hacklink Adalet.az | Ələsgər ƏLİOĞLU: HEKAYƏLƏR Adalet.az | Ələsgər ƏLİOĞLU: HEKAYƏLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ələsgər ƏLİOĞLU: HEKAYƏLƏR

6147    |   2019-08-02 11:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

KƏRƏNTİ MEYDANALI

( "Nizibala Doymazlı" serialından)

Nizibala Doymazlının babası Meydanalı kənddə şər-şəmata daxılı kimi tanınmışdı.Kiminlə iyəşərdisə daxılın ağzı açılardı. Şər-şəmatadan xımır-xımır "xərclənərdi".

Meydanalı at kimi kimin üzünə dayansaydı, həmin adamın ürəyində özünün özünə şübhəsi yaranardı.Düşünərdi ki,bəlkə də Meydanalının yanında ağzından nəsə qaçırıb. Çünki şər-şəmata daxılı əl-qol ölçə-ölçə elə bir tərzdə danışardı ki,həmin anda dediklərinə qarşısındakında inam yaradardı...

Günlərin birində Nəcəf kişi biçənəyini təzəcə biçməyə başalmışdı ki,Meydanalı aldı onun başının üstünü:

-Nəcəf,mənim biçənəyim ötür,gecikdirsəm yatar.Kərəntimin ağzı qırılıb. Kərəntini ver mən biçənəyimi biçim,sən sonra biçərsən.

Nəcəf kişi zarafatla dilləndi:

-Ay Meydanalı,sənin özün kərəntisən də,kərəntini neynirsən?Onsuz da kəndin yarısını biçib tökmüsən...

Zarafatının Meydanalının üzünü alça turşusuna döndərdiyini

görüb tez sözünün səmtini dəyişdi:

-Bir zarafatdır elədim də...Sabah gəlib apararsan.Daha əlimi bulamışam, işimi yarımçıq qoymayım.

-Bir dayan görüm,nə dedin,nə dedin!?

-Nə dedim ki,ay Meydanalı?

-Sən Leninə söydün?

-Ay kişi,mənim Leninlə nə işim var?..

-Oğlum Mamedin canı üçün sən onu söydün!

-Allahın olsun,mən heç onun adını çəkdim ki!?

-Darıxma,Maqadanda bığın buz bağlayanda bilərsən ki,çəkmisən,ya çəkməmisən!

Nəcəf kişi baxdı ki,pis yerdə ilişib.Ürəyində cəhənnəm-gor deyib kərəntini Meydanalıya uzatdı:

-Kərəntini deyirsən,verim.Amma insafın olsun,mən axı heç Leninin adını çəkmədim.

Meydanalı kərəntini alıb qırmızı-qırmızı:-"Ayə, sənsən də, qorxub-eləmə...Daha heç yerdə ağzıma almaram!"-deyərək üz tutdu öz biçənəyinə...

Nəcəf kişi dayanıb nifrət dolu baxışlarla Meydanalının arxasınca baxdı.Acı-acı əlini bığına çəkdi...Ona elə gəldi ki,biği artiq

buz bağlayır...

İKİNCİ ADIN İNTİHARI

Evin yeganə övladı sayılan Solmaz hələ yeniyetmə yaşlarından ata-anasını itirmişdi.Əmisinin himayəsində yaşayırdı. On səkkiz yaşına təzəcə keçmişdi. Günlərin birində qonşuluqlarında qonaq olan oğlanın baxışlarını öz üzərində hiss etdi.Çox keçmədi ki,ilk tanışlıq başlandı.Oğlanın adı Rauf idi və kənddə yaşayırdı.O da Solmaz kimi ata-anasını vaxtsız itirmışdi.

Günlərin birində Rauf Solmazı da götürüb özü ilə kəndə qaçırdı...Oğlanın kənddə bir otaqlı evi və həyətyanı torpaq sahəsi vardı.Solmaz burada özünü çox xoşbəxt hiss edirdi.Ancaq bu xoşbəxtliyin ömrü heç bir il də çəkmədi...

Güclü küləkdən sonra qonşunun işıq xətti qırılıb düşmüşdü.Rauf bunu düzəltmək istəyərkən əlilə tutb dartdığı məftil yay kimi gərilib havaya qalxdı və yüksək gərginlikli elektrik xəttinə toxundu...Bununla da hər şey bitdi.Rauf qanadı sınmış quş kimi işıq dirəyinin başından yerə düşdü...

Qoşulub qaçdığına görə Solmaz xəcalətindən əmisigilə qayıtmadı.Kənddə qalıb yaşamalı oldu.Yavaş-yavaş kəndə uyğunlaşdı.Pambıq becərməsində və yığımında iştirak etdi.Üzümçülük briqadasında da zəhmətə qatlaşdı...

Briqadir Şəmsi ailəli olsa da ,Solmazdan kəsirdi.Bir gün girəvələyib ona ürəyini açdı...Bildirdi ki, onu ürəkdən sevir...Axır ki, Şəmsinin şirin dili Solmazı yoldan çıxartdı...Gecələrinin çoxunu briqadir bu dul gəlinin yanında keçirirdi.Ancaq öz ailəsi duyuq düşəndən sonra bu yoldan çəkilməli oldu.Gənclik ehtirasının şirinliklərini dadan Solmaz isə hər zaman kişi nəfəsinə isinmək istəyirdi...Gecələr səhərə qədər balıncına sarılıb yatırdı...Cütləşmə dövründə qıvrıla-qıvrıla qalan ilanı xatırladırdı...

Sonradan Şəmsini başqa birisi əvəz etdi.Bu eşq macərası da uzun sürmədi,cəmisi beş-altı ay...Hansı səbəbdənsə həmin şəxs də aradan çıxdı. Beləliklə,ücüncüsü,dördüncüsü,beşincisi də gəldi...Siyahı uzana-uzana gedirdi. Artıq Solmaz kənddə "məşhurlaşırdı"... Bəzən yorulurdu,gözlərinin altı qaralıb tuluqlayırdı da...

İllər bir-birini əvəz edirdi.Solmaz isə öz işində idi. Öz seksual həyatını yeni-yeni müştərilərlə naxışlayırdı....Növbənöv içkilərin və siqaretlərin orbitində dolanırdı. Gözünə bundan başqa heç nə görünmürdü.

Solmaz yaşlaşdıqca bu həyat tərzi "bankrota" gedirdi...Əyyamda-səyyamda bir müştərisi olurdu,ya yox...Daha yıxnağını salmışdı öz həyətyanı sahəsinə.Pomidordan,lobyadan,kələmdən,badımcandan əkib bir təhər girlənirdi.Yediyini yeyir,yemədiyini dəyər-dəyməzinə satıb çörək pulu çıxarırdı...

Solmazın adı qonum-qonşuların söz-söhbətində fahişə adı ilə əvəz olunurdu. Daldada onu fahişə çağıranların sayı bir ucdan artırdı...Fahişə adı Solmaz adını artıq kölgədə qoymuşdu. Biri deyirdi fahişə burdan gəldi,biri deyirdi fahişə ordan getdi...

Solmazın qonşuluğundakı ailənin altı yaşlı oğlu Rüstəmin dovşanları vardı.Rüstəm vaxtının çoxunu bu dovşanlarla keçirirdi.Dovşanlar bir yerdə durmur,ora-bura qaçırdılar.Rüstəm onları çox zaman dirrikdən axtarıb tapırdı.

Bir gün səhər-səhər Solmaz evdə yır-yığış eləyirdi.Birdən qulağına səs gəldi.Kimsə çağırırdı:"ay Fahişə nənə,ay Fahişə nənə!.." Solmaz bayıra çıxdı. Baxdı ki,onu çəpərin qırağından durub səsləyən qonşunun altı yaşlı oğludur.

Solmaz hikkəli-hikkəli:"O nə sözdür deyirsən,ay küçük"- deyə uşağın üstə yeridi.Uşaq Solmazın hərəkətindən heç nə başa düşməyib dilləndi:

-Nə deyirəm ki,ay Fahişə nənə?..Dovşanlarım sizin məhləyə keçib.Deyirəm ki,icazə verin onları çıxarım...

Uşağın eyni sözü təkrarlaması sanki Solmazı vahiməli bir yuxudan ayıltdı.Səbrini basıb dilləndi:

-Gəl keç,apar dovşanını!..Mən Solmaz nənəyəm ey,Solmaz nənə!..Adımı düz de!..

-Yox,məni niyə aldadırsan,ay Fahişə nənə?!Axı sənin adına hamı Fahişə deyir!..

Solmaz daha sözün ucundan yapışıb ucuzluğa getmədi. Uşaq dovşanını tutub həyətdən çıxandan sonra qadın qayıdıb evə girdi.Hərəkətsiz halda dayanıb bir xeyli düşündü... İndi hiss edirdi ki,bu kənd üçün Solmaz adı çoxdan ölmüşdü...Kəndin sonradan qoyduğu adı isə sinirməyə taqəti qalmamışdı... Necə də sinirəydi!? Axı hələ boyu bir qarış olan uşaq da onu bu adla çağırırdı... Üz-gözünə çökmüş kədər günəşin son qürub işığını xatırladırdı...Birdən harasa tələsirmiş kimi ora-buranı eşələyib bir kəndir parçası tapdı.Sonra əl-ayaqda işlətdiyi kətili də götürüb həyətə çıxdı.Yaxınlaşdı evin qarşısındakı yaşıl çadırı xatırladan ərik ağacına...Kətilin üstə çıxıb əlindəki kəndirin bir ucunu ərik ağagının budağına bağladı, sonra o biri ucunu kürmək eləyib keçirdi boğazına. Ani olaraq ətrafa nəzər yetirdi və sonra gözünü də qırpmadan kətili ayağı ilə kənara itələdi...Bu hərəkət artıq müdhiş bir görüntü yaratdı.Həmin anlarda sanki onun özü yox,ikinci adı intihar etdi...

QƏZA

Sürücü Kərim yük maşını ilə qəsəbənin mərkəzi küçəsindən keçərkən qəfildən əyləci çox bərk basdı.Asfaltı dişinə keçirmək istəyən təkərlərin çıxardığı səs bütün ətrafın diqqətini özünə cəlb etdi.Hamının da baxışı anidən bu maşına zilləndi...Gəlib-gedənlər küçədə poralaşdı...

Kərim kabinəni açıb pörtmüş halda yerə düşdü və həyəcandan özünü çox pis hiss etdi.Kabinənin dəstəyindən tutub güclə ayaq üstə dayana bildi...Maşının altını,böyür-başını nəzərdən keçirmək istədi.Ancaq ayaqları sözünə baxmadı.Bircə addım da belə ata bilmədi. Fikrində öz-özünü qınamağa başladı:"Necə oldu ki,belə ehtiyatsızlıq elədim?..Mən ki sürücü işlədiyim bu iyirmi ildə bircə qarışqanı da ayaqlatmamışdım!"

Ətrafdakılar nəsə ağır bir qəza baş verdiyini zənn edib maşının ətrafına yığışdılar.Bir göz qırpımında maşının ətrafına toplaşan adamların əlindən göydən iynə atsan yerə düşməzdi...Maşına yaxınlaşa bilməyənlərin hamısı da qıraqdan-qırağa sanki qəzanın şahidi kimi hadisənin böyür-başını malalamaqla bir-birinə yaxın sözlər işlədirdi: "Öldü...", bu boyda yük maşının altda düşən sağ qalasıydı ki...", "xurd-xəşil oldu..."...

Özlərini hadisə yerinə çatıran polis kapitanı və iki serjant ətrafdakıların danışığından kiminsə maşının altda qalıb öldüyünü zənn etdilər.Buna görə də kapitan serjantlara öz göstərişini verib,səsucaldıcı vasitəsi ilə bildirdi:

-Vətəndaşlar,xahiş edirəm, mərhumun qohum-əqrabalarından, yaxınlarından başqa hamı kənara çəkilsin!

Polislər tezliklə camaatı kənarlaşdırdılar...Maşının yanında təkcə onlar özləri qaldılar.Serjantlardan biri əyilib maşının altda nəzər yetirdi.Sonra təəccüb dolu baxışla başını qaldırıb üzünü kapitana tutdu:

-Yoldaş kapitan,maşının altdakı itdir...

Kapitan ona inanmırmış kimi özü aşağı əyilib maşının altda baxdı.Qeyzlə sürücünün üstə qışqırdı:

-Yaxın gəl,sənədlərini də bəri ver...Hanı bəs bu itin yiyəsinin meyiti?

-Nəçəlnik,itin yiyəsinin meyiti nədir,mən təkcə iti vurmuşam!..

-Bəs onda bu qədər camaat bayaqdan nəyə yığışmışdı...

-Nə bilim,nəçəlnik,camaatdır də...

-Əyə,sözü uzatma.Eşitməmisən,iti öldürənə sürüdərlər.Çək onu maşının altdan bəri!

Kərim elə bil ki,yenidən özünə gəldi.O, əyilib itin qabaq ayaqlarından yapışdı.Əli qana batsa da bir təhər dartıb leşi maşının altdan kənara çıxartdı. İtə fəhmlə nəzər yetirdi və özündə təpər tapıb dilləndi:

-Yoldaş nəçəlnik,tanıdım bu iti... Çox zaman İsmayılın paviliyonunun ətrafında fırlanırdı...Sahibi yoxdur,yiyəsizdir ...

Kapitan hikkəsini gizlətmədi:

-Nədir,əyə, lap it olsun, yiyəsiz görmüsən!?

Kərim ha düşünüb-daşınsa da kapitanın sualına cavab tapa bilmədi...Yerində qurcuxa-qurcuxa qaldı.Yazıq bir görkəm alıb qulağının dibini qaşıdı...




İmza:
SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK