Alim-Maestro

ETİBAR CƏBRAYILOĞLU
52430 | 2019-02-09 00:37
Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin fikrincə dirijor da idmançı kimi
həmişə formada qalmağı bacarmalıdır

Dövlət Musiqili Teatrının səhnəsində məşq gedir. Əməkdar incəsənət xadimləri Əli Usubovla Fəxrəddin Atayev gənc solistlərlə görkəmli bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" operettasının partiyaları üzərində çalışırlar. Tamaşanın quruluşçu rejissor Əli Usubov növbəti fasilə elan edir.
Biz isə öncədən vədələşdiyimiz kimi, teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevlə müsahibəyə başlayırıq. Zamanımız o qədər də çox deyil, Maestronun bir azdan orkestrlə məşqi var, sonra baş müəllim kimi çalışdığı Milli Konservatoriyaya gedəcək. Üstəlik AMEA-nın Folklor İnstitutuna da baş çəkməlidir, üzərində çalışdığı elmi işini tamamlamaq üzrədir. 47 yaşlı istedadlı musiqiçi sənətdə əldə etdiyi uğurları elm sahəsində də təkrarlamaq istəyir.

- Azərbaycanda dirijorluq sənətindən söhbət edəndə dərhal böyük Niyazi yada düşür. Yəqin sizin də bu sənəti seçməyinizdə Maestronun təsiri olub...
- Təbii. Milli peşəkar dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Maestronun özünəməxsus jestləri, çox mükəmməl interpretasiya bacarığı özündən sonra bu sənətə gələn bütün dirijorlara təsir edib. Düzdür, Niyazinin rəsmi heç bir tələbəsi olmayıb, amma buna baxmayaraq dirijorlarımız hamısı onu özünə müəllim sayır, ondan bəhrələndiyini deyir. Sənət müəllimlərim də, mən özüm də Niyazinin mənəvi tələbələri sayılırıq.
- Bu gün sənətdə bəlli bir mərtəbəyə yüksələn Fəxrəddin Atayevin sənət müəllimlərini tanımaq yerinə düşər...
- Əvvəlcə Bakı Musiqi Akademiyasında nəfəsli alətlər orkestrinin dirijoru kimi bakalavr təhsili almışam. Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin rəhbəri, general-mayor, Xalq artisti Yusif Axundzadənin tələbəsi olmuşam. Sonra təhsilimi Musiqi Akademiyasının magistraturasında davam etdirdim və bu dəfə Xalq artisti, görkəmli dirijor Yalçın Adıgözəlovdan dərs aldım. Simfonik və opera dirijoru kimi uğur qazanmağımda Yalçın müəllimin böyük əməyi var. O, istedadlı musiqiçi olmaqla yanaşı, həm də gözəl və qayğıkeş pedaqoqdur. 2003-cü ildə Akademik Opera və Balet Teatrında görkəmli bəstəkarımız Vasif Adıgözəlovun "Natəvan" operası hazırlananda Yalçın müəllim tamaşanın musiqi rəhbəri və baş dirijoru idi, mənə tamaşada ikinci dirijor olmağı təklif etdi və ilk dəfə müəllimimlə eyni əsərdə birgə işlədik. Dövlət Musiqili Teatrına gəlməyim də Yalçın müəllimin təşəbbüsü ilə olub. Yalçın Adıgözəlov 2009-cu ildə bu teatrda hazırlanan İmre Kalmanın "İddialı qaraçı" tamaşasının dirijoru idi və məni də ikinci dirijor kimi dəvət etdi. 2011-ci ildə bu teatrın səhnəsində Qoqolun "Evlənmə" əsərinə quruluş verildi. Teatrımızın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Əliqismət Lalayevin dəvəti ilə Yalçın müəllim tamaşanın musiqi tərtibatçısı, mən isə dirijoru oldum. "Evlənmə"nin taleyi uğurlu alındı və tamaşa Mədəniyyət Nazirliyinin "Zirvə" mükafatını qazandı. Çox sevinirəm ki, son illər ustadımla müxtəlif tamaşalarda birgə çalışmaq mənə nəsib olub, necə deyərlər, tələbəlik illərində olduğu kimi müəllimimin qarşısında bu gün də imtahan verirəm. 
- Akademik Opera və Balet Teatrına, Musiqili Teatra gələn tamaşaçılar tanış mənzərə ilə rastlaşırlar-tamaşa başlamazdan öncə orkestrin musiqiçiləri alətləri kökləyir. Bəs həmin vaxt dirijor çıxışa necə hazırlaşır. Şəxsən siz özünüz dirijor pultuna keçməzdən əvvəl nə edirsiz?
- Tamaşa və ya konsertdən öncə dirijorun nələr etməsi ilə bağlı belə demək mümkünsə, konkret bir qayda yoxdur. Müəyyən məşğələlər var ki, mən də hər tamaşadan əvvəl onlara əməl edirəm.
Bizim sənət intellektlə bağlı olsa da, burada əzələlərin də müəyyən önəmi var. Ona görə də dirijor da idmançı kimidir, daim formada olmalıdır. Bədən, əllər və mimika dirijorluğu ifadə edən vasitələrdir, bunlarsız mümkün deyil. Ən əsası odur ki, dirijor orkestrin önünə hazır çıxmalıdır, əks halda uğurlu işdən danışmağa belə dəyməz. Orkestrin önünə çıxan dirijor beynində artıq son nöqtəni görməyi bacarmalıdır.
- Rəhbərlik etdiyiniz orkestrin səviyyəsi sizi qane edirmi?
- Əlbəttə razıyam, orkestrimizdə gənc və istedadlı musiqiçilər var. Yeri gəlmişkən deyim ki, son illər səviyyəli gənclərimiz yetişir, özlərini sübut etməyə çalışırlar. Teatrımızın rəhbərliyi də belə gənc musiqiçilərə hər cür şərait yaradır. Bu gün istedadlı musiqiçilər yaxşı başa düşürlər ki, öz üzərlərində yorulmadan çalışsalar, özünü sübut etməyi bacarsalar dünyanın hər bir yerində iş tapa bilərlər. Çünki yaxşı musiqiçiyə hər yerdə ehtiyac var. Düzdür, xaricə köçən sənətkarlarımızın yerini doldurmaq asan olmur, axı musiqiçi yetişdirmək 1-2 günlük iş deyil.
- Maestro, musiqiçinin istedadı, yoxsa nizam-intizamı sizə görə daha önəmlidir?
- Motsart kimi dahi bəstəkar heç vaxt nizam-intizama əməl etməyib, və yaxud da müasirimiz Yuri Başmet. Amma dünyada heç kim onların istedadsız olduğunu iddia edə bilməz. Dünya şöhrəti qazanan Mstislav Rostropoviç isə həm böyük istedad sahibi idi, həm də işinə həddindən artıq ciddi yanaşırdı.
Orkestr rəhbəri kimi bu məsələyə kompleks yanaşmağın tərəfdarıyam. Yəni musiqiçinin həm istedadı olmalıdır, həm də o, nizam-intizama əməl etməlidir, işinə tələbkar yanaşmağı bacarmalıdır, kollektivi çətin durumda buraxmamalıdır. 15 ilə yaxındır ki, həm də pedaqoji fəaliyyətlə məşğulam, hər zaman orkestr üzvlərini də, tələbələrimi də istedadlı və işinə məsuliyyətlə yanaşan bir insan kimi görmək istəmişəm.
- Bir az da tamaşaçıların məsuliyyətindən danışaq. Tamaşanın gedişində eşidilən telefon zəngləri pult arxasındakı dirijor kimi sizə necə təsir edir?
- Arxamda hansısa tamaşaçının telefonla danışdığını hiss edəndə əsəbiləşmirəm, çünki əsəblərim möhkəmdir. Amma işimizə mane olduğu üçün təbii ki, narahatlıq keçirirəm. Nə etmək olar, təəssüf ki, dediyiniz mənzərə günümüzün reallığına çevrilməkdədir.
- Bayaq "Qafqazlı qardaşqızı" tamaşasının məşq idi, deyəsən yeni ifaçılar var?
- Yeni mövsüm başlayandan əvvəllər repertuarımızda olan tamaşalar üzərində yenidən işləyirik, yeni ifaçılar cəlb edirik. "Arşın mal alan", "Mənim günahım", "Amerikalı kürəkən" atıq tamaşaçılara təqdim olunub. İndi də "Qafqazlı qardaşqızı" üzərində çalışırıq. İstəyimiz odur ki, tamaşalarımızın keyfiyyəti daha da artsın. Bu mövsüm təbii ki, yeni tamaşalar da hazırlanacaq.
- Masanızın üzərində təkcə not dəftərləri deyil, məqalələriniz toplanan qovluq da gördüm. Deyəsən elmi iş yazırsınız...
- Bayaq qeyd etdiyim kimi, Milli Konservatoriyada müəllim kimi çalışıram. Həm sənətdə, həm də elmdə uğur qazanmağı qarşıma məqsəd qoymuşam. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığım dissertasiyanı tamamlamışam. "Göyçə aşıq məktəbinin ifaçılıq xüsusiyyətləri" mövzusundakı elmi işim Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Elmi Şurasında müzakirə ediləcək. Bu gün elmi rəhbərim folklorşünaslıq və sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli ilə görüşüb müəyyən məsləhətləşmələr aparacam, məsləhətlərini dinləyəcəm. Elmi işimin alimlər arasında maraqla qarşılanacağına əminəm. İstəyirəm ki, Azərbaycan elminə də müəyyən töhfə verim.

TƏQVİM / ARXİV