ANA SƏHİFƏ / YAZARLAR

Dilim dilim edilən dilimiz

Nicat Novruzoğlu

5025    |   2017-12-06 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Atalarımızın bir misalı var: "dilim dilim olasan, dilim”. Qarğışlar silsiləsinə aid olan bu misal dilini idarəetməyənlər və ya dilinin güdazına düşənlər üçün çəkilir. Atalarımızın sözü olan bu qarğış deyəsən ümumilikdə bizi tutub. Təsadüfi deməyiblər ki, ata qarğışı yaman olur. Bilmirəm bu qarğışdandır ya yox, hara baxırsan dilimiz dilimlənir. Ekranda, radioda, qəzetdə və s. Bu gün reklamlarımızda dilimlənən dilimizdən söhbət açacam.

Öncə qeyd edim ki, ölkədə Ana dilimizlə bağlı bir xeyli qanunlarımız var. Elə biri Ali qanunumuz sayılan Azərbaycan Respublikasının Konstitusiyası. Bu Ali qanunumuzun maddələrinin içərisində bir maddə var - 21-ci maddə. Bu maddə dövlət dili ilə bağlıdır. Maddədə deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.


Ali qanunumuzdan başqa dövlət dilimizlə bağlı xüsusi bir qanunumuz da var-Azərbaycan Respublikasında Dövlət Dili Haqqında Qanun.. Mən bu qanunun 7-ci maddəsində (Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi) bildirilir ki, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallardaelanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır.

Bütün bu yuxarıda qeyd etdiklərimiz və etmədiklərimiz bunu deməyə əsas verir ki, ölkəmizdə Ana dilimizlə bağlı lazım olacaq qədər qanuni baza var. Amma əfsuslar olsun ki, bu müddəalara əməl etməyənlər, Ana dilimizi dilimləyənlər hansısa cüzi maraqlarının təsiri altına düşüb qanunlarımızı, onların ortaya qoyduğu tələbləri tapdalayırlar.


Bu gün paytaxtımızın hansı küçəsində addımlasaq bunu şahidi olarıq. Ticarət və ictimai iaşə obyektlərinin əksəriyyətinin üzərindəki lövhələrdə əcnəbi dillərdə adlar mövcuddur. Biz çox uzağa getmədik. Elə redaksiyamızın yerləşdiyi Mətbuat prospektində bir gəzişmə etdik. Keçmiş "Qələbə” kinoteatrının qarşısından Azərbaycan Nəşriyyatınacan olan məsafədə gördüklərimizi ölümsüzləşdirdik. Bu kiçik məsafədə demək olar ki, bütün obyektlərin üzərinə vurulan lövhələr başqa-başqa dillərdə yazılmışdı. Bu əcnəbi dildə yazılan lövhələrlə onlar mallarının hansısa brendə aid olduğunu və ya yüksək keyfiyyətli mallar satdıqlarına işarə edirlər. Öz dilimiz yox idi bu lövhələrin üzərində. Olsa da çox balaca həcmdə idi. Yəni gözdən pərdə asmaq üçün bunu etmişdilər.

Dilin də üstündən pərdə asarlar? Pərdələnə -pərdələnə getsək axır bir gün bizim özümüzü də pərdələyə bilərlər.


Bəzən lövhəyə yazılmış sözlərin nə məna daşıdığını o obyektlərin sahiblərindən soruşanda elə qürurla tərcüməsini deyirlər ki, elə bil ki, dünyanı fəth ediblər. Öz dilini bilməyən, ona dırnaqarası baxan, əcnəbi dili bilərək lovğalanan və o dili bildiklərini addımbaşı gözümüzə soxanları gördükdə çıxılmaz vəziyyətə düşürəm.

Heç kəs elə bir bəhanə gətirə bilməz ki, ona Ana Dilimizi pərdələdiyinə görə haqq qazandıraq. Nə maddi qazanc, nə ölkəmizə gəlib-gedən əcnəbilərin çoxalması faktoru buna səbəb ola bilməz. Ölkə də o qədər öz azərbaycan dilində adlar qoyulmuş obyektlər var ki, qapısında müştəri əlindən tərpənmək olmur. Adi restoranlarımızı götürək: Qabırğa, Narşərab, Manqal, Ay qonşu, Pəncərə və s. Bunlar adlarını öz dilimizdə qoyub acından ölmürlər ki?! Bəs Sizə nə düşüb ki, bu əcnəbi adları hər addımbaşı gözümüzə soxursuz?!

Bəzən sahibkarlar, işbazlar əcnəbilərlə bağlıyırlar bu adları. Bəli, statistika deyir ki, bu il ölkəmizə gələn əcnəbilərin sayı ötən illər gələnlərin sayından nəzərə çarpacaq rəqəmlə fərqlənir. Yəni bu il daha çox gəliblər. Bu, müsbət haldır. Ancaq bu o demək deyil ki, biz Ana dilimizi onların xərclədiyi pullara qurban verməliyik. Görəsən,nəcnəbilər qarşısında (oxu: pul qarşısında) belə asanlıqla əzilib-büzülənlər qanun qarşısındakı məsuliyyətlərini niyə dərk etmirlər?!

Qanunvericilikdə bir məqam var. Yayılan məlumatın məzmunu qanunun tələblərinə uyğun olmayanda bunu yayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır. Bu məsuliyyətin dərəcəsini yazmaq istəmirəm. Mən istəyirəm ki, içinizdə özünüzü mühakimə edəsiniz. İçinizdə öz məsuliyyətinizi dərk edəsiniz. İçinizdə özünüzü tanıyasınız. Birdəfəlik biləsiniz ki, Siz AZƏRBAYCANLISINIZ. Və Sizin Ana diliniz AZƏRBAYCAN DİLİDİR.





İmza:

YAZARIN ARXİVİ

2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO