SON DƏQİQƏ:

MƏNİ FÜZULİYƏ APARAN MİSRALAR

  59348   |  
Şriftin ölçüsü  
Bir söz adamı kimi öz həyatımı səhifələyəndə orda xüsusi işarələrə, yəni suallara, nidalara, bəzən də üç nöqtələrə rast gəlirəm. Amma bir işarə də var. Bu əslində qrammatikamızda olmayan işarədi. Mən onu daha çox təbiətlə eyniləşdirirəm. Yəni bir şəlaləni xatırladan həmin işarə həyatımın orta məktəb illərindən bugünə qədər mənimlə yol-yoldaşlığı edib. Və mən bu şəlalə səsini, o zirvə ucalığını və bir də illərin o səsdən, o ucalıqdan heç nəyi ala bilmədiyinə həmişə heyran qalıram. Düşünürəm ki, bu da bir İlahi vergidi, bu da bir alın yazısıdı, bu da bir qismətdi. Bu alın yazısı, bu Allah vergisi ancaq böyük Yaradana yaxın olanlar üçün seçilib, yazılıb. Bu mənada Mahmud müəllim mənim üçün Allahın seçdiyi, sevdiyi bəndələrdəndi...
O çox sakit təbiətli, çox astayerişli və son dərəcə də həlim danışan, fikirlərini zərgər dəqiqliyi ilə çatdırmağa, hər sözü, hər cümləni bir neçə baxış altında təqdim etməyi o qədər ustalıqla bacarır ki, onu dinlədikcə adamın ruhu da istirahət edir. Doğrudur, hərdən əsəbi məqamları da olur. Onda Mahmud müəllimin səsinin titrəyişini duymaq mümkün deyil. Amma gözlərinin parıltısı, əllərinin yumruq şəklində necə sıxıldığını müşahidə etmək bütün bu mənzərəni görməyə kifayət edir...
Onunla ilk dəfə Füzulidə, "Araz" qəzetinin redaksiyasında görüşmüşəm. Mahmud Quliyev, yəni Mahmud Qacar "Araz" qəzetinin ədəbi işçisi idi. Mən də qəzetə bir oxucu kimi gedib-gəlirdim... şeirlərimi aparırdım, yazılarımı təqdim edirdim. Rəhmətlik Vahid Əlifoğlu bizi bir-birimizə, o cümlədən rəhmətlik Sabir Rüstəmova yaxından tanıtdı, həmsöhbət olduq, dərdləşdik. Biləndə ki, Mahmud müəlim həm də mənimlə qonşu kəndçidi, üstəlik arada müəyyən qohumluq telləri də var, ona qanım bir az da artıq qaynadı. Amma tam səmimiyyətlə etiraf edim ki, Mahmud müəllim yazı-pozu işində, xüsusilə şeir məsələsində güzəşti heç vaxt sevməyib və özünün də yazdığı şeirləri çox az-az hallarda çalışdığı qəzetə təqdim edib. Mən ilk dəfə onun şeirinə "Azərbaycan gəncləri" qəzetində rast gəlmişdim. İllər ötdü, mən də Mahmud müəllimlə birlikdə işləməyə başladım və asudə vaxtlar, xüsusilə iş başlamamışdan öncə, səhər-səhər onun oxuduğu şeiri həvəslə dinlədim. Öz növbəmdə mən də ona təzə yazdığım nəyisə səsləndirdim. Bax, beləcə, doğmalığımız bir az da artdı, bir-birimizin evinin içini də tanıdıq, çölünü də. Ancaq Mahmud müəllimin həyat sıxıntıları o qədər çox idi ki, o, özünü bütünlüklə ədəbiyyata həsr edə bilmirdi. İşdən macal tapanda Füzulidə tikməyə başladığı evin üstünə yüyürürdü. Tikinti materialları, usta, həyət-baca, azyaşlı uşaqlar, bir sözlə, söz adamı üçün o qədər də uğurlu olmayan, əslində mənalı bir yuva qurmaq istəyi. Təəssüf ki, Mahmud müəllim tikdiyi o evdə ürəyi istədiyi kimi isinə bilmədi. Düşmən Füzulini işğal etdi. O işğala qədər isə Mahmud Qacar doğulduğu kəndin, böyüdüyü evin əsgəri kimi hər gecə həmkəndlilərinin yanında oldu, gücü çatan işin qulpundan tutmağa çalışdı. Neyləyək ki, nə biz, nə də Mahmud Qarabağı qoruya bilmədik...
Bugünlərdə qaçqınlıqdan sonra ara-sıra görüşdüyüm, telefonla hal-xoş etdiyim Mahmud müəllimlə "Azərbaycan" nəşriyyatında qarşılaşdıq. Bir az dərdləşdik, bir az bir-birimizə təsəlli verdik. Ayrılıb gedəndə Mahmud müəllim mənə özünün kitabını bağışladı. Kitabın adına baxdım: "Bağışla məni, Qacarım!"
Doğrusu, bu ad məni möhkəm silkələdi. Kitabın özünü oxumamış Mahmudun ürəyini əlimə almış kimi hiss etdim özümü. Dərhal da həmin o hiss-həyəcanla kitabı vərəqləməyə başladım. Düzünü deyim ki, kitabdakı şeirlərin hər birinin arxasında konkret şəxslər dayanırdı və bu şeirlərin hamısı demək olar ki, Mahmud Qacarın ürəyindəkilərinin sərgisi idi. Yəni o, bu kitabına hopdurduğu hər bir hissin, hər bir duyğunun arxasında bir dostunu, bir eloğlunu, kəndinin bir daşını, bölgəsinin bir ağacını təsvir etmişdi. Oxuduqca həmin o sərginin təsvirləri qarşısında dayanmamaq mümkün deyildi. Ona görə də mən bir oxucu kimi sadəcə o təsvirlərdən, o pıçlıtılardan duyduqlarımı yazmaya bilməzdim.

Mənim yaddaşıma yad daşı dəyib,
Yaşım atan daşla yanaşı dəyib.
Yaxşı ki, bir qədər yan aşıb dəyib-
İtməyib məhəbbət, vicdan yaddaşım.

Səpib təzə şuma yenə təzə dən,
Gərək oluramsa yenə təzədən.
Demək yaşayıram, keçib qəzadan-
İtməyib məhəbbət, vicdan yaddaşım.

Hər səs bir oyanmış məna səsidi-
Səs var ki, dondurur, səs var isidir...
Qəlbimin, ruhumun qələbəsidir-
İtməyib məhəbbət, vicdan yaddaşım.

Mən Mahmud Qacarın təkcə bu misralarının arxasındakı səmimiyyəti ilə söz dünyamızda rahat addımlaya biləcəyinə bir oxucu kimi bütün varlığımla inanıram və düşünürəm ki, sözü bilənlər, sözdən xəbərdar olanlar mənimlə razılaşarlar ki, bugünkü ədəbiyyatımızda ən çox sözün səmimiyyəti və sözün bütövlüyü çatmır. Yəni bir topa sözün içində bir iynə ucu boyda səmimi və bütöv söz tapmaq indi çox çətinləşib. Ona görə ki, söz urvatdan düşüb. Amma sevinirəm ki, Mahmud Qacar o səmimiyyəti misralarında elə özünü təqdim etdiyi kimi də tərənnüm edir.

Sanki ulduzlardı - göydən dərilib,
Yaşıl budaqlara düzülüb qalıb.
Ya sanki güclü bir leysan yağışın,
Ağ-ağ damcısıdı - süzülüb qalıb.
Ağ gilas gilələri...

Mahmud Qacarın mənə bağışladığı "Sözüm var hələ" kitabından sonra işıq üzü görən "Bağışla məni, Qacarım!" kitabı da təkcə dəyərli bir hədiyyə yox, həm də Mahmud Qacarın söz dünyasının həmişə yanında olması üçün yaxşı bir imkandı. Və mən Füzuli üçün, Qarabağ üçün, Mahmudun və mənim dostlarım üçün darıxanda özümdən xəbərsiz əlim o kitablara tərəf uzanır. Həmin kitabların misralarında Vahid Əlifoğlu da var, Oruc Səda da, Nəbi Muxtarov da, xanəndə Əhməd də, şəhid övladlarımız da, Füzulimiz də, bir sözlə, bizim özümüz də. Ürəyinə sağlıq, Mahmud müəllim!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK