adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Noyabr 2021 13:13
936
SİYASƏT
A- A+

Soçi görüşü Azərbaycanın növbəti diplomatiq qələbəsidir

26 noyabr tarixində Rusiyanın Soçi şəhərində  Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü keçirildi. Görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Fedarasiyası Prezidenti Vladimir Putininin təkbətək görüşü baş tutub. 

Azərbaycan və Rusiya Federasiyası arasında strateji müttəfiqliq bu gün yüksək səviyyədə qiymətləndirilir. Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında qarşılıqlı etimad, dostluq və  anlaşma mövcuddur. Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya liderləri arasındakı dostluq hər iki dövlət başçısının açıq və səmimi siyasət yürütməsinə əsaslanır. 
Bunun fonunda Ermənistanın və xüsusilə də baş nazir Nikol Paşinyanın cılız və riyakar addımları Moskvanı qıcıqladırmaqdadır. Son vaxtlar daha çox qərbdəki havadarlarına tərəf meyllənən ermənistan siyasəti, ölkədə ardıcıl olaraq keçirilən mitinq və küçə yürüşlərində Rusiya əleyhinə şüarların səsləndirilməsi rəsmi Kreml  tərəfindən heç də yaxşı qarşılanmır. 

44 Günlük Zəfər Qələbəsindən sonra 10 noyabr 2020-ci il tarixində Rusiya Fedarasiyasının  Prezidenti Vladimir Putinin xahişi ilə imzalanan razılaşmanın bir çox tələblərinin icrası   Ermənistan tərəfdən ləngidilir. Məhz bu baxımdan Soçi görüşünün təşkil olunmasını  Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən diplomatik uğur kimi qiymətləndirmək olar.
 
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istərdanışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Federasiyası Prezidenti V.Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri Zəngəzur dəhlizindən xəbər verir.
    
Soçidə humanitar məsələlərdə də irəliləyiş əldə olunub. Bağlı qapılar arxasında aparılan danışıqlardan sonra mina problemi və ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq.
    
Prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan, Soçi görüşü ərəfəsində də eyni addım atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat idi və bu, şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə o, güzəştə getməyə məcbur oldu.
    
Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır.
    
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir. Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir.Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.

 Hazırladı: Rüsəm Hacıyev