ANA SƏHİFƏ / Layihə

AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR

1251    |   2018-06-14 09:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Orduda sinfi ayrı-seçkiliyin yolverilməzliyini, əsgərlərin yeyəcəyinə, yatacağına, geyiminə, həkim və dərmanla təchizi məsələlərinə böyük diqqət göstərilməsinin təmin edilməsinin vacibliyini dilə gətirərək, mükəmməl bir əsgəri qanun əsasında yeni hərbi təşkilatın yaradılmasının zəruriliyini qeyd edir.
Artıq yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Cümhuriyyəti hökuməti və Məclisi-Məbusanı qarşısına qoyulan başlıca vəzifələrdən biri də qısa müddət ərzində Müəssislər Məclisinə seçkilərin təşkili idi. Müəssislər Məclisinə seçkilərin keçirilməsi üçün demokratik seçkilərin keçirilməsinə imkan verən, özündə hüquqi normaları və şəffaf mexanizmləri əks etdirən seçki qanununun qəbulu günün tələbindən doğan zərurət idi və artıq parlamentin fəaliyyətə başladığı ilk aylardan etibarən seçki qanunvericiliyinin işlənərək hazırlanması istiqamətində fəal iş aparılırdı. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının iclas protokolları və stenoqrafik məlumatları ilə tanış olduqda sözügedən qanun layihəsi ətrafında olduqca gərgin müzakirələrin təşkil edildiyinin şahidi oluruq. Bu müzakirələrdə Abdulla bəy Əfəndizadə də fəal şəkildə iştirak edir, seçki qanunu layihəsinin olduqca mühüm maddələrinə dair hüquqi və məntiqi cəhətdən peşəkarcasına əsaslandırılmış təkliflərlə çıxış edirdi. Abdulla bəy Əfəndizadə "Məclisi-Müəssisan intixabatı" komissiyasının üzvü idi və Məclisi-Məbusanın 1920-ci ilin fevral ayının 12-də keçirilmiş iclasında "Məclisi-Müəssisan intixabatı komissiyonunun smetası" adlı geniş məruzə ilə çıxış etmişdir. Onun Məclisi-Məbusanın 1919-cu ilin may ayının 29-da keçirilmiş iclasında ikinci oxunuş üçün təqdim edilmiş "Məclisi-Müəssisan seçkiləri haqqında qanun" layihəsinin 2-ci maddəsi ilə əlaqədar olaraq etdiyi çıxışı məclisdə geniş müzakirələrə səbəb olmuşdur. Özündə parlament üzvlüyünə namizədlərin irəli sürülməsi və seçki formasının (majoritar və ya proporsional) müəyyənləşdirilməsi qaydalarını ehtiva edən həmin maddədə əksini tapan məqamlara münasibət bildirən Abdulla bəy, namizəd siyahıları tərtib edilən zaman partiyaların bütün ölkə üzrə vahid siyahı tərtib etməsinin əleyhinə olduğunu, hər partiyanın hər bir seçki ərazisi üzrə həmin məntəqənin ziyalılarının adlarının yer aldığı ayrıca bir siyahı tərtib etməsinin tərəfdarı olduğunu dilə gətirir. Fikrini əsaslandıran Abdulla bəy, məsələyə onun qeyd etdiyi format üzrə yanaşılacağı təqdirdə yerləri real təmsil edəcək şəxslərin məclisə düşmək hüququ qazanacaqlarını, bununla da yerlərdə müşahidə olunan spesifik problemləri daha yaxşı qabartmaq imkanlarının olacağını, bunun da öz növbəsində həmin problemlərin həlli yollarının tapılmasında daha səmərəli olacağını qeyd edir. Bu maddənin təklif olunan redaktədə və formada təsdiq ediləcəyi təqdirdə isə gələcək parlamentdə yalnız partiyaların yuxarı orqanlarında təmsil olunan və yerlərdəki durumdan az xəbərdar olan, əsasən Bakı şəhərində yaşayan şəxslərin təmsil olunacağını, yerlərin demək olar ki, real təmsilçilikdən kənarda qalacağını ifadə edərək, cümhuriyyətin siyasi-iqtisadi, mədəni tərəqqisi naminə yerlərə (əyalətlərə) daha çox diqqətin ayrılmalı olduğunu vurğulayır.
Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının fəal üzvlərindən biri olan Abdulla bəy, çıxışlarında ölkədə mövcud olan sosial-iqtisadi problemləri daim qabardaraq, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində əsaslandırılmış təkliflər irəli sürmüşdür. Bu baxımdan onun səhiyyə və təhsilin inkişafı, xüsusən də əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin artırılması və təhsil işçilərinin əməkhaqlarının artırılaraq, mövcud bazar şərtlərinə uyğunlaşdırılması istiqamətindəki təklifləri aktuallığı ilə seçilir. O, çıxışlarında sosial problemlərin həlli zamanı ölkənin Bakı və Gəncə şəhərləri ilə yanaşı, əyalətlərə, xüsusən də olduqca acınacaqlı sosial-məişət şəraitinin mövcud olduğu kəndlərə diqqətin ayrılmasının vacibliyini qeyd edərək, "...vətənin canı kəndistandır" və "...Millətin parası millətin özünə məsrəf olunmalı"dır söyləyirdi. Ölkədə sosial ədalətin bərqərar olmasının vacibliyini daim çıxışlarında dilə gətirən Abdulla bəy, "...Biz böylə fikir edirik ki, millət tacirindən, varlısından ibarət deyil. O füqərayi-kasibədən ibarətdir ki, o milyonları təşkil edir" şəklində fikrini ifadə edir, həm aşağı təbəqədən olan şəxslərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, həm də xalqın arasına getməklə onlar arasında əldə edilmiş istiqlalın tarixi əhəmiyyətinin anladılmasına xidmətə yönədilmiş maarifləndirilmə işinin təşkilinə ciddi ehtiyacın olduğunu qeyd edirdi.
Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının iclas protokolları və stenoqramları ilə tanış olan zaman onun bir maarifpərvər və təhsilə daha doğma olan şəxs kimi daim ölkə təhsilinin inkişafı, insanlar arasında savadsızlığın aradan qaldırılması, daha çox insanın təhsilə əlçatanlığını təmin etməyə xidmət edən əyalət mərkəzləri və kəndlərdə yeni məktəblərin açılması və mövcud məktəblərdə təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, həmçinin müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində daim təkliflərlə çıxış etdiyini görürük. Bu mənada Abdulla bəyin Məclisi-Məbusanın 1919-cu ilin avqust ayının 21-də təşkil edilmiş iclasından başlayaraq müzakirəyə çıxarılmış "Azərbaycan darülfünunun təşkili haqqında"kı (Azərbaycan Universitetinin - indiki Bakı Dövlət Universitetinin) müzakirələrdə ortaya qoyduğu mövqe maraqlı olmaqla, onun vətənsevərliyinin dəyərləndirilməsi baxımından önəmlidir. Belə ki, bildiyimiz kimi, ali təhsil müəssisəsində çalışmaq üçün yüksək ixtisaslı kadrların, xüsusən də türkdilli kadrların, demək olar ki, olmaması, eyni zamanda təsis ediləcək universitetin dövlət büdcəsi üçün əlavə yük ola biləcəyini düşünən ayrı-ayrı partiya, firqə mənsubları universitetin açılmasının əleyhinə çıxış edir, ən yaxşı halda bu prosesi bir qədər ertələməyi təklif edirdilər. Ölkədə fəaliyyət göstərən və universitetin təsisi ilə bağlı bu mövqedən çıxış edən siyasi qüvvələrdən biri də "Əhrar" partiyası idi. Artıq qeyd etdiyimiz kimi, bu partiyanın parlamentdə fəaliyyət göstərən eyni adlı fraksiyasını təmsil edən şəxslərdən biri də Abdulla bəy idi. Lakin fraksiya yoldaşlarından fərqli olaraq, Abdulla bəy universitet açılması ideyasını tam dəstəkləyir. O, bu məsələ ilə əlaqədar məclisin 1919-cu il 21 avqust tarixindəki iclasında çıxış edərək "Darülfünunun açılması məsələsinin "Əhrar" firqəsində iki tirəliyə səbəb olduğunu, fraksiya üzvlərinin bir neçəsinin bu ideyanın əleyhinə, bir neçəsinin isə lehinə olduğunu qeyd edərək, özünün bu təklifin lehinə olanlar sırasında olduğunu qeyd edir. O, universitetin hansı dildə fəaliyyət göstərməsindən asılı olmayaraq elm mənbəyi olduğunu, "vətən üçün yaxşı işçilər, siyasi adamlar, elmli adamlar hazırlayacağını və bu elm mənbəyini" indidən təsis edilməsinin lazım və vacib olduğunu söyləyir. Hazırkı imkanlarla universitetdə birbaşa türk dilində tədrisin təşkilinin mümkün olmadığını vurğulamaqla, sonrakı dövrdə tədricən türk dilinə keçməyin mümkünlüyünü ifadə edir. Gələcəkdə orta məktəblərin milliləşdirilmə prosesini başa çatdırmaq və tədrisin tam türk dilində aparılmasını təmin etməkdən ötrü universitetdə türk dilinin tədrisinə xüsusi diqqətin ayrılmalı olduğunu vurğulayan Abdulla bəy deyir: "Ona görə də lazımdır ki, darülfünuna öylə müəllimlər dəvət edək ki, türk dilini yaxşı bilsin. Türk ədəbiyyatına dara olsun. Böylə professoru çox aramalıdır. Hər şöbədə necə ki, qeyd olunubdur, türk dili məcburi olsun. Bir məcburi deməklə olmaz. Gərək bunun proqramı olsun. Bir şəxs ki, darülfünun icmal etdi, edadi də tədris edəndə darülfünundan özülə götürdüyü elmləri lazımdır ki, gözəl, ədəbi türk dilində tədrisə müqtədir olsun, islahatifənniyəyə aşina olsun." Daha sonra çıxışını davam etdirən Abdulla bəy təsis ediləcək universitetdə ilkin olaraq müəllim hazırlayan şöbənin açılmasının vacibliyini vurğulayaraq, çıxış edənlərin əksəriyyətinin fiziologiya, riyaziyyat, filologiya ixtisalarının açılmasını təklif etsələr də, pedaqoji kadr hazırlayan ixtisasın açılması məsələsinə toxunmamalarından təəssüf duyduğunu qeyd edərək, millət üçün müəllim yetişdirəcəyini nəzərə alaraq bu ixtisasın açılmasının əslində ən vacib olduğunu bildirir. Yeni təsis ediləcək və ölkənin ilk ali təhsil müəsissəsi olacaq universitetdə türk dilində tədrisin təşkilinin vacib və əsas şərt olmasını Abdulla bəy Məclisi-Məbusanın 1919-cu ilin avqust ayının 25-də keçirilmiş altmış səkkizinci iclasındakı çıxışında bir daha qeyd edərək, bunun həm də təmsil etdiyi fraksiyanın proqramı olduğunu ifadə edir: "...O ölçüdə, o dərəcədə olsun ki, türk dilinə, Türkcə elmə və fənnə o dərəcə dara olsun ki, darülfünunu bitirmiş kişilər edadilərdə tədris etdikləri zaman öz dilində ixtisası olduğu şeylərə asan vəchlə hər kəs keçə bilsin. Mətləb budur. Türk dili məcburi olmaqla o dərəcə oxunsun ki, fənn istilahlarını ixtisas olduğu dərsdən tədris edə bilsin".
Məclisi-Məbusanın iclas protokolları və stenoqramları ilə tanış olduğumuz zaman Abdulla bəyin məclisdəki çıxışlarında təkcə ümumölkə problemlərinə toxunmaqla kifayətlənmədiyini, paralel olaraq mütəmadi şəkildə təmsil etdiyi Şəkidə mövcud olan sosial-iqtisadi problemlərlə bağlı qərar layihələrinin hazırlanaraq qəbul edilməsi təşəbbüsü ilə çıxış etdiyini, bu istiqamətdə bir növ lobbiçilik fəaliyyətini qurduğunu görürük. "Əhrar" fraksiyası tərəfindən yollar nazirinə ünvanlanmış və 1919-cu ildə Məclisi-Məbusanın müzakirəsinə çıxarılmış Şəki-Zaqatala ətrafındakı yolların vəziyyətinə dair və 26 aprel 1920-cil tarixdə parlamentin 144-cü iclasında müzakirəyə çıxarılmış Şəki şəhərini sel təhlükəsindən qorumaq məqsədilə Kiş çayının qarşısına daşdan bənd qurulması üçün 40.460.000 manat vəsait buraxılmasını nəzərdə tutan qərarların qəbulu məhz bu fəaliyyətin nəticəsi idi. Sözügedən sonuncu qanun layihəsi ilk dəfə Məclisi-Məbusanın 1920-ci ilin mart ayının 4-də keçirilən yüz otuzuncu iclasının gündəliyinə daxil edilmişdi. Haqqında söhbət açdığımız birinci məsələ ilə bağlı məclisdə ayrı-ayrılıqda çıxış edən Abudulla bəy Əfəndiyev və Kiçikxanov çıxışlarında hər bir dövlət üçün yol infrastrukturunun iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar. İstehsal olunan əmtəələrin həcminə görə "Azərbaycanın ikinci Bakısı hesab edilən" Şəki-Zaqatala bölgəsinin yollarının olduqca pis durumda olmasını qeyd edən natiqlər, yolların bu vəziyyətdə olmasının kəndlilərə böyük ziyan bahasına başa gəldiyini, milyonlarla pud meyvənin yolsuzluqdan xarab olduğunu bildirir, məsələdən çıxış yolu kimi Zaqataladan Gəncəyədək uzanan yolun təmir edilməsinin həmin əmtəələrin bazara çıxarmaq üçün şərait yarada biləcəyini vurğulamaqla, sözügedən yolun təmirinin xəzinəyə yük olmayacağını, bu planı reallaşdırmaq üçün maliyyə mənbəyi kimi Gürcüstana göndərilən meyvələrin müqabilində alınan 200 min manat məbləğindəki vəsaitdən istifadə edilməsinin mümkünlüyünü ifadə edirlər.
Beləliklə, təqdim etdiyimiz bu qısa araşdırmanın nəticəsi olaraq, Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil edən Abdulla bəy Əfəndizadənin parlamentin ən fəal üzvlərindən biri kimi daim vətəni və xalqının rifahı naminə çalışan, uzunsürən milli mücadilə nəticəsində əldə edilmiş istiqlalı qazanılmış ən böyük tarixi zəfər hesab edən, öz təbiri ilə desək, istiqlal uğrunda ölməyə, lazım gələcəyi təqdirdə bu yolda millətin önündə getməyə həmişə hazır olan aydınlarımız və milli vətənpərvərlərimizin ən parlaq nümayəndələrindən biri olduğunu görürük.
Vüsal Baxışov
Şəki

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2018-06-18
2018-06-16
2018-06-15
2018-06-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK