ANA SƏHİFƏ / YAZARLAR

ÇİÇƏKLƏR AĞLAMASIN...

(AYAZ ARABAÇININ ŞEİRLƏRİNİ OXUYARKƏN)

25938    |   2013-06-01 01:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ƏDƏBİ HƏYAT

Ayaz Arabaçı müasir ədəbiyyatımızın orta nəslinə mənsub yazarlardandır. Ədəbi nəsil etibarilə doxsanıncılara aiddir. Arabaçı təxəllüsünü o, kəndinin adından götürüb. Bir neçə şeir kitabı çapdan çıxsa da, mətbuatda şeirləri dərc edilsə də, hələlik Ayaz Arabaçının şeirləri xüsusunda elə bir araşdırıcı yazıya rast gəlməmişəm.

Bülbül azadlıqda var,
Girsə qəfəsə-yoxdu.
Bəxt dalınca yüyürdüm,
Düşdüm həvəsə - yoxdu.
Mənim yolum uzundu,
Mənzilim kəsə, yoxdu.
Etibar ömrə, cana,
Bir də nəfəsə, yoxdu.
Qapımı kimsə döyür,
Çıxıram səsə-yoxdu.
Hər şey var, amma yenə,
Baxırsan, nəsə yoxdu.

Bu misralar Ayaz Arabaçının "Ümidlər puça çıxır" şeirlər kitabının ən axırıncı səhifəsinə həkk edilib. Doğrusu, həm kitabın adı, həm də yuxarıdakı misralar kitabla tanış olmayan istənilən bir oxucuda pessimizm havası yarada bilər. Amma bu dünyada bütün möcüzələr, sirlər açılmaqdadır, hətta gözlənilməz hadisələr, olaylar da var və olacaq. "Ümidlər puça çıxacaq"gilk baxışda bir şeir kitabı üçün ad ola bilməz, amma içəriyə, Ayaz Arabaçının yaratdığı şeir ərazisinə daxil olduqda bu adın heç fərqinə varmırsan.
Ayaz Arabaçının lirik qəhrəmanı onun özüdür desək, - heç də səhv etmərik. Adətən, hər bir şair özünü ifadə edir və həm də bu özünüifadədə onun müasirlərinin də duyğu və düşüncələri əks olunur. Ayaz Arabaçının şeirlərində də əksər hallarda bunun poetik təzahürü ilə qarşılaşırıq. Təbii ki, bunu tam mənada sevgi şeirləri barədə söyləyə bilmərik. Çünki o hissləri, o duyğuları şairin özü yaşayıb, bununla belə, sevgi şeirlərində də oxucu öz ürəyinə yaxın hisslərlə doğmalaşa bilir. Elə söhbətə Ayazın sevgi şeirlərindən başlayaq.
Müasir dövrümüzdə poeziyada yenə də mövzu etibarilə üstünlük sevgi şeirlərindədir. Hər gün, hər saat, bəlkə də hər dəqiqə şairlərin qələmindən nə qədər sevgi şeirləri çıxır, - haqq-hesabı yox. Təbii ki, bu sevgi şeirlərinin heç də hamısı əsl poeziya nümunəsi sayıla bilməz. O şeirlərin əksəriyyəti sevgi havasına yox, şeir havasına yazılır. Əsl sevgi şeiri yaşanılan hisslərdən doğur və Ayaz Arabaçının bir çox şeirlərində biz bunun şahidi oluruq. Budur, alçaların gül açdığı bir yaz gecəsi, Aşiq olan gənc üzünü sevgilisinə tutub ondan bu baharı soruşur.
Həsrət qoxusu var uzaq illərin,
Könlüm bu şəhərin yetim küçəsi.
Necədi əllərin, isti əllərin,
Tellərin necədi bu yaz gecəsi.

Tək qalan qu kimi batmışam yasa,
Ürək dözəcəkmi bu qəm xəncərə.
Necədi başını qoyduğum masa,
Necədi nəfəsin dəyən pəncərə.

Şeir beləcə səmimiyyətlə davam edir və sonda sevdiyi qızla bağlı çox mətləbləri öyrənmək istəyən gənc sanki ayılırmış kimi soruşur ki: "Hər şeyi soruşdum, sən bir işə bax, Bir yol soruşmadım özün necəsən?" Təqdim olunan sevgi şeirlərində ən başlıca cəhət qarşılıqlı məhəbbətin təsviridir, yəni iki insanın bir-birinə münasibəti ön plana çəkilir.
Bu münasibətlərdə real hisslərlə romantik duyğular müvazidir, bir-birini tamamlayır. Sevgidə hicran motivləri həmişə dəbdə olub, ayrılıq əzabını bütün şairlər əks etdiriblər və bəzən bu, trafaret halına keçib. Gizlətməyək, sevgi ilə bağlı hisslərində nikbinlik halları çox cüzi yer tutur şeirimizdə.gAmma Ayaz Arabaçı yazır ki:

Ürəyim doludu, işıqla dolu,
Səndən axıb gəlir bu nur, duyuram.
Çalış qırılmasın bu ömrün yolu,
Mən sənə sevgimlə qürur duyuram.

Ürək dəniz kimi gizlədən deyil,
Min-min mirvarini, min-min incini.
İndi az qalıram günəşə dönüb,
Hamıya paylayım öz sevincimi.

Qışqırım sevirəm, susum sevirəm,
Elə hər ikisi bir məna verir.
Sən heç nə soruşma, özüm bilirəm,
Oduna yanmağım mənə nə verir.

Ayazın sevgi şeirlərini məhəbbətlə dolu bir ürəyin tarixçəsi də hesab etmək olar. Bu sevginin başlanğıcı və sonu barədə isə fikirləşməyəsə dəyməz, çünki əvvəli də, axırı da birdir - saf hisslərin, duyğuların sonu olmur, məhəbbət bir anlıq, bir günlük deyil, əbədiyyəndir.
Ayaz Arabaçı - gözəl sevgi şeirlərinin müəllifi bir başqa şeirində yazır ki: "Çəməni, gülşəni götürüb çayır, Qandallar bənövşə ətiri yayır. Hər yetən özünü Füzuli sayır, Sevgi şeirləri yazmağa dəyməz". Bax, bu məqamda mən Ayaz Arabaçı ilə qətiyyən razılaşmıram. Deyim ki, lap elə Füzuli dövründə də sevgi şeirləri qayət çox idi, Füzulidən sonra da yenə həndəsi silsilə ilə artdı, çoxaldı, amma yaşayan, nəsillərdən nəsillərə, əsrlərdən əsrlərə keçən elə Füzulinin qəzəlləri oldu. Yazırsan ki, ağrının içində, ahın içində sevgi şeirləri yazmağa dəyməz, gözəllər ucuzlaşıb, onlar bir ovuc paraya satılırlar, bu məmləkətdə sevgilər qəhr olub, qadınlar çörək dərdi çəkirlər, ona görə də sevgi şeirləri yazmağa dəyməz. Amma bütün bunların-sevginin, gözəlliyin qəhr olunduğu bir zəmanədə yazılmalıdır sevgi şeirləri. Bir də ki, Ayazın özü bir sıra gözəl sevgi şeirləri yazıb və durub deyəndə ki, "sevgi şeirləri yazmağa dəyməz" - öz-özünü inkar etmirmi?
Ayaz Arabaçı bu günün, bu dövranın şairidir və təbii ki, onun şeirlərində zamanın küləklərinin səsini eşitməliyik, təzadlı hadisələrinin, olaylarının, bir-birinə zidd mənəvi münasibətlərinin şahidi olmalıyıq vəgoluruq. Budur, şair vağzal kafesində bir aşığın pul qazanmaqdan ötrü sazı sinəsinə baxıb oxumağına yanır. Çörək imtahanı, ruzi sınağı o aşığı öz sənətinin zirvəsinin aşağı yumbaladıb. "Hönkürə-hönkürə dağlar deyirsən, Dağlarda dağların şiri olardın, sənə yiyə duran Koroğlu olsa". Daha bir təzad: Koroğlu Keçəl Həmzənin kabineti qarşısında növbə gözləyir, yaxın silahdaşı xan Eyvaz on ildən çoxdu ki, iş axtarır. "Bu gün ömrümüzün Şuşa günüdür" şeirində isə məmləkətin böyük dərdi əks olunur:
Bu gün ömrümüzün Şuşa günüdü,
İşğal tarixidi, biliklənirik.
Bu gün ömrümüzün şüşə günüdü,
Təzədən qırılıb çiliklənirik.

Biz axı düşmənə kin bəsləyənik,
Bəs niyə alammır o kin Şuşanı,
Siyasi rəssamlar sözdən qurtarın
Zəfər meydanına çəkin Şuşanı.

Hanı o siyasət, hanı o dahi,
İllərdir ərimir, ərimir bu qar.
Görən nə düşünür millət, ilahi,
Axı lüğətində "kişi" sözü var.

Qeyrət qışqırıram kar qulaqlara,
Tənə eləyirlər, ələ salırlar.
Oturub hərə bir isti otaqda,
Torpaq əvəzinə rüşvət alırlar.

Yosun bığ deputat efirə sığmır,
Dağıdır hər yana tüpürcəyini,
Vətən satılandan, torpaq gedəndən,
Düzəlib geyimi, başı, əyini.
Hərə bir tərəfdə baş girələyir,
Söz alır, söz satır gəlib-gedənlər,
Qəsrlər ucalıb buluda dəyir,
Piylənir qarınlar, şişir gödənlər.

Bu, əsl publisistik şeirdirgQəzəbli, sərt, çılğın hisslərin ifadəsidir. Həqiqət deyir hər misrası.
Ayaz Arabaçının həyatı müxtəlif anlarını, çalarlarını, nüanslarını tutan şeirləri də az deyil.
Onun fərdi poetik üslubu hər mövzuda yazdığı şeirdə özünü təsdiqləyir. Qəzəbli də olur, sakit də, həyəcanlı da, duyğulu da, nostalgiyaya qapılanda da, sabaha inamla boylananda da. Hansı pozada olursa-olsun, Ayaz Arabaçının poetik səsini tanıyırsan.
Kitabının adını "Ümidlər puça çıxır" qoysa da, Ayazın şeirlərində işıqlı məqamlar kədərli duyğulardan qat-qat çoxdu.
Şəxsən mənim üçün Ayaz Arabaçının "Çiçəklər necə ağlayır" şeiri daha doğmadır. Zərif bir şeirdir bu, çünki "küləklər ağlamır ki, mələklər ağlamır ki, çiçəklər ağlayanda". Çiçəklərin zərif qoxusunu, rahiyəsini duymuşam, amma hıçqırıqlarını eşitməmişdim. Onu da Ayaz Arabaçı yazdı "Bir çiçəyin gözünü silmək min-min günaha bəsdi".
Kitabda cəm olan şeirlərin heç də hamısı haqqında fərəhlə danışmaq mümkün deyil və bu da təbiidir. Yaxşı şeirlərlə bir sırada Ayazın ortabab şeirləri də var. Amma bir məqamı qeyd edim ki, səviyyəsindən asılı olmayaraq Ayaz Arabaçının şeirlərinin hamısında səmimiyyət duyulur. "Dünya yalan dünyadı" deyən Ayaz Arabaçı eyni zamanda bu misraların da müəllifidir:

Olur bəzən ümidimi daşa vururam,
Olur bəzən ürəyimi yeyirəm, bilin.
Mən ömrümü oğul kimi başa vururam,
Mən sözümü kişi kimi deyirəm, bilin.

Kiməm, nəyəm, əks etdirər yazdığım şeir,
Zaman çırpar, silkələyər, nə isə qalar.
Ulu xalqım, qiymətimi bircə özün ver,
Elin gözü tərəzidir deyib babalar.

Uğurlar arzulayıram, Ayaz!
Vaqif YUSİFLİ


İmza:

YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK