ANA SƏHİFƏ / YAZARLAR

KILIÇDAROĞLU AKP-ni KILIÇLAYA BİLƏCƏKMİ?!

14212    |   2010-05-26 01:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Kılıç həmin kılıç ola bilsə də, bilək...)
   
   
   
   Cümhuriyyət Xalq Partiyasında Dəniz Baykal dönəmi bitdi. Amma bu hələ Dəniz bəyin arxivə verilməsi demək deyil. Dəniz Baykal Türkiyənin ən xarizmatik, ən savadlı, oturuşmuş siyasi devlərindən biridi. Və c?rtdanlar?n belə bir siyasi devi su dalınca göndərməsi o qədər də asan deyil. Bunu srağagün Türkiyənin televiziya kanallarında Dəniz bəyin verdiyi müsahibədən də görmək mümkündür.
   
   Dəniz bəy də deyirəm, sayın Baykalın xətrinə dəyməsin. Kılıçdaroğlunun sayın Ərdoğana "Rəcəb bəy" deyə müraciət eləməsi sayın başbakanımızı çilədən çıxarmışdı və çox bərk əsəbləşmişdi. Kılıçdaroğlu da buna cavab olaraq söylədi ki, Rəcəb Tayyib Ərdoğanın adı Rəcəb deyilmi?
   
   Yerəl seçimlərdə Kılıçdaroğlu məğlub olsa da mənən qalib gəlmişdi, türk xalqının böyük sevgisini və rəğbətini qazanmışdı.
   
   Məhz bu uğur onun CHP kimi müqtədir bir partiyaya genelbaşkan gəlməsində böyük rol oynadı.
   
   Qurultay öncəsi Dəniz bəyin düz işinə badalaq vurulması da təbii ki, təsadüfi deyil və burda sayın Ərdoğanın dediklərində bir həqiqət var ki, Brutu AKP-nin içində yox, elə özünün yaxın ətrafında axtarsın. Nə isə, hər kişinin başına gələcək bir iş Dəniz Baykala çox baha oturdu.
   
   İndi CHP-də Kılıçdaroğlu dönəmi başlayır. Xalq arasında Kılıçdaroğlunu "Qandi Kamal" deyə çağırmağa başlayıblar. Qandi tarixdən bildiyimiz kimi Hindistanı ingilis işğalından azad edən Mahatma Qandidir. Hind xalqının çiyinlərində daşıdığı Qandi onu çiyinlərində daşıyan xalqı da azadlığa daşıdı. Yəni Atatürk (düzdür, o heç vaxt heç kimin çiyninə çıxmadı, əksinə, o bütün Türkiyəni və türk millətini çiyninə qaldırıb bu gününə qovuşdurdu) Türkiyə üçün kimdirsə, Qandi də Hindistan üçün öylədi.
   
   Atatürkün və Qandinin yolunu getmək də hər kəsə nəsib olan bir şey deyil. Çünki Qandi də, Atatürk də Tanrı tərəfindən seçilmiş şəxslərdi, millətinin peyğəmbərləridi. "Qandi Kamal" isə çətin ki o zirvəyə qalxa bilə. Hərçənd ki biz bunu istərdik. Türkiyənin sayın Ərdoğanla döşləşə biləcək bir şəxsiyyətə ehtiyacı var. Amma sayın Ərdoğanın xarizmasının qarşısında Kılıçdaroğlunun duruş gətirə bilməsi o qədər də asan deyil. İqtidarı kəskin tənqid eləmək hələ iqtidardan ağıllı olmaq demək deyil. Bu bilirsiniz nəyə bənzəyir? Ortaya heç bir əsər qoya bilməyənlərin böyük yazarları topa tutmasına. Dəniz bəy sayın Ərdoğanla eyni çəkiyə, eyni gücə, eyni xarizmaya malik bir şəxs idi. Bir daha qeyd edirəm, Dəniz bəy Türkiyənin son zamanlarda yetişdirdiyi ən böyük siyasi xadimlərindən biri idi və elə bu gün də biridi.
   
   Bəli, qurultay oldu. O qurultayı diqqətlə izlədim. Yadımda yalnız bircə şey qaldı - bütün Şərq xalqlarına məxsus olan şahsevərlik. Kılıçdaroğlunun CHP-lilərin belinə minib salona gəlməsi və sonra da CHP-lilərin belinə minib kürsüyə qalxması. Və daha sonra da CHP-lilərin belinə minib kürsüdən yenməsi və salondan çıxması.
   
   Yadıma vaxtilə Azərbaycanda olmuş bir hadisə düşdü. Rayonların birində birinci katib bir kəndə gedərkən çaydan keçməli olurlar, araba çayı keçə bilmir. Məcbur olurlar ki, çayı ayaqla keçsinlər. Kolxoz sədri katibə deyir ki, bəs siz palçığa batarsınız, gəlin sizi belimə alım və çayı keçirim. Katib də razılaşır. Heç demə Dəniz bəyə qurulan bir komplo da bu bədbəxt katibə qurulubmuş. Katib kolxoz sədrinin belində çayı keçərkən xəlvətcə şəklini çəkirlər və göndərirlər Mərkəzi Komitəyə. Yazırlar ki, katib artıq camaatı minməyə başlayıb. Mərkəzi Komitə də dərhal həmin katibi vəzifəsindən azad edir.
   
   Kılıçdaroğlu söylədi ki, mən iqtidara gəlsəm heç bir kötü işlə məşğul olmayacam, zənginləşməyəcəm. Amma hələ iqtidara gəlməmiş CHP-lilərin belinə mindi. Heç yaxşı hadisə deyil. Həm CHP-lilər üçün, həm də sayın Kılıçdaroğlu üçün. İyi örnək göstərmədi. AKP-lilərin əlinə yaxşı bir ipucu verdi. Başkanlığa məsləkdaşlarının belində gələn, yəqin ki, iqtidara da xalqın belində gələr.
   
   Və qurultayda bir də o yadımda qaldı ki, Kılıçdaroğluna rəhmətlik Bülənt Ecevitin kepkası hədiyyə edildi və o da qoydu başına.
   
   Tarixdə belə bir olay olub. Şah İsmayıl Çaldıran savaşında türk topuna qılıncla necə vurubsa qılınc topu yarıyacan kəsib. (İndi həmin qılınc Topqapı muzeyindədi.) Sonra həmin qılıncı Sultan Səlimə hədiyyə aparıblar. Sultan Səlim bir neçə dəfə qılıncla topu kəsmək istəsə də bir şey alınmayıb. Sultan Səlim Şah İsmayıla məktub göndərib ki, "sən mənə həmin qılıncı göndərməmisən, nə qədər vururam topu kəsmir". Şah İsmayıl Sultan Səlimə belə bir cavab məktubu göndərir: "Qılınc həmin qılıncdı, vuran bilək həmin bilək deyil".
   
   İndi kepka Bülənt Ecevitin kepkasıdı, həmin kepkadı. Baş da həmin başdımı? Bu çox zor bir soru!
   
   Hər halda Kılıçdaroğluna uğurlar arzulayırıq. Heyf Dəniz Baykaldan.
   
   Və hadisələrin gedişatı göstərir ki, AKP ilə CHP-nin savaşması təmkinli Milliyyətçi Hərəkat Partiyasının iqtidara yolunu açdı.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-24
2018-02-23


VİDEO