, yarım saat məclisdə oturur və başsağlığı verib çıxırlar. Yas sahibinin qohumlarından və ya yaxınlarından biri qonaqları mütləq Şahvəlilərə gətirməli, burda yedirdib-içirdib yasdan çıxarmalı və yola salmalıdı. Bu artıq aksiomadı.

Qarabağda da infarkt cövlan eləyir. Bəndəniz də ayda bir-iki dəfə yasdan çıxmaq üçün Şahvəlilərə dəyməli olur.

Deməli belə. Ağdamın sayılıb-seçilən kişilərindən Şahin Rüstəmovun bir əzizi rəhmətə gedir. Quzanlıda "AA" nömrələr göz çıxarır. Ən ucuz maşın qıyıqgöz "Mercedes"di. Təbii ki, bunların hamısı mütləq yasdan sonra Şahvəlilərdə yasdan çıxmalıdı. Bəndəniz altısında getmişdi, bir az dilxor görkəm alırıq, nədən öldü, niyə öldü, neçə yaşı vardı və sair və ilaxır. Şahin müəllimin dərdinə şərik oluruq, sonra da başsağlığı verib yollanırıq üzü Güləbətinə, yəni Şahvəlilərə, yasdan çıxmaq lazımdı, ya yox. Birtəhər bizə stol düzəldirlər. Ədalət o boyda yeməkxanası olmasına baxmayaraq, çox vaxt dostlarına özü qulluq edir. Görürəm ki, Ədalət də, işçilər də çox gərgindilər, elə qaçhaqaçdadılar.

Soruşuram:

- Ədalət, nə qaçhaqaçdı, nə vurhavurdu, niyə belə gərginsən?

- Müəllim, Şahin müəllimin əzizinin üçünü birtəhər yola vermişik, indi yeddisinə hazırlaşırıq.

İndi Türkiyədəki Şirincə kəndinin kaymakanı da, bələdiyyə başçısı da, camaatı da Ədalət və Ədalətin işçiləri kimi 21 DEKABR QİYAMƏTİnin üçünə, yeddisinə, qırxına hazırlaşırlar.

Şirincə kəndinin 21 Dekabrdan salamat çıxacağını bəs hardan biliblər? Məlum olub ki, adamlar Nuh peyğəmbərin kənddə və kəndin ətrafında tez-tez gəzdiyini görüblər. Deməli, Nuh peyğəmbər Şirincədə zühr edibsə, inşallah, bu kəndi qoruyacaq. Hətta adamlar deyir ki, Nuh peyğəmbər özü ilə bir neçə batalyon mələk də gətirib.

Bu insan deyilən məxluq nə Tanrıya inanır, nə peyğəmbərə, nə "Tövrat"a, nə "İncil"ə, nə "Quran"a, nə alimə. Bir düşüyün və ya bir para düşüklərin dünyanın kəllə-mayallaq olacaq 21 Dekabr iddiasına inanır. Bu məxluq ölür bir düşüyün və ya bir para düşüklərin düşük şoularından ötrü.

Aqil ABBAS

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK