ANA SƏHİFƏ / ƏDƏBİYYAT

HAQDAN GƏLƏN ZİYA - Mahmud Qacar yazır

Proloq və ya təzadlı görüş

13825    |   2020-06-01 11:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Yaxınlarda, günəşli, ilk bahar nəfəsli ilıq bir qış günündə "SANAM ASSOSİASİYASINA üz tutdum. Üstünə xəstə apardığım sədaqətli alim-loğman dostum eşidəndə ki, mən gəlmişəm (gəlişimi ona istedadlı gənc mütəxəssis Bəhruz həkim xəbər vermişdi) təcili yanına, iş otağına dəvət etdi. Adəti üzrə, çox səmimi öpüşüb-görüşdük. "Çoxdandır ki, görüşmürük, darıxmışam, nə yaxşı ki, gəldin, yaxınlarda açıq ürək əməliyyatı keçirmişəm, gəl əvvəlcə buradakı parka gedək, bir az piyada gəzişib söhbətləşək... – dedi. Belə də etdik. Üstünə xəstə apardığım təbiət, poeziya və musiqi vurğunu olan bu sevimli loğmanı əvvəlcə yeni poetik məlhəmimlə mən "müalicə etməli oldum. Poetik misralarımla onu qəlbən, ruhən tamarzı qaldığı sevimli Ulu yurda, bu dönüşə, gəlişinə sevinib, qanadlanacaq yerlərə apardım. Xəyalən gördü – "Quşlar xəbər yayarlar – dostu belə sayarlar, görən dedi: qayalar canbir doğman imiş ki... Çöhrəsində ulu nur, hər çiçəyi, gülü nur, asanca dərk olunur – dağlar loğman imiş ki...

Əməliyyatdan sonra bir qədər solğun görünsə də, bu məğlubedilməz cəsur insanın üz-gözünün nuru, işığı yenə əvvəlki kimi gur, hərəkətləri çevik idi, şux idi. Dəyişməz kişi sifətinə yaraşıq verən şirin xəfif təbəssüm yerində idi. Maraqlı söhbətini dinlədikcə gözlərim önündə niskilli, için-için göynəyən Ərgünəşin, Kirsin, Uludağın əzəməti canlanır, qulaqlarımda tanış kövrək misralar çeşmə pıçıltısı kimi səslənirdi:

Həzin bir nəğmədir ürəyimdəki –

Elə hey çağlayar, elə hey daşar.

Yarsan ürəyimi, asta gəz həkim –

Birdən bıçağına arzum dolaşar...

Sayılıb-seçilən nəslindən qaynaqlanan, doğulduğu torpağın şəfalı havasından – suyundan gələn möcüzəli ilahi güc-qüdrət özünü göstərirdi. Hələ uşaqlıqdan təkcə dərs əlaçısı olması, kövrək barmaqlarıyla sevimli tarını dilə gətirə bilməsi ilə deyil, ailələri güllü yaylaqda olarkən at çapmağı, xüsusilə ona isnişmiş gənc köhlənini şahə qaldırmağı bacarması, özünü sınamaq üçün ailəsinin gözündən yayınıb sükan arxasına keçərək maşını sərrast idarə etməsi və s. kimi öz ağıllı cəsarət və riskləri ilə heyrətləndirməyi bacarıb. Bunları görən, bilən Füzuli rayonunun məşhur həkimlərindən olan atası Cavanşir həkim, anası Rüxsarə xanım özünəməxsus şən, qaynar təbiətli böyük oğulları Calalla qürrələnir, onun uğurlu sabahına çox inanırdılar.

Həyatının dərin qatlarına yaxından bələd olduqca onu kamilliyə doğru inamla getməyi bacaran çox cəsur, cəfakeş bir elm fədaisi, alovlu vətənpərvər kimi tanıyırıq. Keşməkeşli, şərəfli ömür yolu da bunu sübut edir.

Elmdə adına layiq cəh-cəlal yaratdı

Dosye: Kökünü bəy nəslindən alan, məşhur Qarabağın Əmirbəylilər nəslinin Ağakişibəylilər soyundan götürən Calal Cavanşir oğlu Ağakişiyev 3 mart 1949-cu ildə həkim ailəsində anadan olmuşdur. İlk təhsilini 1956-1966-cı illərdə Füzuli şəhər orta məktəbində almışdır. Ailə ənənəsini davam etdirərək, 1967-ci ildə N.Nərimanov adına ADTİ-nin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə həmin institutu bitirmişdir. İnstitutda təhsil almaqla yanaşı, Respublika Dəri-Zöhrəvi Dispanserində orta tibb işçisi kimi çalışmış, 1975-1980-ci illərdə isə həmin dispanserdə həkim-ordinator vəzifəsində işləmişdir.

Dermatologiya elminin sirrlərinə dərindən yiyələnmək həvəsilə 1975-ci ildə Moskva şəhərinə gəlmiş, təhsilini davam etdirmək üçün 1976-cı ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya daxil olmuşdur. O, 1981-ci ildə "İmmunoloji göstəricilərin dinamikası nəzərə alınmaqla, ekzemalı və neyrodermitli xəstələrin spesifik və qeyri-spesifik desensibilizasiya metodları ilə müalicəsi adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.



1981-ci ildə Ə.Əliyev adına Azərb.DHTİ-nin dermatovenerologiya kafedrasına dəvət edilmiş və assisent vəzifəsinə seçilmiş, orada özünü potensial elmi işçi, yüksək ixtisaslı həkim, savadlı pedaqoq, intizamlı və bacarıqlı bir kadr kimi tanıtmışdır. 1987-1988-ci illərdə kafedrada dosent, 1989-cu ildən isə kafedra müdiri kimi səmərəli fəaliyyət göstərmişdir. Apardığı çox aktual, dəyərli birgə eksperimental tədqiqatlar nəticəsində ixtiralara görə müəlliflik şəhadətnaməsi almış, 1992-ci ildə Moskva şəhərində "Neftayırma sənayesi məhsullarının fəhlələrdə dəri patalogiyasının inkişafına təsiri və kompleks müalicə-profilaktika tədbirləri mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.

Onun rəhbərliyi altında Azərbaycanda mövcud iqtisadi-sosial və epidemoloji vəziyyətlə bağlı zöhrəvi xəstəliklərin ciddi artımı ilə əlaqədar 1994-cü ildən etibarən kafedranın elmi istiqaməti dəyişdirilmiş və yeni aktual bir mövzuda – "Cinsi yolla keçən xəstəliklərin yayılmasına regional epidemioloji və sosial faktorların təsiri nəzərə alınmaqla, kompleks müalicə-profilaktika tədbirləri proqramının işlənib hazırlanması istiqamətində mühüm işlər görülmüşdür.

Son illər kafedrada respublikamızın müxtəlif regionlarında irsi və nadir rast gəlinən dəri xəstəliklərinin araşdırılması və müalicəsinə dair maraqlı tədqiqat işləri aparılmış, dəri və zöhrəvi xəstəliklərinin terapiyasında təbii, qeyri-ənənəvi müalicə üsulları, fizioterapiya tətbiq olunmaqla, yeni, daha səmərəli metodlar işlənib hazırlanmışdır.

İstedadlı alim respublikamızın hüdudlarından kənarda keçirilən beynəlxalq konqres və simpoziumlarda dəfələrlə müxtəlif aktual mövzularda çıxışlar etmişdir. Dermatologiya üzrə nadir mütəxəsislərdən olan C.C.Ağakişiyev 200-ə yaxın elmi əsərin, o cümlədən 3 ixtiranın, 3 monoqrafiyanın, 4 dərsliyin, 1 tibbi-terminalogiya lüğətinin müəllifidir. Səhiyyədə göstərdiyi səmərəli xidmətlərinə görə 1991-ci ildə "Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adına layiq görülmüş, keçmiş SSRİ Tibb EA venerologiya üzrə Elmi Şura plenumunun, cinsi yolla yoluxan xəstəliklərə qarşı mübarizə aparan "SANAM assosiasiyasının, 1992-ci ildə Beynəlxalq Türkdilli Dermatoveneroloqlar ECİH-nin, 1994-cü ildə isə Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir. Əldə etdiyi yüksək nailiyyətlərə görə ABŞ Bioqrafiya İnstitutu onu "2000-ci ilin adamı elan etmiş, İngiltərənin Kembrinc Universitetinin beynəlxalq ordeniylə mükafatlandırılmış, bir çox diplomlar, o cümlədən "XXI əsrin tanınmış alimi Beynəlxalq diplomu ilə təltif olunmuşdur. O, Bakı şəhər Dermatoveneroloqlar Cəmiyyətinin ilk yaradıcısı və sədri olmuş, Ə.Əliyev adına Azrb.DHTİ HK-nin sədri, Respublika Dermatoveneroloqlar EC sədrinin müavini, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının üzvü, Attestasiya Komissiyasının sədr müavini olmuşdur. Calal Cavanşir oğlunun rəhbərliyi altında 4 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir.

Calal Cavanşir oğlu yenilikçi bir alim kimi sahədəki kəşfləriylə yanaşı, yüksək elmi potensiala, bilik və bacarığa malik kadrlardan ibarət nümunəvi bir məktəb yaratmışdır. Bu məktəbin layiqli yetirmələrindən olan tibb elmləri namizədi Almaz xanım Hacıyevanın fikrincə, "Calal müəllimin qeyri-adiliyi məhz digərlərinin görə və duya bilmədiklərini incə qəlbli, fəlsəfi düşüncəli, əxlaqi saflığı, yüksək estetik zövqü və ülvi hissləri özündə birləşdirən bu şəxsin görə və duya bilməsindədir.

Sevilən-seçilən alim loğman uzun illərdir ki, "SANAM assosiasiyası şurasının sədridir. Şöhrəti ölkəmizdən uzaqlarda da məşhur olan bu yüksək müalicə mərkəzində istifadə edilən ən müasir avadanlıq və cihazlar, burada çalışan həkimlərin yüksək hazırlığı, peşəkarlığı, pasientlərə həssas, qayğıkeş münasibət, təbii, qeyri-ənənəvi müalicə üsulları və s. tibbsevərlərin qeyd etdiyi kimi, "insanları gündən-günə daha çox "SANAM müstəqil sağlamlıq mərkəzinə cəzb edir.

Cəmi bir gedişlə mat qoydu...

Respublikamızın tanınmış istedadlı alimlərindən olan Bəylər Hacıyev öz xatirə yazısında Calal həkimi "İnsanlığın brilliant qaşı adlandıraraq fərəh, iftixar hissi doğuran faktlara istinad edir: "Çox yaxından tanıdığım bir amerikalı alim dostum neçə illər idi ki, ağ ciyər xəstəliyindən əziyyət çəkirdi. Öz vətənində bu insanın xəstəliyinin gedişini müxtəlif yol və vasitələrlə dayandırmışdılar. Ancaq, necə deyərlər, bir tərəfini müalicə edib, o biri tərəfinə ziyan vurmuşdular. Qəbul etdiyi güclü dərmanlar onun bədənində elə səpikilər əmələ gətirmişdi ki, xəstə bundan həm fiziki, həm də mənəvi sarsıntı keçirirdi. Hər vəchlə bunun qarşısını ala bilmirdilər. Bakıya gələndə mən ona Calal həkimin yanına apardım. Onların danışığını mən tərcümə edirdim. Üzünə baxan kimi soruşdu ki, ağ ciyər xərçənginə qarşı müalicə almayıb ki? Heyrətdən dostumun gözləri böyüdü. Heç bir analiz aparmadan, görməzə-bilməzə bir baxışla o cür xəstəliyin diaqnozunu qoymaq, fəsadını açıqlamaq yəqin ki, adi hünər deyil. Calal həkim onun səpkilərini bircə həftəyə sağaltdı. Bir türk oğlu az qala mifə, əfsanəyə çevrilmiş Amerika təbabətinin mütəxəssislərini şahmat taxtası arxasında cəmi bir gedişlə mat qoydu. Sağalacağından əlini üzmüş xəstəyə sağlamlıq, həyat eşqi, ümid verdi, xalqının adına başucalığı yazdı. Halal olsun sənə, el oğlu!

"SANAM mərkəzində olarkən keçmiş Sovetlər itiifaqının məşhur əmək qəhrəmanlarından birinin övladı, dərin hörmət bəslədiyim Telman İmaş oğlu Məmmədovla görüşüb söhbət edərkən, o da xilaskar həkim haqqında, buradakı kollektiv haqqında ürək dolusu danışdı:

- Calal layiqli həkim, ata-ananın layiqli həkim oğlu, yurdumuzun fəxridir. Onun cəbhə bölgəsindən olan xəstələrə, Qarabağ müharibəsi veteranlarına, məcburi köçkünlərə göstərdiyi təmənnasız tibbi xidmətlər, verdiyi səmərəli məsləhətlər heç vaxt yaddan çıxmayacaqdır...

Ailədə tarazlığın davamı

Ailə şərəfi bu nəsildə həmişə uca tutulub. Calal həkim ailəsinə bütün varlığı ilə bağlanan gözəl ata, sədaqətli ərdir. Doğulduğu ailədəki müqəddəs sayılan tarazlıq qurduğu ailədə də davam edir – ata da, ana da şəfa keşikçiləridir. Ali məktəbdə eyni qrupda oxuduğu Raidə xanımla elə birinci kursdan ünsiyyət yaratmış, bu münasibətləri inkişaf edərək məhəbbətə çevrilmiş və ali məktəbi bitirdikdən sonra ailə həyatının qurulmasına səbəb olmuşdur. İşıqlı əməllərinə görə Uca Tanrı bu ailəyə iki layiqli oğlan övladı bəxş etmişdir. Ailənin böyük oğlu Ceyhun iki ali məktəb bitirərək iqtisadçı və hüquqşünas ixtisası qazanmış, kiçik oğul Rəşid isə ABŞ-ın Kolumbiya Universitetinin iqtisadi-siyasətin idarə edilməsi üzrə magistraturasını bitirib. Ailə qurublar və hər ikisi də bu gün ata-anası kimi sevimli vətəninin, müstəqil dövlətinin inkişafına və çiçəklənməsinə xidmət edirlər.

Cəlal həkim elm-sənət üfiqlərinə doğru yüksəlişdə, qabiliyyətlərə səsləyişdə arzularına təkan verən ilk müəllimi olmuş ata-anasını, Azərbaycanın görkəmli şəxsiyyətlərindən Əməkdar elm xadimi, professor Bahadur Eyvazovu, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi olmuş Adil Cəbrayılbəylini, Bakıya gələn gündən ona və ailəsinə ana kimi məhəbbət və qayğı göstərən alim-həkim xalası Məfkurə xanım Məhərrəmovanı, dayısı filosof Ədhəm Məhərrəmovu – hər birinə Allahdan rəhmətlər diləyərək daim sonsuz məhəbbət və dərin ehtiram hissləri ilə xatırlayır.

Elmi özündən gələn Qadir Allah ailəsində hamının ağzı dualı, əməli pak olan bəndəsini – Calalını çox sevir. İstəkli nəvəsinin Ramazan ayında dünyaya gəlməsini də bu istəyin sübutu, Tanrı mükafatı sayır. Adını nəvəsinə verməsi həm də sonda gələn nəvələrinə – "Atanız Cəlil olsun! – ənənəsinin davamı deməkdir.

Sabaha işıq saçan bu gözəl insanı layiq olduğu ucalıqlara qovuşduran ali məqam, ali hiss – Tanrı sevgisi barədə söhbət düşəndə "əlbəttə, ən böyük loğman görklü Uca Tanrıdır, daim onun köməyinə, sevgisinə möhtacıq – deyərək bağışladığım "Sözüm var hələ kitabımı açaraq Tanrıya həsr etdiyim "Qoru məni! şeirimdən bir parçanı özünəməxsus ifadəli avazla oxumağa başladı:

...Qoru, məni sağaltmağa,

təzə həbin gücü çatmır,

daha tibbin gücü çatmır,

Görk elə ki, deməsinlər:

Uca Rəbbin gücü çatmır!..

Rəşadətli həyat yoluna, səmərəli fəaliyyətinə həsr edilən, sevənlərinin masaüstü qiymətli nəşr toplusuna çevrilən "Bir ömrün izi ilə kitabının "Dost səmimiyyəti bölməsində ilkin təqdim olunan proloq ruhlu yazımı burada epiloq kimi təqdim edirəm.

Epiloq və ya kəşf edilməmiş ürək

...Düşünürəm. Nə yaxşı ki, dünyada Calal həkim kimi, sözün əsl mənasında, yaxşı insanlar yaşayır, yoxsa, Nazim Hikmət demişkən, "...həyat ilan zəhərindən acı olardı.

Hamı üçün gərəkli, təravətli, mətin bir ömür yaşayan, dünya şöhrətli bu elsevər alimin alovlu qəlbinin hələ kəşf edilməmiş sehirli bir cazibə qüvvəsi var. Amma, Bermud üçbucağı kimi o qərq etmir, yaşadır, fərəh bəxş edir.

Həmin cazibə qüvvəsinin yaratdığı müqəddəs duyğulardan süzülən bu poetik misraları ömrünün 71-ci baharına üz tutan sevimli Calal həkimə – bu müdrik loğmana ərməğan edirəm:

Gecə-gündüz amalının şamına

Pərvanətək sən can yaxdın, ey təbib!

Onu tufanlar da söndürə bilməz –

Ziyan haqdan gəlir, haqdan, ey təbib!

Tanrı cəlalına layiq var verib,

Müjdə sorağını uzaqlar verib...

Elmin yeni-yeni şirin bar verib,

Dərmisən əkdiyin tağdan, ey təbib!

70 illik şölələnən nurmusan –

Nə şərəfli bir keşikdə durmusan!

Sən taxtını ürəklərdə qurmusan –

Qalxan düşmür belə taxtdan, ey təbib!

Nə gözəl bar verir bitirdiklərin,

Özünü üstünə yetirdiklərin...

Həyatda çoxsa da itirdiklərin,

Küsmədin taledən, baxtan, ey təbib!

"And olsun zamana... deyibdi "Quran,

Sənət köhlənini çararaq hər an.

Macal məqamını əzminlə, zorən

Qopara bilmisən vaxtdan, ey təbib!

Qurd yenə quzunu çəkir dişinə –

Dünyanın dolaşıq, gülünc işinə,

"Dahilərin ucuz yüksəlişinə

Gülümsəyib gendən baxdın, ey təbib!

Ata yurdun – ürəyinin özəyi,

Pak əməlin onun solmaz bəzəyi...

Ömrün coşğun dağ çayına bənzəyir –

Nə nəğməli, rəvan axdın, ey təbib!

Haqqımız var, haqqımızdan güc alaq,

Ulu dağa, Ərgünəşə ucalaq!

Gözlədiyin qələbəni tez çalaq –

Səsin gəlsin Qarabağdan, ey təbib!

Başı üstə ildırımlar çaxanda,

Yenə dağlar eli görsün yaxında,

Utanmayaq üzümüzə baxanda,

Üzübəri baxan dağdan, ey təbib!

Qüdrət deyilmi bəs, güc deyilmi bəs,

Çeşmə ürəyində çağlayan həvəs?!

Onu tufanlar da söndürə bilməz –

Ziyan haqdan gəlir, haqdan, ey təbib!




İmza:
SON XƏBƏRLƏR
2020-07-02
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK