ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: O PARADDA ÖNDƏ GETMƏK BİZİM HAQQIMIZ İDİ!

29096    |   2020-06-26 09:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Moskvada faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar keçirilən möhtəşəm paradda bizim Milli Ordumuzun gözoxşayan keçidi bizim haqqımız idi.

Faşizm üzərindəki qələbədə Azərbaycan Respublikasının və Azərbaycan xalqının əvəzsiz xidmətləri olub – həm arxa cəbhədə, həm də ön cəbhədə. Özü də təkcə neftlə yox. Həm də ordunun ərzaq təminatı ilə bağlı. Millət özü ac qalıb, amma ordusunu ac qoymayıb.

Kəndimizdə bütün kişilər orduya getdiyi üçün kadr çatışmazlığından 8-ci sinifdə oxuyan atamı kolxoza hesabdar təyin ediblərmiş.

Atam deyirdi ki, anbarın önündə açıq havada təpə vururduq. Axşamlar işdən qayıdanda bir-iki ovuc götürüb ciblərimə töksəm ailəmizin çörək problemi həll olunardı.

Lakin atam deyirdi:

- Əgər o buğdadan bir ovuc götürsən əllərini kəsərəm, o əsgərindi.

Atamın bir qardaşı da müharibədə zabit kimi vuruşurdu və sonra da itkin düşdü.


Və atam onu da deyirdi ki, heç kəs o buğdaya əl uzatmazdı. Qorxduqlarına görə yox, əsgərləri ac qoymamaq üçün.

Gör nə zamanlar varmış, nə kişilər varmış... Bu xoş gündə başqa şey yazmaq istəmirəm.

Müharibə başlayanda Azərbaycanın əhalisi 2 milyon 300 min olub. Onun da 600 minə yaxını müharibəyə gedib. Müxtəlif rəqəmlər var. Rəqəmlərdən biri faşizmlə döyüşdə 400 min şəhid verdiyimizi, başqa birində isə 340-360 min arasında şəhid verdiyimizi göstərir.

Deməli, Azərbaycan əhalisinin 25 faizi müharibəyə gedib, təxminən 20 faizi də həlak olub.

Bəli, Berlinə o bayrağı sancmaq uğrunda 400 minə yaxın həmvətənimiz canından keçib.

Və o 400 min şəhidin ruhu xətrinə 9 May Qələbə bayramı elə Azərbaycan xalqının bayramıdı. Sinəmizə döyməyə də haqqımız var, Moskvadakı paradda öndə getməyə də.

Allah əsgərlərimizi qorusun! Bayramımız mübarək!

26 iyun Milli Ordunun yaranışı günüdü. Bu münasibətlə də Milli Ordumuzun bütün əsgər, zabit və general heyətini ürəkdən təbrik edir və bir gün Şanlı Bayrağımızı Şuşada dalğalandıracaqlarına da Tanrıya inandığım qədər inanıram.

Allah Azərbaycanımızı qorusun!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO