ANA SƏHİFƏ / YAZARLAR

Ruhundan Asılası Şair!

125158    |   2013-11-30 00:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyat ziqzaqları çox sərsəm - gah məhvərdən çıxarır, gah da sənə dünya içində dünya yaratdırır və səni elə oradaca özünlə, özlüyünlə yaşatdırır! Bir az daha cəmiyyətdən qopmaq, ayrılmaq və yaxud da cəmiyyətdən qoparmaq və ayırmaq iştahası və nəfsi qoymur... manevr edəsən. Bu yaxınlarda dostlardan biri təmənnasız olduğunu gözəl ifadə etdi: "mən arzulamıram, plan qurmuram". Əslində, Allaha daha çox ibadət və itaətdi - mütilik deyil. Və... Allahdan başqa bir kimsə adamı necə razı sala bilər ki?!
Adil Şirin isə... istək və arzular şairidir! Özü istəyir RUHUNDAN ASSINLAR! Çünki... Adil ruh adamıdı! Bir də gördün belə şeylər də keçir könlündən:

Allah qanad ver
uçaq quş kimi
Ya da hopaq torpağa
Ağlar gözdən düşən
bircə damla yaş kimi!

Adil Şirinin "ömrünün qırx ilində dünyanın dörd fəsli - dörd qara qış kimi..." olub. "Qəfil başlanıb qara sevdanın yağmuru" və bu "qara sevda yağmurunun "Allahı"na" müraciətini belə ifadə edib:

Gözlərində dəfn et məni -
Gözlərində dəfn olmaqdı
Könlümün ən böyük arzusu,
Mənim ömrüm yarı qandı, yarı su!

Dədəqorqudvari deyimləri-bəyanatları bu dünyaya əlinin arxasını yelləmək kimi görsənir:

Çiçəklənmiş cökə ağacı
Sərxoş eylədi könlümü.
Dünyamın heç bir çiçəyi
Xınalı saçınca gəlməz mənə!

Həm də Adilin ürəyindən keçir:

İntiqam almaq istəyirəm bu gün
Ayrılıqdan, ölümdən
Ulduzlar arasında
Ruh kimi yasamaq keçir könlümdən...

O ÜRƏKDƏN Kİ:

...yarısından gün çıxıb, yarısından buludlar;
...yarısı göy üzünün, yarısı qara torpağın...

İndi gəl dərdləş bu ürək şairi, bu ruh adamıyla!!! "Taleyi sevdiyi ayələrdə yazılmayan, cavanlığı kirayələrdə keçən" Adilin:

xoşbəxtlikdən hər səhər(i də) bəyaz buludlarla gəlir
Hər dəli sevda(sı da) sirin umudlarla gəlir.

Beləsiylə dərdləşmək bir az çətin, beləsinin ömrünün-taleyinin-həyatının, sözünün-misrasının-beytinin-şeirinin-poemasının əlini-ayağını bir yerə yığmağı da çətin! Amma Adil şirin-şirin yaşayır bu həyatı, bu poeziyanı və bu düzəndə ritmlə yaşayır!!! Baxmayaraq ki:

Hər zərrədə bir xatirə,
Xatirələrdə qum tamı.
Çevirdim qum saatımı -
Qum saatından qan damır!

Təbii ki... belə həyat adamı ölümü çağırmağa təhrik edir. Adil saf adam olduğundan, hətta gözəl günah içində ölməyi də özünə rəva görmür - "O"nun xətrinə:

Səni ahın tutub bəlkə,
Bu şəhər ah içində.
De, necə ölüm indi
Gözəl günah içində?
Adil gileyli deyil, hərçənd dəqiq bilsə də, dəqiqi desə də:

Dostlar unutdu məni -
Fələk ovutdu məni!

Bax... gəldik çıxdıq mətləb üstünə: HAMINI FƏLƏK MƏLƏDİR, DOSTLAR OVUDUR, amma Adil Şirini, əksinə, dostlar unudur, fələk ovudur. Bu, Adil Şirin taleyinin simfoniyasıdı - bəxtinə yazılmış ən gözəl bəstədir!
Adilin həyat monoloqunu belə də ifadə etmək olar öz diliylə: "Haqdan əsən küləklər güzgüyə son nəfəsim olsa da, nağıla dönən ömrümdə səsim içimə yenib". Səsi içinə yenən Adil Şirin səs-küy salan deyil, səs-küylü şair deyil, səs-küy salan şairlərdən deyil - dəqiq bilir taleyinin icmalını: "anamın alnında qara yazıyam!" Onun üçün də istəyir ki:

"sehrli güzgülər sirrim saxlasın,
gümüş güzgülərdə qeyb olsun ömrüm..."

Adil Şirinin taleyindəki "çiçək qarğışı - ürəyi köksünü dəlir" hər gecə... Bu bir ayrı qarğış, bu bir ayrı ürək cəzası! Ancaq Adil Şirin bu dünyanın şirinliyini ədllə-adilliklə dadmaqdan özünü məhrum etmək də istəmir arada:

Bir çiçək açılıb bir gün könlümdə,
Gözüm gözlərində, əlin əlimdə,
Gül adın bal dadır mənim dilimdə,
- Gəl uçaq, gəl uçaq qanad-qanada.

Bu qədər sadə, bu qədər təbii və bu qədər halal-halal, doğal arzu-istək-kam! SÖZARASI deyim ki, Adil Şirinin üz tutası ünvanı - KÖNLÜ də var:

Mənim könlüm dərdli, ruhum havalı,
Kimə ərz eyləyim indi bu halı,
Bir dost tapammadım səndən vəfalı,
Mən də vəfasızam, bağışla, könül...

Oturub-durduqlarının hamısı bağışlanma diləyəsi Adil... özü könüldən əfv istəyir!!! Bir orası da va ki, Adil Şirin uman-küsən deyil, bilir ki... deyir ki:

Bədirlənmiş Ay eşqinə dua eylədim,
Bəlkə heç olmamış şeylər dilədim?
Bu dünyanın hər üzünə bələdəm,
- Sən dünya dediyin burası deyil.

İçində çiçək açan sözləri də, qan daman sözləri də... elə öz ürəyini deşir və UMUD BƏLALARDAN KEÇİRİR ONU! Beləcə... illər keçir ürəyinin içindən!!! Ömrünü oyan illər, ömrünü soyan illər, başının üstündən ruzgar tək əsən illər!!! Bu qədər sadə, bu qədər də acı, bu qədər də üzdə... Bizə çatdırdığı ən ülvi həqiqət isə bu:

"Namaz üstə ağlamasın analar,-
Duaları uçub çatsın Allaha..."

Bilməyiniz üçün Adil Şirini görmək lazımdı və Adil Şirini necə görmək olar sualının cavabı bu:

Uzaqda bir ağac - cökə ağacı
Yuvalar boş qalıb çılpaq ağacda.
KÖKSÜ ÜRƏYİMDƏ, ÖZÜ YAMACDA
o ağacdan məni sorsan ağlayır...

Adil Şirinin umudu nəyəydi, nəydi, ən qəşəng cavab da budu:

Kiçik qayğılardan, kiçik hisslərdən,
Çörəyi dizində olan kəslərdən,
əl çəkib üzümə gülən kəslərdən
böyük sevgilərə ümid bağladım!

Hər şeyin yaxşısı, pisi varıymış,
Dağların dumanı, sisi varıymış,
Yolların uğuru, nəhsi varıymış,
böyük sevgilərə ümid bağladım.

Şaxtanı, sazağı, ayazı gördüm,
Aradım dərini, dayazı gördüm,
Qarşımda çağlayan Arazı gördüm -
böyük sevgilərə ümid bağladım!

Adil Şirinin umacağı da bəlli:

Aman Allah, aman Allah!
Şairlərin bu dünyada son umacağı
Bir ovuc torpaq imiş, Vətən torpağı!

"Adil Şirin nə istədi bu dünyadan" sualına cavab isə bu bənddədir:

Mən Adiləm, ayaqlarım yoldadır,
Ömür şirin, anlayana bal dadır.
Fələk bizi qaş-gözüylə aldadır,
Aldanmadım, gözüm, könlüm tox imiş!
Həm də ki Adil:

Baxıb görürəm ki, dostların çoxu
Su kimi hər qaba uyan axandı,
İndi ürəyi(m) də vaxtsız qocalıb,
Indi əlləri(m) də sözə baxandı!

Həə... Adil Şirin sözlə partizanlıq, sözlə əsgərlik edənlərdən, sözlə oynayıb, sözü oynadanlardan deyil! Adil Şirin əsgər olanda əsgər paltarında, şairlik edəndə söz libasında olub! Əynində həmişə öz əyni olub - Adili geyindirməyiblər! Adil buna imkan verməyib ki... bir gün lüt qalsın! Adil Şirin sözlə adilliklə, şirin-şirin rəftar edib ki... sonra SÖZ ONU VURMASIN! Adil Şirin sözlə vurulmayıb, sözlə vurmayıb, sözə vurulub! Elə ona görə də deyə bilir:

Dərddi, qəmdi bəxtimizin bacısı -
Ocaq sönüb könlümü söz yandırır.
Gözlərimi ayrılığın acısı,
Dilimin ucunu bir söz yandırır!

Açmasını deyimmi niyə Adil Şirin bu qədər həssas və yumşaqdı o qədər sərt silahıyla?

Ümidim yollara töküldü, getdi,
Həsrətin könlümə büküldü, getdi,
Bulud tək gəlmişdin, çəkildin, getdin,
Indi ayrılığın əlindəyəm mən!

Ayrılığın əlində olmağın nədənini hamı bilmir, əksəriyyəti ayrılıqda yaşasa da, ayrılıqla bağrıbadaş olsa da... Adil ayrılığın əlindən çəkir!!! Ona görə deyir də:

Başdan ayağadək qəm-gileymişəm,
Kədər içimdədir, çölündəyəm mən!

Məhz bu sarsıntılar, həyəcanlar və digər təşbehli-epitetli yaşantıların içində Adil Şirin bir şirin bənd də yazıb:

Bir saat ot olacam,
Bir saat yasıl budaq.
Bir şeirim tumurcuqdu,
Bir şeirim yaşıl yarpaq!

Halbuki Adilin halı bu ki:

Əriməz dağların qarı,
Ürəyimdə dərd əridi,
Gözlərimin qarasından
Gözümün yaşı iridi!

Və Adil o dərəcədə mərd adamdı ki...

Dərdini versən alaram,
Dərdimi sənə vermərəm -
Gümüş xəncəri sinəmə
Saplasan, yenə vermərəm!

Çünki Adilin ürəyi həm də... "bütün ayrılıqlara başdaşıdı!"

Bu kədərin qanadı altına sığınıb tənha yaşadım.
Çiynimdə yox, ürəyimdə öz tabutumu daşıdım!

Adil Şirin bu talanan ömründə, talanan taleyində, talanan dünya(sın)da... "səxavətli şairdi":

Gözlərinin çiçəyinə,
Saçlarının ipəyinə,
Yaxalıqsız köynəyinə...
Bağışladım dünyanı!

Amma bir söz də deyim ki, Adil Şirinə hayandan vaxsan, Adil Şirini hardan oxusan və haracan oxusan, bir azca diqqət bəs edər ki, anlayasan: Adil Şirin özü xalqın dərdi boydadı və öz xalqının dərdini elə o boyda da yazan şairdi! Və xüsusi də qeyd etmək istəyirəm ki (əslində bu fikir ürəyimin ən dərinliyində hakim olan fikirdi!), "bir nadan şairə" yazdığı elə ədəbiyyatda hakimlik edən min nadana cavabdır:

Sevgin yalandı sənin,
Ömrün də ömür deyil -
soyuq qara gözlərin
qara gordu elə bil!

İndi şairlərin, poeziyanın təsnifatında belə dəb düşüb ki...şair söymürsə, latayır danışmırsa, içib xəndəkdə dombalaq aşmırsa, öz halal arvadını boşayıb gedib səkkiz dəfə ərə gedib boşanmış süləntini almırsa, bunun da üstündən "xalq" deyib iqtidara kəllə atmırsa... deməli, yazdığı da boş şeydi, özü də "azadlıq şairi" deyil!
Adil Şirinin "Laçın şikəstəsi" poeması var. Oxudum - diqqətlə, ürəklə... Dağlara şeir yazan yüzlərlə şairə məsləhət görərdim: siz Allah, alın Adildən o poemanı, bir də oxuyun.

Avropada azdırdığı ölüm
Gəlib Bakıda tapdı onu bir gün.
Amma ölüm qorxusu yox idi içində,
Dağlardan utanırdı qürbətdə öldüyü üçün...

O gün yağış yağırdı Bakıda,
Beyninin içini döyəcləyirdi yağış səsi,
İraq cəbhəsindəydi nəvəsi...

Radioda Qarabağ şikəstəsi!!!
Vəssalam!!!
YAZIYA SÖZARDI: Adil Şirin Laçında anadan olub, 1972-ci ildən mətbuatda çıxış edir, AYB-nin Rəsul Rza, Rusiya Yazıçılar İttifaqının "Puşkin adına" qızıl medal, Şahmar Əkbərzadə və Nazim Hikmət adına beynəlxalq ədəbiyyat mükafatlarına layiq görülüb. Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının Fəxri Doktorudur, BMT-nin Beynəlxalq "Qızıl Ulduz" medalı ilə təltif olunub.
Avrasiya Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvüdür.

Aydın Canıyev


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK