ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: QİYAMƏT GECƏSİ - III (DAVAMI)

12481    |   2018-02-15 15:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Povest)

 

...Anası onları hardan qoyub getmişdi, elə orda da - öz köhnə dəmir çarpayısında üzünü iki əlinin üstünə qoyub adətinə uyğun sol böyrü üstə yatmışdı və onları qoyub gedən zaman üz-gözündəki yorğunluq da elə üz-gözündəydi, amma bu yorğunluq onun gözəlliyini soldura bilməmişdi.
Anası hər yerdə Onun kitabları ilə fors eləyirdi. Əslində qadınlar daş-qaşla, bahalı mebellərlə, tapılmayan xrustal qablarla, vəzifəli ərləriylə forslanardılar. Amma anası nə daş-qaşları ilə, nə bahalı mebelləri ilə, nə də vəzifəli əri ilə deyil, Onun kitabları ilə forslanırdı. Çünki o daş-qaşdan tutmuş, vəzifəli ərlərə qədər rayonda çox qadınların varıydı, amma rayonda o qadınların heç birinin oğlunun bu qədər kitabı yox idi.
Bir dəfə anasını yoluxmağa gəlmiş Şahmar Əkbərzadə Onun kitabxanasına baxıb dedi:
- Sadıq Murtuzayevin də gözəl kitabxanası var.
Anası:
- Mənim oğlumunku qədər olmaz.
- Yox, çoxdu.
Atası necə gözünü ağartdısa Şahmar dərhal səhvini düzəltdi:
- Yox, ay Gülçöhrə, Aqilinki qədər olmaz, amma onun da yaxşı kitabxanası var.
Gözünü açanda evlərində kitab görmüşdü. Amma bu kitabların əksəriyyəti ya ərəb-fars dilindəydi, ya da əski əlifbayla, çoxu da tarix kitabları idi, bir də əsasən klassiklərin əsərləriydi. Bir az da dini kitablar vardı. Bu dini kitabları da O doğulmamışdan beş il əvvəl dünyasını dəyişmiş, hazırda cənnətdə öz xanımı ilə əbədi həyat sürən babası Muxtar kişi əsrin əvvəllərində Kərbəladan gətirmişdi. Əsmət nənəsi cənnətdə həsrətlə onun yolunu gözləyən ərinə qovuşanadək hər il Məhərrəmlikdə Lüt Rüstəmi çağırtdırıb oturdurdu evin ən hörmətli yerində. Və kənd camaatı da yığışırdı Kərbəlayi Muxtarın ocağına, Lüt Rüstəm də bu kitabda yazılanları öz şirin avazıyla oxuyurdu. O da nənəsinin böyrünə qısılıb Lüt Rüstəmin bu kitablardan Həzrəti Əli, İmam Hüseyn, İmam Həsən, Həzrəti Abbas haqqında oxuduğu hədislərə bir nağıl kimi qulaq asırdı. Özü bu kitabları oxumağı öyrənənədək artıq orda yazılanları əzbər bilirdi.
O biri bacı-qardaşları o qədər də nağıl həvəskarı olmasalar da, O, nağılları sevirdi, istəyirdi ki, saatlarla nağıl danışsınlar. Bəxtindən atası nağıl danışmağı xoşlayırdı. Axşamlar onlara Çingiz xan nağılı danışırdı, Şah İsmayıl nağılı danışırdı, Teymurləng nağılı danışırdı... Amma böyüyüb özü atasının danışdığı nağıllar yazılan kitabları oxumağa başlayanda gördü ki, bunlar heç də nağıl deyilmiş, tarixiymiş. Sadəcə olaraq atası bu tarixi onlara nağıl kimi danışırmış. Və atasının niyə tarixi nağıl kimi danışmasının səbəbini də lap sonralar başa düşdü. Və günlərin birində onun da uşaqları nağıl istəyəndə...
... biri var idi, biri yox idi, Allah var idi, şəriki yox idi. Yer üzündə bir Təbriz adında şəhər var idi. Həmin şəhərin də Şah İsmayıl adında 15 yaşında ağıllı, boylu-buxunlu, pəhləvan bir padşahı var idi. İsmayılın atına at çatmazdı, heç kim onun kimi qılınc çala bilməzdi. Başqa şəhərlərin padşahları onun adını eşidəndə tir-tir əsirdilər...
... biri var idi, biri yox idi, Allah var idi, şəriki yox idi. Bir Çingiz xan var idi, onu Qurd doğmuşdu, Qurd südü içmişdi. Ona görə də Qurd kimi vuruşurdu. İgidlərinin də hamısı Qurd südü içmişdilər. Bir gün Çingiz xan Qurd südü içən igidlərini başına yığıb dedi ki, mənim Qurd balalarım, dünyanı çaqqallar bürüyüb...
...O da atası kimi balalarına qardaşlarının kəndirini kəsən "Məlikməmmədin nağılı"nı danışmadı. O da atası kimi balalarına öz qardaşlarının gündöyməzinə möhür vurub sonra bütün millətin qabağında dallarını açdırıb qardaşlarını rüsvay edən "Ağatlı oğlanın nağılı"nı danışmadı. Danışmadı ki, balaları elə bilər ki, qardaşın kəndirini kəsmək olar, qardaşın gündöyməzinə möhür vurmaq olar...
Atasının üç sevimli şairi vardı, elə ki, qardaşı oğlu Şahmar da şeir yazmağa başladı bu şairlərin sayı dörd oldu:
- Azərbaycanda dörd nəhəng şair var. Nizami, Sabir, Səməd Vurğun, bir də Şahmar Əkbərzadə.
Şahmarı da qardaşı oğluydu deyin deyirdi.
Böyüyəndən sonra atası ilə ədəbiyyatdan tez-tez mübahisə edirdi:
- Bəs Füzuli?
Və günlərin birində atasını Şahmarla bir şair qapısına elçi göndərəndə düz blokun ağzınacan yalvarmışdı:
- Ata, sən həzrət-Abbas, birdən orda da deyərsən Nizamidən, Sabirdən, Səməddən başqa ayrı şair tanımırsan, yaxşı çıxmaz. Bu kişi də şairdi, özü də böyük şairdi. Şahmar əmi, sən də qoyma də, Kişi o məsələləri qatıb qarışdırsın.
Amma kimə deyirsən, söz hərlənib-fırlanıb gəlib ədəbiyyatın üstünə çıxanda Kişi demişdi:
- Nizami, Sabir, Səməd, bir də bizim bu Şahmar.
Şair:
- Bəs Füzuli?
- Füzuli dedin, yadıma düşdü. Şair, o şeirin pis şeir deyil, mənim də xoşuma gəlir, amma orda bir səhv eləmisən. Gərək yazaydın ki, Azərbaycan deyiləndə ayağa dur ki, Nizaminin ürəyinə toxuna bilər.
Şair də görmüşdü, yox, mübahisə yeri deyil, bir az bozarmış halda demişdi:
- Ay qardaş, mən bilmirəm sən bura mənimlə ədəbiyyat davası eləməyə gəlmisən, yoxsa qız istəməyə?
Atası gəlib maşına oturanda hələ deyinirdi:
- Şahmar, bunlar heç Nizamini oxuyublar ki?
- Ata, nə oldu?
- Görmürsən, deyir Füzuli. Guya mən Füzulini danıram, hələ bərkə düşsə Füzuli mənim qohumumdu, bir kənddənik. Amma Nizami çox nəhəngdi axı.
- Ata, sən xalqın evinə qız istəməyə getmişdin, yoxsa o boyda şairə ədəbiyyat dərsi deməyə?!
- Ə, maşınını sür. Sən nə qanırsan Nizami kimdi! Get gələcək qayınatanın şeirlərini əzbərlə. Ayağımı yerə dirəsəm elə mən də onlar kimi şeir yazaram. Elə deyil, ə, qardaşoğlu?
Şahmar gülümsəyə-gülümsəyə:
- Əmi, lap onlardan da yaxşı yazarsan, Füzulinin qohumu deyilsən?
Atası:
- Qardaşoğlu, sən də ağ eləmə, sözdü də deyirəm.
İndi anası hamıya fors elədiyi kitabların olduğu otağa köçürtdürdüyü öz köhnə dəmir çarpayısında, onları necə qoyub getmişdisə, bax eləcə, üzünü iki əlinin üstünə qoyub adətinə uyğun sol böyrü üstə yatmışdı.
Anası bu kitablardan birini də oxumamışdı. Ona görə yox ki, kitabları sevsə də, kitab oxumağı sevmirdi, ona görə ki, oxuyub yazmağı bilmirdi. Özünün dediyi kimi, it ilində dördüncü sinfə qədər məktəbə getmişdi. Amma elə ki, Onun qəzetlərdə yazıları çıxmağa başladı, anası uşaqlara dedi ki, hərfləri onun yadına salsınlar, uşaqlarda da hövsələ nə gəzirdi. Heç öz dərslərini oxumurdular, qalmışdı kiməsə dərs öyrədəydilər. Gördü uşaqlardan bir şey çıxmır, özü həvəslə və hövsələ ilə anasına hərfləri öyrətməyə başladı. Hərdən anası özünü lap birinci sinfə gedən uşaq kimi aparırdı:
- Hərfin də böyüyü-kiçiyi olar?
Anası oxumağı öyrəndi. Və höccələyə-höccələyə oxumağa da başladı. Amma həm tez yorulurdu, həm də başı hərfləri axtarmağa, yada salmağa qarışdığından bir az əvvəl oxuduqlarını yaddan çıxarırdı, bu da onu əsəbiləşdirirdi deyə, nəhayət, oxumaq həvəsindən düşdü və dördüncü sinfə keçə bilmədi, Onun qəzetlərdə çıxan yazılarını uşaqlara oxudub qulaq asırdı.
...Leonid İliçin portretinin yerində Onun dayısı öləndə çəkdirdiyi qızqaytaran vaxtlarının saqqallı şəkli asılmışdı. Kreslolar da yerindəydi, miz də, mizin üstündəki nərdtaxta da, amma kitab rəfləri yox. O rəflərin yerində adi döşəmə taxtasından kobud şəkildə düzəldilmiş taxçalar vardı və kitabların bir hissəsi bu taxçalara yığılmışdı, bir hissəsi də divarboyu üst-üstə çinlənmişdi. Elə o dəqiqə də hiss elədi ki, bu kitablarda kitablıq qalmayıb, elə bil üstlərindən bir kəndin naxırı keçmişdi. Əlini atıb üstündən bir kəndin naxırı keçmiş kitablardan birini götürdü, üz qabığı cırılmışdı, amma içərisi babat qalmışdı, Vaqif Cəbrayılzadənin kitabı idi, vərəqlədi, dayandı şeirlərin birinin üstündə.

Dünya səndən bezəndə,
Sən də dünyadan bezib,
Fit çala-çala gəzib...

Amma şeir həvəsi olmadığından axıradək oxumadı, bir də ki, bu şeri əzbər bilirdi.
Çaydandakı su paqqapaqla qaynayırdı, kitabı atdı hardan götürmüşdü ora. Qayıtdı geri çaydanı sobanın üstündən alıb qoydu yerə. Təzə çay dəmləməyə hövsələsi çatmadı, köhnə dəmdən bir çay süzdü, elə qəndsiz də içdi. Və qəndsiz içdiyi bu köhnə dəmli çay Ona qırx il bundan öncə səhər-səhər bax bu sobanın üstündə qaynayan çaydandan töküb içdiyi təzə dəmli çayın ləzzətini verdi, Ona elə gəldi ki, neçə ildi belə dadlı çay içməyib.
Otaq bir az havalanmışdı, maşanı götürüb yenə külü təmizlədi və sobaya bir-iki odun da atdı.
Düz on il hər qış səhər-səhər bu sobanı O yandırmışdı, sonra çaydanı üstünə qoyub qaçmışdı Çörəksatan Kamil əminin dükanından çörək almağa, həmişə də bashabas olardı. Uşaq ağlıyla fikirləşərdi ki, bu adamlar görən niyə bir-birilərinin belinə minənəcən adam kimi növbəyə dayanmırlar, onsuz da çörək hamıya çatır. Düz on il bu dükandan çörək aldı. Bu on ildə dünya on dəfə dəyişdi, Tereşkova kosmosa uçdu,
Armstronq Aya düşdü, amma Kamil əminin çörək dükanına çörək almağa gələnlər növbəyə durmağa öyrəşmədilər.
Balaca uşaq, bashabasda da yekə-yekə kişilər. Xəşili çıxırdı. Çörəksatan Kamil əmi içəridən çığırırdı:
- Ə, o uşağı əzməyin, buraxın keçsin.
Və Çörəksatan Kamil əminin heç vaxt ağlına gəlməzdi ki, hər səhər növbəsiz çörək verdiyi bu uşaq böyüyüb yazıçı olacaq və onun Böyük Azərbaycan müharibəsində şəhid olmuş oğlu barədə kitab yazacaq.
Çörəyi alıb qayıdırdı, o vaxtacan da çay qaynayırdı, O da dəmləyib pendir-çörəklə bir stəkan salma çayını içib götürülürdü məktəbə. O, Bakıda oxuyanda bu tərəflərə də qaz gəlib çıxdı və üz-gözlərin öyrəşdiyi sobanı da götürüb atdılar zirzəmiyə. Amma qaz sobası heç vaxt odun sobasının yerini verə bilmədi. Qaz sobasının üstündə nə çörək qızdırmaq olurdu, nə içində kabab bişirmək, nə də közünə kartof basdırmaq. Atası evdə nə xörək olur-olsun axşamlar mütləq sobanın içində dörd-beş şiş kabab bişirməliydi.
- Gülçöhrə, gör bişib?
Birinci tikəni də mütləq analarına verərdi. Sonra da qartal balalarını yedizdirən kimi bu kabab tikələrini bir-bir öz əli ilə balalarına yedizdirərdi. Lap axırda da bir-iki tikə qalardı ki, onu da özü yeyərdi. Hərdən könlünə vaxtilə atasının sobada bişirdiyi kabab düşəndə gedərdi təndir kababı yeməyə. Amma təndir kababı atasının sobada bişirdiyi kababın dadını verməzdi. Kefinin kök vaxtı, həmişə kefi kök olanda xatirələr danışmağı xoşlayardı, atasının sobada bişirdiyi kababın dadından xanımına söhbət açanda xanımı deyirdi:
- Deyəsən, sizin nəslin də yeməkdən başqa ayrı işi-gücü yoxuymuş.
Heç qaz sobasının istisi də odun sobasının istisinin ləzzətini vermirdi. Çünki odun sobasının içində yanan ocaq idi, "bu ocaq haqqı" deyib ona and içmək olurdu. Amma hələ heç kim heç harda görməyib ki, kimsə qaz sobasına and içsin.
(ardı gələn sayımızda)




YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK