ANA SƏHİFƏ / YAZARLAR

“Şəhidlərə nifrət edirəm” - Emin Piri yazır

92440    |   2020-03-13 09:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Siz bilməzsiniz, "90-cı illər uşaqlar”ının nələr çəkdiyini?!

Bir az müharibə, bir az qaçqın taleyi, bir az da atasızlığın verdiyi göz yaşıyla etdiyimiz yavanlıq-"90-ci illər uşaqlar”ının savaşı...

Birinci sinfin müharibə uşaqlarıydıq. Müəlliməmiz şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini istəmişdi. Sinif yoldaşımız, şəhid oğlunun "mən şəhidlərə nifrət edirəm” sözləri pozmuşdu o sükutu... "Müəllimə, şəhid adı gələndə anam ağlayır!” demişdi.

Siz bilməzsiniz göz yaşının isti dərdləri necə sərinlətdiyini!

Ayaqqabımız yırtılmasın deyə ayağımızın böyüməməsi üçün dua edən uşaqlar idik.

Ayağı böyüməsin deyə hər gün ayaqlarını ölçən uşaqların nə hiss keçirdiyini anlamazsınız!

Ermənistan-Azərbaycan müharibəsindəki cəbhə xəttini xatırladırdı bizə məktəb bufetinin qapısı. O cəbhə xəttini- o qapını illərlə keçmədik. Qəpiyə güllə atan cibimiz cəsarətimizi əsir etmişdi. Görəsən, o qapının arxasında nə var deyə düşünərdik. Görəsən orda nə edirlər? Bizim üçün yadplanetlilər qədər müəmmalı idi bufet qapısından o tərəfdəki həyat. Nəhayət, səkkiz il sonra cəsarət tapıb keçmişdim o qapını. Bu, həyatımın indiyə kimi ən böyük inqilabı, ən böyük üsyanı idi. Cibimizi yaxşı tanıyırdıq. Atamızın dodaqlarının titrəməsindən bilirdik ciblərinin yalanını. Sinif yoldaşımın pıçıltısını eşitmişdim o vaxt. O qapıdan niyə keçdi, bəlkə qanına susayıb?!

Siz bilməzsiniz "müharibə uşaqlar”ının nələr çəkdiyini?!

Oyuncağımız olmasa da, özümüz taleyin oyuncağına çevrilmişdik. Bəs, hardaydı körpələri sevən Tanrı?! Nə din bilərdik, nə də ayrı bir şey. Bildiyiniz uşaq idik. Deyirdik, bəlkə terroristlər Allahı da əsir götürüb, yoxsa uşaqların belə acısına dözməzdi. Və uşaq ağlıyla dua edərdik: "Tanrı səni qorusun, Allah!” deyərdik.

Siz bilməzsiniz Tanrısını axtaran uşaqların nələr çəkdiyini!

Müsəlman uşaqları idik, amma bizi atamızın cibinə görə hindus kastalarına bölmüşdülər.

Bilirdik ki, okean balıqları dəniz balıqlarını sevgidən udmur. Bizim hislərimizi isə "okean balıqlar”ı yeyirdi.

Oyuncağımız olmasa da çox gözəl oyunları vardı, "90 uşaqları” nın. Paltarımızın yamağını gizlətmək idi, varlıların gözündən kasıb uşaqlarının oyunu.

Siz varlılar, bilməzsiniz kasıb uşaqlarının nələr çəkdiyini?!

Aldanmayın süfrənizdə saralan meyvələrə. Bizim süfrəmizdə deyil, nağıllarımızda belə göydən alma düşməzdi, deməzdi bunu anamız, birdən ürəyimiz alma istəyər.

Siz bilməzsiniz bizi!

Şəhidlər xiyabanında o balaca uşağın dediyi sözlər də qulağımdan getmir:

-Ata, şəhid məzarlarının üstünə niyə böyük daşlar, mərmər daşları düzüblər?!

-Oğul, şəhid məzarlarını mərmərə bükdük, daş qoyduq başlarına, qalxa bilməsinlər üzümüzə tüpürməyə!

Siz bilməzsiniz "müharibə uşaqlar”ının balaca ürəyilə nələr düşündüyünü!

Bundan sonra bilsəniz də bu, 90-cı illəri dəyişməz!




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK