ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: OFFF BƏ! ÜRƏYİMİ BOŞALTDIM!

20688    |   2016-07-18 16:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«Simurq» getdi fələyin badına, ölkəmizin ən qədim və ən gözəl futbol məktəblərindən biri olan Tovuzun «Turan»ı day yoxdu. Vaxtı ilə SSRİ çempionatının II divizonunda oynayan Mingəçevirin «Toxucu» komandası indi heç toxuculuqla da məşğul olmur! «Şəmkir» qırx arşın quyunun, Masallının «Viləş»i iyirmi arşın quyunun dibində. İmişlinin «MTK»-sı da sonradan elə MTK işləri ilə məşğul olmağa başladı. «Neftçala» maliyyə baxımından qaldı çöldə.

Vaxtı ilə «Avtomobilçi», «Yunçu» adı ilə futbolumuza imza atmış Yevlax! Güclü bir komanda yaratmışdı: «Karvan». Səhv etmirəmsə, 2006-cı ildə gümüş medal qazanmışdılar. Həmin il Avroliqada moldovanları sıradışı eləyib mərhələ adlamışdılar. Hanı indi? «Karvan» da qoşuldu yuxarıda adlarını sadaladıqlarımın karvanına!

Qubanın uşaq futbolu («Dəri top» yarışları da Qubada keçirilərdi) SSRİ-də meydan oxuyardı. İndi o uşaqların meydan suladığı meydanlarda villalar tikilib, sağlıqlarına qismət!

«Xəzər-Lənkəran»! Cənub bölgəsinin çırpınan ürəyi. Bəşir Səfəroğlu demiş, day çırpınmır!

Əhməd Ələsgərovun «Araz»ı. 500 minə yaxın əhalisi olan Naxçıvanı futbolsuz qoydular.

Yeri gəlmişkən. Ermənilər 40 minlik Xankəndinin «Karabağ-Stepanakert» komandasını Avroliqaya çıxarmaq üçün UEFA-ya milyonlarla rüşvət vermişdilər. AFFA, daha dəqiq desək, Fuad Musayev Azərbaycan iqtidarının köməyi ilə qarşısını aldı.

Hələ yazmaq olar, amma bəsdi, həm özüm yoruldum, həm də sizi yordum.

Belə bir durumda Azərbaycan futbolunu necə inkişaf etdirmək olar?! Azərbaycan təkcə Bakıdan ibarət deyil axı! Buyurun, fikirlərinizi yazın, inkişaf yollarını göstərin – «Ədalət»in səhifələri üzünüzə açıqdır.

Gələk mətləbə. Ölkə çempionatında cəmi iki bölgəmiz təmsil olunur. sevindirici haldır ki, hər ikisi Azərbaycanı Avroliqada təmsil edir. Və hər ikisi də bir mərhələni adlayıb, inanıram ki, ikinci mərhələni də adlayacaqlar. Qurban da demişəm, birini İmamzadədə, birini də Qəbələdə kəsdirəcəm!

Çox təəssüf ki, hər iki komanda Avroliqanın ev oyunlarını Bakıda oynayır. Niyə, qardaşım?! Yel əsib bütün qozlar Bakıya tökülüb?

Niyə avropalı futbolçular, onların azarkeşləri, onlarla gələn jurnalistlər gedib qədim, həm də bu gün heç də Avropa şəhərlərindən geri qalmayan, Avropa Gənclər Paytaxtı və ən başlıcası, müqəddəs Nizami yurdunu görməsinlər?! Nizami məqbərəsini ziyarət etməsinlər?! «Kəpəz» sevənlər də həm Bakıdan, həm də ətraf rayonlardan Gəncəyə axışıb bir futbol bayramı, futbol sevinci yaşamasınlar?!

Qəbələ! Kiçik bir zaman kəsiyində, təxminən 15-20 ilin içində kiçik bir qəsəbə Avropanın kurort şəhərləri ilə döşləşən bir kurort şəhərinə çevrilib, özü də həm yayı, həm qışı. Qəbələ bölgəsi də İsveçrədən geri qalmır. Burda Avropa miqyasllı mühüm tədbirlər keçirilir, hətta ölkə prezidentləri görüşlərini Qəbələyə salır.

Qəbələlilərin xətrinə dəyməsin, əvvəllər burda futbol olmayıb. Amma son 15-20 ildə həm qəbələsevərlər, həm də qəbələlilər sıfırdan futbol yaratdılar, vaxtı ilə futbolu ilə öyünən bölgələri də arxada qoydular. İndi «Qəbələ» həm ölkə çempionatında, həm də Avroliqada dör-dör döyüşür.

Burda elə bir futbol məktəbi yaradıblar ki, hətta Bakı komandaları da həsəd aparır. Bilirəm, kimlərsə bunu maddiyyata bağlayacaqlar.

Mən dəfələrlə mətbuatda, televiziya kanallarında demişəm və yenə təkrar edirəm: «Ağdamı işğaldan azad etdikdən sonra şəhəri əvvəlkindən də gözəl tikəcəyik . Çünki hər daşının altına sevgimizi, sevincimizi, məhəbbətimizi qoyub ucaldacayıq şəhəri. Bu sevgimizlə, məhəbbətimizlə birgə göyərəcək Ağdam! Olsun Şuşa, olsun Kəlbəcər, Laçın, Füzuli…»

Ağdamın işğalından sonra «Qarabağ» çöldə qalmışdı. Komanda nəinki oyunlara getməyə, bəzən yeməyə də çörəkpulu tapmırdı. Özləri evsiz-eşiksiz, işsiz, çörəkpulusuz qalmış ağdamlılar amma komandalarını yalnız buraxmadılar. Ayda heç olmasa yüzcə dollar maaş ala bilməyən futbolçular Ağdam adının şərəfinə oynayırdılar. Bu ac-susuz komanda həmin vaxtlar Azərbaycan çempionu da oldular, ölkə kubokunu da aldılar, Avroliqalarda da Azərbaycanı ləyaqətlə təmsil elədilər. Yəni onu demək istəyirəm ki, hər şey maddiyyatla ölçülmür. Elə şeylər var ki, maddiyyatdan çox yüksəkdir. Qəbələdə də dəfələrlə o sevgi, o sevinci görmüşəm. Avropa standartlarına uyğun gözəl də stadionu var. Düzdür, tutumca bir qədər kiçikdir, ürək ki böyükdür.

Niyə «Qəbələ» də ev oyunlarını öz doğma şəhərində, öz doğma stadionunda, öz doğma azarkeşlərinin alqışları altında keçirməsin?! Bakıdan da, ətraf rayonlardan da gəlib Qəbələdə bayram eləsinlər.

Niyə qəbələlilər, eləcə də gəncəlilər komandalarına arxa durmaq üçün durub Bakıya gəlməlidir? Bunun qocası var, uşağı var, həm də buna hamının imkanı da yoxdu axı!

Bir də ki Bakı ürəyimiz, paytaxtımız olsa da, hər kəsin öz doğma torpağı var və doğma torpaq daha güclü olur.

AFFA bu barədə fikirləşsə yaxşı olar! Bu təkcə mənim arzum, istəyim deyil, gəncəlilərin, qəbələlilərin, eləcə də bütün futbolsevərlərin arzu, istəyidir!

Off bə! Ürəyimi bir balaca boşaltdım!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-02-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK