SON DƏQİQƏ:

KÜLƏKLİ, DƏLİ BİR YAZI

  183160   |  
Şriftin ölçüsü  
Bakıya "küləklər şəhəri" deyiblər. Hər kim deyibsə, Allah atasına rəhmət eləsin. Mən düşünürəm ki, o rəhmətlik özü də elə küləkli adam olub. Ona görə də Bakını görəndə, Bakıda yaşayanda içindən keçən ilk duyğu həmin o külək olubdu. O da küləyin dalınca, daha doğusu, küləyin apardığı papağının dalınca yüyürə-yüyürə ağlına gələn ilk sözü elə küləyə də verib. Deyib ki:
- Ayə, bura nə yaman küləkli şəhərdi!..
Bəli, bu mənim təbii ki, şahidi olmadığım söhbət barəsində təxminimdi. Deməli, bu təxmini elə-belə sözgəlişi yada salmadım. Çünki yazacağım mövzu da bir növü təxmindi. Yəni 100 faiz əmin olmayıb, 99,9 faiz inandığım bir mövzu barəsindədi. Ona görə də bəri başdan özümü sığortalayıram. O da doğrudur ki, məmləkətimizdə sığorta məsələsi bir az qəlizdi. Amma qəliz olsa da, var və yavaş-yavaş o qəlizlik yəqin ki, aradan qaldırılar və biz də dünyanın bir çox məmləkətlərinin sakinləri kimi sığortadan yararlanarıq. Özü də halallıqla, dürüstüklə və qanunun verdiyi ölçü daxilində. Nə isə...
Bəli, mən özümü ona görə sığortalayıram ki, istəkli oxucularım bu mövzu barəsində daha dəqiq bilgilərini mənim tam olmayan bilgimlə müqayisə etməsinlər və yaxud da etsələr, mənim etirafımı nəzərə alsınlar. Hə, demək mövzu təkcə ictimai-siyasi durum yox, həm də bir insan olaraq özümün həm psixoloji, həm maddi-mənəvi, həm də fiziki durumumdu. Mən bunu çözməyə başlayanda heyrət etməyin. Ona görə ki, sizlər də elə dediyim kimi, təxminən bu durumun içərisindəsiniz. Gəlin başlayaq çözməyə. Onda özünüz də mənim kimi etirafa üz çevirərsiniz.
Bəli, axşam olur, hər kəs çəkilir öz damının altına. Kimi televizyon seyr edir, kimi internetə qoşulur, kimi də ailə-uşaq qayğılarını bir təhər toparlayıb hardasa gizlədir və birdən məlum olur ki, sən demə, neftin qiyməti düşüb və yaxud da dollar, avro bir az da qalxıb... İndi həmin anın necə yaşandığını və sabahkı iş planının necə alt-üst olduğunu yəqin ki, özünüz təsəvvür edirsiniz. Elə o təsəvvürlə də yuxuya getmək əgər mümkündüsə, onda buyurun yatın!..
Hələ yatmaq o yana qalsın, pozulan planın içərisində ailənin və yaxud da şəxsən özünün yaşadığın psixoloji gərginlik və bu gərginliyin sağlamlığa vurduğu zərbə və nəhayət, boşalan dolaba, zənbilə, cibə baxmaqdan gözünü yayındırmaq... Nə isə... Bütün bunlar adamı yatmaqdan da, düşünməkdən də, dincəlməkdən də elə soyudur, elə uzaqlaşdırır ki, tamam quru bir cəsədə çevrilirsən, amma nəfəsi olan cəsədə. Ona görə də heç kimin üzünə baxmaq, heç kimdən məsləhət almaq həvəsin də qalmır. Öz-özünə düşünürsən ki, görəsən bu nə qədər davam edəcək? Bu durumdan ümumiyyətlə, çıxmaq mümkün olacaqmı? Bunun ardınca növbəti gün başlayır və gün ərzində yükləndiyin stresslər axşamdan köklənməyə başlayan halını bir az da fənalaşdırır. Elə əlinlə cibinin dibində dərman axtarırsan ürəyin üçün. Dərmanlar da ki... Allah göstərməsin, nə keyfiyyətdə, hansı qiymətdə... Nə isə...
Bəli, bütün bunları düşünə-düşünə, daha doğrusu, yaşamağa məhkum ola-ola yenə axşamı gözləyirsən. Bu axşam həmin informasiya mənbələri indi başqa bir xəbər çatdırır: neftin qiyməti qalxdı, dolların məzənnəsi düşməyə başladı...
Bax, indi özünüz fikirləşin. Bu küləkli şəhərdə, daha doğrusu, bu küləklər şəhərində, bu külək kimi əsən informasiyalar, xəbərlər heç adamda sağ-salamat canmı qoyar? Ona görə də mən təxmini söylədiyim bu fikirlərin özüm üçün elə küləkli bir çıxışını tapmışam. Həmin o çıxış nöqtəsi ürəyini kağıza, qələmə açıb səhiflərə boşaltmaqdı. Bax onda bütün informasiyalar yanından külək kimi ötüb keçir. Axı sən özün də bir növü küləkləyirsən və bu küləkli məqamda yadıma kağıza köçürdüyüm bu misralar əlimdən tutur.

Əsir dəli külək, əsir durmadan
Yarpağı sovurur, qumu sovurur
Əkinə ümidli kəsdən sormadan -
Dəni göyərməmiş şumu sovurur.

Tozanaq qoparıb, göz-gözü görmür
Silib-süpürməkdi qəsdi deyəsən!..
Tökür çiçəkləri - utanıb ölmür -
İraddan daha bərk əsdi deyəsən!

Uçurur damları, qırır xətləri
Kökündən qoparıb yıxır ağacı.
Sökür çəpərləri, aşır bəndləri -
Sonra da ulayır o acı-acı...

Əsir dəli külək öz bildiyi tək
Yorular, yəqin ki, dönər özünə.
Onu da özünə qaytarar fələk -
O da dəli olar, gülər özünə!..

***

İndicə oxuduğunuz şeirin bir sözü, elə o şeir yazıldığı gündən ağlıma ilişib qalıb. Bu da "dəli" sözüdü. Doğrudur, zamanında bu söz çox urvatlı olub. Zamanı deyəndə, Koroğlunu nəzərdə tuturam, onun dövrünü xatırlayıram. O vaxtlar vurub-tutan, qolu zorlu, dizi bərk, sözü kəsərli, məntiqi gerçək, bir sözlə, əsl igidlərə, ərənlərə dəli deyiblər. Amma indi... nə isə...
Amma indi dəli nəyə deyirlər? Onu durub sizlə çözməyəcəm. Çünki bəzən dəliyə qoşulmaq özü də bir dəlilikdi. Axı biz hərdən həddindən çox ağıllıları da dəli hesab etmişik, ona dəli kimi baxmışıq. Allah Füzuliyə rəhmət eləsin. O böyük dahi də o boyda sevgi fədaisi Qeysi axırda dəli eləyibdi, yəni Məcnun... Söz belədi də, bəzən bir-birinə calanıb elə yerlərə gedib çıxır ki, əvvəldə nə dediyini, nə yazdığını hərdən unudursan da. Amma mən tam səmimiyyətimlə deyirəm. İndi özünü unutmaq, sözünü bir növü küləyə vermək daha normaldı. Ən azından bir balaca daxili rahatlığın olur, sözün məsuliyyətini unudursan. Axı sənə dəli deyirlər? Dəlidən kim məsuliyyət umacaq ki?!.
İlin-günün bu vaxtında küləkli, dəli bir söhbət etmək yəqin ki, dinləyicinin, lap elə oxucunun da o qədər ürəyincə olmayacaq. Yəni küləkli və dəli söhbətin arxasında sonda heç nə dayanmadığı üzə çıxacaq və ona görə də bunun təxmini duyan hər kəs ya yaxasını kənara çəkir, ya da mövzunu dəyişməyə cəhd edir. Amma mənim belə bir fikrim yoxdu. Çünki indiki durumum, indiki əhvalım könüllü şəkildə küləkli və dəli söhbətə yüzdə yüz köklənib. Hətta sevinirəm ki, indi yazdıqlarım da, dediklərim də heç kimdə bir iz buraxmayacaq, heç kimin əhvalını korlamayacaq. Ən bəd halda bunu dəli və küləkli yazı kimi qatlayıb atacaqlar bir tərəfə. Və mən də buna görə kimsədən inciməyəcəm. Birincisi, buna haqqım çatmır, ikincisi də adamın küləkli və dəli yazısı da olmalıdı də. Necə ki, mən indi bunu yazıram. Bilgisayara diktə etdiyim yazının ekran variantına baxa-baxa hardansa bir yolunu səhv salmış işıq axıb gəlir mənə tərəf. Deyəsən bu işıq da dəli olub, ya da onu külək gətirib. Elə o işığın altında da ilin əvvəlində yazdığım bir şeir yadıma düşür. Bu şeirdə də bir dəlilik var. Mənə belə gəlir ki, o dəliliyi siz də görüb susacaqsınız və mənə bu dəli şeirə görə nəsə deyəcəksiniz. Amma nə? Yəqin ki, şeiri oxuyandan sonra o sözü sizin dilinizdən eşidəcəm. İndi isə...

Sən məni söz-söz böyüt
Yandırıb köz-köz böyüt.
Ev kimi göz-göz böyüt -
Ruhuma sığış Allah!

Sən məni yerdən qaldır
Əl uzat birdən qaldır...
Hər cürə kirdən qaldır -
Köç, mənə yığış Allah!

Üzdə nurdu, gözdə su
Ürəyimi hər gün yu!
Sənə qovuşmaqdı bu -
Yox başqa çıxış Allah!

***

Həyat belədi. Nəyisə başlayanda, o nəyisə yekunlaşdırırsan, tamamlayırsan, sona çatdırırsan. Bax, bu baxış altında diqqət yetirəndə mən bilir və inanıram ki, külək kəsəcək, dəlilik də bir balaca öz havasından düşəcək aşağı. Necə deyərlər, pərdə-pərdə yüksəldiyi kimi, pərdə-pərdə də enəcək - həm külək, həm dəlilik. Amma bir şey qalacaq. Daha doğrusu, bir hiss, bir duyğu yaşayacaq. Çünki o, qalibdi. O da hər birimizin içərisindəki hər kəsə və hər şeyə olan sevgidi. Bax elə bu mənada sizi deyə bilmərəm, mənim küləyə və dəliliyə olan sevgimdi, elə məndə qalacaq. Mən o sevgi ilə küləyin qopardığı tozanağı, şəhər boyu uçub az qala nümayişkaranə bir şəkildə özünü hara gəldi çırpan sellofanları və bu mənzərəyə baxıb gülümsəyən içimdəki dəliliyi bükəcəm sevgiyə. Çünki onlar nə qədər sərbəstdisə, mənim sevgim də bir o qədər sərbəstdi. Bu sərbəstliyin içərisində bir anlıq da olsa xoşbəxtliyimin çətiri altında dayanıb səni gözləyəcəm. Özü də əminliklə gözləyəcəm. Çünki bilirəm ki, sən də küləkdən, dəlilikdən o qədər də bezməmisən. Əksinə, sən də mənim kimi sevirsən onları. Axı bizim üst-üstə düşən nöqtələrimizdən biri də sirrini açdığım bu külək, bu dəlilikdi. Ona görə də sən mütləq gələcəksən bu çətirin altına. Və biz artıq pərdə-pərdə enən küləyə də, dəliliyə də birlikdə təbəssüm bağışlayacağıq. Və...
Hə, bax elə bu təbəssüm üzümüzdən, gözümüzdən qopub ayrılan kimi yenə başlayacaq günün ovqatı, günün bizi haldan-hala salan informasiyaları, xəbərləri... Bir də o xəbərlərin içərisində yenidən psixoloji, maddi, fiziki nüansların hamısını yenidən canımızda, ruhumuzda hiss edəcəyik. Amma bu dəfə mən bütün gücümlə bir külək qoparacam, bir dəlilik edəcəm. İmkan verməyəcəm ki, üzən məzənnə, qalxıb enən dollar, quyudan çıxmasına peşman olan neft, daha bilmirəm nələr bizi havalandırsın. Mən elə sevgidən havalanım və həmin o sevginin notları üstündə də küləkli havada, dəliliyimin mənə hakim olduğu bir vaxtda yazdığım şeiri küləyə bağışlayım, küləyə söyləyim, qoy yaysın hər tərəfə. Bir dəfə də külək mənə işləsin. Yəqin ki, bu çox da böyük cinayət sayılmaz. Sayılsa da günahı, babalı mənim boynuma. Siz də bu şeiri oxuyun və yazı boyu keçirdiyiniz və yaxud keçirmədiyiniz hisslərin, sualların cavabını da məndən yox, küləkdən, dəlilikdən soruşarsınız.

Adi bir söz de!-
heç nə
ifadə etməyən söz...
və sonra da
bir az ədalı
bir az da
əsəbi halda
söylə ki,
buyur, çöz!-
fikrimi, istəyimi...
mən də
bu ədaya
bu əsəbə
sevgimdən qatıb
içimdə,
sonra
səsləndirim dilimdə...
döz! - demək idi.
döz! - əgər sevirsənsə,
söylədiyin adi söz...
Bəli, bu da küləkli, dəli bir yazı...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

10-12 il bundan qabaq möhkəm qar yağanda, Bakı kəndlərinin birində rəhmətə gedən olur. Hava dəhşət soyuq, çovğun olduğuna görə molla Yasini oxuya bilmirmiş.

Qəbirin yaxınlığına bir maşın gətirirlər, deyirlər, otur maşında, oxu. Molla oturub oxuyur, hərdən pəncərəni açıb “Fatihə!” qışqırırmış.

Axırda bir-iki nəfər mollaya yaxınlaşıb deyir ki, molla əmi, sən əziyyət çəkib pəncərəni açma, 2 dənə siqnal ver, özümüz biləcəyik.

ARXİV

TƏQVİM

FACEBOOK